26 Fevral 2025

Çərşənbə, 04:41

NAİLİYYƏTLƏR İLİ

Azərbaycan idmançıları yeni medal rekordu müəyyənləşdiriblər

Müəllif:

01.01.2025

Dekabrın 24-də Bakıda 2024-cü ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilib. Mərasimdə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev iştirak edib. Dövlət başçısı ötən il qazanılan uğurlar münasibətilə Azərbaycan idmançılarını təbrik edib: “İlk növbədə, Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik etmək istəyirəm. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”. Sonra Azərbaycanda idmanın inkişafında xidmətləri olan idmançıların və idman mütəxəssislərinin mükafatlandırılması mərasimi keçirilib.

Həqiqətən, 2024-cü il Azərbaycan idmanı və idmançıları üçün uğurlu olub. İdmançılar mötəbər yarışlarda ölkəni layiqincə təmsil edib, Vətənə mükafatlarla qayıdıblar.

2024-cü il ərzində ölkəmizdə idman infrastrukturunun möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə Qafqazın ən böyük idman mərkəzi - Gəncə İdman Sarayının açılışı olub. Bundan başqa, Gəncə şəhər stadionunun  və Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub.

Ötən il bir sıra idman mərkəzləri də istifadəyə verilib. Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakının Türkan qəsəbəsində idman zalı istifadəyə verilib. Universal idman zalında oyun idman növləri üzrə yarış və məşqlərin, eləcə də digər zallarda güləş, cüdo, taekvondo, boks, karate, aerobika gimnastikası məşqlərinin keçirilməsi üçün şərait yaradılıb. Bundan başqa, Beynəlxalq Cüdo Federasiyası Akademiyasının regional mərkəzi Bakıda açılıb. Bu ilin əlamətdar hadisələrindən biri də Azərbaycanın iki idman kompleksinin - Milli Gimnastika Arenası və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin Rusiyada təşkil edilən ən yaxşı idman qurğuları müsabiqəsində fərqlənməsi olub.

 

Ən yaxşı idmançılar

İl ərzində Azərbaycan idmançıları beynəlxalq yarışlarda uğurla çıxış ediblər. Yunan-Roma güləşçilərimiz Murad Məmmədov, Nihad Məmmədli, Həsrət Cəfərov, həmçinin qadın güləşçilərimiz Mariya Stadnik və Alyona Kolesnik Avropa çempionu adını qazanıblar. Yunan-Roma güləşi üzrə yığma komandamız medalların əyarına görə (3 qızıl, 2 gümüş və 1 bürünc) Avropa çempionatları tarixində özünün ən yaxşı nəticəsinə imza ataraq ilk dəfə bir qitə birinciliyində 3 qızıl medal qazanıb. Dünya çempionatında isə Nihad Məmmədli, Eldəniz Əzizli və Ülvi Qənizadə fərqlənərək dördüncü dəfə qızıl medala layiq görülüblər. İdman tariximizdə ilk dəfə olaraq 23 yaşadək idmançılar arasında dünya çempionatının qalibi qadın güləşçi Jalə Əliyeva olub.

Digər nailiyyətlər arasında İmran Qarayevin yeniyetmələr arasında atıcılıq üzrə dünya çempionatında qızıl medalını, Nikita Simonovun FIG idman gimnastikası üzrə “Challenge” Dünya Kubokunda qızıl medallarını və cüdoçu Zelim Kotsoyevin “Böyük Dəbilqə” turnirində qızıl medallarını qeyd etmək olar.

Daha bir möhtəşəm xəbər isə 12 ildən sonra ağırlıqqaldırma idman növündən gəlib. Həm təkanla, həm birdən qaldırmada, həm də iki hərəkətin cəmində bütün rəqiblərindən güclü olan idmançımız Dadaş Dadaşbəyli 3 qızıl medalla Avropa çempionluğuna yüksəlib. İdman gimnastımız Nikita Simonov Almaniyada keçirilən Dünya Kubokunda qızıl medal qazanıb. Digər idmançımız Mixail Malkin isə Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qalibi olub. Mixail Malkin 2023-cü il üçün Avropanın ən yaxşı gimnastı, məşqçisi Adil Hüseynzadə isə qitənin ən yaxşı məşqçisi seçilib.

Ölkəmiz Tatarıstanın paytaxtı Kazan şəhərində “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunlarında 11 idman növündən 97 nəfər idmançı ilə təmsil olunub. Bu yarışda 4 qızıl, 9 gümüş və 21 bürünc medal qazanılıb. Saxa Respublikasının Yakutsk şəhərində keçirilən “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında isə 16 növ üzrə 81 idmançı ilə təmsil olunduq. Azərbaycan idmançıları oyunlarda uğurla çıxış edərək 6 qızıl, 10 gümüş və 20 bürünc olmaqla, ümumilikdə 36 medal əldə ediblər.

Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında Azərbaycan ilk dəfə böyük nümayəndə heyəti ilə çıxış edib. Gimnaziadada 160 nəfər idmançı ilə 16 idman növündə iştirak edən ölkəmiz 23-ü qızıl, 26-sı gümüş və 28-i bürünc olmaqla, ümumilikdə 77 medal qazandı, ölkəmiz ümumi ölkələr sıralamasında 7-ci yeri tutub. Bədii və aerobika gimnastikası, boks, güləş, taekvondo, qılıncoynatma, cüdo, paracüdo və paraüzgüçülük növlərində medallar qazanılıb.

Akrobatika gimnastları da uğurlu çıxışları və tarixi nailiyyətləri ilə fərqləniblər. Portuqaliyada keçirilən dünya çempionatında akrobatlarımız 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmaqla ümumi medal sıralamasında 3-cü olublar. Akrobatika gimnastikası tarixində ilk dəfə olaraq qarışıq cütlüyümüz balans və qarışıq hərəkətlərdə qızıl, komanda hesabında gümüş medal qazanıb.

Şahmatda 2024-cü ilin ən böyük uğuru Ülviyyə Fətəliyevanın adı ilə bağlıdır. O, Avropa çempionatını qazanan ilk azərbaycanlı şahmatçı kimi tarixə düşüb.

Futbolda azarkeşləri yalnız “Qarabağ” sevindirib. Ağdam klubu tarixində ilk dəfə UEFA Avropa Liqasında 1/8 finala vəsiqə qazanıb. Bu mərhələdə o, qitənin ən güclü klublarından sayılan Leverkuzenin “Bayer” komandasına qarşı layiqli mübarizə aparmasına baxmayaraq, son dəqiqələrə buraxılan qollara görə yarışda iştirakını dayandırıb.

Komanda oyun idman növlərində də “Azərreyl”in çimərlik voleybolu üzrə klublararası Avropa Kubokunun qalibi olması, region komandası olan Mingəçevir “Kür”ünün kişi həndbolçular arasında Avropa Kubokunun 3-cü mərhələsinə yüksəlməsi də nailiyyətdir. Dünya birinciliyində gənc boksçularımızın uğurlu çıxışları da gələcəyə olan inamı möhkəmləndirib. Gənclərdən ibarət milli komandamız ilk dəfədir ki, yalnız bir dünya çempionatında 5 medal qazanmağı bacarıb. Bakıda keçirilən çövkən üzrə dünya çempionatında milli yığmamız dünya çempionu olub.

 

Olimpiya və Paralimpiya nailiyyətləri

İyulun 26-dan avqustun 11-dək Fransada keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarında 48 Azərbaycan idmançısı 15 idman növündə 17 proqram üzrə yarışıb. Cüdoçularımız Hidayət Heydərovla Zelim Kotsoyev qızıl, taekvondoçumuz Qaşım Maqomedovla boksçumuz Alfonso Dominges gümüş, güləşçilərimiz Həsrət Cəfərov, Georgi Meşvildişvili və Maqomedxan Maqomedov bürünc medal qazanıblar. Azərbaycan 2 qızıl, 2 gümüş, 3 bürünc medalla 204 ölkə arasında 30-cu olmaqla yeni Olimpiya rekordumuza nail olub. Azərbaycan Avropa ölkələri arasında 18-ci, müsəlman ölkələri arasında 3-cü yeri tutdu. Qeyd edək ki, cüdoçular Hidayət Heydərov ilə Zelim Kotsoyev 2024-cü ildə Avropa, dünya çempionu olmaqla yanaşı, həm də olimpiadada qələbə qazanıb və bununla unikal nəticə əldə ediblər.

Azərbaycan 2024-cü il avqustun 28-dən sentyabrın 8-dək Parisdə keçirilən XVII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə təmsil olunub. Ölkəmiz bu Paralimpiya Oyunlarında 11 medal (4 qızıl, 2 gümüş və 5 bürünc) qazanıb. Medal sıralamasında Qafqaz ölkələri arasında 1-ci, türkdilli ölkələr arasında 3-cü, postsovet ölkələri arasında 3-cü, müsəlman ölkələri arasında 6-cı, ümumilikdə 169 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

Azərbaycan idmançıları il ərzində Avropa və dünya çempionatları, kubok yarışları, digər rəsmi beynəlxalq turnirlərdə ümumilikdə 1683 medal qazanıblar. Bunlardan 651-i qızıl, 454-ü gümüş, 578-i bürünc medallardır. O cümlədən qeyri-olimpiya idman növlərindən 843 medal qazanılıb ki, bunlardan 405 qızıl, 207 gümüş, 231 bürünc medallardır.

Azərbaycan paralimpiyaçıları isə il ərzində 25 beynəlxalq yarışda istirak edib və ümumilikdə müxtəlif idman növləri üzrə 37 medal (12 qızıl, 16 gümüş, 9 bürünc) qazanıblar.



MƏSLƏHƏT GÖR:

36