11 Dekabr 2024

Çərşənbə, 03:14

COP29: DAYANIQLI MALİYYƏLƏŞDİRMƏ

İqlim dəyişikliyi ilə mübarizəni kim, necə və hansı həcmdə maliyyələşdirməlidir?

Müəllif:

15.11.2024

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) dünya mediası “maliyyə COP-u” adlandırıb, çünki 15 il ərzində ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin dəstəklənməsi üçün maliyyələşdirmənin həcmi və strukturu müzakirə olunur. Yoxsul ölkələrin maraqları nəzərə alınaraq hazırlanmış iqlim proqramlarının maliyyələşdirilməsi üzrə saziş layihəsi ildə azı 1,3 trilyon dollar ayrılmasını nəzərdə tutur. Lakin hazırda maliyyələşmənin həcmi ildə 100 milyard dollar təşkil edir ki, bu da cari ildə başa çatır. Yaranmış kəsirin yeni pul mənbələri hesabına ödənilməsi təklif olunur. İnkişaf etməkdə olan ölkələr hesab edirlər ki, iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona uyğunlaşma tədbirlərinə dəstək yalnız sənaye dövlətləri tərəfindən göstərilməlidir. Onlar isə öz növbəsində, donorlar siyahısına daha varlı inkişaf etməkdə olan iqtisadiyyata malik ölkələri daxil etməyə çağırırlar.

Azərbaycan bütün bu müzakirələrin mərkəzində durur və eyni zamanda ölkədə “yaşıl təşəbbüslər”in davamlı maliyyələşdirilməsini təmin etmək üçün addımlar atır.

 

İlk razılaşmalar

Beynəlxalq ekspertlər Bakı sammitində iqlim maliyyələşdirilməsi üçün yeni yolun açıla biləcəyini gözləyirlər. BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidenti Filemon Yanq xüsusilə qeyd edib ki, ən çox zərərçəkmiş insanların ehtiyaclarına cavab verən adaptasiya, dayanıqlılıq və iqlim maliyyələşdirilməsi üçün yeni yol müəyyən etmək çox vacibdir.

Bu mənada Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, ölkəmizin təşəbbüslərindən biri qalıq yanacaq istehsalçıları - istər ölkələr, istərsə də şirkət və korporasiyalar tərəfindən maliyyələşdiriləcək. İqlim Maliyyələşdirmə Fondunun yaradılmasıdır. “Və biz sədrlik dövrümüzün qarşıdakı ilini verilmiş vədlərin yerinə yetirilməsinə həsr edəcəyik”, - nazir bildirib.

O əlavə edib ki, BMT tərəfindən nəzarət olunan vahid bazar vasitəsilə karbon emissiyaları kvotalarının ticarətini nəzərdə tutan Paris Sazişinin 6.4-cü maddəsinin müzakirəsi çərçivəsində artıq müsbət nəticələr əldə edilib. Qeyd edək ki, bundan əvvəl saziş iştirakçıları bu bazarın karbon vahidlərinin dəyərinin hesablanması barədə razılığa gələ bilmirdilər. “COP-un Bakıda işinin ilk günündə ölkələr vahid mexanizm barədə razılığa gəldilər. Bu da onu göstərir ki, səylərimizi birləşdirəndə qarşıya qoyduğumuz məqsədlərə çata bilərik”, - M.Cabbarov vurğulayıb.

“Reuters”in məlumatına görə, qlobal sertifikatlar bazarının işə salınması planetin əsas çirkləndiricilərinə atmosferə zərərli maddələrin atılmasını vəd edilmiş normadan artıq emissiyaları azaltmış ölkələrdən karbon kreditləri almaqla kompensasiya etməyə imkan verəcək. Daha sonra alıcı ölkələr karbon kreditlərini milli planlarında vəd edilmiş iqlim məqsədlərinə nail olmağa yönəldə bilərdilər.

Karbon bazarlarını dəstəkləyən işçi qrupu - Beynəlxalq Emissiya Ticarəti Assosiasiyasının qiymətləndirmələrinə görə, ümumi ticarət həcmi 2030-cu ilə qədər ildə 250 milyard dollar gətirə bilər. Bu, ildə 5 milyard metrik ton karbon istehsalını azaltmağa imkan verəcək.

M.Cabbarov, həmçinin bildirib ki, karbon bazarları mexanizmi iqlim maliyyələşdirməsini təmin etməyə kömək edəcək: “Biz, həmçinin MDB-lərin (Çoxtərəfli İnkişaf Bankları) 2030-cu ilə qədər illik 120 milyard dollar həcmində öhdəliklər barədə bəyanatını yüksək qiymətləndiririk və bu, əhəmiyyətli irəliləyişdir”.

“Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərin Ödənilməsi Fondunun fəaliyyətinin optimallaşdırılması” tədbirində çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib ki, fond artıq maliyyə vəsaitlərini bölüşdürməyə hazırdır və bu, vədləri real dəstəyə çevirməyə imkan verir: “Yəni maliyyə resursları 2025-ci ildə daxil olmağa başlayacaq. Bu, həssas icmalar üçün vacibdir. Bu irəliləyiş fondun və dünya birliyinin qətiyyətli səylərinin nəticəsidir. Bu, həmçinin real nəticələrə səbəb olacaq: evlərin tikilməsi, insanların köçürülməsi, həyat və gələcək təhlükəsiz olacaq. Lakin missiyamız hələ başa çatmayıb. İndi biz layihələri müəyyən etməli və dəstək axınını davam etdirməliyik”.

 

Xeyriyyəçilik deyil, dəstək

Bu arada inkişaf etməkdə olan dövlətlər ayrılan resursların ədalətsiz bölgüsündən şikayətlənirlər. Məsələn, onlardan biri COP29 çərçivəsində Kiçik Ada Dövlətlərinin İnkişafı Sammitindəki (SIDS) çıxış edən Kuk Adalarının Baş naziri Mark Braun idi. Onun sözlərinə görə, İtki və Zərər Fondu artıq fəaliyyətə başlamalı və onun işi genişmiqyaslı olmalıdır.

 

Yaşıl İqlim Fondunun icraçı direktoru Mafalda Duarte SIDS-də çıxışında söyləyib ki, 2030-cu ilədək daha 50 milyard dollar maliyyənin ayrılmasına nail olmaq mümkündür. Onun sözlərinə görə, ötən il fond ayırdığı vəsaitlərin 2,3% artdığını hesablayıb: “Kiçik ada dövlətləri Yaşıl İqlim Fondu üçün vacibdir. Bizim 16 milyard dollarlıq büdcəmizdən 10 faizdən çoxu məhz kiçik ada dövlətlərinə ayrılıb”.

Millətlər Birliyinin Baş katibi Patrisiya Canet Skotland isə vurğulayıb ki, zəif dövlətlər anlamalıdır ki, onlara ayrılan iqlim maliyyəsi xeyriyyəçilik deyil, həyatın tələbidir: “Onlar tələsməlidirlər. Yubanmaq onları gələcəklərindən məhrum edə bilər. Əgər birlikdə işləsək, ən yüksək səviyyədə nəticə alacağıq. Daha ədalətli dünya üçün bütün dövlətlərin həmrəy olması üçün müraciət edirəm”.

P.Skotland ilə tam həmrəy olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCC) icraçı katibi Saymon Stil qeyd edib ki, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi istiqamətində atılan addımlar ən böyük və zəngin ölkələr daxil olmaqla, hər bir dövlətin maraqlarına tam cavab verir.

Dünya Bankının davamlı maliyyələşdirmə üzrə aparıcı mütəxəssisi Svetlana Klimenko iqlim tədbirlərinin maliyyələşdirilməsinin artırılması üçün diqqət yetirilməli iki əsas istiqaməti vurğulayıb: “Birincisi, qlobal maliyyə sistemi tərəfindən risk və imkanların qiymətləndirilməsi, ikincisi isə maliyyə innovasiyalarıdır”. Onun sözlərinə görə, iqlim və təbii risklər haqqında dəqiq məlumatlar əldə edildikdə, müxtəlif maraqlı tərəfləri birgə fəaliyyətə inandırmaq daha asan olacaq.

Braziliyanın maliyyə naziri İvan Oliveranın fikrincə, qlobal maliyyə bazarlarında mövcud olan likvidliyin böyük bir hissəsi “yaşıl keçid”i dəstəkləmək üçün istifadə olunmalıdır: “Bu kontekstdə zəmanətlər, “yaşıl investisiyalar”ı cəlb etmək üçün vacib, lakin hələ də kifayət qədər istifadə olunmayan bir vasitədir”.

 

KOB-ların Bakı Bəyannaməsi

İqlim təşəbbüslərinin maliyyələşdirilməsi ilə bağlı daha bir aspekt bu prosesə təkcə dövlət resurslarının deyil, həm də özəl kapitalın cəlb edilməsinin zəruriliyindən ibarət idi.

“Biz “yaşıl keçid”dən danışanda, ümumilikdə yeni iqtisadiyyat növlərindən danışırıq. İqlimin qorunması üzrə qlobal tədbirlərdə özəl sektorun rolu mütləq vacibdir. Bu ona görə vacibdir ki, özəl sektor texnologiyalar, innovasiyalar, istehlakçı davranışları ilə gəlir, buna görə də onların davranışlarına təsir edə bilər. Buna görə də özəl sektorla qarşılıqlı əlaqədə olmaq çox vacibdir”, - COP29-un iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib.

Almaniyanın Avropa və iqlim üzrə dövlət naziri Anna Lürmann COP29 çərçivəsində keçirilmiş “Yaşıl Keçid Qarantiyası Qrupu – İnkişaf etməkdə olan və orta gəlirli ölkələrdə (EMDE) yaşıl keçidin sürətləndirilməsi üçün özəl kapitalın cəlb edilməsi” adlı tədbirdə qeyd edib ki, bu istiqamətdə yalnız dövlət büdcələrindən ayrılan vəsaitlər kifayət etmir. O hesab edir ki, “yaşıl keçid”in daha sürətli həyata keçirilməsi üçün dövlətlər, beynəlxalq təşkilatlar və özəl sektor arasında daha sıx əməkdaşlıq tələb olunur və yalnız bu halda dayanıqlı gələcək qurmaq mümkündür.

Bu mənada COP29 çərçivəsində məhz Azərbaycanın atdığı mühüm addımları da qeyd etmək olar. Sammitin üçüncü günündə konfrans çərçivəsində “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanıb. İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, bu sənəd KOB-ların “yaşıl transformasiyası”nı dəstəkləməyə və bu istiqamətdə müəyyən addımlar atmağa yönəlib: "Söhbət xüsusilə maliyyə dəstəyi ilə bağlı alətlərin artırılmasından, bilik və bacarıqların yüksəldilməsi istiqamətində işlərin aparılmasından gedir. Biz KOBİA olaraq, bu məsələ ilə bağlı qlobal təşəbbüslə çıxış etdik. İnanırıq ki, üzv ölkələr bu təşəbbüsü dəstəkləyərək KOB-ların "yaşıl transformasiyası"nı sürətləndirəcək”.

O, həmçinin qeyd edib ki, bütün dünyada şirkətlərin 90 %-i məhz KOB-lardır: "Odur ki, “KOB-ların yaşıl iqlim keçidi üçün “Bakı Koalisiyası Bəyannaməsi” BMT çərçivəsində dəstəklənəcək və daha çox üzv ölkə ona dəstək verərək KOB-ların “yaşıl keçidi”nə töhfə verəcək”.

 

Maliyyəçilərdən maliyyə

Əlbəttə ki, maliyyə təşəbbüsləri onların əsasən cəmləşdiyi qurumlar - banklar olmadan mümkün deyil. Dünya Bankının Qlobal Enerji və Təbii Mənbələr üzrə direktoru Demetrios Papatanisu COP29 çərçivəsində keçirilmiş “Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi” adlı tədbirdə bildirib ki, inkişaf etməkdə olan ölkələrdə maliyyə institutlarının gücləndirilməsinə diqqət yetirilməlidir və bunun üçün banklara uyğun layihələr hazırlamaq imkanı var. O, hesab edir ki, hər il qalıq yanacaqlarına 500 milyard ABŞ dolları vəsait xərclənir: “Biz bu vəsaiti bərpa olunan enerjiyə yönəltməliyik. Bankların ayıracağı pullar isə bərpa olunan enerjiyə keçid zaman üzləşilən maliyyə itkisinin qarşısını almağa və borcların ödənilməsinə sərf olunmalıdır. Dünya Bankı da məhz bu məsələ üzərində çalışır. Biz resurslarımızı bunun üçün səfərbər etmişik. Həmçinin Afrikada 300 milyon insanı elektrik enerjisi ilə təmin etməyi hədəfləyən "Missiya 300" proqramına başlamışıq”.

Məlum olub ki, Avropa Mərkəzi Bankı (ECB) dünyanın 141 mərkəzi bankı ilə birlikdə ən böyük iqtisadiyyatlar və qalıq yanacaqla işləyən şirkətlər də daxil olmaqla maliyyə sisteminin yaşıllaşdırılması üçün şəbəkə yaradır. Bu barədə ECB-nin İqlim Dəyişikliyi Mərkəzinin rəhbəri İren Heemskerk COP29 çərçivəsində keçirilmiş “Təbiət və iqlim üzrə xüsusi tədbirlər” adlı sessiyada məlumat verib. O əlavə edib ki, AMB iqtisadiyyat üçün ekoloji risklərin qiymətləndirilməsinə kömək göstərilməsini nəzərdə tutan “Mərkəzi banklar və nəzarət orqanlarının fəaliyyətinə rəhbərlik üçün konseptual çərçivələr” adlı nəşri dərc edib.

Azərbaycan Mərkəzi Bankı isə “yaşıl maliyyələşdirmə”nin stimullaşdırılması işinə öz töhfəsini verərək noyabrın 7-də İdarə Heyətinin qərarı ilə “Yaşıl Taksonomiya”nı təsdiq edib. Bu sənəd iqtisadi sektorlar üzrə yaşıl fəaliyyət növlərinin, alt-növlərinin və onların texniki təsnifat meyarlarının müəyyən edilməsi üzrə təsnifat sistemini əhatə edir. Əsasən maliyyə institutlarının istifadəsi üçün nəzərdə tutulan "Yaşıl Taksonomiya"nın özəl sektorda biznes fəaliyyətlərinin Taksonomiyada müəyyən edilmiş meyar və prinsiplərə uyğunluğunun təmin edilməsi, yaşıl və dayanıqlı keçid strategiyalarının hazırlanması, müvafiq məlumatların ictimaiyyətə açıqlanması, yaşıl investisiyaların cəlb edilməsi və digər oxşar istiqamətlər üzrə istifadəsi mümkündür.

Qeyd edək ki, beynəlxalq səviyyədə “Yaşıl Taksonomiya” maliyyə sisteminin “yaşıllaşdırılması” və maliyyə resurslarının dayanıqlı iqtisadi fəaliyyətə yönəldilməsi üçün ən vacib alət kimi tanınır. Taksonomiya maliyyə bazarı iştirakçıları, korporativ şirkətlər və ictimaiyyət də daxil olmaqla iştirakçılar üçün “yaşıl meyarlar”ı dəqiqləşdirir. Bu, dayanıqlı maliyyələşməyə ardıcıl yanaşmanın təşviqi, həmçinin ətraf mühit və dayanıqlı inkişaf məqsədlərinə nail olmağa müsbət töhfə verən investisiyaların təşviqi üçün vacibdir. Düzgün müəyyən edilmiş və strukturlaşdırılmış taksonomiya daha səmərəli qərar qəbulu prosesini dəstəkləyir, həmçinin milli ekoloji və iqlim məqsədlərinə nail olmağa töhfə verən investisiya imkanlarını təşviq edir.

Sənədin preambulasında qeyd olunduğu kimi, Dünya Bankının hesablamalarına əsasən, 2060-cı ilə qədər dekarbonizasiya və dayanıqlılıq üçün əlavə diskontlaşdırılmış xərclər təxminən 44,1 milyard ABŞ dolları (təxminən 24,7 milyard ABŞ dolları dekarbonizasiya üçün və 19,4 milyard ABŞ dolları dayanıqlılıq üçün) təşkil edir ki, bu da kumulyativ diskontlaşdırılmış ÜDM-in təxminən 3,2%-nə bərabərdir.

Bu baxımdan taksonomiya Azərbaycan iqtisadiyyatının “yaşıllaşdırılma”sı və dekarbonizasiyasının mühüm mərhələsi üçün əlverişli zəmin yaradacaq, o cümlədən bərpa olunan enerji mənbələrinə, dayanıqlı kənd təsərrüfatına və ölkənin daha güclü, dayanıqlı və şaxələndirilmiş iqtisadi gələcəyinə töhfə verəcək digər əsas sektorlara investisiyaların cəlb edilməsinə yardım göstərəcək. Bu isə öz növbəsində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa töhfə verməklə onun beynəlxalq arenada rəqabət qabiliyyətini artıracaq.



MƏSLƏHƏT GÖR:

33