Müəllif: Ağasəf NƏCƏFOV
Bu ilin sonunadək aparıcı pambıq istehsal edən ölkələrdə neftin qiymətinin aşağı düşməsi, hasilat və ehtiyatlar üzrə yüksək proqnozlar fonunda qiymətlərin azalması müşahidə olunub. Buna baxmayaraq, ekspertlər pambıq iplik və parçalara tələbatın sabit olacağına inanırlar.
Artan xərclər, eləcə də iqlim dəyişikliyi səbəbindən ABŞ, Çin, Pakistan, Hindistan və dünyanın bir sıra digər regionlarında xam pambıq istehsalı azalır. Oxşar tendensiyalar Azərbaycanda da müşahidə olunur: bu il pambıq istehsalı 12% azalıb, eyni zamanda yanvar-noyabr aylarında lif ixracında 1,5 dəfə artım qeydə alınıb. Bu, xammalın dərindən emalı və hazır məhsul istehsalı ilə klaster tipli pambıqçılığın inkişaf tendensiyasını əks etdirir.
Qlobal ucuzlaşma
2022-2023-cü illər dünya pambıqçılıq sənayesi üçün heç də yaxşı dövr olmayıb: kəskin quraqlıq Hindistan, Çin, ABŞ və Braziliyada pambıq məhsuldarlığının 28-30% azalması ilə nəticələnib. Pakistanda da vəziyyət təxminən eyni idi, burada leysan yağışları məhsulun təxminən 20%-ni məhv edib, Avstraliya və Benində də azalma qeydə alınıb. Zərərin miqyasını qiymətləndirmək üçün nəzərə almaq lazımdır ki, qlobal istehsalının dörddə üçündən çoxu bu ölkələrin payına düşür. Bütün bunlara baxmayaraq, 2023-cü ildə pambıq xammalının qiymətləri qlobal resessiya səbəbindən Türkiyə, Pakistan, Banqladeş, İndoneziya və Hindistanda emalçıların tələbatının azalması səbəbindən aşağı düşüb.
Bu ilin birinci yarısında qiymətlərdə bir qədər yaxşılaşma qısamüddətli təsir göstərib. Beynəlxalq Pambıq üzrə Məşvərət Komitəsinin (ICAC) məlumatına görə, yüksək istehsal və anbar ehtiyatları proqnozları səbəbindən qiymətlər aşağı düşməyə davam edir. Buna baxmayaraq, ICAC ekspertləri 2024-2025-ci illər üçün dünya pambıq istehsalı və ehtiyatları üzrə hesablamalarını artıraraq 25,3 milyon ton səviyyəsində qiymətləndiriblər. Son illərdə kütləvi büdcə məhsullarının tərkibində təbii pambıq xammalının payının getdikcə azalması da sahədəki bazar qiymətlərinə təsir göstərir. Bu qismən “man made” lifləri, yəni süni polimer saplar və ya ən yaxşı halda sellülozdan hazırlanan viskoz ilə əvəz olunur. Bütün bunlar pambıqçılıq sahəsində bazar tələbatının dinamikasına mənfi təsir göstərir.
Xatırladaq ki, pambıqçılıq sahəsi ənənəvi olaraq bir çox inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına əhəmiyyətli töhfə verir, əhalinin məşğulluğunu təmin edir və rifahın mühüm mənbəyidir. BMT-nin Ətraf Mühit Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, pambıq dünyanın 80 ölkəsində təxminən 32 milyon kənd təsərrüfatı işçisi və 100 milyondan çox sakinin yaşayış vasitəsidir. Lakin FAO-nun araşdırmalarına görə, iqlim problemləri, suvarma suyunun kəskin çatışmazlığı, yanacaq, gübrə və pestisidlərin bahalaşması bu sahənin rentabelliyinə ciddi zərər vurur. Sadalananlar kasıb ölkələrdəki fermerləri zərərli istehsaldan imtina etməyə və daha rəqabətqabiliyyətli bitkilər yetişdirməyə məcbur edir. Mərkəzi Asiya ölkələrində də pambıqçılar oxşar problemlərlə üzləşirlər. Təəssüf ki, bu mənfi hal Azərbaycan üçün də aktualdır.
Azalmanın səbəbləri
2017-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na əsasən xam pambıq istehsalı ildə 500 min tona çatmalı idi. Lakin bu hədəfə çatmaq mümkün olmayıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ötən il ölkədə 276,1 min ton xam pambıq yığılıb və bu da əvvəlki ilin göstəriciləri ilə müqayisədə 14,4% azalma deməkdir. 2024-cü ildə pambıq təxminən 100 min hektar sahədə əkilib. Noyabr ayına qədər tədarük məntəqələrinə təhvil verilən pambığın həcmi respublika üzrə orta məhsuldarlıq hektardan 16,35 sentner olmaqla 168,1 min tona çatıb. Nəzərə almaq lazımdır ki, bu son rəqəmlər deyil, çünki yağışlar məhsul yığımını ləngidib və xammalın yığımı üzrə yekun məlumatlar hələ yoxdur.
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan pambıqçıları iqlim dəyişikliyi, o cümlədən xüsusilə yay mövsümündə suvarma üçün suyun çatışmazlığı səbəbindən ciddi problemlərlə üzləşirlər. 2023-cü ildə Aran və ölkənin digər aran rayonlarındakı təsərrüfatlarda su təchizatında çətinliklər yaranıb və bu, isti günlərin (40°C-dən yuxarı) kəskin artması ilə müşayiət olunub. Məlum olduğu kimi, pambıq yazda vegetativ böyümə dövründə və yay mövsümündə nisbətən tez-tez suvarma tələb edir, payız yağışları isə yetişmənin son mərhələsində xammalın keyfiyyətinə və məhsul həcminə son dərəcə mənfi təsir göstərir.
Pambıq istehsalını dəstəkləmək üçün 2021-2022-ci illərdə xam pambığın alış qiymətləri bir neçə dəfə artırılıb. Bundan başqa, tədarük məntəqələrinə təhvil verilən hər ton pambıq üçün fermerlərə subsidiya verilir.
Qənaətli pilot suvarma sistemləri və müasir yığım kombaynları tətbiq edilir, yüksək məhsuldar ABŞ, Türkiyə və Yunanıstan pambıq sortları və qabaqcıl aqrotexniki becərmə üsulları istifadə olunur. Bütün bunlar bir sıra aqroparklarda və fermer təsərrüfatlarında məhsuldarlığı 50 və hətta 60 sentner/hektara qədər artırmağa imkan verib. Buna baxmayaraq, Azərbaycanda sahə üzrə orta məhsuldarlıq hələ də 28 sentner/hektardan azdır. Bu göstərici bu sənaye ilə bağlı lider ölkələrdən təxminən iki dəfə azdır.
Sahənin inkişafına digər subyektiv amillər də təsir göstərir. Buraya xüsusilə, dizel yanacağı, su, qaz, elektrik enerjisi, benzin tariflərinin artması səbəbindən istehsal xərclərinin yüksəlməsi daxildir. KİV-də ölkəyə gətirilən pestisidlərin aşağı keyfiyyəti barədə dəfələrlə məlumat verilib, xarici aqrokimya, texnika, ehtiyat hissələri və digər komponentlərin qiymətlərinin artmasından hələ söhbət belə eləməyə dəyməz. İdxal inflyasiyası amili də fermer-istehsalçıların və onları maliyyələşdirən emal şirkətlərinin xərclərini artırır.
İnnovasiyaların zəruriliyi
FAO ekspertləri hesab edirlər ki, pambıqçılıq və emal sənayesində radikal dəyişikliklərə aqrotexniki proseslərin kimyalaşdırılması və mexanikləşdirilməsinin artırılması, həmçinin əlavə dəyərin yüksəldilməsi hesabına emalın rentabelliyinin artırılması ilə nail olmaq olar. Söhbət xam pambığın maksimum tam emalından, iplik və parça istehsalından, həmçinin geyim tikişindən gedir. Beləliklə, ixracın əsas hissəsini xammal deyil, son hazır məhsul təşkil etməlidir. Təəssüf ki, hazırda Azərbaycanda ixracın böyük hissəsi xam pambıq və qismən iplik və saplardan, yalnız altıda bir hissədən azı hazır məhsuldan ibarətdir.
Pambıq istehsalı sahəsində innovasiyaların və ölkədə bu sahəyə klaster yanaşmasının inkişafının zəruriliyi Bakıda keçirilən COP29 konfransında “Pambıqdan geyimə dəyər zəncirinin dekarbonizasiyası və iqlimə uyğunlaşması” mövzusunda panel müzakirələrində də qeyd edilib. Kənd təsərrüfatı nazirinin müavini Sərvan Cəfərovun sözlərinə görə, Azərbaycan pambıq istehsalı və emalı sahəsində inkişaf strategiyasını həyata keçirir və ölkələrin, beynəlxalq təşkilatların qabaqcıl təcrübəsini tətbiq edir. Son illərdə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə birgə layihələr çərçivəsində tədqiqatlar aparılır, pambığın yeni sortlarının yaradılmasında nüvə texnologiyalarının tətbiqi imkanları öyrənilir. Bu və digər innovasiyalar pilot əkin sahələrində yeni sortların məhsuldarlığını iki dəfə artırmağa imkan verib. Həmçinin qeyd edilib ki, Azərbaycan pambığın emalı infrastrukturunun modernləşdirilməsi hesabına daxili dəyər zəncirini gücləndirməyə çalışır.
Sumqayıt, Mingəçevir, Bakı və digər şəhərlərdə yeni iri toxuculuq və tikiş müəssisələrinin tikilməsi sayəsində nəzərəçarpan irəliləyişə nail olunub. Paytaxtda və Saatlı rayonunda toxuculuq fabriki fəaliyyət göstərir, Gəncə, Yevlax, Lənkəranda da tikiş istehsalı yaradılıb. Eyni zamanda pambıqtəmizləmə müəssisələri xarici təchizat strukturunu tədricən dəyişirlər. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2024-cü ilin yanvar-noyabr aylarında 168,920 milyon ABŞ dolları dəyərində 112,597 min ton pambıq lifi ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixrac 1,5 dəfə, reallaşdırılan məhsulun dəyəri isə 1,8 dəfə artıb.
Qeyd etmək lazımdır ki, bütün toxuculuq və tikiş müəssisələri yerli xammaldan istifadə etmir, əksinə hazır sap və parçaları xaricdən alır. Eyni zamanda onların satış bazarı əsasən Azərbaycan ilə məhdudlaşır. Hələ ki, xammalın ixracını məhdudlaşdıran gömrük baum-tariflər yoxdur və fiskal və digər ixrac mexanizmləri iri xam pambıq istehsalçılarını və pambıqtəmizləmə fabrikləri emalı 100%-ə çatdırmağa və parça, geyim və s. istehsal etməyə həvəsləndirmək üçün kifayət deyil.
Özbəkistan sərmayəsi
Azərbaycan son illərdə Türkiyə, Pakistan, Özbəkistan işgüzar dairələri ilə əyirmə, toxuculuq və tikiş sənayesinə, o cümlədən Qarabağ bölgəsində formalaşan aqrosənaye klasterlərinə, həmçinin Ələt Azad Ticarət Zonasına investisiyaların cəlb edilməsi üzrə intensiv danışıqlar aparır.
Bu istiqamətdə irəliləyiş iyul ayında əldə edilib. Belə ki, Azərbaycanın “TST Textile Group” MMC ilə Özbəkistanın “Tukımachı Sanoat Tekstıl” MMC arasında İmişli aqroparkında pambıq yetişdirilməsi və pambıq yağı istehsalı üzrə müqavilə imzalanıb. Ümumilikdə 2025-2029-cu illərdə Özbəkistandan olan investor Mingəçevir Sənaye Parkının ərazisində yerləşəcək iplik, toxuculuq və tikiş məhsulları istehsalı müəssisələrinin tikintisinə 92,5 milyon manat sərmayə qoyacaq.
Yerli “Azərşəkər” şirkəti və Özbəkistanın “Global Textile” şirkətinin həyata keçirdiyi pambıq-toxuculuq sahəsində daha bir layihə Azərbaycanın bir sıra bölgələrini əhatə edir və burada təxminən 2400 iş yeri yaradılacaq.
Kənd təsərrüfatı istiqamətində Azərbaycanın pambıqçılıq sahəsində ixtisaslaşmış bölgələrin - Yevlax, Ağcabədi, İmişli, Füzuli və digər rayonların fermerləri ilə iş aparılması nəzərdə tutulur. Növbəti mərhələ Ucar və Ağcabədidə pambığın ilkin emalı zavodlarının inşasıdır. İplik istehsalının başlanması üzrə işlər də planlaşdırılır. Ümumilikdə tekstil klasterində birgə Azərbaycan-Özbəkistan layihəsinin ümumi dəyəri 104 milyon ABŞ dolları qiymətləndirilir. 2026-cı ilin ortalarına qədər daha yüksək əlavə dəyərli məhsul əldə etmək, yəni geyim istehsalı üçün 11 min tona qədər ipliyin əldə edilməsi planlaşdırılır. Bu da Azərbaycanı regional tekstil məhsulları ixracatçıları sırasına çıxaracaq.
MƏSLƏHƏT GÖR: