8 Yanvar 2025

Çərşənbə, 14:22

«LEHİNƏ» VƏ «ƏLEYHİNƏ»

Əminə SALAMOVA: «İqlimin və ümumekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin nə qədər vacib və təcili olduğunu anlamaq lazımdır»

Müəllif:

01.12.2024

Bakıda keçirilmiş SOR29 iqlim konfransında ətraf mühitdəki dəyişikliklərin bəşəriyyətin qlobal inkişaf prosesinə, həmçinin konkret fərdin həyatına təsirinə ən müxtəlif aspektlərdən baxılıb, orada bu problemlərin müasir dünya üçün nə qədər aktual olduğu ən müxtəlif səviyyələrdə dilə gətirilib. Bununla yanaşı, iqlim gündəliyinin vacibliyinə şübhə ilə yanaşanlar da var. Bu məsələdə son nöqtəni, əlbəttə ki, müvafiq araşdırmalarla məşğul olan alimlər söyləməlidirlər. Biz isə COP29 çərçivəsində ekoloji sahədə xaricdə alimlik dərəcəsi almış ilk azərbaycanlı qadın – Əminə Salamova ilə söhbətləşmişik. O, COP29-da iştirak etmək üçün Bakıya hazırda professoru olduğu «Emory University»nin (ABŞ) tələbələrdən ibarət qrupu ilə gəlmişdi.

- Ekologiya problemləri ilə çoxdanmı məşğul olursunuz? Hazırda nə üzərində çalışırsınız?

- Mən ixtisasca kimyaçıyam. Bakı Dövlət Universitetində magistraturanı bitirmiş, müəyyən müddət onun üzvi kimya fakültəsinin laboratoriyasında işləmişəm. Elmi fəaliyyətlə məşğul olmaq qərarı verdikdə isə tərəddüd etmədən, ətraf mühitdəki dəyişikliklərin insanların həyatına təsiri sahəsini seçdim. Əvvəlcə ekologiya sahəsində magistr proqramı üzrə İndiana Universitetinə (Bluminqton, ABŞ) – İctimai və Ekoloji Məsələlər Məktəbinə («School of Public and Environmental Affairs») daxil oldum. Orada təhsil aldığım dövrdə ekoloji kimya sahəsində, daha dəqiq desəm, atmosferin toksik antropogen maddələrlə çirklənməsi problemilə bağlı araşdırmalarla maraqlanmağa başladım və bu mövzunun dərinliklərinə getdim. Hazırda İndiana Universitetinin magistr («Master of Science») və  PhD («Doctor of Philosophy») dərəcələrinə malikəm. Hələ ki, Amerika ali məktəbində ekologiya sahəsində PhD dərəcəsi almış yeganə azərbaycanlı qadınam.

Ekoloji problemlərlə bağlı araşdırma təcrübəm 20 ildən artıqdır. Uzun müddət İndiana Universitetinin ekoloji kimya laboratoriyasında elmi işçi kimi çalışmış, ABŞ ilə Kanadanın əməkdaşlığı çərçivəsində hazırlanmış, atmosferin monitorinqi ilə məşhul olan nəhəng proqramın direktoru olmuşam. Bu proqram çərçivəsində Böyük göllər ətrafında yerləşən bir neçə monitorinq stansiyasında mütəmadi şəkildə havada olan 150-dən artıq müxtəlif toksik maddənin, çöküntünün miqdarı ölçülür. Bu gün bütün dünyada çox sayda tədqiqat institutları bu proqramın təcrübəsindən və nəticələrindən istifadə edir. Binaların daxilində havanın çirkləndirilməsi problemi ilə də məşğul olmuş, bu mövzuda müxtəlif araşdırmalar aparmışam.

Hazırda ekologiyanın insanın sağlamlığına təsirini araşdırıram.

- COP29-da ekologiya, iqlim dəyişikliyi problemlərindən çox danışıldı. Eyni zamanda bu gün dünyada bu mövzunun aktual olub-olmadığına dair mübahisələr də var. Elmi nöqteyi-nəzərdən real vəziyyət nədən ibarətdir?

- Bütün dünyadan olan alimlərin qlobal istiləşməni sübut edən saysız-hesabsız elmi məlumatı, faktı var. Üstəlik, proses böyük sürətlə gedir və müxtəlif kataklizmlərə (qasırğalar, daşqınlar və sair) yol açır. Bu, çox böyük problemdir. Araşdırmalar davam edir, alimlərin proqnozları isə təəssüf ki, ciddi narahatlıq yaradır.

İqlim proseslərinə təsir göstərən amillər çoxdur. Bu gün ən çox sənaye sektorunun təsirindən danışılır. Söhbət atmosferdə metanın miqdarının artmasından gedir və bildirilir ki, bunun səbəbi istehsal müəssisələrinə bu baxımdan nəzarətin olunmaması, tullantıların utilizasiyası sistemlərinin azlığıdır. Sübut olunub ki, bu proseslər düzgün idarə edilərsə, qlobal iqlim mənzərəsi əhəmiyyətli dərəcədə dəyişər.

- Deyirsiniz ki, hazırda ekoloji problemlərin insan sağlamlığına təsirini araşdırırsınız. Hansısa nəticə və proqnozlar varmı?

- Bu dünyada son dərəcə aktual mövzudur. ABŞ-də ona xüsusi diqqət ayrılır, ciddi araşdırmalar aparılır və bu işə istər özəl, istərsə də dövlət həvəslə sponsorluq edir. Bizim universitetimiz «İqlim dəyişikliyi və sağlamlıq» mərkəzinin yaradılması üçün ilk qrantı alıb. Orada biz şəhər şəraitində ekologiyanın populyasiyaya təsirini öyrənirik. Konkret desəm, mərkəzimizin yerləşdiyi Atlanta şəhərindəki vəziyyəti araşdırmaqla məşğuluq. Deyə bilərəm ki, artıq müəyyən nəticələr də var. Məsələn, alimlər istiləşmənin qan təzyiqinin yüksəlməsi, ürək-damar xəstəliklərinin artımı, hər hansı simptom hiss etmədən huşun itirilməsi arasında əlaqə tapa biliblər. Onun reproduktiv sistemə təsiri belə, üzə çıxarılıb. Havanın hərarətinin iqlim normasını aşdığı günlərdə tibbi yardıma müraciət edənlərin sayı dəfələrlə çoxalır.

Amma bu, yalnız qlobal istiləşmənin nəticələridir. Havanın, içməli suyun çirklənməsi, bəzi ölkələrdə ekoloji problemlər üzündən aqrar sektorun zəifləməsi və bunun insanların normal qidalanmasına təsiri və sair də var. Burada o qədər müxtəlif nüanslar var ki, bir elmi araşdırma ilə onların hamısını əhatə etmək mümkün deyil.

- Bütün bu problemlərin həllinə isə ciddi maliyyə lazımdır…

- Əlbəttə. Sübut olunub ki, atmosferə ən ciddi zərəri məhz sənayesi inkişaf etmiş ölkələr vurur, bundan isə bütünlükdə planet əziyyət çəkir. İqtisadi dayanıqlılığı zəif olan ölkələr üçün ekoloji kataklizmlərin nəticələri ilə təkbaşına mübarizə aparmaq çətindir. Onlara dəstək, ilk növbədə isə maddi dəstək lazımdır. İqlim dəyişikliklərinin əngəllənməsi üçün texnologiyalar inkişaf etdirilməli, kataklizmlər zamanı əhaliyə dəstək proqramları həyata keçirilməlidir. Bütün bunlar üçün isə kifayət qədər ciddi investisiya tələb olunur.

- Siz COP29-a «Emory University»dən tələbələr qrupu ilə gəlmisiniz. Sammitdə iştirak onların gələcək elmi araşdırma istiqamətilə bağlı qərar vermələrinə kömək etdimi?

- Əvvəlcə onu deyim ki, Bakı tələbələrimin çox xoşuna gəlib. Müxtəlif ekskursiyalar edərək şəhərlə, həmçinin milli mətbəxlə tanış ola bildik. Onlardan yalnız tərif eşitdim. Konfransın yüksək səviyyədə təşkil olunduğunu da qeyd etməliyəm. Bir sıra vacib müzakirələrə qatıldıq, ayrı-ayrı ölkələrdən gəlmiş həmkarlarımızla tanış olduq. Bəzi tələbələrim COP29-da iş təklifi belə alıb. Yəni sammit kommunikasiyaların qurulması üçün faydalı meydan oldu.

- Və sonda fikriniz: bəşəriyyət iqlim dəyişikliklərilə bağlı problemə əhəmiyyət verməsə bizi nə gözləyir və əksinə, nəzərdə tutulmuş proqramların hamısı reallaşdırılarsa, nə dəyişəcək?

- Təcili tədbirlər görülməzsə, vəziyyət daha da ağırlaşacaq – daşqınların, qasırğaların, quraqlıqların, yanğınların və sairin sayı getdikcə artacaq. Bu, kifayət qədər sürətli baş verəcək və dünyanın hər bir ölkəsində hiss olunacaq. Mənim araşdırma sahəmə qayıtsaq, insanların sağlamlığı ildən-ilə daha da pisləşəcək, onların immun sistemi, infeksion xəstəliklərə qarşı dayanıqlılığı zəifləyəcək. İqlimin və ümumekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin nə qədər vacib və təcili olduğunu anlamaq lazımdır.

Biz alimlər ümid edirik ki, hadisələr müsbət məcrada inkişaf edəcək, dünya aktual ekoloji gündəliyin reallaşdırılmasına daha ciddi yanaşacaq. Bu qlobal vəzifənin öhdəsindən yalnız bütün dövlətlərin, xalqların, müxtəlif peşə sahiblərinin və sairin birgə səyləri ilə gəlmək olar.


MƏSLƏHƏT GÖR:

30