11 Dekabr 2024

Çərşənbə, 03:42

SƏYLƏRİ BİRLƏŞDİRƏRƏK

COP29 və Azərbaycanın işğal olunmuş ərazilərində pozulan beynəlxalq hüquq normaları

Müəllif:

15.11.2024

Bu gün Azərbaycan, yəqin ki, tarixinin ən miqyaslı tədbirini keçirir. Onun istər dünya üçün əhəmiyyəti, istər Bakıda keçirilməsinin dünya birliyinin Azərbaycana inamının göstəricisi olduğu haqda çox deyilib, çox yazılıb. Bəli, bu, nüfuz göstəricisidir. Bu nüfuzu müstəqil siyasəti, əməlləri ilə heç də hər nəhəng olmayan dövlət qazana bilmir.

Amma bununla yanaşı, məhz COP29-un keçirildiyi günlərdə toxunulmalı olan bəzi başqa məqamlar da var.

 

Bu, niyə vacibdir?

Məlum olduğu kimi, özünü qlobal istiləşmə şəklində göstərən iqlim transformasiyası Yerdə hərarətin uzunmüddətli artımını nəzərdə tutur və bunun səbəbi kimi, əsasən insanların həyat fəaliyyəti göstərilir. Ekologiya isə həyat fəaliyyətinin əsas sahələrindən biridir. Odur ki, torpaqların səhralaşması, təmiz su çatışmazlığı və s. şəklində müşahidə olunan iqlim dəyişikliyi bütünlükdə beynəlxalq birliyi narahat edir. Mədən yanacağından istifadə, meşələrin qırılması və insanların başqa növ fəaliyyətləri atmosferə atılan zəhərli tullantıların miqdarını artırır, bu isə öz növbəsində, hərarətin yüksəlməsinə səbəb olur.

İnsan fəaliyyətinin və buna bağlı olaraq iqlim dəyişikliyinin nəticələri, həqiqətən də, bəşəriyyəti fəlakətə aparır: dənizlərdə suyun səviyyəsinin yüksəlməsi, ekstremal təbiət hadisələrinin (qasırğalar, quraqlıqlar, daşqınlar) intensivliyinin, sıxlığının artması, həmçinin müxtəlif ölkələrin iqtisadiyyatında aqrar sektorda dəyişikliklər və s. Bu isə sonda dünyada ərzaq qıtlığı və kütləvi aclıq deməkdir. Bundanr başqa, iqlimin pisləşməsi müxtəlif növ bitki və canlıların məhvi, təbiətdə balansın pozulması deməkdir ki, bu da insanlığın gələcəyi üçün ciddi fəsadlar vəd edir.

İqlim dəyişikliyi uzunmüddətli birgə tədbirlər tələb edən ən ciddi çağırışlardandır. Bu istiqamətdə dayanıqlı inkişafa nail olunması üçün isə onunla ədalət prinsipi əsasında mübarizə aparılmalıdır.

COP29-a gəlincə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi rəmzi məna da daşıyr. Belə ki, Azərbaycan ərazicə kiçik ölkə olmasına baxmayaraq, dünyada mövcud olan 11 iqlim qurşağının 9-na onun ərazisində rast gəlinir. Başqa sözlə, Azərbaycan qoruq elan edilməli olan nadir təbiət guşəsidir. COP29 isə ona iqlim dəyişikliyi ilə beynəlxalq mübarizədə əsas rollardan birini öz üzərinə götürmək imkanı yaradır. Bakı iqlim dəyişikliyi ilə mübarizədə şəffaf və inklüziv addımlara sadiqliyini dəfələrlə təsdiq edib. Onun ekoloji siyasətində iqtisadi sabitliklə yaşıl keçid arasında balans var.

Azərbaycan COP29-da İkiillik Şəffaflıq Hesabatları («Biennial Transparency Report» - BTR) və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (ONV və ya NDC) sənədini təqdim edib. Bu sənədlər ölkənin iqlim dəyişikliyinin qarşısının alınması üçün beynəlxalq hüquq normalarına uyğun həyata keçirdiyi tədbirlərdən bəhs edir. Bakı COP29-dan gözləntisini də dəfələrlə dilə gətirib – istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün vədlərin yerinə yetirilməsi və nəticələrin əldə olunması.

 

Beynəlxalq hüququn əhəmiyyəti

Dünya birliyi iqlim dəyişikliyi ilə mübarizədə ortaya müəyyən hədəflər, strategiyalar qoyub və onlar BMT-nin 1992-ci ildə qəbul olunmuş İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası, həmin Konvensiyaya dair 11 dekabr 1997-ci il tarixli Kioto Protokolu və 12 dekabr 2015-ci il tarixli Paris İqlim Sazişi kimi sənədlərdə əksini tapıb. Onlardan bəziləri BMT-yə üzv olan bütün dövlətlərdən gələn, əməli işlərə özünəməxsus çağırış olan dayanıqlı inkişaf üçün 17 hədəf arasında da yer alıb. Məsələn, 13-cü hədəfdə bildirilir ki, iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə üçün təcili tədbirlər görülməlidir. İnkişaf etmiş ölkələr üçün bazar mexanizmlərindən də istifadə ilə BMT-nin «İqlim Dəyişmələri haqqında» Çərçivə Konvensiyası ilə müəyyənləşdirilmiş ümumi öhdəliklər Kioto Protokolu ilə daha da inkiaşf etdirilib. Bu vəzifələrin icrası üçün həmin dövlətlər bütün mümkün meydançalardan istifadə etməklə, yüksək səviyyədə diskussiyalar aparmalı, siyasi əməkdaşlığı gücləndirməlidirlər.

BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində imzalanıb. Onun məqsədi insanların iqlim sisteminə təhlükəli müdaxilələrinin qarşısının alınmasıdır. Sənədin abbreviaturası COP («Conference of Parties») Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali orqanın adından götürülüb.

 

Azərbaycanın sədrliyi

Bununla əlaqədar olaraq, Paris İqlim sazişinin bütün istiqamətləri üzrə kollektiv hərəkət, fikir ayrılıqlarının aradan qaldırılması üçün «siyasi istiqamət»in axtarılması çox vacibdir və burada əsas yeri iqlimin maliyyələşdirilməsi tutur. Bu üzdən də Azərbaycanın COP29-la bağlı əsas hədəfi iqlim dəyişiklikləri ilə mübarizənin bütün tərəflərin tələblərinə uyğun maliyyələşdirilməsi üçün dəqiq və iddialı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Qeyd olunmalıdır ki, NCQG hələ 2015-ci ildə razılaşdırılsa da, 2025-ci il üçün o yenilənir və burada məqsəd dünyanın yoxsul dövlətlərinin iqlim dəyişikliyi ilə mübarizə səylərinə dəstəyin verilməsidir.

Azərbaycan COP29-da iqlim çağırışlarının həlli üçün 14 təklif də irəli sürüb. Bakının təklifi ilə müzakirə olunan mövzulapr arasında iqlim maliyyələşdirilməsi, enerji, kənd təsərrüfatı, su resursları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resursları kimi məsələlər var.

 

Azərbaycandakı ekoloji fəlakət zonaları

Belə bir vəziyyətdə dünya birliyi Azərbaycanın qonaqları hansı şəraitdə qəbul etdiyini bilir. BMT üzvü olan Ermənistanın qurumun dayanıqlı inkiş hədəflərinə barbarcasına laqeyd qalması Cənubi Qafqazın ekologiyasını kollapsın bir addımlığına gətirib çıxarıb.

2023-cü ilin sonlarında Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 il davam etmiş işğalına son qoymaqla, heç də yalnız öz ərazi bütövlüyü və suverenliyini bərpa etməyib. İstənilən hərbi işğal beynəlxalq hüquqa göorə müvəqqəti xarakter daşıyır. O, işğalçıya ələ keçirilmiş ərazilər üzərində suverenlik vermir və həmin ərazilərin hüquqi statusunu dəyişmir. İşğalçı tərəf orada hüquqi, sosial və iqtisadi strukturları dəyişə bilməz. Beynəlxalq hüquq normaları yerli əhalinin, təbii resursların və digər aktivlərin işğalçının maraqlarına uyğun istismarını qadağan edir. Ermənistan isə beynəlxalq hüququn bu normalarını kobud şəkildə pozub. Bu pozuntunun nəticələrini həqiqətən faciəvi saymaq olar. Belə ki, işğal dövründə Azərbaycanın suveren ərazisinin 20%-i Yer üzündən silinib, tarixi, mədəni və iqtisadi obyektlərlə yanaşı, bu nadir bölgənin təbiəti də məhv edilib: meşələr qırılıb, çaylar, su anbarları qurudulub, sənaye tullantıları ilə çirkləndirilib, fauna istismar olunub.

Azərbaycanın işğal altında olmuş ərazilərində 260 min hektar meşə ərazisinin 54 min hektarı qırılıb. Yalnız 2017-ci ildə həmin torpaqlarda 102488 kubmetr meşə məhv edilib, doğranmış ağaclar mebel, çəllək, silah qundaqları və s. hazırlanması üçün Ermənistana daşınıb.

Azərbaycanın 28 il işğal altında saxlanılmış və ermənilərin özləri üçün «təhlükəsizlik zolağı» adlandırdıqları rayonlarına (Sovet İttifaqı dövründə DQMV olmuş ərazi nəzərə alınmadan) mütəmadi olaraq məqsədli şəkildə od vurulub, bu isə torpaqların, meşə massivlərinin yanmasına səbəb olub. Bu proses hələ 2000-ci illərin əvvəllərində beynəlxalq təşkilatlarda narahatlıq yaratmışdı. BMT Baş Assambleyasının 7 sentyabr 2006-cı il tarixli «Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət» adlı qətnaməsinə uyğun olaraq, ATƏT-in ekoloji vəziyyətin qiymətləndirilməsi üzrə missiyası regiona 10 günlük səfər etmiş, səfərin yekununda bölgəyə yanğınlar nəticəsində vurulmuş ekoloji və iqtisadi zərər, həmçinin insanların sağlamlıq və təhlükəsizliyinə yaranan təhdidlə bağlı rəy hazırlanmışdı. Missiya müşahiləri əsasında belə qənaətə gəlmişdi: yandırılmış ərazilər çox böyük, onun insanlara, iqtisadiyyata və ətraf mühitə təsiri isə çox ciddidir. O da qeyd edilməlidir ki, yanğınlar zamanı məhsuldar torpaqlar, otlaqlar, kolluqlarla yanaşı, bütün yanlı orqanizm məhv olur. Qeyd olunan ərazilərdə məqsədli şəkildə törədilmiş yanğınlar ümumilikdə 110 min hektardan artıq ərazini məhv edib.

Beynəlxalq hüquq dinc əhaliyə, mülki obyektlərə, meşələrə və s. qarşı fosforlu döyüş sursatlarından istifadəni də qadağan edir. Bu normalar BMT-nin 1980-ci ildə qəbul etdiyi «Adi Silahların Konkret Növləri haqqında» Konvensiyaya dair III Protokolda, həmçinin 1977-ci ilin Müharibə Qurbanlarının Müdafiəsi haqqında Cenevrə Konvensiyasına 1977-ci ildə əlavə olunmuş protokollarda öz əksini tapıb. Zəhərli olan, dəridə təhlükəli yanıqlar qoyan ağ fosforlu mərmilərdən istifadə həm də söndürülməsi çətin olan yanğınlara yol açır. Fosforlu döyüş sursatları düşmənin ərazisini yandırmaq üçün istifadə olunan təhlükəli silah növüdür.

Lakin Ermənistan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı dəfələrlə belə mərmilərdən istifadə edib. Bu faktlar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik – ANAMA tərəfindən qeydə alınıb.

Ermənilərin Qarabağ və Şərqi Zəngəzurda torpaqları, meşələri, evləri, bütünlükdə infrastrukturu məqsədli şəkildə yandırması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ regionunda atəşkəsə dair imzaladıqları 2020-ci il 9/10 noyabr tarixli üçtərəfli Bəyannamədən sonra daha kütləvi hal almışdı. Ermənilər işğal etdikləri ərazilərdən çıxarkən evlərə, yaşayış məhəllələrinə, meşələrə, infrastruktur obyektlərinə od vururdular və bu haqda dünya mediasında saysız-hesabsız fakt var: «Reuters», BBC, «StraitTimes», «Euronews», «France24», RBK və digər media qurumları həmin yerlərdən çoxsaylı reportajlar hazırlayıb.

İşğal dövründə su mənbələri və resursları da barbarcasına istismara və çirklənməyə məruz qalıb. Ermənistanın BMT-nin «Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya»sına qoşulmadığı hər kəsə məlumdur. Bu, əlbəttə ki, sərhəddən keçən su axınları ilə bağlı problemlərin beynəlxalq hüquq normaları çərçivəsində həllini mümkünsüz edir.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinədək Kəlbəcər və Laçın yaylalarının, Böyük Alagöl, Kiçik Alagöl, Zalxa gölü, Qaragöl, Canlı göl, İşıqlı Qaragöl, həmçinin Ağdərə rayonunun Qaragöl kimi şirin su resursları düşmənin nəzarətində qalıb. Ekoloji əhəmiyyətli bu qədim göllərə qarşı böyük antropogen təsirlər olub. 6426 km uzunluğunda suvarma kanalları, 185 km kollektor və drenaj kanalı, 1429 artezian quyusu, 539 hidrotexniki qurğu, 220 HES, 88 nasos stansiyası, həmçinin ümumi həcmi 640 milyon kubmetrə çatan 8 su anbarı da uzun illər işğal altında olub. Onlar uzun müddət texniki qulluğun olmaması səbəbilə qəzalı vəziyyətə düşüb, bu isə Azərbaycanın regionun dağətəyi, mərkəzi aran bölgəsində yaşayan sakinlərinin həyatına ciddi təhlükə yaradıb.

Hələ 2016-cı ildə AŞPA-da hansısa möcüzə sayəsində Qarabağın aşağı hissəsindəki həmsərhəd rayonlarda yaşayan azərbaycanlı əhalinin sudan qəsdən məhrum edilməsinə dair 2085 nömrəli qətnamə qəbul edilmişdi. Sənəddə deyilirdi ki, Sərsəng su anbarı bütünlükdə region üçün təhlükə yaradır. Assambleya bildirirdi ki, burada bəndlərin qəzalı vəziyyətdə olması böyük sayda insan tələfatı və bəlkə də yeni humanitar böhranla nəticələnə biləcək nəhəng fəlakətə yol aça bilər. Qətnamədə bu ciddi humanitar problemlə əlaqədar, Ermənistan hökuməti su resurslarından siyasi təzyiq kimi istifadəni dayandırmağa, müstəqil hidroloq-mühəndisləri regiona buraxmağa, lazım gələrsə, orada araşdırmaların aparılmasına imkan yaratmağa çağırılırdı.

Maraqlıdır ki, İrəvan uzun illər digər beynəlxalq strukturların qərarları kimi, bu qətnamənin də tələblərinə məhəl qoymasa da, AŞPA Ermənistanın qurumdakı nümayəndə heyəti ilə bağlı heç bir tədbir görməyib.

Bu da son deyil. 2020-ci il avqustun 28-də Ermənistan tərəfi mənbəyini onlardan götürərək, Azərbaycanın Qazax rayonu ərazisi ilə axan İncəsu çayının qarşısını məqsədli şəkildə kəsib, bu isə Qazax rayonunun Ermənistanla həmsərhəd olan Kəmərli kəndindəki su anbarının ehtiyatının əhəmiyyətli dərəcədə azalmasına, kənd təsərrüfatı torpaqlarının suvarılmasında ciddi problemlərin yaranmasına səbəb olub.

Bundan başqa, təxminən 30 il ərzində Azərbaycanın işğal altındakı ərazilərindəki faydalı qazıntılar kütləvi şəkildə talan, yataqlar isə barbarcasına istismar olunub.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 160-dan artıq müxtəlif qiymətli metal mədəni, o cümlədən 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 kirəc, 4 vermikulit, 12 rəngli və dekorativ daş və s. mədəni var. Mövcud məlumata görə, 2003-cü ildə yalnız «Söyüdlü» yatağından 2 ton qızıl çıxardılıb və bu, ciddi ekoloji risklər yaradıb. Belə ki, həmin mədəni işləyən şirkətlər son dərəcə mənfi imicə malikdirlər.

Qeyd edilməlidir ki, Azərbaycanın işğal altındakı ərazilərində radioaktiv tullantıların basdırılması, «Metsamor» AES-in istismarı kimi riskli məsələlər də dəfələrlə mətbuatın gündəminə gəlib, beynəlxalq münasibətlərdə diqqət mərkəzinə düşüb. Məsələn, Ermənistanla Aİ arasında 2017-ci ildə imzalanmış ətraflı və hərtərəfli tərəfdaşlığa dair sazişin 42-ci maddəsində enerji sahəsində əməkdaşlığın şərti kimi, «Metsamor» AES-in qapadılması və təhlükəsiz şəkildə istismardan çıxarılması məsələsi qeyd olunub. Sənəddə bildirilir ki, bu, regionun enerji təhlükəsizliyi üçün vacibdir. Avropa İttifaqının sənədlərində deyilir ki, Ermənistandakı bu AES-i nüvə təhlükəsizliyinə dair beynəlxalq tələblərə cavab verəcək həddə müasirləşdirmək mümkün deyil.

Bəli, bütün bu məsələlər beynəlxalq birliyin ciddi diqqətini, gələcək ekoloji fəaliyyətlərin qarşısının alınması üçün səylərin birləşdirilməsini, həmçinin Ermənistanın beynəlxalq hüququn normalarını pozduğu üçün məsuliyyətə cəlb olunmasını tələb edir.



MƏSLƏHƏT GÖR:

32