Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycan paytaxtı Bakıda keçirilən və bütün dünya üçün əhəmiyyətli olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tarixi qərarın qəbulu ilə yekunlaşıb. COP29-un nəticəsi olaraq qəbul edilmiş qərarların bir çoxu bəşəriyyətin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir və Azərbaycanın liderlik keyfiyyətlərini və beynəlxalq nüfuzunu bir daha vurğulayır.
Alyans – mühüm idman komponenti kimi
COP29-un uğurlarından biri Azərbaycanı bütün Avropada tanıdan “Qarabağ” futbol klubunun reallaşdırdığı layihə olub. COP29 günlərdə qitənin tanınmış futbol klubları “Qarabağ”ın çağırışına müsbət cavab verərək yeni alyansı təsis edib. “Qarabağ” FK-nın təşəbbüsü, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının dəstəyi ilə yaradılan bu alyans, BMT-nin iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 2018-ci ildə təsis etdiyi İdmanla İqlim Fəaliyyəti Çərçivəsinə (Sports for Climate Action) uyğun olaraq hazırlanmış bir platformadır. Bu çərçivə futbol klubları üçün yalnız iqlim məsələlərində iştirak etmək deyil, həm də konkret öhdəliklər götürmək deməkdir.
“Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi rəsmiləşəndən sonra Avropa və dünyada ölkə həqiqətlərinin böyük təbliğatçısına çevrilən “Qarabağ” futbol klubu qısa zamanda böyük layihəyə töhfəsini vermək qərarına gəlib. “Qarabağ” futbol klubunun təşəbbüsü ilə qitənin sayılıb-seçilən klubları məhz Bakıda birgə alyansın təsis olunmasına dəstək olub”, - “Qarabağ” klubunun bəyanatında vurğulanıb.
Qeyd edək ki, qurum bir neçə klubun yer aldığı komitə tərəfindən idarə olunacaq və digər klublar da böyük təşəbbüsə qoşulacaq.
Alyansda “Qarabağ”la yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö” (İsveç) klublarıdır. Alyansın yaradıcıları hesab olunan bu klubların nümayəndələri Bakıda yeni qurumun təsis edilməsi barədə sənədə imza atıblar.
Bu arada, “Qarabağ” Futbol Klubunun dəvəti ilə Türkiyə millisi, “Qalatasaray”, “Milan”, “Fiorentina” kimi komandalara baş məşqçilik etmiş dünya şöhrətli Fatih Terim COP29-da qonaq olub və tədbirin əsas ideyasına dəstəyini nümayiş etdirib.
Bakı Bəyannaməsinin imzalanması ilə alyans, iqlim dəyişikliyi ilə mübarizədə klubların üzərinə götürdüyü öhdəlikləri daha aydın şəkildə göstərib. Bu sənəd praktiki addımların atılmasını tələb edən bir çərçivədir. Klublar yalnız karbon emissiyalarını azaltmaqla kifayətlənməyəcək, həm də illik hesabatlar təqdim edərək bu öhdəliklərin necə yerinə yetirildiyini nümayiş etdirəcəklər.
Bu öhdəliklər azarkeşləri də daha məlumatlı və məsuliyyətli etməyi hədəfləyir. Stadionlarda tullantıların azaldılması, ekoloji nəqliyyat vasitələrindən istifadənin təşviqi və maarifləndirici kampaniyalar bu prosesin ayrılmaz hissəsidir. Bu tədbirlər futbol azarkeşləri arasında ekoloji şüurun formalaşdırılmasına böyük təsir göstərəcək.
Başa düşmək lazımdır ki, futbol klublarının ətraf mühitə təsiri böyükdür. Stadionların enerji istifadəsindən tutmuş, səfərlərdə istifadə olunan nəqliyyat vasitələrinə qədər hər bir addım ekoloji təsirə malikdir. Bəyannaməyə əsasən, klublar bu təsiri azaltmaq üçün yeni texnologiyalar tətbiq etməyi, enerji effektivliyini artırmağı və təkrar emal proseslərini genişləndirməyi hədəfləyirlər.
Amma ən vacib addımlardan biri azarkeşlərin maarifləndirilməsidir. Futbolçuların və klubların azarkeşlər üzərində böyük nüfuzu var. Bu nüfuzdan istifadə edərək, azarkeşlərin ekoloji mövzularda məlumatlılığını artırmaq və onları ətraf mühitin qorunmasına yönləndirmək ən vacib məsələlərdən biridir.
“Nüfuzumuzdan istifadə edərək, azarkeşləri ekoloji problemlər haqqında məlumatlandırmağa və onları ətraf mühiti qorumağa təşviq etməyə ümid bəsləyirik”, - Bakı Bəyannaməsində qeyd edilib.
Beləliklə, bu sənəd yalnız klublar üçün deyil, həm də qlobal dayanıqlılıq hərəkatı üçün mühüm bir addımdır. Bəyannamə ilə 2030-cu ilə qədər karbon emissiyalarını azaltmaq və 2040-cı ildə sıfır emissiyaya nail olmaq məqsədi konkretləşdirilir. Bundan başqa, bununla klublar arasında resurs və təcrübə mübadiləsi həyata keçirmək üçün bir platforma yaradılır.
Bu sənədin əsasında, Avropa Klublar Birliyi tərkibində idarəetmə komitəsi yaradılacaq. Komitə bəyannamənin yalnız kağız üzərində qalmasının qarşısını alacaq, praktiki addımlara çevrilməsini təmin edəcək. Hər bir klub öz azarkeşləri ilə birgə dayanıqlı layihələr həyata keçirəcək və illik hesabatlarla öz fəaliyyət və inkişafını göstərəcək. Sözsüz ki, alyansın tərkibi 11 klubla məhdudlaşmayacaq. 700-dən artıq klubun yer aldığı Avropa Klublar Assosiasiyasının yeni yaradılan qurumu dəstəkləməsi, alyansın üzvlərinin yaxın gələcəkdə sürətlə artmasını, coğrafiyasının genişlənməsini şərtləndirir.
Xüsusi öhdəliklərlə
“Qarabağ” futbol klubunun İdarə Heyətinin üzvü, Avropa Klublar Birliyinin İcraiyyə komitəsinin üzvü Asif Əsgərov “Region plus”a açıqlamasında alyansın və təmsil etdiyi klubun əsas hədəflərini açıqlayıb: “BMT-nin 2018-ci ildə təsis etdiyi İdmanla İqlim Fəaliyyəti Çərçivəsi, klubların iqlim dəyişikliyi ilə mübarizədə konkret hədəflər müəyyən etməsini tələb edir. Bu hədəflərdən biri 2030-cu ilədək karbon emissiyalarını 50%-ə qədər azaltmaq, 2040-cı ilədək isə sıfır emissiyaya nail olmaqdır. Bu təşəbbüs, böyük və kiçik klubların ətraf mühitə təsirini azaltmaq üçün bir yol xəritəsi təqdim edir. Bakı Bəyannaməsinə qoşulan klublar həm də BMT-nin İdmanla İqlim Fəaliyyəti Çərçivəsi, klubların iqlim dəyişikliyi ilə mübarizədə fəaliyyətinə dəstək olur. “Qarabağ” klubu olaraq təşəbbüsü irəli sürməklə öhdəliyimizi də başa düşürük. Bu sahədə öndə gedən “Deloitte” şirkəti ilə müqavilə imzaladıq. Razılaşmaya əsasən, “Deloitte” klubun dayanıqlılıq strategiyasında yol xəritəsinin hazırlanmasında bizə yardımçı olub. Klubun nə qədər karbon emissiyasını istifadə etdiyi və azaldılması ilə bağlı müvafiq işlərin həyata keçməsində bizə yardım edəcək. Klubların əsas məqsədi, əlbəttə, nəticəni düşünmək, idmanın bu növündə uğur qazanmaq istiqamətində işlər görməkdi. Düşünürəm ki, iqlim dəyişikliyinə qarşı mübarizədə belə layihələrdə də “Qarabağ”ın iştirakı qürurvericidir. Azərbaycanda bunu edən ilk klubun “Qarabağ” olması sevindirici haldır”.
Bakı Bəyannaməsinin qəbul edilməsi dayanıqlılıq sahəsində yeni bir dövrün başlanğıcıdır. Bu təşəbbüs yalnız Azərbaycan üçün deyil, həm də bütün dünya üçün bir model olacaq. “Qarabağ”ın belə aparıcı rolu onu göstərir ki, futbol təkcə qələbə və məğlubiyyətlə ölçülmür. Bu, cəmiyyətin və planetin gələcəyi üçün çox vacibdir.
MƏSLƏHƏT GÖR: