Müəllif: Sənan NADİROĞLU
UEFA Millətlər Liqasında fiaskoya uğrayan futbol üzrə Azərbaycan millisində baş məşqçi dəyişikliyi olmayacaq. İlin sonunda portuqaliyalı mütəxəssis Fernandu Santuşun istefaya göndəriləcəyi gözlənilsə də, proqnozlar özünü doğrultmadı. Ölkədə futbolun inkişafına cavabdeh olan AFFA əcnəbi məşqçiyə azı dünya çempionatının seçmə mərhələsinin sonuna qədər etimad göstərməyə üstünlük verib.
Santuşla əməkdaşlığı davam etdirən AFFA aşağı yaş qrupları üzrə milli komandalara yeni məşqçiləri təyin etməyi planlaşdırır. Milli komandanın baş məşqçisindən növbəti seçmə mərhələdə layiqli mübarizə aparacaq komanda formalaşdırmaq tələb olunub.
Seçmə mərhələdə
Artıq 2026-cı ildə təşkil olunacaq dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb. Azərbaycan millisi 4 komandanın mübarizə aparacağı D qrupuna düşüb. Fernandu Santuşun baş məşqçisi olduğu millimiz Fransa – Xorvatiya cütünün qalibi (Millətlər Liqasının 1/4 final oyunu), Ukrayna və İslandiya ilə mübarizə aparacaq. Bizim millinin oyunları 2025-ci ilin payızında baş tutacaq. Yalnız qrup qalibi birbaşa DÇ-2026-ya yüksələcək, ikinci yerin sahibi pley-offa yollanacaq.
DÇ-2026-nın seçmə mərhələsinin püşkatması Azərbaycan millisini tanış rəqiblərlə üz-üzə qoyub. Milli 2025-ci ilin payızında qarşılaşacağı komandaların hər biri ilə əvvəllər də görüşüb.
Rəqibimiz olduğu dəqiqləşən iki komanda – Ukrayna və İslandiya yalnız yoldaşlıq görüşlərində qarşımıza çıxıb. Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütündən isə yalnız qalib tərəf millimizlə görüşəcək. Bu mümkün rəqiblərin hər ikisi Avropa çempionatlarının seçmə mərhələlərində yığmamızla qarşılaşıb. Azərbaycan millisi bu 4 rəqiblə ümumilikdə 9 matç keçirib və heç birində qələbə qazanmağı bacarmayıb.
Yeri gəlmişkən, Fransa Azərbaycan yığması beynəlxalq arenada debüt edəndə rəqibi olub. AVRO-1996-da yığmamız Bakıda oynamadığı üçün Trabzonda qonaq olan Fransa iki cavabsız qolla qələbə qazanıb. Oserdəki görüş isə futbolumuzun tarixinə ləkə kimi düşüb. “Oser faciəsi” və ya “qapıçı aparmamışdıq” kimi tanınan görüşdə yığmamız tarixinin ən ağır məğlubiyyətini alıb. Həmin oyunda milli qapısında 10 cavabsız qol izləyib.
Fransadan fərqli, Xorvatiya artıq iki dəfə Bakının qonağı olub. Hər iki seçmə mərhələnin ev oyununda millimiz xal qazanıb. Bakıda xal itirən xorvatiyalılar öz meydanlarında qələbə qazanıblar. İlk belə qələbə Berti Foqtsun istefası ilə nəticələnəcək darmadağınla yadda qalıb.
Qeyd edildiyi kimi, Ukrayna və İslandiya ilə yalnız yoldaşlıq oyunları baş tutub. Sonuncularla yeganə qarşılaşma Reykyavikdə təşkil olunub. Millimiz soyuq səfərdən qollu heç-heçə ilə dönüb. Elə Ukrayna ilə də ilk tanışlıq sülhlə bitib. Amma Bakıdakı görüş qolsuz başa çatıb. Ukraynada isə o vaxt Şahin Diniyevin rəhbərlik etdiyi milli 0-6 hesabı ilə uduzub. Belə biabırçı hesabdan sonra AFFA ciddi islahatlar aparıb. Şahin Diniyev bir qrup futbolçunu millidən kənarlaşdırıb və legionerin milliləşməsinə yeni təkan verib.
Rəqibləri tanımaq vaxtıdır
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş seçmə mərhələnin püşkünü belə dəyərləndirib: “İndi daha vacibi rəqibləri yaxından tanımaqdır. Fransa, yoxsa Xorvatiya ilə qarşılaşacağımız UEFA Millətlər Liqasının pley-off mərhələsindən sonra bəlli olacaq. Digər rəqiblərimiz isə Ukrayna və İslandiya seçmələridir. Ən önəmlisi komandamızı bu oyunlara hazırlamaqdır. Mart və iyunda rəsmi matçlarımızın olmaması yaxşı haldır. Qrup oyunlarına hazırlaşmaq üçün vaxtımız olacaq. Həmin dönəmlərdə yoldaşlıq görüşləri keçirəcəyik ki, yığmamız sentyabrda başlayacaq seçmə mərhələ matçlarına hazır olsun”.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan millisindən seçmə mərhələdə uğur gözləyənlərin sayı azdır. Fernandu Santuşun komandası artıq indidən autsayder olaraq təsdiqlənib. Millətlər Liqasında göstərilən həddən artıq zəif oyun yığmanın gələcəyini nikbin proqnozlaşdırmağa imkan vermir. Dünya çempionatının seçmə oyunlarında da müsbət nəticəyə ümid etmək sadəlövhlükdür. Seçmə mərhələdən öncə Santuşun yığmanı iki yoldaşlıq görüşündə sınamaq və mümkün yenilikləri yoxlamaq imkanı var. Həmin oyunlardan sonra seçmə mərhələylə bağlı dəqiq fikir söyləmək mümkün olacaq.
MƏSLƏHƏT GÖR: