Müəllif: Nigar BAĞIROVA
Bakı haqda danışarkən tez-tez xatırlanan bir ifadə var: «Keçmiş bakılı olmur». O, sanki artıq klişeyə çevrilsə də, mənanı o qədər aydın ifadə edir ki! 70-80-ci illərin Bakısı çox unikal şəhər idi: burada yaradıcılıq enerjisi gəncliyə, musiqiyə, poeziya və mədəni fərqliliyə qarışmışdı. Şəhər sonradan bütün dünyaya yayılan, lakin hər zaman qəlblərində bakılı ürəyini qoruyub saxlayan istedadlar yetişdirirdi.
David NOVOQRUDSKİ (Altman) belə bakılılardandır. Bu qaynayan şəhərdə doğulmuş və böyümüş David çoxdandır İsraildə yaşasa da, Vətənlə bağı qoparmır. O, dostları ilə görüşmək, gəncliyinin ətrini almaq, Bakı tamaşaçısı üçün mahnılarını ifa etmək üçün illər sonra Azərbaycan paytaxtına qayıdıb. Bəhanə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən «Bakı» Müəllif Mahnıları Klubunun 50 illik yubileyi olub. Dörd gün davam etmiş festivalda Rusiya, İsrail, Polşa, CAR, ABŞ, Gürcüstan və Azərbaycandan şair və musiqiçilər iştirak edib. Tədbir əsl müəllif yaradıcılığı təntənəsi olub.
- David Qriqoryeviç, Bakıya gəlişiniz Müəllif Mahnıları Klubunun festivalı ilə bağlıdır. Azərbaycan paytaxtında son dəfə nə vaxt olmuşdunuz? Ötən dövrdən burada nələr dəyişib?
- Son dəfə Bakıya 2013-cü ildə gəlmişdim. Təxminən 11 il əvvəl. Bu müddətdə Bakı, həqiqətən, inanılmaz dərəcədə dəyişib! Bulvar… Bir vaxtlar axşamlar dostlarımızla orada gəzişər, planlarımızı müzakirə edər, teatr haqda diskussiyalar aparardıq. İndi o özü incəsənət əsərinə bənzəyir – baxımlı, müasir, gözəl sahil. Amma mənə elə gəlir ki, o, hər zaman şəhərin qəlbi olub.
Hələ ticarət mərkəzləri. Gəncliyimizdə belə mərkəzləri görə biləcəyimiz ağlımızdan da keçməzdi. Amma ürəyimə ən çox yatan bilirsiniz nədir? Şəhər unikallığını, ruhunu itirməyib. Qədim küçələr, İçərişəhər dənizin qoxusu, insanların üzündəki təbəssüm – hamısı olduğu kimi qalır. Şəhərin Milad və Yeni il üçün necə bəzədildiyini görmək də çox xoşdur. Hər yanda işıqlar, küknar ağacları, yarmarkalar, santa-klauslar… Bakı əsl Avropa paytaxtına çevrilib – səliqəli, parlaq, hətta bəzən dəbdəbəli.
- Bəs sizin gəncliyinizdəki Bakı necə idi? Yaradıcı enerji şəhəri?
- Bakı hər zaman enerji ilə qaynayıb! Burada hər şey olub: poeziya, musiqi, teatr, gənclər hərəkatı. Mübahisələr edir, yaradır, stereotipləri dağıdırdıq. Bu, xüsusi atmosfer idi. Bəli, dövr dəyişir, amma Bakının ruhu dəyişmir. Burada sənətə, teatra, bard musiqisinə həmişə dəyər verilib. İnsanlar konsertlərə sadəcə musiqi dinləmək üçün yox, o anı bizimlə birgə yaşamaq üçün gəlirdilər.
- 70-ci illərin sonlarında isə «Axtarış» teatrını yaratdınız. Neft və Kimya İnstitutunun məzununun ağlına bu ideya haradan gəldi?
- Teatr mənim üçün ehtiras, nəfəs idi. Həmişə zarafatla deyirdim ki, ciblərimi doldurmaq üçün mühəndis işləyir, ruhumu doldurmaq üçün isə teatrla məşğul oluram. «Axtarış»ın yaradılması ideyası özbaşına yaranmadı. O dövrdə Bakıda gənclər üçün teatr meydançaları çatışmırdı. Özlərini incəsənət vasitəsilə ifadə etmək istəyən insanlar buna imkan tapmırdı. Doğrudur, məsələn, «Balaqançik» kimi əla studiyalar və ya Semyon Şteynberq teatrı var idi. Amma istəyirdim ki, özümünkü olsun.
Teatrımız 1979-cu ildə leytenant Şmidt adına zavodun Mədəniyyət Sarayının bazasında yaradılıb və 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərib. Uşaqlarla hər şey sıfırdan qurmuşduq: kostyumlar tikmiş, dekorasiyalar hazırlamışdıq. Tamaşalar üçün mövzuları da özümüz axtarıb tapırdıq. İlk işimiz Vısotskidən olmuşdu. Bu, cəsarət tələb edən riskli addım idi. Vısotski o vaxt, demək olar ki, persona non-qrata hesab edilirdi. Onun adını heç yerdə çəkmir, mahnılarını səsləndirmirdilər. Biz isə hiss edirdik ki, onun yaradıcılığı çox vacibdir, onun sözləri dövrümüzü əks etdirir.
- Məni qabaqladınız. Tamaşalarınız arasında Jan Anuya, Vasili Şukşinə, elə sizin xatırlatdığınız Vladimir Vısotskiyə rast gəlinir. Bu, həqiqətən də cəsarət tələb edirdi.
- Bəli! Biz çətin mövzulara girir, senzuranın buraxmadığı müəlliflərə müraciət edirdik. Məsələn, Jan Anuyun «Torağay»ı Danna d’Arkdan, onun mübarizəsindən, ruhundan bəhs edirdi. Onun vasitəsi ilə sevgi haqda əbədi həqiqəti, iztirabı, azadlığı çatdırmaq istəyirdik.
Vısotski… Bu, bizim inqilabımız idi. Yaxşı xatırlayıram, onun əsərini tamaşaya qoyan zaman bizi «Krasnıy Vostok»da klubdan qovmuşdular. Məni çağırıb danlamış, «imperializmin dəyirmanına su tökməkdə» günahlandırmışdılar. Amma bilirsiniz, belə anlar bizim əhəmiyyətli işlə məşğul olduğumuza inamımızı daha da artırırdı.
Yaxud, məsələn, Vısotskidən qoyduğumuz tamaşada «Maryuşka» mahnısını ifa etmişdik. Orada «Niyə özünü çaya atmadın, Maryuşka, / Niyə əbədi susmadın, / Əzizin əsgərə getdi, əsgərə, / Nişanlını əsgərə necə apardılar?” kimi sözlər var idi…
Düşünürdük ki, hökumətin əleyhinə zərrə qədər nəyinsə olmadığı tarixi mahnıdır. Amma senzura ilişməyə nəsə tapmışdı. Oradakı Nişanlını əsgərə necə apardılar? cümləsi xoşlarına gəlməmişdi. Bizi çağırıb deyirdilər ki, «siz nə oxuduğunuzu bilirsiniz? Gənc əsgərin beynini doldurursunuz ki, onu «aparıblar», halbuki hərbi xidmətin nə qədər əzəmətli, şərəfli iş olduğundan oxumalısınız!». Bu, əsl absurd teatrı idi: sadə, qəmli mahnıya siyasi təxribat kimi baxırdılar.
Hər zaman dərin, mürəkkəb materiallarla işləməyə çalışırdıq ki, sevgi, iztirab, ümid kimi hər kəs üçün vacib olan mövzular haqqında onların vasitəsilə danışaq. Bizim üçün insanın azadlıq, müstəqillik istəyini, cəhdini, şəraitə təslim olmamasının, taleyin üzərinə getməsinin, onun qanunlarına qarşı çıxmasının vacibliyini göstərmək lazım idi. Bu, bizə sadəcə toxunan yox, ruhumuza işləyən mövzular idi. Hiss edirdik ki, zalda əyləşən hər kəsə yaxın olan universal həqiqət məhz bu mövzulardadır.
- Bəs bu cür müqavimətlərə rəğmən, nədən ruhlanaraq geri çəkilmirdiniz?
- İnsanlardan. Onların gözləri, emosiyaları. Tamaşaçının səninlə birlikdə eyni hissləri yaşadığını, reaksiyasını, ağladığını, güldüyünü gördükdə anlayırsan ki, gördüyün iş əbəs deyil.
- İxtisasca mühəndis-mexaniksiniz? Teatrın sizin üçün hər zaman hobbi olduğu doğrudurmu?
- Bəli, mən mühəndis-mexanikəm və bununla qürur duyuram. Peşəm həmişə maddi sabitliyimi təmin edib, teatrdan asılı olmamağıma imkan yaradıb. «Qipromornefteqaz» institutunda, «Kaspmornefteqazprom» birliyində çalışmışam. Sonra İsrailə köçərək, ixtisasım üzrə fəaliyyətimi orada davam etdirmişəm. Teatr mənim ruhum, peşəm isə dayağımdır. Bilirsiniz, bu seçimimə görə heç zaman peşman olmamışam. Çünki qazanc haqda düşünmədən rahat şəkildə yaradıcılıqla məşğul ola bilməyim peşəmə, eyni zamanda düzgün seçim etməyimdə rol oynamış valideynlərimə bağlıdır.
- Teatrla yanaşı, həyatınızda müəllif mahnısı da vacib yer tutub. Bəs bu necə baş verdi?
- Müəllif mahnısı mənə Okucava, Vizbor, Qaliç kimi klassiklərdən gəlib. Yakov Koqanın da böyük rolu var. O, inanılmaz istedada və xarizmaya malik şəxs idi. Hamımızı mahnıya, poeziyaya, fikrini musiqi ilə ifadə etmək kimi qəribə xüsusiyyətə o yoluxdurub. Bakının öz bard mədəniyyəti, öz xüsusi üslubu var idi və biz bu hərəkatın bir hissəsi idik. Yaşa insanın oxumaq, yaratmaq, fikirlərini bölüşmək istədiyi atmosferi yarada bilirdi. Bəli, kimlərsə gedir və bu, həyatın təbii axınıdır. Amma gedənin əvəzinə mütləq yenisi gəlir.
- Müəllif mahnısında zəif şeiri yaxşı melodiyanın arxasında gizlətmək olarmı?
- Heç vaxt. Müəllif mahnısı güclü poeziya ilə mahnının ahəngidir. Zəif şeir dərhal hiss olunur. Onu heç bir melodiya xilas edə bilməz. Əsl mahnı səmimiyyətin olduğu, hər bir sözün ruha toxunduğu yerdə yaranır.
- Belə bir stereotip var ki, bardlar sanki bir elit qrup, özünəməxsus qapalı klubdur və orada münfəridlik hökm sürür: sanki özümüz yazır, özümüz çalır, özümüz oxuyuruq və biz seçilmişlərik. Həqiqətən, belədirmi?
- Düzünü desəm, mənə hər zaman elə gəlib ki, bardlar tamaşaçıdan qaçan yox, əksinə, ona can atan insanlardır. Əlbəttə, mən hər kəsin yerinə danışa bilmərəm. Amma əsl bard musiqisi yaxınlıq, səmimiyyət, bölüşmədir, təmtəraqlılıq, loğvalıq yox. Kimsə bu janrı «qapalı klub» kimi görürsə, təəssüf edirəm. Bu, bard mədəniyyətinə tamamilə ziddir.
Okucava və ya Qaliç kimi əsl bardlar hər zaman tamaşaçıları ilə dialoqda olublar. Təsəvvür edin: ailə konsertləri, rahat atmosfer, insanlar sadəcə musiqi dinləməyə yox, onu müəlliflə birgə yaşamağa toplaşır. Bu, inanılmaz energetikadır! Oxuyurlar, çalırlar, söhbət edirlər və bu, özləri üçün deyil, onlardan söz, mahnı gözləyənlər üçün baş verir.
Bardlar həssas, tez təsirlənən insanlardır. Onlar həyatı sanki ürəklərindən keçirir, yaşadıqlarını hərf-hərf ifadə edirlər. Onların şeirləri sadəcə söz yığını deyil. Bu şeirlər daha dərindir və oradakı sözlər onu dinləyən istəyən hər kəsdə öz izini qoyur. Kimsə qəflətən auditoriyasından uzaqlaşmağa başlayır, bu rabitəni itirirsə, onun mahnıları da anidən gücünü itirir, ona maraq ölür. Çünki ruh, səmimiyyət olmadan bard musiqisi səslərin məcmusundan başqa bir şey deyil. Odur ki, kimsə təkəbbürlüdürsə, o, bard yox, nəsə başqa şeydir.
- 1990-cı ildə İsrailə köçmüsünüz. Uşaqlığınızın, gəncliyinizin şəhərindən ayrılmaq çətin olmadımı? Yoxsa anlayırdınız ki, SSRİ-nin dağılmasından sonra, dəyişikliklər dövründə istər yaradıcılıqda, istərsə də məişətdə çətinliklər başlayacaq?
- Bilirsiniz, köçmək şəraitin diktəsi ilə də olsa, hər zaman seçimdir. İnsanlar yaşayış yerlərini həyatın, taleyin tələbi ilə, bəzən isə sadəcə təsadüfən dəyişirlər. Bu, həmin anda nə qədər ağrılı olsa da, təbii prosesdir. Mənim üçün İsrailə köç anı belə idi. O vaxt artıq bir çox tanışım Azərbaycandan getmişdi. Mən də doğmalarımla birlikdə onların ardınca getdim. Çətin qərar idi. Amma başqa yol yox idi. Zaman dəyişiklik tələb edirdi.
Çətinliklər, əlbəttə ki, var idi. Mən, sadəcə, yaşayış yerimi deyil, həyatımı dəyişdim. Yeni dil, yeni mədəniyyət, yeni qaydalar. Sanki gəzməyi yenidən öyrənirsən. Hisslərimi ifadə etmək üçün həmin dövrə aid bir neçə mahnı da yazmışam. Onlar gündəlik səhifələri kimi, çox şəxsidir. Əlbəttə ki, incəsənət baxımından həmin mahnıları şedevr adlandıra bilmərəm, amma mənim üçün onların qiyməti yoxdur. Bu, mənim sətirlərdə əks olunmuş xatirələrim, yeni həyata addımlarımdır.
İsrail mənim ikinci evimə çevrilib. Orada kök atdım, öz yerimi tapdım. Bu illərdə qazandığım əminlik məhz həmin çətin seçimimin nəticəsidir.
- Sovet teatrı təcrübəsi olan insan kimi, onu İsrail səhnəsinə necə uyğunlaşdırdınız? Yoxsa tamaşaçılarınız əsasən rusdillilərdir?
- İsrail müxtəlif mədəniyyətlərin, dil və ənənələrin toqquşduğu qəribə yerdir. Əlbəttə, orada rusdilli tamaşaçı həddindən artıq çoxdur və mən məhz onlar üçün bir neçə tamaşa qoydum. Bunu rus dilini bilən gənc aktyorların sayəsində etdim. Özfəaliyyət teatrında işləmək xüsusilə sərt İsrail bazarı şəraitində hər zaman ciddi sınaqdır. Orada hər şey dəqiq maddi əsaslandırma, kommersiya nailiyyəti tələb edir. Bu, asan yol deyildi və təəssüf ki, arzuladığım qədər uzun çəkmədi. Amma yenə də, bu təcrübəyə borcluyam. Bu, yalnız yaratmaq imkanı yox, həm də çox qiymətləndirdiyim rus teatr məktəbinin müəyyən hissəsini paylaşmaq şansı idi.
İsraildə rus dili çox yayılıb. Orada rusdilli tamaşaçılar üçün tamaşalar, konsertlər, festivallar təşkil olunur. Əminəm ki, yaradıcılığın dil sərhədi yoxdur, məsələn, bard musiqisi isə istənilən məkanda qəlbləri birləşdirməyə qadirdir. Vaxtilə Rusiyadan «Xorda» bard musiqisi festivalının İsrailə gəldiyini xatırlayıram. Əlamətdar hadisə idi: onun iki aparıcı bardı oraya köçmüş və özləri ilə birlikdə böyük bir mədəniyyət ənənəsi gətirmişdilər.
- Və Bakıdakı festival. Etiraf etmək lazımdır ki, indi asan dövr deyil. Lakin siz Vətənə gəlmisiniz. Azərbaycana bu səfərinizlə bağlı düşüncələrinizi, hisslərinizi bizimlə bölüşə bilərsinizmi?
- Mən Cavid İmamverdiyevə («Bakı» Müəllif Mahnıları Klubunun prezidenti) çox minnətdaram. O, sanki bir sehrbaz kimi, heç nədən əsl bard musiqisi bayramı yaratdı. Bu, adi konsert, yaxud insanların toplantısı deyil. Bu, ruhların festivalı, bu sənəti dövrləri, məsafələri aşaraq daşıyanlar insanları birləşdirən hadisədir. Bu möcüzənin bir hissəsi olduğum üçün çox xoşbəxtəm.
Budəfəki səfərim sevimli mahnılarımı oxumağım, burada yaşayıb yaratmış, sonradan istedadını dünyanın ayrı-ayrı nöqtələrinə daşımış bardları xatırlamağım üçün bir şans idi. Onların mahnıları və ruhları əvvəlkitək, yaşayır, biz isə buraya – Bakıya toplanmaqla həmin atmosferə yenidən baş vurmaq imkanı qazanmışıq.
Bakı. Bu şəhər sadəcə, xəritədə bir məkan deyil, o, bard melodiyalarının taktı ilə döyünən ürəkdir. Bizi dinləyən, bu tədbiri təşkil edən hər kəsə minnətdaram. Buranın tamaşaçısı ayrıca bir mövzudur. Onlar konsertə sadəcə dinləmək üçün yox, hər mahnını bizimlə birgə yaşamaq üçün gəlirlər. Məhz onların sayəsində bu ənənə yaşayacaq, bizim isə buraya təkrar-təkrar gəlmək, yeni mahnılarımızı təqdim etmək, təbə gəlmək, bu təmiz, səmimi sənəti tamaşaçıya çatdırmaq imkanımız yaranacaq. Müasir dünyada buna çox ehtiyac var.
Mehribanlığa, sevgiyə, ruha görə təşəkkürlər, Bakı!
MƏSLƏHƏT GÖR: