Müəllif: Nigar BAĞIROVA
Azərbaycan qədim zamanlardan milli musiqi mədəniyyətinin ənənələrini nəinki qoruyub saxlayan, həm də xalq arasında yayan vokalçılar və bəstəkarlarla məşhur olub. İfaçı musiqiçilər də sənətdə həmişə mühüm rol oynayıblar və ifadə vasitəsi kimi ənənəvi musiqi alətlərini seçiblər. Həmsöhbətimiz Aygün İBRAHİMQIZI isə hazırda Azərbaycanda qarmon ifa edən yeganə qadındır. Aygün xanım - musiqiçi, ifaçı, Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi və Fikrət Əmirov adına 6 nömrəli Uşaq İncəsənət Məktəbinin pedaqoqu - bütün musiqi alətləri arasında qarmonu seçib və bütün həyatını ona həsr edib. Bəlkə də, tale özü onu bu yola yönəldib ki, onun sanki qanad çalan barmaqları qarmondan ruhlandırıcı və təsirli melodiyalar çıxarsın.
- Musiqiçi kimi yaradıcılıq yolunuz necə başlayıb? Kimin sayəsində qarmonu seçdiniz?
- Ailəmin sayəsində. Uşaqlıqdan bu gözəl alətin səslərini eşidirdim - atam qarmon ifa edirdi. Amma o, mənim ilk müəllimim olmayıb. Musiqiyə olan sevgimi görən valideynlərim məni fortepiano sinfinə qoymuşdular. Atam qarmonçu olduğu üçün evdə bu alətə xüsusi hörmətlə yanaşırdıq. Atamın tələbələrinin tez-tez bizə gəldiyini xatırlayıram. Onları müşahidə edərək ilhamlanırdım və tədricən bu sənət məni cəlb etməyə başladı. Qarmonun yaratdığı musiqi mühitində böyüdüyüm üçün atamın işini davam etdirdiyimi söyləyə bilərəm.
- Siz uzun illərdir ki, qarmon müəllimisiniz. Pedaqoji fəaliyyət ifaçılığa mane olmurmu? Sizcə, ifaçı, yoxsa pedaqoq olmaq daha çətindir?
- Musiqi reallığın səsli bədii obrazlar vasitəsilə əks olunduğu qeyri-adi sənətdir. Musiqiçi olmurlar, musiqiçi doğulurlar. Yəni hər iki peşə - pedaqogika və ifaçılıq - çox çətin, məsuliyyətli və vacibdir. Pedaqoq olmaq bir məsələ, amma həm pedaqoq, həm də ifaçı olmaq artıq tamamilə başqa səviyyədir. Öz biliklərini gələcək nəslə ötürmək məsuliyyətini dərk etmək lazımdır. Söhbət bizdən sonra gələnlərdən gedir. Demək, mən bildiklərimi tam şəkildə ötürməliyəm.
- İndiki gənclər musiqi ilə məşğul olmaq istəyirlərmi? Bu, onların xoşuna gəlir, yoxsa musiqi ilə ehtiyacdan məşğul olurlar?
- Əlbəttə ki, onların musiqiyə həvəsi var. Bunu onların hər birinə aid etmək olmaz. Elə gənclər var ki, səmimi şəkildə həvəslidirlər və sənəti çox sevirlər, məmnuniyyətlə ona doğru gedirlər. Amma elələri də var ki, musiqi sahəsini qazanc vasitəsi və ya məsələn, müəyyən məqsədə gedən yol kimi görən valideynləri kimi düşünürlər. Hesab edirəm ki, bu, tamamilə doğru yanaşma deyil. Sənəti peşəkarlıq qazanaraq mənimsəmək lazımdır, pul isə sonra gələcək. Lakin bu məqamda qeyd etməliyəm ki, sənətə, musiqiyə, təhsilə, yaratmaq və musiqiçi olmaq istəyinə maraq əvvəlki illərlə müqayisədə azalıb. Bu, məni bir musiqiçi kimi çox məyus edir.
- Bəs bu, nə ilə bağlıdır?
- Bu, bəlkə də həyatımıza müxtəlif qadcetlərin və müasir texnologiyaların daxil olması ilə bağlıdır. Amma, razılaşın ki, hər şey insanın özündən asılıdır. Yeri gəlmişkən, qarmonu daha çox kişilər seçir. Qadınlar piano, skripka kimi alətlərlə maraqlanırlar. Qızları qarmon ifa etməyin əsaslarını öyrənməyə o qədər də tez-tez göndərmirlər. Bəlkə də ona görə ki, qarmon həm fiziki, həm də emosional cəhətdən ağır alətdir. Musiqi sənəti, hər hansı bir peşə kimi, öz çətinliklərinə malikdir. Qadınlar üçün qarmon ifaçısı olmaq çətindir. Birincisi, onu əldə saxlamaq ilk baxışdan göründüyü qədər asan deyil. Çıxışlardan sonra tez-tez əl əzələləri, döş qəfəsi ağrıyır. Qarmonçu olmaq üçün bu aləti sevmək lazımdır.
Elə ailələr var ki, uşaqlarının musiqiçi peşəsini seçməsinə qəti şəkildə qarşıdırlar. Düşünürəm ki, bu gələcək ailə öhdəlikləri ilə bağlıdır. Bəlkə də bir çox valideynlər öz uşaqlarını musiqi müəllimi kimi görmək istəyirlər, amma ifaçı kimi yox. Müstəqil ifaçı olmaq çətindir. Amma bu həyatda heç nə asan deyil. Hər hansı bir sahədə uğur qazanmaq, qarşıya qoyulmuş məqsədə çatmaq üçün var güc ilə çalışmaq lazımdır.
- Siz özünüz hansı musiqini sevirsiniz? Yerli estrada müğənnilərinin ifasını, Qərbi Avropa klassikasını, xalq musiqisini dinləyirsinizmi?
- Bu gün Azərbaycan musiqisi ən yaxşı vəziyyətdə deyil. Müasir melodiyalar ənənəvi musiqi mədəniyyətini sıxışdırır, bunun nəticəsində musiqimiz öz harmoniyasını itirib, dərinliyini itirir. Elə təəssürat yaranır ki, indiki melodiyalar səhər yaranır, gündüz məşhurlaşır, axşama isə unudulur və yox olur. Çox təəssüf. Düşünürəm ki, bu yolla Azərbaycan musiqisi özünəməxsusluğunu itirir. Bizdə muğam, dərin fəlsəfi məna daşıyan ənənəvi melodiyalar kimi janrlar var. Müasir musiqi isə bəzən mütləq heç bir məna daşımır. Əsl musiqidən gözəl yalnız həqiqi musiqi ola bilər!
- Sizcə, bu, niyə baş verir?
- Televiziya və sosial şəbəkələr aşağı səviyyəli musiqinin populyarlaşmasına töhfə olur. Bu faktı qəbul etməliyik. Televiziya lazımsız, yəni yanlış musiqinin ifası və səslənməsi üçün şərait yaratmamalı və reklam etməməlidir. Eləcə də sosial şəbəkələr mənasız melodiyaları insanlara “təbliğ edir”. Hər kəs istedadlı musiqiçi ola bilməz. Qeyd etdiyim kimi, musiqiçi doğulurlar, sonradan olmurlar. Bunu həmişə yadda saxlamaq lazımdır! Musiqi insanın qəlbinə toxunmalı, onu sakitləşdirməli, sevindirməli, bəzən kədərləndirməli və ilhamlandırmalı olan bir sənətdir. Təəssüf ki, müasir nümunələr belə keyfiyyətlərə malik deyil. Məzmunsuz səslərin toplusu daha çox populyarlaşır ki, bu da gənc nəsil musiqiçilərə ciddi mənfi təsir göstərir.
- Azərbaycan ifaçıları arasında belə bir deyim var: yaxşı musiqiçi toylarda yetişir. Siz bu, fikirlə razısınızmı?
- Toylar xalqımızın adət-ənənələrinin bəzəyidir. Musiqi şadlıq, həssaslıq qatır, bu bayramın əhəmiyyətini vurğulayır. Bir zamanlar Bakı toyları və ölkəmizin digər rayonlarındakı toylar indiki kimi keçirilmirdi. Keçmiş illərin toy mərasimlərində Azərbaycan folkloru, muğam, xalq rəqsləri ifa olunurdu. İndi təəssüf ki, yüksək keyfiyyətli olmayan müasir melodiyalar daha çox üstünlük təşkil edir. Odur ki, toylarda hazırda yaxşı musiqiçilərin formalaşması fikri ilə razılaşa bilmərəm. Müasir toy mərasimləri daha çox əyləncədən ibarətdir və əsl sənət tamamilə fərqli şəraitdə yaranır. Şübhəsiz ki, toy tədbirləri sənətçilər üçün böyük maliyyə dəstəyidir, burada əsasən cəmiyyətin xoşuna gələn, lakin çox vaxt musiqiçilərin bəyənmədiyi akkordlar ifa olunur.
- Səhnədə musiqi təhsili olmadan sənətçi olan kifayət qədər ifaçı var. Lakin onlar populyar və seviləndir. Buna münasibətiniz necədir?
- Musiqi istedadı xüsusi təhsil vasitəsilə inkişaf etdirilməlidir. Nəzəriyyəni bilmədən yaxşı musiqiçi olmaq mümkün deyil. Təəssüf ki, artıq qeyd etdiyim kimi, musiqi sahəsi bu gün yüngül janr kimi istismar olunur və yalnız qazanc vasitəsinə çevrilir, bu da məni narahat edir. Daim üzərində işləyən savadlı və təhsilli ifaçılarla ünsiyyətdə özümü nə qədər xoşbəxt hiss etdiyimi ifadə edə bilmərəm. Amma dediyim kimi, musiqi kimi həssas sənətin müasir təbliğat platformaları ondan uzaq olan insanları ön plana çıxarır. Şübhəsiz ki, bu yolla yüksək dəyərlər aşağı səviyyəli dəyərlərlə əvəz olunur ki, bu da gənc nəslin və bütövlükdə cəmiyyətin musiqi zövqünü korlayır və üçüncü dərəcəli ifaya öyrəşməyə vadar edir. Hələ uşaqların bütün bunları görməsindən və eşitməsindən danışmağa belə dəyməz.
- Tez-tez instrumentalist kimi karyeraya başlayan musiqiçilər birdən özlərini vokalist kimi sınamağa qərar verirlər. Sizcə, bu daha çox dəbə uyğunlaşmaqdır, yoxsa səmimi yaradıcılıq ehtiyacıdır?
- Maraqlı və çoxşaxəli sualdır. Musiqi mühitində məsələn, muğam şöbəsini bitirən ifaçıların zaman keçdikcə estradaya keçməsi ilə bağlı nümunələr var. Yəqin ki, belə bir addımın arxasında mühüm həyat şərtləri, çox vaxt maliyyə durur. Musiqidə peşə, istənilən digər peşə kimi, təkcə istedad deyil, həm də inkişaf üçün müəyyən resurslar tələb edir. Odur ki, çoxlarının qazanc imkanları axtarmasının səbəbi tamamilə başa düşüləndir.
Bu mənada seçimə ailənin təsirini də unutmaq olmaz. Məsələn, valideynlər uşaqda gələcək kamança ifaçısını görürlər, halbuki özü vokal sənətinə daha yaxındır. Valideynlərin ambisiyalarını yerinə yetirərək, təhsil müəssisəsini bitirərək, uşaq zaman keçdikcə ona həqiqətən yaxın olana qayıdır - məsələn, xanəndə olur. Bu, təbii prosesdir. Lakin hər kəs tarixdə iz qoya bilmir. Bunun üçün insanın sevgi ilə işləməsi, yalnız maddi maraqlar güdməməsi vacibdir. Məhz buna görə də əsl istedadların dəstəklənməsinə daha çox diqqət yetirmək, milli musiqi mədəniyyətini qoruyub inkişaf etdirmək lazımdır. Əks təqdirdə, bizi unikal edən sərvəti itirmək riski ilə üzləşə bilərik.
- Azərbaycanda qarmon ifaçılığı sənətinin gələcəyini necə görürsünüz?
- Bu gün əminliklə deyə bilərəm ki, qarmon əvvəlki illərə nisbətən Azərbaycanda ən populyar musiqi alətlərindən birinə çevrilib. Bu, böyük ölçüdə Azərbaycanın əməkdar artisti Zakir Mirzəyev kimi görkəmli ustadların xidməti ilə bağlıdır. Onu haqlı olaraq “Qarmonun Paqaninisi” adlandırmaq olar. O, bu alətdə ifa sənətini görünməmiş yüksəkliklərə qaldıran insandır. Mirzəyev müasir qarmon məktəbinin parlaq nümayəndəsidir, onun istedadı və sənətə sədaqəti həm peşəkarları, həm də həvəskarları ilhamlandırır.
Dünya səviyyəli daha bir unikal musiqiçini - Azərbaycanın xalq artisti Ənvər Sadıqovu da qeyd etməmək olmaz. Onun qarmonda virtuoz kompozisiyaları ölkəmizi onun hüdudlarından çox-çox uzaqlarda məşhurlaşdırır, bütün dünyaya Azərbaycan musiqi mədəniyyətinin zənginliyini nümayiş etdirir.
Həmçinin Xeyrulla Dadaşov, Sərxan Abiyev və hamının Hüseyn Bakılı kimi tanıdığı əziz müəllimim Hüseyn Həsənov kimi görkəmli qarmon ifaçılarını da qeyd etmək istərdim. Təəssüf ki, keçən il o bizi tərk etdi, lakin sənətin inkişafına verdiyi töhfə əvəzsizdir. Onun tələbəsi olmaq mənim üçün böyük şərəf idi. Hüseyn Bakılı mənə unikal təcrübəsini ötürüb. Mən də onu öz yaradıcılığımda fəxrlə davam etdirirəm.
Mənim üçün hazırda Azərbaycanın yeganə qadın qarmon ifaçısı olmaq şərəfdir. Kişilər bu sahədə həqiqətən çoxdur, lakin qadınlar arasında hələlik yeganəyəm. Əlbəttə, qadınlara bu sənətə yol açanları da unutmaq olmaz. Bu, məsələn, Azərbaycanın xalq artisti Brilliant Dadaşovanın anası Qızxanım Dadaşova, həmçinin Kübra Əliyeva, Xədicə Musaxanova və Asəf Zeynallının anası İsmət xanım kimi əfsanəvi şəxsiyyətlərdir. Onların hamısı qarmon tarixində öz izlərini qoyublar. Onların musiqiyə sədaqəti və ilhamı bu alətdə səslənən hər bir akkordda yaşamağa davam edir.
Açığı, qarmon mənim üçün sadəcə musiqi aləti deyil, bu, qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək lazım olan mədəniyyətimizin səsidir.
- Qarmonun Azərbaycanın musiqi sənətinin milli atributu olduğunu söyləyə bilərikmi?
- Şübhəsiz. Qarmon Azərbaycan mədəniyyətində xüsusi yer tutan heyrətamiz xarakter və tarixə malik bir alətdir. O, təkcə sənətimizin bir hissəsi deyil - bu, xalqımızın emosiyalarını, sevinclərini, kədərlərini və arzularını çatdıran səsdir. Qarmon ifaçılığı sənətinin inkişafının davam etməsini, ustadlarımızın və ifaçılarımızın onun səsini ölkə hüdudlarından çox uzaqlara apararaq Azərbaycanı dünya arenasında tanıtmasını sevinc hissi ilə müşahidə edirəm.
Bizim itirə bilməyəcəyimiz zəngin ənənəmiz var. Qarmon artıq milli musiqi kimliyinin simvoluna çevrilib, lakin o, həm də müasir inkişaf üçün böyük potensiala malikdir. Biz bu aləti təkcə irsimizin deyil, həm də gələcəyimizin bir hissəsi kimi qoruyub saxlamaq və möhkəmləndirmək üçün populyarlaşdırmağa davam etməliyik. Bu, ciddi səy tələb edir: yeni nəsil musiqiçilərin təhsilindən tutmuş həm Azərbaycanda, həm də xaricdə dinləyiciləri ilhamlandıracaq əsərlərin yaradılmasına qədər.
Əlbəttə, qarmonla yanaşı musiqi mədəniyyətimizin digər janrlarının da inkişaf etməsini görmək istərdim. Muğam, milli rəqslər, xalq mahnıları - bütün bunlar diqqətlə qorunub saxlanılması və müasir inkişafa ehtiyacı olan Azərbaycan sənətinin inciləridir.
Mən qarmon ifaçılığı sənətinin parlaq gələcəyinə səmimi qəlbdən inanıram. Musiqiçilərimizin ustalığı və sədaqəti sayəsində o, bizi sevindirməyə və gələcək nəsilləri ilhamlandırmağa davam edəcək. Çünki qarmon sadəcə alət deyil, bu, fəxr və məsuliyyətlə irəli aparmalı olduğumuz mədəniyyətimizin simvoludur.
MƏSLƏHƏT GÖR: