8 Yanvar 2025

Çərşənbə, 14:06

KRİTİK NÖQTƏ

Rusiya ilə Ukrayna arasındakı müharibə daha bir «qırmızı xətt»i keçdi

Müəllif:

01.12.2024

2014-cü ilin sonlarında Rusiya-Ukrayna müharibəsi kritik nöqtəyə qədəm qoyub. Hərbi əməliyyatların miqyasının genişlənməsi, yeni texnoloji vasitələrə əl atılması fonunda nüvə müharibəsi ehtimalı da əhəmiyyətli dərəcədə artıb. Qərblə Rusiya arasında getdikcə dərinləşməkdə olan qarşıdurmanın ən ciddi təzahürü budur. Təxminən üç ildir müharibənin viran qoyduğu Ukrayna belə bir qarşıdurmanın episentrindədir.

 

Raketlər iş başında

Rusiya-Ukrayna müharibəsi cəbhəsində vəziyyət növbəli şəkildə tərəflərin uğurları ilə müşahidə olunur. Lakin son həftələrin tendensiyası göstərir ki, Rusiya ordusu həm Donbas, həm də Rusiya Federasiyasının Kurs vilayəti istiqamətində miqyaslı hücum əməliyyatları ilə Ukrayna Silahlı Qüvvələrini sıxışdırmaqdadır.

Noyabrın 17-də Rusiya müharibənin başladığı gündən bu yana Ukraynanın enerji obyektlərinə ən ciddi zərbələri endirib. Bununla əlaqədar olaraq, BMT-nin xüsusi məruzəçiləri və işçi qrup üzvləri Rusiyanı növbəti dəfə «Ukraynanın elektrik stansiyalarına, yarımstansiyalarına, elektrik enerjisi ötürən və paylayan xətlərinə və digər enerji infrastrukturuna hücumları dərhal dayandırmağa» çağırıb, bunun «nüvə faciəsinin qarşısının alınması üçün» vacib olduğunu bildiriblər. Bununla yanaşı, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi bildirir ki, son günlərdə Rusiyanın raket zərbələri nəticəsində onlarla Ukrayna vətəndaşı, o cümlədən uşaqlar həyatını itirib, xüsusilə Xarkov, Odessa, Zaporojye, Dneprovsk və İvano-Frankovsk vilayətlərində mülki infrastruktura ciddi ziyan dəyib.

Hərbi əməliyyatların gedişinə ciddi təsir edə biləcək məqamlardan biri isə ABŞ, həmçinin Avropanın aparıcı fövqəldövlətləri olan Böyük Britaniya ilə Fransanın Ukraynaya Qərbə məxsus uzaqmənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirmək icazəsi vermələridir. Kiyev bu icazəni alar-almaz, Amerika və Britaniya silahları ilə Rusiyanın Bayansk və Kursk vilayətləri ərazisindəki hərbi obyektlərə zərbələr endirib. Bu zaman ATACMS operativ-taktiki raketlərdən, həmçinin HIMARS, «Storm Shadow» sistemlərindən istifadə olunub. Moskva da öz növbəsində, buna Dnepr şəhərində yerləşən müdafiə-sənaye kompleksinə zərbə ilə cavab verib. Bu zaman ruslar ortamənzilli yeni «Oreşnik» ballistik raketindən istifadə edib.

Rusiya Prezidenti Vladimir Putin bununla bağlı xüsusi bəyanatla çıxış da edib. Dövlət başçısı bildirib ki, Qərb istehsalı olan uzaqmənzilli silahlarla Rusiya ərazilərinə zərbələrin endirilməsi «regional Ukrayna münaqişəsinə qlobal xarakter qazandırıb, çünki bu silahlardan istehsalçı ölkələrin mütəxəssislərinin iştirakı olmadan istifadə mümkün deyil». Məhz bu baxımdan, Rusiya ona qarşı istifadə olunan silahların istehsalçılarının hərbi oyektlərinə də zərbələr endirmək hüququnun olduğunu bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə Moskvanı Dneprə ballistik raket atmaqla, bu il ərzində eskalasiya, müharibənin miqyasının genişlənməsi istiqamətində ikinci addımını atdığını bildirib. O, ilk belə addım kimi, «Şimali Koreyanın 11000 əsgərinin Ukrayna ilə savaşa cəlbi»ni göstərib. Özlərinin uzaqmənzilli raketlərdən istifadəsinə gəlincə, Zelenski deyib ki, «Ukraynanın buna tam haqqı var, çünki beynəlxalq hüquq, özünümüdafiə hüququ buna imkan verir». O, bu hüquqa istənilən dövlətin malik olduğunu bildirib.

Lakin hərbi əməliyyatların gedişi yalnız qarşılıqlı zərbələrdə xarakterizə olunmur. İndi müharibənin ilk günlərində mövcud olan nüvə münaqişəsi ehtimalı daha da artıb. İndi – 2024-cü ilin sonlarında bu ehtimal, həqiqətən də, təhlükəli həddə çatıb. Üstəlik, bu, tam konseptual-strateji rəsmiləşdirmə ilə baş verə bilər.

 

Nüvə təhlükəsi

Rusiyanın taktiki nüvə silahından istifadə ehtimalı onun Ukraynaya 2022-ci ilin fevralında etdiyi hücumun ilk günlərindən müzakirə olunmaqdadır. Moskva bu niyyətini rəsmən dilə gətirməsə də, Kiyevi və onu dəstəkləyən Qərb ölkələrini bu ssenarinin mümkünlüyü ilə hədələyib. Sonuncu, ABŞ, Böyük Britaniya və Avropa İttifaqından silahlarla təchiz edilmiş Ukrayna ordusunun Rusiyanın bütün “qırmızı xətlərini” keçərək hərbi uğurlar əldə etməyə başlayacağı vəziyyətin yaradılmasını gözləyir.

Rusiyanın nüvə doktrinasına mümkün dəyişikliklərlə bağlı müzakirələr Kremldəki əhvalı bir daha ortaya qoyub. Bu ilin yazında Rusiya Prezidenti Vladimir Putin bunu «mümkün düşmən»in «nüvə silahından istifadə həddini kiçilməyə» yönəlmiş fəaliyyəti ilə əlaqələndirib. Az sonra Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Moskva «nüvə doktrinasının bəzi parametrlərini dəqiqləşdirməyə hazırlaşır». Bu anons NATO ölkələrinin müdafiə nazirlərinin iyun görüşündən dərhal sonra verilib. Xatırladaq ki, həmin görüşdə Şimali Atlantika Alyansının nüvə yayındırıcılığı ilə bağlı siyasəti müzakirə olunmuşdu. Qurumun ozamankı baş katibi Yens Stoltenberq bildirmişdi ki, indiki şəraitdə nəinki Alynasın nüvə potensialı hərbi hazırlıq vəziyyətinə gətirilməli, NATO-nun nüvə silahına malik olmayan üzvlərinə də bu silahlar verilməlidir. Alyansın nüvə silahını «müasirləşdirməsini» isə baş katib «Rusiyanın bu sahədəki əməllərinə cavab» kimi xarakterizə etmişdi. Bu zaman o, şübhəsiz ki, Rusiyanın mayın sonu, iyunun əvvəlində operativ-taktiki nüvə silahından istifadə ilə bağlı keçirdiyi təlimi nəzərdə tutub. Moskva həmin vaxt bildirmişdi ki, ABŞ və onun NATO-dakı müttəfiqləri Ukraynanın Rusiya ərazisinə Qərb silahlarından hücumuna məhdudiyyətləri tam aradan qaldırarsa, nüvə savaşı təhlükəsi aktuallaşacaq.

Beləliklə, nüvə təhdidi yaratmaqla bağlı qarşılıqlı ittihamlar dolu «böyük şahmat oyunu» ABŞ, Böyük Britaniya və Fransanın Ukraynaya uzaqmənzilli Qərb silahları ilə Rusiya ərazisinə zərbə endirmək icazəsi verməsi ilə «X saatı» mərhələsinə qədəm qoyub. Kiyevin bu zərbələrinə «Oreşkin»dən istifadə ilə verilən cavab, eyni zamanda Putinin bu haqda bəyanatı Qərbi və bütün dünyanı Rusiyanı strateji məğlubiyyətə uğratmağın mümkün olmadığına əmin etmək cəhdidir. Rusiyanın nüvə doktrinasına edilmiş dəyişikliklər də bunun üçündür. «Rusiya Federasiyasının nüvə yayındırıcılığı sahəsində əsas dövlət siyasəti» əvvəllər Moskvanın nüvə silahından ya eyni hücuma cavab kimi, ya da dövlətin mövcudluğuna təhdid yaradan hücum qarşılığında istifadəsini nəzərdə tuturdu. Sənədin yeni mətnində isə nüvə silahından istifadənin şərti kimi, nəinki Rusiya, həm də ittifaq dövləti olan Belarusun təhlükəsizliyinə «kritik təhdid» yaradan «adi silahlar»la təcavüz də yer alır. Burada əsas tezislərdən biri ondan ibarətdir ki, indi Rusiyaya istənilən qeyri-nüvə ölkəsinin nüvə dövlətinin iştirakı və dəstəyi ilə edəcəyi hücum onların birgə hücumu kimi qyimətləndiriləcək.

Qərb qüvvələri, ilk növbədə, ABŞ və Böyük Britaniya da öz növbələrində, hadisələrin istənilən cür inkişafına hazır olduqlarını göstərirlər. NATO-nun hərbi komandanlığı, hətta Alyansın Rusiya ərazisinə yüksəkdəqiqlikli preventiv zərbələr endirməsi məsələsini belə, müzakirə edir. Şimali Atlantika Alyansının Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer NATO-nun müdafiə strategiyasının dəyişdirildiyini deyərək, ona hücum edə biləcək sistemlərin yüksəkdəqiqlikli zərbələrdə sıradan çıxarmasının mümkünlüyünə diqqət çəkib. «İlk zərbəni biz endirməliyik», - deyə Bauer bildirib.

Beləliklə, Rusiya-Ukrayna müharibəsi dünyanı qlobal fəlakətin bir addımlığına daşıyıb. Belə ki, indi istər NATO, istərsə də Rusiya nüvə potensialını qabardır, ona istinad edir. Odur ki, indiki mərhələdə nüvə müharibəsi təhlükəsinin aradan qaldırılması nəhəng güc mərkəzlərinin və ümumilikdə dünya birliyinin qarşısında duran bir nömrəli vəzifədir. Onların bu vəzifənin öhdəsindən gəlməyə nə qədər qadir olduqlarını yaxın gələcək göstərəcək. Eyni sözləri, Donald Trampın ABŞ Prezidenti seçilməsi ilə qlobal təhlükəsizlik sahəsində dəyişikliklərə olan ümidlərə də aid etmək olar.

 

Ziddiyyətlərin mübarizəsi və sülh vəd edən Tramp

Rusiya-Ukrayna müharibəsində ciddi eskalasiya münaqişəni 24 saata həll edə biləcəyini söyləyən Donald Trampın ABŞ Prezidenti postuna qayıdışı ərəfəsində yaşanır. Bu vəziyyət, eyni zamanda Ukraynanın əldən salınması, Rusiya qoşunlarının getdikcə daha da irəliləməsi perspektivinin olduğu savaşın uzanması beynəlxalq dairələrdə Moskva ilə Kiyev arasında tezliklə sülh danışıqlarına başlanılması imkanlarının müzakirəsinə yol açıb.

Bununla yanaşı, bilavasitə müharibə tərəflərinin mövqeləri hələ də bir-birinə tam zidd olaraq qalır. Rusiya danışıqlara başlanılması üçün, ilk növbədə, Ukrayna qoşunlarının Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin nəinki Rusiya ordusunun nəzarətində olan, həm də Ukraynanın nəzarət etdiyi hissələrindən (məsələn, Xerson və Zaporojye şəhərlərindən) tam çıxarılmasını tələb edir. Bundan başqa, Moskva Krım, Sevastopol və Ukraynanın şərqində Rusiyanın işğalı altında olan ərazilərin Rusiyanın tərkib hissəsi kimi tanınmasını istəyir. Nəhayət, Moskvanın daha bir qəti tələbi Ukraynanın NATO-ya üzvlük planından imtinası və neytral dövlət statusunu elan etməsidir.

Lakin Ukrayna bu tələbləri birmənalı şəkildə rədd edir, çünki bunu ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə tapdanması sayır. Doğrudur, son dövrlərdə münaqişənin diplomatik yolla həllinin qaçılmaz olduğunu deyən Kiyevin mövqeyində yumşalma hiss olunur (Prezident Zelenski iki il əvvəl imzaladığı fərmanla Rusiya ilə dialoqdan imtinanı rəsmiləşdirib. Sənəddə bildirilir ki, dialoqa başlanılması üçün Rusiya təcavüzü dayandırmalıdır). Lakin o, müharibənin dayandırılması üçün irəli sürdüyü şərtlərin üzərində qalır. Zelenskinin «qələbə planı»nın tərkibini məhz həmin tələblər təşkil edir. Bu plan özündə beş maddəni əks etdirir: Ukraynanın NATO üzvlüyünə dəvət alması, Qərbdən olan müttəfiqlərin Rusiya ərazisinə uzaqmənzilli raketlərdən zərbələrin endirilməsinə qoyduqları qadağadan imtinası, Ukrayna ərazisində Rusiya təhdidinə qarşı «kompleks qeyri-nüvə strateji yayındırıcı sistem»in yerləşdirilməsi, Ukraynanın təbii və iqtisadi resurslarından Qərb ölkələrilə birgə istifadə, müharibənin başa çatmasından sonra Avropadakı ABŞ kontingentinin bir hissəsinin Ukrayna Silahlı Qüvvələri ilə əvəzlənməsi.

Kiyevdə hesab edirlər ki, bu şərtlərə əməl olunması Ukraynanın mövqelərini gücləndirəcək, Rusiyanı danışıqlar masası arxasına əyləşməyə məcbur edəcək. Bununla yanaşı, Qərb mediası, məsələn, Britaniyanın «Financial Times» qəzeti yazır ki, «qələbə planı»nın son iki maddəsi oraya ABŞ-də prezidentlik yarışını Donald Trampın qazanacağına hesablanaraq yazılıb. İndi isə artıq prezident seçilmiş Tramp ölkəsinin siyasi və iqtisadi liderliyini qoruyub saxlamasını istəsə də, Avropanın təhlükəsizliyinin təmininə çəkdiyi xərclərin azaldılmalı olduğunu bildirir.

Kiyevin digər tələblərinə gəlincə, onlardan birini – Ukraynanın Rusiya ərazisinə Qərbə məxsus uzaqmənzilli raketlərlə zərbə endirməsinə razılıq – artıq həll olunmuş saymaq olar. Ümumilikdə isə Ukraynanın tələbləri o, nə NATO üzvlüyündən, nə də ərazilərindən imtinaya razıdır. Beləliklə, Moskva ilə Kiyevin mübahisəli prinsipial məsələlərdə razılığa gələcəyi inandırıcı görünmür.

Yeri gəlmişkən, Ukraynanın Avropadan olan əsas müttəfiqləri də Kiyevin ərazi məsələsində kompromisə getməsi ilə razı deyil. Böyük Britaniya ilə Fransa Zelenskinin «qələbə planı»na dəstək ifadə edərək bildirirlər ki, Ukraynaya hərbi və maddi yardım, eyni zamanda Rusiyaya sanksiyalar bundan sonra da davam etməlidir. Bu məsələdə Almaniya o qədər də həvəsli görünmür. O, müharibədə növbəti eskalasiya dalğasından qaçmaq üçün bütün vasitələrə əl atılmalı olduğunu bildirsə də, eyni zamanda ABŞ-dən sonra Ukraynaya ən çox yardım göstərən ikinci dövlət ünvanını özündə saxlayır. Almaniya kansleri Olaf Şolts müharibə ərəfəsində və savaşın ilk dövrlərində olduğu kimi, münaqişənin sülh yolu ilə həllinə növbəti cəhdini edib. Bunun üçün o, təxminən iki ildə ilk dəfə Putin ilə telefon danışığı aparıb. Lakin istər Rusiya, istərsə də Almaniya tərəfinin rəsmi açıqlamasından məlum olur ki, Şolts Putini «ədalətli və dayanıqlı sülh naminə» Ukrayna ilə danışıqlara çağırsa da, Kreml rəhbəri danışıqların «yeni ərazi reallıqlarına uyğun» aparıla biləcəyini deyib.

Belə vəziyyətdə danışıqların başlaması üçün ABŞ-nin mövqeyi həlledici ola bilər. Hər halda, bəzi dairələr Trampın Ağ Evə qayıtmasından sonra sülh prosesi üçün müəyyən imkanların yarana biləcəyini düşünür. Doğrudur, Tramp Ukaynada müharibəyə tezliklə son qoymaq əzmini dilə gətirir, amma nə o, nə də komandası bununla bağlı konkret plan göstərir. Donald Trampın xarici siyasət sahəsində aparıcı vəzifələrə müəyyənləşdirdiyi namizədlərdən məlum olur ki, bu zaman yeni prezident müharibənin «dalana dirəndiyi» və onun həllinə nail olmağın vacibliyi məsələsini də nəzərə alır. Hər halda, dövlət katibi postuna senator Marko Rubionun namizəd göstərilməsi bundan xəbər verir. Bununla yanaşı, Milli Kəşfiyyatın rəhbəri postuna Tramp Tulsi Qabbardın, milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsinə isə Mayl Uoltsu namizəd göstərib. Onların hər ikisi Kiyevə maddi və hərbi yardımın əleyhinədirlər. Hər iki şəxs Co Bayden administrasiyasının Ukraynaya «lazım olduğu qədər dəstək» siyasətini tənqid edir.

Bütün bunların fonunda görünən odur ki, Bayden administrasiyası Ağ Ev rəhbərliyinin dəyişməsi ərəfəsində Kiyevə Qərb silahları ilə Rusiya ərazilərini vurmaq icazəsi verməklə, həm də Trampın sülh prosesini sürətləndirmək imkanlarını məhdudlaşdırmağı düşünür. Onlar istəyir ki, yeni administrasiya Ukraynanın suverenliyi və ərazi bütövlüyünün əleyhinə olacaq sülh prosesinə start verməsin.

Amma «Ukrayna böhranı»nın mümkün uzanması və inkişaf etməsində Amerikanın mövqeyinin əhəmiyyətini etiraf etməklə yanaşı, Moskva-Kiyev münaqişəsinin ilk növbədə, Rusiya və ABŞ-nin başçılıq etdiyi Qərb arasındakı qarşıdurma olduğu unudulmamalıdır. Buna SSRİ-nin dağılmasından keçən 33 ildə dəyişməz qalan daha bir məqam da təkan verir. Rusiya əvvəllər nəzarətində olmuş ölkələri yenə də öz nüfuz dairəsində saxlamağa çalışırsa, Qərb ən azı postsovet Avrasiyasının Avropa hissəsini özünə tabe etməklə, qlobal hegemonluğunu davam etdirmək istəyir.



MƏSLƏHƏT GÖR:

26