18 Yanvar 2025

Şənbə, 12:07

QAZ DİQQƏT MƏRKƏZİNDƏ

Azərbaycandan “mavi yanacaq” alanların siyahısını Avropa ölkələri genişləndirir

Müəllif:

15.12.2024

Dekabr ayı bir il ərzində qət edilmiş yolu nəzərdən keçirmək və qarşıdakı çağırışlara inamla və hazırlıqla irəliləmək məqsədilə yeni hədəflər müəyyən etmək üçün ən münasib zamandır. Azərbaycanda ilin sonu ənənəvi olaraq təkcə Yeni il təlaşı ilə deyil, həm də yaşadığı ölkədən asılı olmayaraq millətin birliyini və onun nümayəndələri arasında mənəvi əlaqələrin möhkəmlənməsini simvolizə edən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə qeyd olunur.

2020-ci ildən bəri dekabrın 31-də qeyd olunan əlamətdar hadisələr sırasına Cənub Qaz Dəhlizinin (CQD) əsas elementi olan Trans-Adriatik Qaz Kəmərinin (TAP) istismara verilməsi də əlavə olunub. TAP-ın istismara verilməsindən dörd il sonra layihənin bütün gözləntiləri doğrultduğunu əminliklə söyləmək olar. Nisbətən gənc infrastruktur obyekti olmasına baxmayaraq, bu kəmər artıq etibarlılığını sübut edib və təbii qazın yeni mənbəyinə sabit çıxışı təmin edərək Avropanın enerji təhlükəsizliyinin mühüm elementinə çevrilib.

Belə bir gündə hədiyyələr - Avropaya qaz tədarükü üzrə yeni müqavilələr olmadan ötüşməyib. 2024-cü ildə Avropa alıcıları siyahısına Slovakiya, Sloveniya, Şimali Makedoniya və Xorvatiya da qoşulub. Bu, Azərbaycanın enerji resurslarına artan marağı və onların region üçün strateji əhəmiyyətini bir daha vurğulayır.

 

Davamlı genişlənmə

Yeni alıcıların siyahısına diqqətlə, hətta adi gözlə baxsaq da SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti) Avropaya qaz tədarükünün şaxələndirilməsi strategiyasını təsdiqləyərək Balkan regionunda iştirakını genişləndirməyə davam etdiyini görmək olar. Balkan qaz bazarına ötən il başlanılan genişlənmə siyasəti bu il də inamla davam etdirilib.

Bağlanmış müqavilələr və artan tədarük SOCAR-ın mövqeyini möhkəmləndirmək və regionda əsas bazar yerlərini tutmaq əzmini əyani şəkildə nümayiş etdirir. Diqqəti cəlb edən odur ki, bütün yeni müqavilələr qış mövsümünün başlanğıcından əvvəl bağlanıb və bu, Rusiya tədarükünün mümkün dayandırılması və ya qaz təchizatında digər fors-major hallar üçün bir növ sığorta rolunu oynayır.

Bu strategiyanın bir hissəsi olaraq, 2024-cü ilin fevralında Azərbaycan qazının Serbiyaya ixracı başlayıb. 2023-cü ilin noyabrında SOCAR və “Srbijagas” arasında imzalanmış sənədlə 2024-2026-cı illərdə bu ölkəyə illik 400 milyon kubmetr qazın tədarükü və 2027-ci ildən həcmin 1 milyard kubmetrə qədər artırılması nəzərdə tutulur. Lakin bu qədər gözləməyə ehtiyac olmadı: artıq 2024-cü il sentyabrın 26-da iki şirkət yeni müqavilə - 2024-cü il noyabrın 1-dən 2025-ci il aprelin 1-dək gündəlik 1 milyon kubmetr əlavə qaz həcminin nəqli üzrə müqavilə imzalayıb. Bu razılaşmalar Serbiyaya Rusiyadan asılılığını müəyyən dərəcədə azaltmağa və enerji təhlükəsizliyini artırmağa kömək edəcək. Üstəlik, sentyabrın 1-dən PPD və “MET Group” şirkətləri vasitəsilə Xorvatiyaya da qaz nəqlinə başlanılıb. “Qış mövsümü ərəfəsində Azərbaycan qazının Xorvatiyaya tədarükü Azərbaycan və Xorvatiya hökumətlərinin uğurlu əməkdaşlığının nəticəsidir”, - SOCAR-ın məlumatında qeyd edilib.

Doğrudur, dəqiq həcmlər və müddətlər barədə məlumat verilməyib. Ehtimal etmək olar ki, müqavilə hər hansı konkret dövrlər və kubmetrlərlə məhdudlaşmır. Aydındır ki, əsas məqsəd həcmlərlə deyil, soyuqların düşməsi ilə yarana biləcək ehtiyac zamanı Azərbaycan qazını almaq imkanı ilə bağlıdır.

SOCAR bu hadisəni Azərbaycan və Xorvatiya arasında enerji əməkdaşlığının genişləndirilməsi yolunda mühüm addım kimi qiymətləndirib və bu da qitənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək.

Bu arada, iki aydan az müddətdə Azərbaycan qazının alıcıları siyahısına Şimali Makedoniya da əlavə olunub. Noyabrın 12-də Dövlət Neft Şirkəti bu sahədə ESM şirkəti ilə memorandum imzalayıb. Sənəd Şimali Makedoniya hökumətinin ölkəni təbii qazla təmin etmək səylərini və SOCAR-ın region bazarında iştirakını artırmaq səylərini dəstəkləyir.

“Memorandum enerji təchizatının sabitliyinin artırılmasına, təbii qaza çıxışın yaxşılaşdırılmasına və qanunvericilik tələblərinə uyğun rəqabətli qiymətlərlə onun tədarükünün təmin edilməsinə yönəlib”, - ESM bəyanatında təfərrüatlar açıqlanmadan vurğulanıb. Bu isə şərtlərin çevik olduğunu göstərir.

 

Balkan regionunun pilot və hibrid qazlaşdırılması

Azərbaycan qazının Albaniyaya da nəqli planlaşdırılıb. Amma bu ölkəyə “mavi yanacağ”ın nəqlinə 2026-cı ilin yanvarından başlanılacaq. Yeri gəlmişkən, TAP-ın ildə 1,2 milyard kubmetr genişləndirilməsi üzrə işlərə artıq başlanılıb. Bu həcmin 200 milyonu Albaniyaya, 1 milyardı isə İtaliyaya tədarük ediləcək.

Eyni zamanda Albaniyada Dövlət Neft Şirkəti “Albgaz” şirkəti ilə birlikdə Korça şəhərinin qazlaşdırılması üzrə pilot layihə həyata keçirməyi planlaşdırır. Bu layihə Albaniyanın İnfrastruktur və Energetika Nazirliyi, “Albgaz” və SOCAR arasında 2024-cü il noyabrın 12-də Bakıda imzalanmış Əməkdaşlıq Memorandumu əsasında reallaşdırılacaq. Layihənin texniki-iqtisadi əsaslandırması artıq hazırdır. Şəhərin qazlaşdırılmasının 2025-ci ildə başlanılması və 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Amma adıçəkilən layihəyə investisiya həcmi açıqlanmır. Yalnız o məlumdur ki, layihə həm ev təsərrüfatlarının, həm də Korçadakı müəssisələrin qaz təchizatına istiqamətləndirilib. İlkin olaraq diqqət şəhər boyunca qaz paylayıcı şəbəkənin yaradılmasına, xüsusilə yerli müəssisələrə xidmət göstərilməsinə yönəldiləcək.

Perspektivdə bu layihə Poqradeç və Erseka şəhərlərini əhatə edəcək. Ümumiyyətlə, Albaniya hakimiyyəti ölkənin qazlaşdırılmasını 2030-cu ilə qədər başa çatdırmağı planlaşdırır.

Qazlaşdırmadan söhbət düşmüşkən, bu mənada Bolqarıstanı qeyd etməmək olmaz. Artıq bu ölkənin təbii qaza olan tələbatının 50%-ni təmin edən Dövlət Neft Şirkəti qazpaylayıcı sektorda payını 7,5%-ə qədər artırmağı qərara alıb. Bundan başqa, SOCAR Bolqarıstanın “M-Gaz” şirkəti ilə birlikdə Ruse bələdiyyəsinin sosial obyektlərinə birbaşa təbii qaz təchizatına başlayıb. Layihənin birinci mərhələsinə Nikolovo kəndindəki məktəbin qazlaşdırılması daxildir. Belə ki, burada sıxılmış təbii qaza əsaslanan sistem quraşdırılıb. Növbəti aylarda qazlaşdırılmış obyektlərin siyahısına daha 10 məktəb və uşaq bağçası əlavə olunacaq. Bu maraqlı və mühüm təşəbbüs təkcə infrastrukturun yaxşılaşdırılmasına kömək etməyəcək, həm də ölkənin ən kiçik sakinlərinə belə, erkən yaşlarından onları istilik və enerji ilə kimin təmin etdiyini bilməyə imkan verəcək.

Əslində, bu layihə 2024-cü ilin yayında “M-Gaz” ilə başlanılmış əməkdaşlığın davamıdır. Bu Bolqarıstan şirkəti regionun altı ölkəsində (Bolqarıstan, Rumıniya, Serbiya, Yunanıstan, Xorvatiya və Macarıstan) fəaliyyət göstərir və bu da SOCAR-a təbii qazın paylanılması sahəsində onunla əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar açır.

 

“Sınaq” alışı

İlin əsas intriqası hələ də Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranzitinin 2025-ci il yanvarın 1-dən dayandırılacağı və ya davam edəcəyi məsələsidir. “X günü”nə bir aydan az qalmasına baxmayaraq, bu suala hələ də birmənalı cavab yoxdur.

Xatırladaq ki, hazırda “mavi yanacaq” Ukrayna ərazisindən əsasən Slovakiya, Macarıstan, Avstriya və Çexiyaya nəql edilir.

Oktyabrda Beynəlxalq Enerji Agentliyi Rusiya qazının Ukrayna üzərindən tranzitinin gələcəyini 2024/25-ci il qış mövsümü ərəfəsində “əsas qeyri-müəyyənlik” adlandırıb. Bununla belə, hər ötən gün bunun davam etməyəcəyinə əminlik artır. Bunu Ukrayna tərəfinin qətiyyətli mövqeyi və Rusiya rəsmilərinin Moskva ilə Kiyev arasında bu məsələ ilə bağlı danışıqların aparılmadığı barədə son bəyanatları göstərir.

Eyni zamanda Rusiyanın 2025-ci ildə Slovakiya və Avstriyaya qaz tədarükünün davam etdirilməsini planlaşdırıb-planlaşdırmadığı sualına hələ də cavab yoxdur. Halbuki bu ölkələr Moskvanın Aİ-də əsas enerji tərəfdaşlarından biri olaraq qalır.

Avstriyanın vəziyyətdən necə çıxacağı məlum deyil. Amma görünən odur ki, onun üçün ən yaxşı həll yolu mayeləşdirilmiş təbii qazın (LNG) tədarüküdür.

Slovakiyaya gəlincə, bu ölkənin ən böyük enerji təchizatçısı olan SPP şirkəti istehlakçılarını məsələnin həlli ilə məşğul olduğuna əmin etməyə tələsib. “SPP qazın Ukrayna ərazisindən nəqlinin uzunmüddətli əsasda davam etdirilməsini dəstəkləyir, çünki bu, müştərilərimiz üçün ən səmərəli iqtisadi həldir. Lakin şərq xətti ilə qaz təchizatının dayandırılması riskinin yüksək olması ilə əlaqədar olaraq biz istənilən vəziyyətdə iri sənaye istehlakçılarından tutmuş əhaliyə qədər istehlakçılarımıza təhlükəsiz qaz təchizatını təmin etmək üçün tədbirlər görürük”, - şirkətin baş direktoru Voytex Ferents bildirib.

Bu arada, SPP-nin məlumatına görə, şirkət artıq BP, “ExxonMobil”, “Shell”, ENI və RWE ilə Rusiyadan başqa digər mənbələrdən çevik həcm və müddətlərlə qaz alışı üzrə biznes müqavilələri bağlayıb. Bunların sayəsində SPP müştərilərinin cari tələbatının 150%-nə qədər qaz həcmi ala bilər.

Ukrayna vasitəsilə qaz nəqlinin tam dayandırılması halında şirkət 2025-ci ilin sonuna və sonrakı illər üçün təchizatın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görməyi planlaşdırır. Bu tədbirlərdən biri Azərbaycandan uzunmüddətli qaz müqaviləsi ola bilər. Bu nəticə SPP-nin 2024-cü il noyabrın 12-də SOCAR ilə qısamüddətli müqavilə imzalanmasından sonra verdiyi bəyanatdan irəli gəlir. Açıq mənbələrdən verilən məlumata görə, söhbət dekabr ayı ərzində artıq başlanılmış tədarüklərdən gedir.

“SOCAR ilə əməkdaşlığın uğurlu qiymətləndirilməsindən sonra SPP daha uzunmüddətli müqavilə imzalamaq imkanını nəzərdən keçirəcək. Bu razılaşma Ukrayna tranzit marşrutu üzrə təchizatın pozulması riskinin yüksək olduğu şəraitdə ölkənin enerji təhlükəsizliyini təmin edəcək uzunmüddətli tərəfdaşlıq üçün imkanlar açır”, - şirkətin bəyanatında qeyd olunub.

 

Sintetik qaz

Beləliklə, Avropada Azərbaycandan qaz ala bilən ölkələrin sayı 10-a çatıb. İtaliya, Yunanıstan və Bolqarıstan sabit həcmlərlə uzunmüddətli müqavilələr əsasında, digərləri isə çevik şərtlərlə. Türkiyə və Gürcüstanı da əlavə etsək, artıq 12 olur. 2024-cü ildə Azərbaycan qazının ümumi ixracının 25 milyard kubmetr səviyyəsində olacağı proqnozlaşdırılır və bunun da yarısı Avropaya tədarük ediləcək.

Skeptiklər ölkənin öhdəliklərini yerinə yetirmək imkanları ilə bağlı şübhəli yanaşa bilərlər - guya resurslar kifayət deyil, həcmlər Rusiya qazını əvəz etmək üçün kiçikdir, halbuki belə bir məqsəd də olmayıb. “S&P” reytinq agentliyinin son proqnozlarına görə, Azərbaycan sabit qaz ixracı üçün kifayət qədər resurslara malikdir və gələn il hasilat həcmlərinin daha da artması gözlənilir və bu da mövcud müqavilələrin yerinə yetirilməsini, təchizatın genişləndirilməsi imkanını təmin edəcək.

Agentlik Azərbaycanda kommersiya qaz hasilatının ildə 36-37 milyard kubmetr səviyyəsində sabitləşəcəyini gözləyir. “S&P” analitikləri uzunmüddətli perspektivdə Azərbaycanda qaz hasilatının genişləndirilməsinə töhfə verə biləcək bir neçə layihəni qeyd edirlər. Bunlar “Abşeron” yatağının ikinci mərhələsi, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin qatlarından hasilat, “Ümid”, “Babək” və “Qarabağ” yataqlarının işlənilməsidir. “Bu layihələr planlaşdırma mərhələsindədir və hasilatın başlanılması üçün bir neçə il tələb olunacaq (hər bir halda reallaşdırma qərarının qəbul edilməsi şərtilə)”, - məlumatda vurğulanıb.

Sintetik qazın (e-NG) istehsalı da bu layihələrə yaxşı əlavə ola bilər. Adından göründüyü kimi, bu qaz sudan çıxarılan hidrogeni ya atmosferdən, ya da sənaye tullantılarından alınan karbon dioksidlə birləşdirərək sintetik yolla əldə edilir. Bu sintezin son məhsulu təbii qazın əsas komponenti olan metandır ki, bu da həlli ekoloji cəhətdən təmiz edir və onu mövcud qaz infrastrukturuna asanlıqla inteqrasiya etməyə imkan verir.

Sintetik qaz mühüm və ekoloji cəhətdən təmiz enerji mənbəyinə çevrilə bilər. Görünür, bu məhsulun perspektivliyi SOCAR-ı Azərbaycanda e-NG istehsalı layihəsinin işlənib hazırlanması məqsədilə qlobal “yaşıl enerji” şirkəti olan “Tree Energy Solutions” (TES) ilə Birgə Tədqiqat Sazişi (Joint Study Agreement, JSA) imzalamağa sövq edib.

Gözlənilir ki, bu sənəd şirkətlərə regionda TES upstream modullarının qabaqcıl texnologiyasının tətbiqinin texniki, iqtisadi və kommersiya imkanlarını qiymətləndirməyə imkan verəcək. Tədqiqatda layihə parametrləri təsvir ediləcək və onun həyat qabiliyyəti və “yaşıl enerji” infrastrukturunun inkişafı, iş yerlərinin yaradılması və ətraf mühitə təsir də daxil olmaqla region üçün üstünlükləri nəzərdən keçiriləcək.

“Azərbaycan strateji mövqeyi və SOCAR-ın energetika sahəsindəki təcrübəsi ilə e-NG istehsalının işlənib hazırlanması və miqyasının artırılması üçün ideal şərait təklif edir. Azərbaycanda istehsal olunan e-NG Cənub Qaz Dəhlizi kimi mövcud qaz şəbəkəsi infrastrukturu vasitəsilə Avropaya çatdırıla bilər”, - TES-in məlumatında qeyd edilib.

Beləliklə, sintetik qazın gələcəyin yeni ixrac məhsuluna çevrilmək şansı var. Doğrudur, onun geniş tətbiqi üçün infrastruktur və texnologiyalara əhəmiyyətli investisiyalar tələb olunur, lakin perspektivdə o, təbii qazın tam alternativinə çevrilə bilər.

Hələ ki, Azərbaycan həm regionda, həm də onun hüdudlarından kənarda mövcud ehtiyacları ödəmək üçün kifayət qədər ənənəvi enerji mənbələrinə malikdir.



MƏSLƏHƏT GÖR:

18