8 Yanvar 2025

Çərşənbə, 13:37

“YAŞIL LOGİSTİKA”

Orta Dəhliz iqlim dəyişikliyi ilə mübarizədə “nəqliyyat” iştirakının aktiv elementinə çevrilir

Müəllif:

01.12.2024

Geosiyasi sarsıntılar fonunda Avropanı və Asiyanı birləşdirən ənənəvi ticarət yolları tədricən aktuallığını itirir. Bu yeni reallıqda Türkiyə, Yaxın Şərq və Avropa bazarlarına çıxışı təmin edən, vaxt sərfiyyatı, təhlükəsizlik baxımından optimal marşrut kimi qiymətləndirilən Orta Dəhliz ön plana çıxır. Strateji baxımdan əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan bu marşrutun inkişafında əsas rol oynayır. Xüsusilə də dünyada dəmir yolu nəqliyyatının aktuallığı təkcə səmərəliliyinə görə deyil, həm də ekoloji cəhətdən müasir qlobal gündəmə uyğun olaraq daha da artır.

 

Qlobal inteqrasiyaya gedən yol

Məlumdur ki, dəmir yolu qatarının bir vaqonu dördə qədər yük avtomobilini, yük qatarı isə onlarla iritonnajlı avtomobili əvəz edə bilər. Məhz ətraf mühitə mənfi təsirin aşağı həddi Bakıda başa çatan COP29 iqlim konfransının gündəliyinə davamlı və rəqəmsal Orta Dəhlizin yaradılması yollarının və onun gələcək inkişafı üzrə təşəbbüslərin müzakirəsinin daxil edilməsinə səbəb olub.

Bu marşrutun səmərəliliyi statistik məlumatlarla da təsdiqlənir. Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev bildirib ki, bu ilin 10 ayı ərzində bu marşrutla yük daşımalarının həcmi 3,8 milyon tona çatıb və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 68% çoxdur. Konteyner daşımaları 46,3 min TEU təşkil edib. Bu isə ötən ilin göstəricilərindən təxminən üç dəfə çoxdur. Bunlardan 27,6 min TEU Çin-Avropa-Çin marşrutlarına aiddir ki, bu da 25 dəfə artım deməkdir. “Bundan əlavə, biz əlavə yük həcmləri cəlb edirik və Çindən konteyner qatarlarının sayının ildə 600-ə qədər artırılması barədə razılığa gəlmişik”, - deyə T.Lastayev vurğulayıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev də nikbin proqnozlar verib. Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə keçən blok qatarların sayının gələn il 600-ə, perspektivdə isə ildə 1000-ə çatdırılması planlaşdırılır: “Bu il Azərbaycan ərazisindən 300-dən çox blok qatar keçəcək. Azərbaycan limanlarına orta tranzit müddəti 10 gün, Gürcüstan limanlarına isə 12 gündür”.

Orta Dəhlizin şaxələndirilməsi və inkişafı “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) fəal şəkildə üzərində işlədiyi əsas məqsədlərdən biridir. Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti kimi yeni infrastruktur layihələri, həmçinin Avropa ölkələrinin quru marşrutlarına artan marağı bu strateji nəqliyyat yolunun genişləndirilməsi üçün yeni imkanlar açır.

Belə ki, Kaşqar-Toruqart-Məkmal-Cəlalabad-Əndican marşrutu boyu uzanan yeni Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xətti ildə 15 milyon ton yük daşıya bilər. Bu zaman malların son istehlakçılara çatdırılma müddəti 7 günə qədər azalacaq. Layihə həmçinin müasir tranzit və logistika infrastrukturunun - anbarların, terminalların və bununla bağlı obyektlərin yaradılmasını nəzərdə tutur. Bu, təkcə Mərkəzi Asiya və Çin arasında yükdaşımalarını asanlaşdırmayacaq, həm də Tacikistan, Türkmənistan, Əfqanıstan və Pakistan kimi region ölkələri üçün yeni imkanlar açacaq.

Hazırda Xəzər dənizinin şərq hissəsində yüklər Çinin Kaşqar vilayətindən Qırğızıstan vasitəsilə avtomobil nəqliyyatı ilə Əndican dəmir yoluna qoşulmaqla daşınır. Bununla yanaşı, Çin, Qırğızıstan və Özbəkistan arasında tam dəmir yolu xəttinin tikintisi barədə razılıq əldə edilib və işlərin yaxın illərdə başa çatdırılması planlaşdırılır. Bu layihə Orta Dəhliz vasitəsilə yüklərin daşınmasına imkan verəcək və yük axınını ildə təxminən 7-10 milyon ton artıracaq.

Bu arada, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili Azərbaycan və Gürcüstan arasında konteynerlə daşımaların inkişaf perspektivlərindən danışıb. Onun sözlərinə görə, bu format dəmir yolu və avtomobil nəqliyyatının üstünlüklərini birləşdirir, yanacaq istehlakını, emissiyaları azaldır və yol təhlükəsizliyini artırır. Konteyner daşımalarının inkişafı üçün ilkin texniki-iqtisadi əsaslandırma artıq tamamlanır və onun gələn ilin əvvəlində təsdiq ediləcəyi gözlənilir.

Nazir müxtəlif nəqliyyat növləri arasında səmərəli qarşılıqlı əlaqəni təmin edən və dayanıqlı təchizat zəncirlərini dəstəkləyən multimodal qovşaqların və logistika mərkəzlərinin əhəmiyyətini vurğulayıb: “Bizim prioritetimiz infrastrukturun modernləşdirilməsi vasitəsilə Orta Dəhlizin dayanıqlılığını və etibarlılığını gücləndirməkdir. Gürcüstanda iki əsas dəmir yolu layihəsinə xüsusi diqqət yetirilir: əsas dəmir yolu xəttinin və Bakı-Tbilisi-Qars xəttinin modernləşdirilməsi. Bu təşəbbüslər ən ekoloji təmiz nəqliyyat növlərindən biri olan dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırır”.

Gürcüstanın əsas dəmir yolunun modernləşdirilməsi başa çatmaq üzrədir, bundan sonra onun ötürücülük qabiliyyəti ildə 27 milyon tondan 48 milyon tona çatdırılacaq və eyni zamanda istismar səmərəliliyi də artacaq.

 

İnteqrasiya və rəqəmsallaşma

Azərbaycan artıq Orta Dəhlizin etibarlı tranzit mərkəzi kimi Mərkəzi Asiya ölkələri üçün mühüm rol oynayır. Çinlə ticarət əlaqələri tarixində ilk dəfə olaraq Azərbaycandan ixrac yükləri dəmir yolu ilə çatdırılıb: 62 konteynerdən ibarət ilk “Bakı-Sian” blok qatarı Qazaxıstan vasitəsilə multimodal marşrutla Çinin ən böyük quru limanlarından biri olan Sian limanına yola düşüb. İlin sonuna qədər bu marşrutla 15 min ton (600 konteyner) ixrac yükünün daşınması planlaşdırılır. İndi Azərbaycan sahibkarları malları birbaşa Orta Dəhliz vasitəsilə Çinə göndərə bilərlər ki, bu da Gürcüstanın Qara dəniz limanları vasitəsilə əvvəlki marşrutları əvəz edir.

Bu marşrut üzrə artan yükdaşımaları həcmi qlobal oyunçularının da marağına səbəb olur. Məsələn, İtaliya Mərkəzi Asiya və Hind-Sakit okean regionundan Avropaya malların tranzitini təmin edərək, Orta Dəhlizin “limanı”na çevrilmək niyyətindədir. Bu barədə COP29 çərçivəsində İtaliya İnfrastruktur və Nəqliyyat Nazirliyinin diplomatik müşaviri Giovanni Donato məlumat verib.

Avropa Komissiyasının nəqliyyat üzrə baş direktorunun müavini Maya Bakran Marçiç isə vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsi şəraitində davamlı marşrutlar mövzusu getdikcə daha aktual olur. Orta Dəhliz bu gün “Şimal” dəhlizi ilə müqayisədə daha qısa və səmərəli marşrutdur.

Eyni zamanda, dəhlizin səmərəliliyini və şəffaflığını artırmaq üçün 2027-ci ilə qədər marşrutun tam rəqəmsallaşdırılması planlaşdırılır. 2023-cü ildə təsdiqlənmiş yol xəritəsinə əsasən, real vaxt rejimində məlumat mübadiləsi BMT standartlarına uyğun təşkil ediləcək. BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçanın qeyd etdiyi kimi, rəqəmsallaşma prosesləri optimallaşdırmağa, xərcləri azaltmağa və nəqliyyat sisteminin davamlı inkişafını gücləndirməyə kömək edəcək.

Qeyd etmək lazımdır ki, bütün marşrut boyu artıq vahid multimodal xidmət yaradılıb. Həm Azərbaycan, həm də Qazaxıstan dəmir yollarının informasiya sistemləri DTC (“Digital Trade Corridor”) platformasının gömrük modulu – “Tez Customs” ilə inteqrasiya olunub, oxşar işlər Gürcüstan dəmir yolları ilə də planlaşdırılır.

2025-ci ildə həmçinin bütün marşrut boyunca sənəd dövriyyəsini, gömrük rəsmiləşdirilməsini və yüklərin izlənməsini vahid ekosistemə birləşdirəcək “Maneəsiz Rəqəmsal Dəhliz” platformasının işə salınması planlaşdırılır. Qazaxıstan və Çinin iştirakı ilə “İnnovasiya Mərkəzi” də yaradılıb.

Bundan əlavə, dəhliz boyunca yerləşən ölkələr real vaxt rejimində TIR məlumatlarının mübadiləsini və qəbulunu təmin edəcək beynəlxalq “eTIR” sisteminə inteqrasiya üzərində işləyirlər. Bu, tranzit vaxtını, dələduzluqla bağlı riskləri və məlumatların emalı xərclərini azaldacaq.

Proqnozlara görə, 2040-cı ilə qədər Orta Dəhliz üzrə daşımaların həcmi 1,3 milyon TEU-ya çata bilər. Bu potensialı reallaşdırmaq üçün Mərkəzi Asiya ölkələrinə infrastruktur layihələri üçün təxminən 18,5 milyard avro lazım olacaq.

Beləliklə, Çin və Avropa İttifaqı (Aİ) arasında 900 milyard dollar həcmində qiymətləndirilən ticarət dövriyyəsini nəzərə alsaq, yük axınının hətta 10%-nin Orta Dəhliz vasitəsilə yenidən bölüşdürülməsi Azərbaycana əhəmiyyətli tranzit gəlirləri təmin edəcək və onun regional lider statusunu gücləndirəcək.

 

Beynəlxalq dəstək və investisiyalar

COP29-da beynəlxalq maliyyə təşkilatları iki istiqamətdə işin vacibliyini vurğulayıb: “sərt” infrastrukturun (nəqliyyat magistralları, limanlar, logistika mərkəzləri) inkişafı və “yumşaq” rabitəliliyin (rəqəmsallaşdırma, standartlaşdırma və prosedurların sadələşdirilməsi) gücləndirilməsi.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Qafqaz üzrə regional rəhbəri Alkis Vryenios Drakinos qeyd edib ki, bank Orta Dəhliz layihəsində iştirak edən bütün ölkələrdə fəal işləyir: “Biz milli və regional prioritetləri əlaqələndirmək və onları konkret layihələrə çevirmək üçün rəhbərlik, nəqliyyat infrastrukturu operatorları və yük sahibləri ilə əməkdaşlıq imkanları axtarırıq”.

Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) investisiya direktoru Olivier Uden Orta Dəhlizin regional “yaşıl nəqliyyat” marşrutuna çevrilməsinin əhəmiyyətini vurğulayıb: “Orta Dəhlizin “yaşıl dəhliz”ə çevrilməsi AİİB-in mandatına tam uyğundur. Biz bu nəqliyyat marşrutunun Asiya və Avropa bazarlarını birləşdirən əsas və etibarlı marşruta çevrilməsi üçün Azərbaycanı dəstəkləməyə hazırıq”. O qeyd edib ki, AİİB bu məqsədin reallaşdırılmasında Asiya İnkişaf Bankı (ADB), CAREC və Avropa İttifaqı kimi digər beynəlxalq inkişaf tərəfdaşları ilə əməkdaşlığa açıqdır.

Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin direktor müavini Syaxon Yan öz növbəsində qeyd edib ki, modernləşdirmə, rəqəmsal inteqrasiya və regional əməkdaşlığa investisiyalar marşrutdakı dar boğazların aradan qaldırılmasında əsas rol oynayır: “CAREC №2” dəhlizi kimi tanınan Orta Dəhliz CAREC proqramı çərçivəsində inkişaf edir. 2001-ci ildən bu proqrama 51 milyard dollar sərmayə qoyulub ki, bu da son 25 ildə 276 regional layihənin həyata keçirilməsinə imkan verib”. Bu investisiyaların ən böyük hissəsi nəqliyyat sektoruna (67%), ikinci yerdə isə energetika (25%) olub. Eyni zamanda, ticarətin asanlaşdırılması və ticarət siyasətinə yönəlmiş layihələrin payı cəmi 2,7% təşkil edib.

Yeri gəlmişkən, CAREC proqramı artıq regional əlaqələrin yaxşılaşdırılmasında səmərəliliyini nümayiş etdirib, lakin Orta Dəhlizin qlobal rəqabətqabiliyyətliliyinə və davamlı inkişafına nail olmaq üçün iştirakçı ölkələrin, beynəlxalq təşkilatların və özəl sektorun səylərinin daha da birləşdirilməsi tələb olunur. 

Xatırladaq ki, Avropa İttifaqı 2024-cü ilin yanvarında Aİ və Mərkəzi Asiya arasında nəqliyyat əlaqəsi üzrə Qlobal İnvestorlar Forumunu keçirib. Əsas nəticələrdən biri Trans-Xəzər nəqliyyat dəhlizi üçün Koordinasiya Platformasının yaradılması olub. Həmçinin Aİ Mərkəzi Asiyada davamlı nəqliyyat əlaqəsinin inkişafına 10 milyard avro ayırmağı öhdəsinə götürüb. Bu vəsait nəqliyyat, iqtisadi rifah və rabitəlilik sahəsində ümumi dəyəri 75,4 milyon avro olan regional proqramlar vasitəsilə Trans-Xəzər nəqliyyat dəhlizinin dəstəklənməsinə yönəldilib. Bundan başqa, Aİ “Avropa Davamlı İnkişaf Fondu Plus” çərçivəsində kredit zəmanətləri və resursların birləşdirilməsi vasitəsilə infrastruktur layihələrini maliyyələşdirməyi planlaşdırır.

Beləliklə, Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz Şimal və Cənub marşrutlarına strateji alternativ olaraq, region ölkələrindən keçərək ticarət və nəqliyyat əməkdaşlığı üçün yeni imkanlar açır. Dəmir yolu daşımalarını əhatə edən nəqliyyat infrastrukturunun inkişafı isə təkcə Azərbaycanın bu marşrutda əsas həlqə kimi mövqeyini möhkəmləndirmir, həm də müasir dünyada getdikcə daha böyük əhəmiyyət kəsb edən ekoloji məqsədlərə nail olmağa kömək edir.



MƏSLƏHƏT GÖR:

20