8 Yanvar 2025

Çərşənbə, 14:01

RƏQƏMSALLAŞMANIN “YAŞIL” ÇALARI

Azərbaycanın iqlim gündəliyində «yaşıl» DATA mərkəzlərinin inşası da var

Müəllif:

01.12.2024

XXI əsrdə sivilizasiyanın inkişaf paradiqması iqtisadiyyatın rəqəmsallaşması və bu trendlərin energetika, istehsal və biznes sahəsində “yaşıl texnologiyalar”la konvergensiyası ilə sıx bağlıdır. “Green IT” adlanan bu konsepsiya Azərbaycanın yaxın perspektivdə inkişaf strategiyasının hədəf planlarına daxil edilib. Ölkənin bu sahədəki nailiyyətləri və qarşıdakı vəzifələri Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “yaşıl rəqəmsal” fəaliyyətlər üzrə yüksək səviyyəli dəyirmi masada təqdim edilib.

Azərbaycanda “Green IT” istiqamətinin inkişafının əyani nümunəsi isə “AzInTelecom”un Abşeron və Hacıqabul rayonlarında “yaşıl texnologiyalar”dan istifadə etməklə iki DATA mərkəzinin tikintisi layihəsi olacaq.

 

“Green IT” Konsepsiyası

Təxminən 30 il əvvəl ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyi sonradan qlobal ekoloji təmiz IT sektorunun təməlinə çevrilən “Energy Star” proqramının həyata keçirilməsinə başlayıb. “Energy Star” təşəbbüsündə iştirak edən rəqəmsal avadanlıq istehsalçıları yüksək enerji səmərəliliyinə malik məhsullarını markalayır və identifikasiya edirdilər. Söhbət az enerji sərf edən, lakin yüksək məhsuldarlıq təmin edən avadanlıqlardan gedir. Belə məhsulların istehlakçıları təkcə enerji xərclərinə qənaət etmir, həm də istixana qazı emissiyalarının azaldılmasına töhfə verirdilər.

IT sektorunun inkişafı ilə bu prinsiplər əhəmiyyətli dərəcədə genişləndirilib və bir sıra digər istiqamətləri və mövqeləri əhatə edib. Xüsusilə, rəqəmsal cihazların ətraf mühitə təsiri və resurs səmərəliliyini nəzərə alaraq onların işlənməsi, istifadəsi və utilizasiyası sahəsini əhatə edən qlobal “Green IT” konsepsiyası formalaşdırılıb. “Green IT”nin əsas məqsədi kompüter texnologiyalarının ətraf mühitə mənfi təsirini və enerji istehlakını azaltmaqdır. Bu konsepsiyada iştirak edən dünya vendorları könüllü olaraq öz CO2 emissiyalarını izləmək və azaltmaq, həmçinin elektron avadanlıq istehsalında toksik tullantıları təhlükəsiz şəkildə utilizasiya etmək öhdəliyini götürürlər. Bununla təhlükəli materiallardan istifadənin dayandırılması, istifadə edilməyən və köhnəlmiş məhsulların bioparçalanmasının təşviqi, tullantıların təkrar emalının genişləndirilməsi və s. nəzərdə tutulur.

Son illərdə həm dünya IT istehsalı nəhəngləri, həm də onların müştəriləri - dövlət və özəl qurumlar ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərini tətbiq edirlər. Məqsəd kompüter avadanlığı və IT periferiyasının istehsalı, alınması və xidmətində ekoloji IT təcrübələri haqqında məlumatın şəffaflığını təmin etməkdir. “Green IT” konsepsiyasının digər bir prinsipi İKT strukturlarının əməkdaşlarının ESG prinsiplərinə dair təlim proqramlarını nəzərdə tutur. Buraya, həmçinin korporativ səviyyədə rəqəmsal resursların ekoloji məsuliyyətli istifadəsi daxildir.

Bu gün istixana qazı emissiyalarını azaltmağa kömək edən “Green IT” prinsipləri BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri”nin (DİM) əsas müddəalarına daxil edilib. Belə ki, ötən ilin sonunda BMT ölkələrin rəqəmsallaşma səviyyəsi ilə dayanıqlı inkişaf və iqlim gündəliyi sahəsində tərəqqi arasındakı əlaqələrin qlobal təhlilini təqdim edən rəqəmsal sürətləndirmə proqramını dərc edib. Sənədə görə, rəqəmsal texnologiyalar DİM tapşırıqlarının təxminən 70%-nin həyata keçirilməsində əsas rol oynaya bilər və 2030-cu ilə qədər onların əldə edilməsində tərəqqini əhəmiyyətli dərəcədə sürətləndirə bilər. Bununla əlaqədar olaraq, inkişaf etməkdə olan ölkələrin təxminən üçdə ikisi öz “yaşıl rəqəmsallaşma” proqramlarını milli iqlim strategiyalarına inteqrasiya edir.

 

IT sektorunda karbon izi

Hazırda bu narrativ postsovet regionunda, o cümlədən Azərbaycanda hiss olunur. COP29 çərçivəsində təşkil edilmiş “yaşıl rəqəmsal” fəaliyyətlər üzrə yüksək səviyyəli dəyirmi masada “Green IT” prinsiplərinin korporativ sektorda ESG tələbləri ilə konvergensiyasının əhəmiyyəti və bu prinsiplərin BMT-nin iqlim gündəliyi ilə birbaşa əlaqəsi müzakirə edilib. “Rəqəmsal texnologiyalar iqlim dəyişikliyi ilə mübarizəmizdə əsas rol oynayır və iqlim monitorinqi, enerji səmərəliliyinin artırılması və dairəvi iqtisadiyyat prinsiplərinin təşviqi üçün güclü alətlər təklif edir”, - COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib. Nazirin sözlərinə görə, IT sahəsinin inkişafı ilə bağlı ekoloji xərcləri, o cümlədən enerji istehlakının artması, zərərli emissiyalar və elektron tullantılar problemini nəzərdən qaçırmaq olmaz. Yeri gəlmişkən, Dünya Bankının məlumatına görə, qlobal CO2 emissiyalarının təxminən 4%-i payına İKT sektorunun payına düşür. Bu mənfi təsirlərin minimuma endirilməsi isə rəqəmsal avadanlıq və xidmətlərin istehsalçıları və istehlakçıları daxil olmaqla kollektiv qlobal səylər tələb edir.

ESG tələblərinə uyğun olaraq bu mənfi təsirlərin aradan qaldırılması üçün dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri, bankları və dövlət qurumları yüksək enerji səmərəliliyinə malik rəqəmsal avadanlıqlardan, virtuallaşdırma və “bulud” texnologiyaları metodlarından istifadə edir, kağız sənəd dövriyyəsindən tamamilə imtina edib, həmçinin süni intellekt imkanlarını inkişaf etdirirlər. Bütün bunlar hesablama resurslarından səmərəli istifadə etməyə və bununla da elektrik enerjisi istehlakını azaltmağa imkan verir. Ofislərdə enerji qənaəti metodları da eyni məqsədə xidmət edir: sensorlardan və enerji istehlakının avtomatik idarəetmə sistemlərindən istifadə, xüsusilə server kompüterləri və digər kritik avadanlıqların soyutma sisteminin optimallaşdırılması. “Green IT” prinsiplərinə riayət edilməsi bu sahənin qlobal emissiyalarını 4%-dən aşağı salmaq üçün vacib addımdır.

Dəyirmi masada çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev xatırladıb ki, qlobal tədqiqatlara əsasən, İKT sektorunun emissiyalarının payının 2030-cu ilə qədər ümumi dünya səviyyəsinin 8%-nə çata bilər: “Təkcə DATA-mərkəzlər dünya elektrik enerjisinin təxminən 1%-ni istehlak edir və bu çağırışlara cavab olaraq bir çox ölkələr innovativ soyutma və enerji idarəetmə texnologiyalarının tətbiqi sayəsində belə obyektlərin işini optimallaşdıraraq enerji istehlakını 40%-ə qədər azaldıb”.

Bu baxımdan Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) mütəxəssisləri və BMT-nin digər qurumları IT sektorunun “yaşıl transformasiyası”nın əsas vəzifələri sırasına məlumatların emalı mərkəzlərinin (DM) və DATA-mərkəzlərin enerji istehlakını azaltmaq üçün yenidən layihələndirilməsini daxil ediblər. Söhbət server və kompüter sistemlərinin soyutma sxemlərinin optimallaşdırılması, onların enerji təchizatı üçün bərpa olunan enerji mənbələrindən istifadə və s. məsələlərdən gedir.

Bakıda keçirilən forumlarda sadalanan məsələlərin həllinin vacibliyini ITU-nun baş katibi Dorin Boqdan-Martin qeyd edib: “İqlim dəyişikliyi ilə mübarizə BMT-nin Gələcək Paktının və onun Qlobal Rəqəmsal Sazişinin əsasını təşkil edir. Bu baxımdan “yaşıl rəqəmsal” transformasiya haqqında bəyannamə ITU-nun iki strateji məqsədindən biri kimi tanınıb”.

ITU-nun baş katibinin sözlərinə görə, dünya IT şirkətləri bərpa olunan enerjinin ən böyük alıcılarından biridir və onların bəziləri artıq tam olaraq bərpa olunan enerjidən istehsal edilən elektrik enerjisindən istifadə edir. Bununla yanaşı, ITU-nun “Rəqəmsal şirkətlərin yaşıllaşdırılması” hesabatına görə, avadanlıq, şəbəkə xidmətləri və xüsusilə də enerji tutumlu DATA-mərkəzləri və digər məlumat bazası saxlama strukturlarının işinə dünya tələbatının artması səbəbindən texnologiya sektorunun karbon izi artmaqda davam edir.

 

Azərbaycan üçün “Yaşıl DATA-mərkəzlər”i

Sadalanan çağırışlar son illərdə DATA mərkəzlərinin imkanlarının artırılması və bunun əsasında effektiv və təhlükəsiz mərkəzləşdirilmiş “Hökumət buludu” (G-cloud) sisteminin formalaşdırılması istiqamətində işlərin sürətləndirildiyi Azərbaycan üçün də aktualdır. Bu işin başlanğıcı Azərbaycan Prezidenti İlham Əliyevin 3 iyun 2019-cu il tarixli Fərmanı ilə qoyulub. Bununla dövlət informasiya sistemlərinin formalaşdırılması, saxlanması, aparılması və inteqrasiyası prosesinin səmərəliliyinin artırılması məqsədilə Azərbaycanda “G-cloud” sisteminin yaradılmasını təsdiqləyib. Hazırda layihənin operatoru olan “AzInTelecom” təxminən 200 dövlət qurumu və müəssisəsinin, həmçinin özəl şirkətlərin informasiya sistemlərinin və resurslarının Bakı və Yevlaxda yerləşən ehtiyat DATA-mərkəzlərinə tam və ya qismən miqrasiyasını təmin edib. Onlar “UptimeInstitute TIER III” beynəlxalq standartının bütün tələblərinə cavab verir. Bu mərkəzlər müxtəlif “bulud” xidmətləri göstərir, əsas və ehtiyat məlumat bazalarının etibarlı kibertəhlükəsizliyini təmin edir, həmçinin proseslərin unifikasiyası, vahid əməliyyat və proqram standartlarının tətbiqi hesabına veb-resursların tam fəaliyyətinə yardım göstərir.

Bu arada, Azərbaycanda aparıcı “bulud” provayderi olan “AzInTelecom” “Green IT” konsepsiyası çərçivəsində yeni layihələr həyata keçirir. Azərbaycanda CO2 emissiyalarını minimuma endirməyə imkan verən “yaşıl texnologiya”lar və dekarbonlaşdırılmış materiallardan istifadə etməklə iki yeni DATA-mərkəzin tikintisinə hazırlıq başlanılıb. Xüsusilə, bu istiqamətdə ölkədə günəş panelləri quraşdırılacaq. Əsas və ehtiyat məlumatların saxlanması və emalı mərkəzləri Abşeron və Hacıqabul rayonlarında tikiləcək. Ekoloji tarazlığı qorumaq məqsədilə hər iki binada enerji səmərəliliyi, su ehtiyatlarından səmərəli istifadə, tullantıların emalı və təbii soyutma sistemləri kimi innovativ həllər tətbiq olunacaq. Yeni DATA-mərkəzlər artıq burada ən yüksək beynəlxalq keyfiyyət, sabitlik və etibarlılıq standartlarına riayət olunduğunu təsdiqləyən “TIER 3 Design sertifikatı alıb. Öz növbəsində AzInTelecom məlumatların emalı mərkəzlərinin infrastrukturunun ekoloji dayanıqlılığını müəyyən edən “LEED v4” beynəlxalq sertifikatlaşdırılması üçün zəruri olan ilkin LEED hesabatını alıb. Yüksək ekoloji standartlara nail olmaq üçün tikinti prosesində torpaq eroziyasının və su çirklənməsinin azaldılmasına yönəlmiş kompleks plan hazırlanıb. Tikinti işləri zamanı toz təsirinin, kimyəvi emissiyaların və dolayı hava çirklənməsinin qarşısının alınmasına xüsusi diqqət yetirilib.

Bir sözlə, Azərbaycanın Xəzəryanı regionun rəqəmsal habına çevrilməsi planları nəzərə alınaraq, DEM və DATA-mərkəzlərin infrastrukturunun formalaşdırılması gələcəkdə də davam etdiriləcək. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində onun ərazisində də DATA-mərkəz inşa olunacaq.


MƏSLƏHƏT GÖR:

22