Müəllif: Sənan NADİROĞLU
Futbol üzrə UEFA Millətlər Liqası Azərbaycan millisi üçün fiasko ilə sona çatıb. C liqasında çıxış edən Fernandu Santuşun baş məşqçisi olduğu komanda öz qrupunu qələbəsiz və sonuncu pillədə başa vurub. Ən zəiflərin yer aldığı D liqasına yuvarlanan millimiz artıq Avropanın ən zəif 6 komandasından biri olub.
Nəticələr və anti-rekordlar
C liqasının 1-ci qrupunda sonuncu yeri tutacağı rəsmiləşən Azərbaycan millisi İsveçdə darmadağın olub. Hər hissədə 3 qol buraxan Fernandu Santuşun rəhbərlik etdiyi heyət 0:6 hesabı ilə uduzub. İsveç soyuğuna tab gətirməyən komandanı Viktor Qyokereş 4 dəfə, Deyan Kuluşevski isə iki dəfə məyus edib. Bu nəticə millimizi birbaşa D liqasına endirib.
Qrupun favoritləri sayılan Slovakiya və İsveç kimi rəqiblərə hər iki oyunda uduzmaq böyük əks-səda doğurmazdı. Amma kağız üzərindəki autsayder Estoniyadan iki matçda bir xal alınması millinin biabırçı finişinə səbəb olub.
Təəssüflə qeyd etmək lazımdır ki, İsveçdə 6 qol buraxan qapıçı Rza Cəfərov belə acınacaqlı durumla üzləşən 5-ci qapıçımız olub. Ondan əvvəl 4 qolkiper ümumilikdə 8 dəfə bir oyunda azı 6 qol buraxıb. Bu siyahıda Dmitri Kramarenko antirekordçudur. O, yığmada 8 top buraxan yeganə qapıçıdır. Nizami Sadıqov bir qarşılaşmada 7 qola üzülüb. Milli tarixində Fərhad Vəliyevlə Kamran Ağayev hərəsi iki matçda 6 qolun buraxılmasının acısını çəkib.
Nə qədər qəribə səslənsə də, İsveçlə səfər matçında qapısında 6 qol izləyən qolkiper Rza Cəfərov meydanda nisbətən yaxşı mübarizə aparan futbolçulardan olub. Darmadağın olunduğumuz görüşdə qapıçı digər futbolçulardan əzmkarlıqla seçilib. Rza Cəfərov oyunun gedişində hətta penaltini qaytarmağı bacarıb. Lakin müdafiə xəttinin rüsvayçı oyunu böyükhesablı məğlubiyyəti qaçılmaz edib. Ən acınacaqlı məqam millinin futbol adına nə isə nümayiş etdirməməsi olub. Rəqibin hücumu zamanı müdafiəçilərin ayaqlarının bir-birinə dolaşması, milli üzvlərinin sanki ilk dəfə meydana çıxdığı kimi qeyri-dəqiq ötürmələri azarkeşləri növbəti dəfə şoka salıb. Müstəqillik dönəmində ən acınacaqlı dövrünü yaşayan Azərbaycan millisinin gələcəyi ilə bağlı proqnoz vermək mümkün deyil.
Qələbəyə ümidin olmadığı dövr
Azərbaycan millisinin bu vəziyyətdə olmasına səbəb uzun illər ölkə futbolunda görüntü xatirinə aparılan islahatlardır. Sirr deyil ki, hazırda Azərbaycanda normal futbol akademiyası və ya məktəbi fəaliyyət göstərmir. Ölkədə peşəkar uşaq futbol məşqçilərinin sayı həddən artıq azdır. Klublar əsas heyəti məhz əcnəbi futbolçuların hesabına gücləndirir və nəticə qazanır. Bu isə ölkə futboluna heç bir fayda vermir. Azərbaycan klubları uşaq yetişdirmək əvəzinə yalnız nəticə barədə düşünür. Yerli futbolçular qazandıqları böyük pullara görə xarici çempionatlara yollanmırlar. Azərbaycanda futbolun inkişafına cavabdeh olan AFFA da millini bahalı məşqçi Fernandu Santuşa tapşırmaqla işini bitmiş sayır. Halbuki portuqal məşqçi sehrbaz deyil, zəif futbolçularla normal komanda yarada bilməyəcəyini etiraf etməlidir.
Hər halda, əsas milli ilə yanaşı, bütün yaş kateqoriyaları üzrə milli komandalarda qələbəyə həsrətik. AVRO-2025-in seçmə mərhələsində çıxış edən komandalarımızın hər ikisi mübarizəni dayandırıb.U-17 və U-19 millilər keçirdikləri 6 oyunda qələbə qazana bilməyiblər. Hər yığma bir heç-heçə ilə kifayətlənib. Ümumilikdə isə iki komanda birlikdə 2 heç-heçə edib və 4 dəfə uduzub. Bu 6 oyunda 3 qola imza atan futbolçularımız 13 top buraxıblar. Bu, iki yığmanın nəticələrinə əsasən son 12 ildə ən böyük uğursuzluqdur. Yığmalarımızın çıxışı ilə bir antirekord da təkrarlanıb. Ardıcıl 2 mövsüm qələbə qazanmayan millilər yalnız bir dəfə belə seriya ilə üzləşib. 2012/13 və 2013/14 mövsümlərində də üst-üstə 12 matçda bir dənə də qalibiyyət sevinci yaşanmayıb.
“Cırtdan dövlət”lər sırasında
Göründüyü kimi bütün yaş qruplarında yığmalar əksər oyunlarını məğlubiyyətlə başa vurub. Bu isə vəziyyətin ciddi olduğunu sübut edir. Çıxış yolu kimi xaricdən peşəkar uşaq məşqçilər dəvət etməklə 5 ildən sonraya ümid etməkdir. Yaxın illər ərzində Azərbaycan millisinin azarkeşləri sevindirməyəcəyi dəqiqdir.
Azərbaycan futbol millisi növbəti mövsüm UEFA Millətlər Liqasında D divizionunda oynayacaq. İndi bizi “cırtdan ölkələr”in komandaları gözləyir. Bu, təkcə matçların nəticələri ilə deyil, həm də oyunun özü ilə bağlıdır. Əslində buna layiq tək yığma komandamız deyil, bütövlükdə ölkəmizdə futbolun durumudur.
D liqasında qarşımıza kimlər çıxacaq? Hələlik rəqibimiz ola biləcək 5 komandadan 3-ü məlumdur. Bunlar ən aşağı divizionun qrup sonuncuları Lixtenşteyn və Andorra, eləcə də Azərbaycanla birgə ən zəif qrup sonuncusu kimi C liqasından təşrif buyurmuş Litvadır. Digər 2 komanda isə “aşağılar”ın ikinciləri Cəbəllütariq və Malta, həmçinin millimizin İsveçlə oyunun ilk dəqiqələrinədək yerlərində olmağı xəyal qurduğu Latviya və Lüksemburq arasından seçiləcək.
Andorra, Lixtenşteyn, Cəbəllütariq, Malta, Lüksemburq... Həm ərazisinə, həm də əhalisinə görə təkcə Azərbaycanın rayonları deyil, bəzi kəndləri ilə belə müqayisə edilə biləcək ölkələrdirlər. Hətta C liqasına yüksəlmiş San Marino, orada yerini qorumuş Farer adaları da indi bizə yuxarıdan aşağı baxacaq. Həsədini apardığımız bu son iki ölkədən Farerlər (1.390 km²) Azərbaycandan 62 dəfə, San Marino (61 km²) isə 1400 dəfə kiçikdir.
İstər-istəməz sual yaranır: 30 min əhali arasında yığma səviyyəli futbolçular yetişdirmək olur, amma 10 milyon arasında yox?
Qeyd edək ki, dekabrın ilk həftəsində AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda portuqal Fernandu Santuş hesabatla çıxış edəcək.
MƏSLƏHƏT GÖR: