Müəllif: Valentina REZNİKOVA
MDB Parlamentlərarası Assambleyasının tarixində ilk dəfə olaraq Çingiz Aytmatov adına yaradıcılıq mükafatına Azərbaycandan olan qadın rejissor Mehriban Ələkbərzadə layiq görülüb! Bu, ölkəmizin beynəlxalq səviyyədə mədəni-dostluq əlaqələrinin inkişafına, möhkəmləndirilməsinə verdiyi töhfənin qiymətləndirilməsi idi. Bununla həm də Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnələşdirilmiş versiyası haqqında bütün MDB dövlətlərinin nümayəndələri məlumatlandırılıb.
Döş nişanı formasında mükafat həmvətənimizə Sankt-Peterburqun Tavriya sarayında təqdim edilib. Bir zamanlar bir çox tarixi şəxsiyyətlərin olduğu həmin zalda və həmin məkanda. 2024-cü il noyabrın 22-də bu əlamətdar məkanda Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko təntənəli şəraitdə və bütün MDB ölkələrinin nümayəndələrinin iştirakı ilə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Mehriban Ələkbərzadəyə ali mükafatı təqdim edib. Bu hadisə həm məna, həm də baş verənlərin məzmunu baxımından çox əhəmiyyətlidir. Həmin anın strukturunun əhəmiyyəti həm də onunla güclənirdi ki, məhz bu vaxt Bakıdakı Milli Dram Teatrında “Əsrə bərabər gün” tamaşası gedirdi.
- Sizə elə gəlmirmi ki, bu “təsadüfi olmayan təsadüfdə” mistik nəsə var idi?
- Mən qısa çıxışımda tədbir iştirakçılarına məhz bu sualla müaciət etdim: bu, təsadüfdür, yoxsa qanunauyğunluq?
- Bəs siz özünüz bunu necə şərh edirsiniz?
- Qısa cavab vermək istərdim: təsadüflər olmur...
- Niyə məhz Çingiz Aytmatovun bu romanını seçdiniz?
- Çünki “manqurtluq” mövzusu hazırda heç vaxt olmadığı qədər aktualdır.
- İzah edərdiniz...
- Bu roman 1980-ci ildə SSRİ-də nəşr olunmuşdu. Amma yazıçı artıq o zaman bu gün bəşəriyyətdə baş verən hadisələri öncədən görürdü: qlobal səviyyədə nəsil, tarixi, etnik, mədəni və ənənəvi köklərin itirilməsi. Məhz bu hadisə “manqurtluq” adını aldı.
- Belə maraqlı bioqrafiyası - həm yaradıcı, həm də peşəkar - olan bir insan kimi bu problem sizi niyə bu qədər dərindən narahat edir?
- Çünki mən azərbaycanlıyam: xalqımın tarixini sevirəm, ənənəvi və mədəni dəyərlərimizə hörmət və qiymət verirəm. Buna görə də əcdadlarımızın həm mənəvi, həm də sosial baxımdan yaratdığı və ərsəyə gətirdiyi hər şeyin qoruyub saxlanılmasını istəyirəm.
- Peşəkar yaradıcılığınızda - həm kinoda, həm də teatrda nümaiş etdirdiyiniz vətəndaş mövqeyinizə hörmət edirəm. Başqa teatrlardakı rejissorlar tamaşaçılarını var gücləri ilə “əyləndirərkən” və bu yolda onları geridönməz şəkildə itirərkən, siz öz tamaşaçılarınızla ciddi, bəzən xoşagəlməz, ifşaedici və hətta sərt xarakterli dialoq qurursunuz. Amma tamaşfçılar bundan sonra da getmirlər. Əksinə! Onların sayı get-gedə daha da artır. Belə əks-əlaqəyə misal olaraq sentyabrda ilk premyerası olandan bəri anşlaqla keçən “İblis və...” tamaşasını nümunə göstərmək olar. Niyə?
- Tamaşa, həqiqətən, tamaşaçılarımız arasında uğur qazanıb. Amma teatr belə bir nəticəyə ona görə nail olub ki, kapeldinerdən tutmuş aparıcı aktyora qədər hər kəs öz yerində peşəkar sədaqət və dürüstlüklə işini yerinə yetirir. Teatr elə bir yaradıcılıqdır ki, iş prosesi kollektiv və ahəngdar iş xarakteri alanda böyük hərflə Sənətə çevrilir. Üstəlik, yəqin ki, Hüseyn Cavidin insan dünyası və həqiqi dəyərlərin saxta “ideallar” ilə əvəz olunması prosesi haqqında fəlsəfi fikri tamaşaçıları məni narahat etdiyi qədər narahat edir. Buna görə də onlar sizin dediyiniz kimi, ciddi söhbəti seçirlər...
- Kino və teatr işlərinizə əsaslanaraq, komediya janrının sizi heç vaxt cəlb etmədiyini söyləyə bilərikmi?
- Bəli. Düzdür. Komediya mənim janrım deyil. Mən deyərdim ki, komediya xüsusi “gülüş” dünyagörüşü janrıdır.
- Həyata və teatr səhnəsinə belə dərin və ciddi münasibətiniz haradan qaynaqlanır?
- Heç vaxt bu barədə düşünməmişəm...
- Yenə də?
- Yəqin ki, uşaqlıqdan kitab oxumaq sevgisini aşılayan atamdan...
- Hansı müəlliflər rejissor-interpretator kimi bu çətin peşə seçiminizə təsir göstərib?
- Dostoyevski, Bulqakov, Tolstoy, Hüseyn Cavid, Nizami, Axundzadənin nəsri. Bu müəlliflərin əsərlərini sevirəm.
- Teatrın səhnəsində sevdiyiniz müəlliflərin əsərlərindən nəsə görəcəyik?
- Onların hər birinin əsərlərini səhnələşdirmək istərdim. Amma hər şeyi əhatə etmək mümkün deyil.
- İndi nə üzərində işləyirsiniz: Dostoyevski, Nizami, Bulqakov?
- Xeyr. Bu, Elçinin əsərlərindən biridir.
- Hansıdır?
- Bu barədə danışmaq hələ tezdir. Yalnız onu deyə bilərəm ki, bu, çox maraqlı tarixi intriqası olan nəsrdir.
- Bununla yaradıcılığınızın və Milli Dram Teatrının bütün pərəstişkarlarını intriqa içində saxlamağı bacardınız! Yenə də... Bəlkə oxucunu nigaran saxlamayaq?
- Yaxşı. Haqlısınız. Mən indi Xalq yazıçısı Elçinin əsərinin səhnə adaptasiyası üzərində işləyirəm. Roman “Baş” adlanır.
- Düşünürəm ki, indi oxucularımızı daha çox intriqa içində saxladıq. Hər halda, ən azı bu romanı artıq oxuyanları. Milli klassikanın səhnələşdirilməsi və səhnə versiyalarının müəllifi kimi sizin iki yaradıcı mövzunuz dəqiq müəyyənləşdirilib. Birincisi - etnosun mental-kulturoloji aspektinin inkişaf tarixi. İkincisi - müasir dünyada qadının vəziyyəti və taleyi. Hansı daha aktualdır?
- Mən bu mövzuları “daha çox” və ya “daha az” anlayışlarına bilməzdim. Belə deyim: bunlar bir medalın iki üzüdür və eyni dərəcədə vacibdir.
- “İblis və...” tamaşasının həm Peterburqda, həm də doğma Bakıda göstərdiyi heyrətamiz uğuru görəndən sonra hansı hissləri keçirdiniz?
- Qürur: teatr və aktyorlar üçün, o cümlədən rusiyalı həmkarlarımın həqiqi marağına səbəb olan klassik dramaturgiya üçün. Digər etnik qruplara və dinlərə qarşı tolerant münasibəti genetik kodunda daşıyan Azərbaycan etnosuna mənsub olduğum üçün...
- Bəs Çingiz Aytmatov adına mükafatı və Tavriya sarayındakı mükafatı alanda nə hiss edirdiniz? Axı, bu, sadəcə mükafat deyil, həm də Azərbaycan nümayəndəsi kimi sizin teatr məkanında etdiyiniz işin vacibliyinin və zəruriliyinin beynəlxalq səviyyədə tanınmasıdır. Bu, bir daha təsdiqləyib ki, onun nə dil, nə milli, nə də coğrafi sərhədləri var.
- Öz ölkəm - Azərbaycanla bağlı qürur hissi!
- Söhbət üçün təşəkkür edirik, Mehriban xanım! Jurnal redaksiyası sizə və Milli Dram Teatrına xidmət edən hər kəsə uğurlar arzulayır.
- Mən də öz növbəmdə jurnal redaksiyasına uğurlar və oxucuları ilə uzun, xoşbəxt əməkdaşlıq illəri arzulayıram...
MƏSLƏHƏT GÖR: