26 Dekabr 2024

Cümə axşamı, 15:25

YENİ REKORD

Sərbəst güləşçilərdən fərqli olaraq yunan-Roma güləşçiləri dünya çempionatında əla nəticə göstəriblər

Müəllif:

15.11.2024

Oktyabrın 28-dən noyabrın 4-dək Albaniyanın paytaxtında güləş üzrə dünya çempionatı  keçirilib. Qeyd etmək lazımdır ki, dünya çempionatında qeyri-olimpiya çəkisində yarışan güləşçilər mübarizə aparırdı.

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ümidləri doğrultmayan Azərbaycan güləşçiləri dünya çempionatında qənaətbəxş nəticə göstəriblər.

 

Yunan-Roma komandası

Dünya çempionatında yalnız yunan-Roma güləşçiləri azarkeşləri sevindirdi. Həm qadın, həm də sərbəst güləşçilər fəxri kürsüdə yer almadı. Üç qızıl medal qazanan yunan-Roma güləşçiləri 85 xalla komanda hesabında da dünya çempionu oldu. Titulunu qoruyan Azərbaycan komandası ardıcıl 2-ci dəfə bu uğura imza atıb. Azərbaycan ən yaxın izləyicisi olan İranı 34 xal qabaqlayıb.

Milli bu uğurla Azərbaycan güləşində birdən-birə 2 rekordu yeniləyib. İkinci dəfə dünya çempionluğu kubokunu qazanmaqla böyüklər arasında güləş növlərimiz arasında ilkə imza atan yunan-Roma millisi həm də bir DÇ-də 3 qızıl medal qazanan ilk komandamız olub.

Albaniyada Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvi Qənizadə (72 kq) dünya çempionu olub. Onların hər biri komandanın hesabına 25 xal yazdırıb. DÇ-də debüt edən Qurban Qurbanov (82 kq) isə 5-ci yeri tutub və millimizə 10 xal qazandırıb.

 

Üç qalib

Qeyd edək ki, Tiranada keçirilən dünya çempionatında komanda hesabında birinci yeri tutan yunan-Roma güləşçiləri əvvəlki çempionatda da yaxşı nəticələr göstərib.

55 kq-da çıxış edən Eldəniz Əzizli yarışdan əvvəl turnirin əsas favoriti sayılırdı. Bütün rəqiblərinə qalib gələn 32 yaşlı güləşçi dünya çempionatlarındakı nəticələrinə əsasən rekord müəyyənləşdirdi. Finalda çətinliklə də olsa iranlı pəhləvana qalib gələn Eldəniz Əzizli karyerasında dördüncü dəfə dünya çempionluğunun sevincini yaşadı.

Azərbaycan güləş məktəbinin istedadlı yetirmələrindən biri olan Nihat Məmmədli 60 kq-da Avropa çempionu olmuşdu. Bu çəkidə Paris Olimpiadasına vəsiqə qazana bilməyən N.Məmmədli dünya çempionatında 63 kq-da çıxış etmək qərarına gəldi. O, Tiranada bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görüldü. 22 yaşında həm Avropa, həm də dünya çempionatında çempion olan N.Məmmədli növbəti olimpiya ilində əsas arzusuna çata bilər.

Üçüncü medalçı Ülvi Qənizadə 72 kq-da rəqiblərə güzəşt etmədi. İranlı olimpiya çempionu Məhəmmədrza Geraiyə qalib gələn Ülvi finalda Fransa təmsilçisi İbrahim Qaneni üstələdi. Bununla da güləşçi 2024-cü ildə kolleksiyasına həm də dünya çempionluğunu əlavə etdi.

Sözsüz dünya çempionatı olimpiada ilə müqayisə oluna bilməz. Bununla belə qeyri-olimpiya çəkilərində olsa belə, qazanılan 3 qızıl medal yüksək nəticə kimi tarixə düşdü. Üstəlik, çempionların Azərbaycan güləş məktəbinin yetirməsi olmasa xüsusi vurğulanan fakt olmalıdır.

 

5-ci dəfə dünya çempionu olmağı nə vaxt planlaşdırırsınız?

Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov “Region plus”a açıqlamasında gələcək yarışlarda da uğurlu nəticələr qazanacaqlarını bildirib: “Bu, təkcə güləşçilər və məşqçilər üçün deyil, həm də bütün federasiya üçün uğurdur və biz bu nəticə ilə fəxr edə bilərik. Dünyanın ən güclü yığmaları ilə rəqabət apara biləcək komanda hazırlayırıq. Federasiya rəhbərliyi bizi – idmançıları və məşqçiləri dəstəkləyir, hər bir çıxışımızı izləyir, məşq və yarışlarla bağlı bütün məsələlərin həllində iştirak edir. İndi güclü komanda hazırlayırıq və maksimum rəqabət yaratmaq üçün olimpiya çəkilərini hədəfləyirik”.

Ölkə güləşində ilk dördqat dünya çempionu Eldəniz Əzizli isə karyerasını bitirmək barədə qərarını dəyişdiyini söyləyib: “Təkcə öz qələbəmə görə yox, həm də komandamızın uğuruna görə sevinirəm. Tarixi nəticə oldu. İkinci pillədə olan komandanı böyük fərqlə qabaqladıq. İlk dəfə bir dünya çempionatında 3 qızıl medal qazandıq. 4-cü dəfə dünya çempionu olmaqla Azərbaycan güləş tarixində yeni rekorda imza atdım. Buna görə çox sevinirəm. Hər kəsə təşəkkür edirəm. Növbəti hədəfim 5-ci dəfə dünya çempionu olmaqdır. Məşqçilərimizə minnətdarlığımı bildirirəm. Güləşçilər aysberqin görünən tərəfidir. Görünməyən tərəfində isə şəxsi və milli komandanın məşqçiləri dayanır. Sözsüz ki, bu uğurların qazanılmasında bizə göstərilən diqqət və qayğının böyük rolu var. Buna görə ilk növbədə təkcə güləşə yox, ümumilikdə ölkə idmanına dəstək olan ölkə başçısına minnətdarlığımı bildirirəm”.

 

Autsayderlər

Təəssüflə qeyd etməliyik ki, sərbəst güləşçilər növbəti dəfə mükafatsız qaldı. Güləşçilərdən yalnız 21 yaşlı Nurəddin Novruzov bürünc medala yaxın idi. Lakin pəhləvan həlledici mübarizədə Monqolustan idmançısına uduzmaqla fəxri kürsüdən kənarda yer aldı.

Sərbəst güləşçilərdə uğursuzluğa məşqçi heyəti izah verməlidir. Paris Olimpiadasında qazanılan iki bürünc medaldan sonra mətbuata müsahibə verməyən baş məşqçi Xetaq Qazyumov federasiya qarşısında hesabatla çıxış etməlidir. Ardıcıl iki böyük yarışda uğursuzluğa düçar olan sərbəst güləş üzrə milli komandanın problemləri həllini tapmalıdır.

Qadın güləşçilərdən xüsusi danışmağa ehtiyac yoxdur. Alyona Kolesnik və Elis Manolova fəxri kürsüdən kənarda qalmaqla sərbəst güləşçilərin nəticəsini təkrarladı. Hər iki komanda da ciddi islahatlara, hətta bəlkə məşqçi heyətində dəyişikliyə ehtiyac olduğu görünür. İlin sonunda bütün nəticələrin təhlil olunacağına inanırıq.



MƏSLƏHƏT GÖR:

32