Müəllif: Elçin HÜSEYNOV
Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 23-də başa çatıb. Tədbir davam etdiyi müddətdə dünyanın ən populyar xəbərləri arasında yer alıb. Kiçik bir cənub paytaxtına dünyanın 196 ölkəsindən 76 min iştirakçı toplaşmışdı. Onların arasında 80-dən artıq dövlət və hökumət başçısı da var idi. Qonaqlar Bakıda bir neçə gün boyunca dünyanın ən mühüm mövzularından olan iqlim dəyişikliyini müzakirə edib və ən önəmlisi, bir çox problemli məqamlarla bağlı vacib qərarlar qəbul edə biliblər. Yekun razılaşmaya əsasən 2035-ci ilədək inkişaf etməkdə olan ölkələrə iqlim problemlərinin həlli üçün ildə ən azı 300 milyard dollar ayrılacaq. Bu, bir əvvəlki toplantıda razılaşdırılmış 100 milyard dollardan 3 dəfə artıqdır. Beləliklə, Bakıda əldə edilmiş maddi hədəf qarşıya yeni qlobal vəzifə qoyur ki, onun çərçivəsində 2035-ci ilə inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşdirilməsi üçün 1,3 trilyon dollar ayrılacaq.
Vacib qərarlar
Konfransın yekun plenar iclasında uzun-uzadı müzakirə və mübahisələrdən sonra Paris Sazişinin 6-cı maddəsi tam dəstəklənib. Bu, faktiki olaraq, yüksək dərəcədə inteqrasiya olunmuş karbon bazarı ilə bağlı on ildir davam edən danışıqların başa çatması deməkdir. Bu məsələ Azərbaycanın COP29-a sədrliyinin əsas prioritetlərindən idi. Nəticədə, Bakı intensiv ikitərəfli texniki və siyasi danışıqlar nəticəsində tərəflərin belə vacib razılaşma əldə etməsinə nail olub. Məhz bu strategiya nəticəsində illərdir «dalana dirənmiş» məsələ çözülüb, Paris Sazişinin sonuncu vacib maddəsi ilə bağlı razılığa gəlinib.
Sazişin 6-cı maddəsi iqlim hədəflərinə nail olunmasında əməkdaşlıq edən ölkələr üçün etibarlı və şəffaf karbon bazarlarının yaradılmasını nəzərdə tutur. Bu transsərhəd razılaşmasının milli iqlim planlarını (NDC) həyata keçirən ölkələrin bu istiqamətdəki xərclərini illik 250 milyard dollaradək azaldacağı gözlənilir. COP29 Sədrliyi yatırılmış investisiyalardan əldə olunan gəlirlərin daha miqyaslı iqlim iddialarının gerçəkləşdirilməsinə yönəldilməsini təşviq edir. Fevralda təqdim olunacaq növbəti nəsil NDC dünyanın 1,5°C hədəfinə nail olması baxımından həlledici əhəmiyyət daşıyır. İqlim diplomatiyasının ən çətin, texniki cəhətdən qarışıq problemindən danışılan 6-cı maddə özündə kömür zavodlarının istismardan çıxarılmasını, külək stansiyalarının inşasını və meşələrin salınmasını nəzərdə tutur. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir. 6-cı maddə ilə bağlı yekdil qərar ətraf mühitin vəhdətinin qorunub saxlanılmasında vacib rol oynayacaq. Bu qərar real, mərhələli, yoxlanıla və ölçülə bilən emissiyaların azaldılması və aradan qaldırılması vasitəsilə şəffaf və davamlı karbon bazarlarını təmin etməklə qlobal iqlim sərmayəsini artırmaq üçün böyük potensial yaradacaq.
Plenar iclasda Zərər və İtki Fondunun tam gücü ilə fəaliyyətə başlaması ilə bağlı tarixi qərar da qəbul olunub. Bu, inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada dövlətlərinin, daha az inkişaf etmiş Afrika dövlətlərinin səbirsizliklə gözlədikləri məsələ idi. Yeri gəlmişkən, bu da Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi prioritetə tam uyğundur. Söhbət Bakının COP29-a sədrliyi dövründə iqlim dəyişikliklərinin kiçik ada dövlətlərinə yaratdığı problemlərin həllindən gedir.
Zərər və İtki Fondunun («Loss and Damage Fund») yaradılması Misirdə keçirilmiş COP27-də razılaşdırılmışdı. Onun məqsədi iqlim dəyişiklikləri qarşısında daha zəif olan ölkələrə maliyyə yardımının göstərilməsidir. Dubayda keçirilmiş COP28-də isə Fondun fəaliyyətə başlamasına qərar verilmişdi. Bildirilir ki, COP29 Sədrliyi Fondun rəhbərliyi və Dünya Bankı ilə sıx əməkdaşlıq edərək, onun işinə start verilməsi üçün əhəmiyyətli addımlar atıb. 2024-cü ilin sentyabrında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş üçüncü iclasında onun fəaliyyətə başlaması üçün vacib addımlar atılıb ki, bunlardan biri də quruma icraçı direktorun təyinatı olub. COP29 çərçivəsində isə Fondun fəaliyyəti ilə bağlı bir sıra razılaşmalar imzalanıb. Söhbət qurumun İdarə Heyəti ilə Dünya Bankı arasında imzalanmış «Qəyyumluq Sazişi» və «Katibliyin Ev Sahibliyi Sazişi»ndən, həmçinin Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin arasında «Ev Sahibi Ölkəyə dair Saziş»dən gedir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 730 milyon ABŞ dollarından artıqdır. Əldə edilən bu nailiyyətlərlə Fond 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.
Plenar iclasda Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir. Sənəddə COP29 Sədrliyinin təşəbbüsü olan Bakı Qlobal İqlim Şəffaflığı Platforması da yer alıb. Həmin qərarda COP29 Sədrliyinin iqlim şəffaflığı sahəsində həyata keçirdiyi tədbirlər, o cümlədən iqlim şəffaflığına həsr olunmuş bir sıra forumlar və qabiliyyət quruculuğu təlimlərinin təşkili, COP29-un iqlim şəffaflığı sahəsində əsas irsi olan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması tərəf dövlətləri tərəfindən alqışlanıb.
Plenar iclasda, eyni zamanda «Gender və iqlim dəyişikliyi», «Uyğunlaşmaya dair qlobal hədəf», «Şarm əl-Şeyx yumşaltma ambisiyaları və icra iş proqramı» da daxil olmaqla, bir sıra digər sənədlər təsdiqlənib.
COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradılıb. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək.
Əsas nəticə
COP29-un əsas nailiyyəti kimi isə «Bakı Maliyyə Məqsədi»nin (BFG) razılaşdırılmasını göstərmək olar. Bu, inkişaf etməkdə olan ölkələrə illik 1,3 milyard dollar iqlim maliyyəsinin ayrılmasına dair yeni öhdəlikdir. Azərbaycanın timsalında COP29 Sədrliyinin əsas prioritetinin reallaşdırılmasındakı uğuru daha əvvəl 100 milyard dollar olan hədəfin əhəmiyyətli dərəcədə artırılmasıdır. Bu, qlobal investisiyaların yeni dalğası üçün yol açır.
«Bakı Maliyyə Məqsədi»nin əsas hədəfi 2035-ci ilədək inkişaf etməkdə olan ölkələrə ildə ən azı 300 milyard avronun toplanması təşəbbüsünü öz üzərinə götürməkdir. Bu, COP29 Sədrliyinin apardığı 48 saatlıq intensiv diplomatiyanın nəticəsidir. Burada daha az inkişaf etmiş ölkələrə, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyə, eyni zamanda bu dəstəyin əlçatanlığı və şəffaflığına xüsusi diqqət ayrılır.
Bundan başqa, COP29 Paris Sazişinin BMT-nin himayəsi altında yüksək təhlükəsizlik tələblərinə cavab verən karbon bazarlarının yaradılmasını nəzərdə tutan 6-cı maddəsi ilə bağlı on il idi davam edən danışıqları da məntiqi sonluğuna çatdırıb. 2050-ci ilə tələblərə cavab verən karbon bazarlarından gələn maliyyə axını illik 1 trilyon dollara çata bilər. Bu, milli iqlim planlarının reallaşdırılması ilə bağlı illik xərcləri 250 milyard dollaradək azalda bilər. Ümumilikdə «Bakı Maliyyə Məqsədi» və 6-cı maddə qlobal iqlim maliyyələşdirilməsi arxitekturasını əbədiyyən dəyişəcək, investisiyaların inkişaf etməkdə olan ölkələrə yönəlməsini təmin edəcək.
«Bakı Maliyyə Məqsədi» iqlim sahəsində bütün istiqamətlər üzrə inkişafı təmin edəcək razılaşmalar paketinin əsas hissəsidir. COP29 ilk Qlobal Baxışın nəticələrində heç bir geriləmə olmamasını təmin edərək, bundan əlavə, Zərər və İtki Fondunu işə salmağa və fondun 2025-ci ildə maliyyə vəsaitini paylaşdırmağa hazır olmasına müvəffəq olub. Bu irəliləyişlər çoxtərəfli iqlim fəaliyyətində ən mürəkkəb və mübahisəli vəzifələri yerinə yetirmək üçün Azərbaycan Sədrliyinin aylarla davam edən intensiv diplomatiyasının nəticəsidir. Bu qərarlar 1,5C məqsədinə çatmaq üçün vasitələrin təmin edilməsində xüsusi əhəmiyyətə malik addımlardır.
COP29 – mümkün olan ən yaxşı razılaşma
COP29-un müəyyən olunmuş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev konfransın işinin yekunları haqda danışarkən bildirib ki, «Bakı Maliyyə Məqsədi» əldə edilə bilinəcək ən yaxşı razılaşmadır. «Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar», - deyə o, qeyd edib. Babayev hesab edir ki, qarşıdakı illər asan keçməyəcək: «Elm göstərir ki, çətinliklər daha da artacaq. Birgə işləmək bacarığımız sınanacaq. «Bakı irəliləyişi» bizə qarşıdan gələn fırtınaların qarşısını almağa kömək edəcək».
Azərbaycan Prezidenti İlham Əliyev isə «Bakı irəliləyişi»ni çoxtərəfli yanaşmanın zəfəri sayır. Dövlət başçısı bildirib ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir «və mən inanıram ki, bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək».
«Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. Biz 80 dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yaxşı təşkil olunması ilə bağlı bütün qonaqlardan yüksək qiymət almaqdan qürur duyuruq. Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. «Yaşıl dünya naminə həmrəylik» şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər», - deyə İlham Əliyevin COP29-un nəticələri haqda bəyanatında bildirilir.
BMT-nin baş katibi Antoniu Quterreş isə hesab edir ki, COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyub: «COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur. COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır. Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir».
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil də COP29-da vacib qərarların qəbul olunduğu qənaətindədir. Bununla yanaşı, o, hələ görülməli işlərin çox olduğunu düşünür. Stil bildirib ki, iqlim maliyyələşməsində üçqat artıq məbləğin razılaşdırılması iqlim dəyişikliyindən daha çox əziyyət çəkənlərin dəstəklənməsi baxımından vacib hadisədir. O, təxminən 10 il davam etmiş qızğın müzakirələrdən sonra COP29-da qlobal karbon bazarı ilə bağlı əldə edilmiş razılaşmanı da alqışlayıb. «Bu yeni maliyyə hədəfi iqlim dəyişikliklərinin nəticəsinin getdikcə ağırlaşması fonunda bəşəriyyət üçün «sığorta polisi»dir. Lakin istənilən digər sığortalar kimi, o da ödəmələrin tam və vaxtında ediləcəyi halda işləyəcək. Milyardlarla insanın həyatını qorumaq üçün vədlər yerinə yetirilməlidir», - deyə Stil qeyd edib.
COP29-da qəbul olunmuş qərarlar, şübhəsiz ki, bəşəriyyətin gələcəyi baxımından kritik əhəmiyyətə malikdir. O, eyni zamanda Azərbaycanın liderlik keyfiyyətini, beynəlxalq nüfuzunu da bir daha ortaya qoyub. Bakı konfransın uğurla keçirilməsi üçün bütün səyləri birləşdirib, böyük təşkilatçılıq bacarığı göstərərək, bu cür miqyaslı hadisənin təşkili işinin öhdəsindən ən yüksək səviyyədə gəlib. Sammitin yekununda COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnaməsi də bu üzdən qəbul edilib.
MƏSLƏHƏT GÖR: