18 Yanvar 2025

Şənbə, 11:37

DƏNİZ BOYDA SƏYAHƏT

Xəzər regionu kruiz turizminin başlanmasına hazırlaşır

Müəllif:

15.12.2024

Mahacqala və Dərbənd liman infrastrukturunun modernləşdirilməsi üzrə iddialı planlar və yeni laynerlərin tikintisi Xəzər dənizində beynəlxalq kruizlərin inkişafı üçün geniş perspektivlər açır.

Rusiya Nəqliyyat Nazirliyi Xəzər sahilində limanların modernləşdirilməsi üzrə geniş proqram elan edib. Məqsəd kruiz gəmilərinin qəbulu və Rusiyanı Azərbaycan, İran, Türkmənistan və Qazaxıstanla birləşdirən beynəlxalq marşrutların inkişafı üçün bütün zəruri şərtləri yaratmaqdır. Planlara limanlarda dövlət sərhədindən keçid məntəqələrinin təşkili, həmçinin kruiz laynerlərinin sərnişinləri və ekipajları üçün sərhəd-gömrük rəsmiləşməsini sadələşdirməyə imkan verəcək hökumətlərarası sazişlərin imzalanması daxildir.

 

Yeni marşrutlar

Əsas hadisələrdən biri gələn il Xəzər dənizinə çıxacaq yeni kruiz gəmisinin istifadəyə verilməsi olacaq. Kombinə edilmiş marşrut Mahacqala və Həştərxan dəniz limanlarını Rostov və Volqoqrad çay şəhərləri ilə birləşdirəcək və turistlərə Xəzər sahilinin gözəllikləri ilə tanış olmağa, həmçinin Rusiyanın tarixi şəhərlərini ziyarət etməyə imkan verəcək.

Bundan əlavə, 2025-2026-cı illərdə “çay-dəniz” sinifli “Kareliya” layihəsinin üç yeni kruiz laynerinin istismara verilməsi planlaşdırılır. Bunlar həm Rusiyanın daxili su yolları, həm də Xəzər, Qara, Azov və Ağ dənizlər üzrə kruizlər həyata keçirə biləcək. Perspektivdə bu təşəbbüs təkcə Xəzər regionu ölkələrində deyil, həm də Volqa çayının aşağı axarlarında turizmin inkişafı və kruiz trafikinin artması üçün stimul olacaq.

Ən iddialı layihələrdən biri Həştərxanın “Lotos” zavodunda inşa edilən “Pyotr Veliki” kruiz layneri olacaq. Onun Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanı əhatə edən “Böyük Volqa Yolu” marşrutu çərçivəsində kruizlər üçün istifadə edilməsi planlaşdırılır.

“Pyotr Veliki” sərnişinlərə innovativ rahatlıqlar təklif edən beşulduzlu su üzərində mehmanxana olacaq: hovuz, SPA zona, teatr, açıq restoranlar və balkonlu geniş kayutlar. Laynerin tikintisinin müddəti uzansa da, onun təhvil verilməsi 2025-ci ilə planlaşdırılıb.

Mütəxəssislər Xəzər dənizi üzrə kruiz marşrutlarının inkişafında böyük potensial görürlər. Belə ki, ekspert Ceyhun Aşurov qeyd edir ki, bu cür layihələr artıq 2016-cı ildə qəbul edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulub. “Kruiz səyahətləri Xəzəryanı ölkələr arasında turistlərin daha aktiv mübadiləsi üçün imkanlar yaradır. Məsələn, Azərbaycanın artıq onların bir çoxu ilə vizasız rejimi var. Buna görə də gələcəkdə kruiz səyahətləri bu dövlətlərdən Azərbaycana turist axınının artmasını stimullaşdıracaq və ölkəmiz bunda maraqlıdır”, - C.Aşurov izah edib.

Bundan başqa, kruizlər səyahətçilər üçün unikal imkan açır: onlar bir nöqtədən yola düşərək regionun bir neçə ölkəsini ziyarət edə biləcəklər. Bu da belə marşrutları xüsusilə cəlbedici edir.

Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin yanvar-noyabr aylarında Azərbaycana 2,4 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Onlardan 1 milyon 663,3 min nəfəri Xəzəryanı ölkələrdən gəlib: Rusiya (679,9 min), İran (193,9 min), Qazaxıstan (79,7 min) və Türkmənistan (29,9 min).

Bununla yanaşı, nəzərə almaq lazımdır ki, Azərbaycanda hələ də giriş-çıxış üçün xüsusi karantin rejimi qüvvədədir (aviauçuşlar istisna olmaqla). Odur ki, sərnişinlərin dəniz daşımalarına Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi icazəsi tələb olunur.

Dekabrın əvvəlində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC bərə və Ro-Ro tipli gəmilərlə sərnişin daşımalarının qiymətlərini açıqlayıb.

 

Bərə və Ro-Ro tipli gəmilərdə bir sərnişinin bir istiqamətdə daşınması tarifləri

Kayutların dərəcəsi

Bakı-Türkmənbaşı- Bakı, $

Bakı-Kurık- Bakı, $

2 yerlik kayut (1 nəfər üçün)

60

80

4 yerlik kayut (1 nəfər üçün)

55

70

6 yerlik kayut (1nəfər üçün)

50

60

 

Üstünlüklər və çağırışlar

Kruiz turizmi bir sıra ciddi üstünlüklərə malikdir. İlk növbədə, bu rahatlıq və komfortdur. “Hər şey daxil” formatında səyahət səfər turistlərə səyahətin təşkili barədə düşünmədən istirahət etməyə və zövq almağa imkan verir. Qısa müddətdə bir neçə ölkəni ziyarət etmək, onların mədəniyyəti və tarixi ilə tanış olmaq üçün unikal fürsət yaranır. Belə ki, kruiz şirkətləri ziyarət edilən yerlərin xüsusiyyətlərini əhatə edən ekskursiyalar təklif edir.

Xəzər regionunda kruiz turizminin inkişafı təşəbbüsləri sahilyanı ölkələr arasında turizm sahəsində əməkdaşlığı gücləndirməklə yanaşı, onların iqtisadi inkişafına da töhfə verəcək.

Xüsusilə əhəmiyyətli təsir sahilyanı şəhərlərdə müşahidə olunacaq, burada kruiz turizmi kiçik və orta biznesin inkişaf üçün hərəkətverici qüvvə rolunu olacaq. İlk növbədə, iş yerləri yaradılacaq. Axı, kruiz terminallarının və infrastrukturun inşası üçün müxtəlif profilli mütəxəssislər tələb olunur: liman işçiləri, gəmi xidməti işçiləri, bələdçilər, gömrük işçiləri.

İkincisi, bu, bir-biri ilə əlaqəli olan sahələrin inkişafına yardım göstərir, çünki kruiz turizmi sektoru mehmanxana biznesi, ictimai iaşə, nəqliyyat xidmətləri, suvenir istehsalını stimullaşdırır.

Üçüncüsü, bununla yerli mal və xidmətlərə tələbat artacaq - turistlər kafe, restoran, suvenir dükanlarının xidmətlərindən fəal istifadə edirlər ki, bu da kiçik biznesi dəstəkləyir.

Bundan əlavə, kruiz turizminin inkişafı şəhər infrastrukturunun təkmilləşdirilməsinə kömək edir. Yolların, ictimai nəqliyyatın yaxşılaşdırılması, parkların, sahil zolaqlarının və tarixi mərkəzlərin yenidən qurulması regionların cəlbediciliyini artırır.

Əksər rekreasiya sahələri kimi, kruiz turizmi də təbii ki, risk amilləri ilə üzləşir. Əsasən bu, ənənəvi mövsümiliklə, demək, gəlirlərin qeyri-sabitliyi ilə bağlıdır. Hava şəraitinin pisləşməsi və iqlim zonalarının dəyişməsi kruiz marşrutlarına təsir edə və təbii fəlakət riskini artıra bilər.

Buna görə də bu sahənin davamlı inkişafı üçün yerli əhalinin maraqlarını, kiçik biznesin dəstəklənməsini və ekoloji dayanıqlılığı nəzərə alan diqqətli strategiya lazımdır. İnnovativ həllərin tətbiqi və bazarın iri oyunçuları ilə əməkdaşlıq bu istiqamətin potensialını maksimum reallaşdırmağa kömək edəcək.

Ciddi ekoloji standartların tətbiqi də vacibdir. Bu, ekoloji yanacaqdan istifadə, çirkab suların müasir təmizlənmə sistemləri, gəmilərdə və limanlarda tullantıların səmərəli utilizasiyasıdır.

Ümumilikdə, kruiz sənayesinin perspektivləri həm qlobal miqyasda, həm də Xəzər regionunda nikbin görünür. Və ölkəmizdə yeni dəniz marşrutunu sınamaq istəyənlərin kifayət qədər olacağına şübhə yoxdur. Əsas məsələ bu istiqamətdə bütün planları həyata keçirməkdir.



MƏSLƏHƏT GÖR:

24