26 Fevral 2025

Çərşənbə, 04:21

“QARABAĞ”dan “SEVİLYA”ya

Ağdam klubunun hücumçusu İspaniyanın məşhur komandasına transfer oluna bilər

Müəllif:

01.01.2025

Azərbaycan futbolu önəmli tarixi transfer ərəfəsindədir. Son illərin məğlubedilməz ölkə çempionu “Qarabağ”ın futbolçusu Olavio Juninyo gözlənilmədən böyük beşlik ölkələrindən birində çıxış edə bilər. Söhbət xüsusilə İspaniya La Liqasında mübarizə aparan “Sevilya” klubundan gedir.

 

Sevilyaya gedən uzun yol

Karyerasına 2014-cü ildə, yetirməsi olduğu Braziliyanın “Atletiko Paranaense” klubunda başlayan braziliyalı legioner bir il sonra ölkəsinin C seriyasında yarışan “Quaraçengeta” klubuna icarəyə verilib. 2016-cı ildə Olavio Juninyo icarədən qayıtdıqdan sonra təkrar icarəyə göndərilir. Futbolçunun yeni klubu Portuqaliya Sequnda Liqasında yarışan “Porçimonense” klubu olub. Bu klub futbolçunun karyerasında ilk Avropa klubu kimi yadda qalır. Sonralar futbolçu Braziliyada “Novurizontino”, “Fiqeyrense”, “Vila Nova” komandalarına icarəyə verilir, ancaq onların heç birində möhkəmlənə bilmir.

2019-cu ildə Olavio ikinci dəfə Avropadan dəvət alır. Portuqaliya Sequnda Liqasında yarışan “Eştroil” klubu futbolçunu 1 illik icarəyə götürür. Burada meydana çıxdığı 26 oyunda 6 qol vurur. Mövsüm sonunda icarə müddəti başa çatdıqdan sonra “Atletiko Paranaense” klubuna qayıdır. 2020-ci ildə futbolçu Portuqaliyanın “Şaviş” klubuna transfer edilir və klubla 4 illik müqavilə imzalayır. Nəhayət 2023-cü il iyunun 25-də futbolçu Ağdam klubunun menecerləri tərəfindən bəyənilir və transferinə başlanılır. Qısa müddətdə “Qarabağ” klubuna transfer olunduğu rəsmən elan edilir və Ağdam klubu 450 min avro təzminat ödəyir. Juninyo yeni klubu ilə 3 illik müqavilə imzalayır. Əvvəlki klublarında əsasən sağ cinah vingeri kimi oynayan Juninyo “Qarabağ”da əsasən mərkəz hücumçusu kimi oynamağa başlayır.

Olavio Juninyonun “Qarabağ”ın heyətində debüt oyunu, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutmuş “Qarabağ”-“Rakuv” oyununda baş tutur. Ötən avrokubok mövsümü Juninyo Ağdam klubunun əsas simasına çevrilir. Avropa Liqasında Portuqaliyanın “Braqa” və “Bayer Leverkuzen” komandalarına qarşı möhtəşəm oyunu Olavio Juninyonu azarkeşlərin sevimlisinə çevrilir. Təsadüfi deyil ki,  futbolçu Azərbaycan çempionatında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu kimi mükafat qazanır.

Payızda Ağdam klubuna İspaniyanın “Sevilya” klubundan rəsmi dəvət gəlir. İspanlar Juninyo üçün əvvəlcə 2-3 milyon avro, daha sonra isə 3,5 milyon avro təklif etməklə “Qarabağ”dan müsbət cavab gözləyir. Azərbaycan çempionu isə öz şərtlərini təqdim etməklə “Sevilya”ya Juninyonun transferinin göründüyü kimi asan olmayacağını bildirir.

 

Böyük itki

Qeyd etmək lazımdır ki, Juninyo qışda “Qarabağ”ı tərk edərsə, bu, Ağdam klubu üçün böyük itki olacaq. Yanvarda Avropa Liqasında iki oyunu olacaq “Qarabağ” braziliyalı futbolçunun yerini doldurmaqda çətinlik çəkəcək. Səbəb isə qışda daha səviyyəli futbolçuların azad agent statusuna malik olmamasıdır. Belə halda Ağdam klubu daha çox zaman və maliyyə xərcləməli olacaq. Məhz buna görə “Qarabağ” transferin yaz-yay aylarında baş tutmasına çalışır. Amma təqdim etdiyi şərtlərə uyğun olmaqla.

İlk növbədə, “Qarabağ” futbolçusunun İspaniya klubunun maraq dairəsinə düşməsini müsbət məqam kimi qiymətləndirməliyik. Dünyanın aparıcı çempionatlarından olan La Liqa klubu uzun müddət futbolçunun oyununu və “Qarabağ”ın çıxışlarını izləyib. Son illər İspaniya klublarından heç biri transferlə bağlı təmsilçilərimizə müraciət etməyib və Juninyonun keçidi alınacağı təqdirdə, Azərbaycan futboluna diqqətin artacağını düşünmək olar. Digər tərəfdən Ağdam klubu futbolçunu daha baha satmağa çalışır.

Olavio Juninyonun “Sevilya”dan gələn təklifə münasibəti qısa olub: “Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil. Belə klubdan təklif almaq hər zaman maraqlı görünür”.

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov da Juninyonun “Sevilya”dan gələn dəvətə sevindiyini bildirib: “Hər bir futbolçu üçün belə klubdan dəvət almaq sevinclidir. Juninyo özü də dedi ki, rahat yata bilmir. Yəqin fikirlərinə təsir edib. Məsələ ilə bağlı iki klub arasında danışıqlar olduğundan əlavə məlumat vermək düzgün deyil”.

Maraq üçün qeyd edək ki, Azərbaycan klublarında çıxış edən futbolçulara Avropa ölkələrindən nadir hallarda maraq göstərilir. “Qarabağ” sonuncu dəfə ötən ilin yayında əsas oyunçusu Kadi Borgesi Rusiyanın “Krasnodar” klubuna satmaqda gündəm olmuşdu. Həmin transferə görə Ağdam klubu 5 milyon ABŞ dolları qazanc əldə etdi.

Juninyonun yüksək oyun keyfiyyətlərinə malik olması sirr deyil. 28 yaşlı braziliyalının “Sevilya”ya transferini ürəkdən arzulaması da artıq məlumdur. La Liqada çıxış etməklə “Real” və “Barselona” kimi nəhənglərə qarşı mübarizə aparacaq Olavio Juninyo gedişi ilə “Qarabağ”a pul qazandırmaq istəyir. Bu halda Juninyonun transferinin 2025-ci ilin ilk ayında rəsmiləşəcəyini proqnozlaşdırmaq olar.

Yeri gəlmişkən, qeyd edək ki, Olavio Juninyo ilə təkcə “Sevilya” klubu maraqlanmır. Serbiyanın “Srvena Zvezda” və Bolqarıstanın bir klubu da Juninyonu transfer etməkdə maraqlıdır.


MƏSLƏHƏT GÖR:

36