4 Mart 2025

Çərşənbə axşamı, 02:48

TARİX VƏ MACƏRA ADASI (II hissə)

Xarabalıqlardan çimərliklərə: Malta nə ilə təəccübləndirəcək?

Müəllif:

01.01.2025

Malta parlaq mədəni tədbirləri ilə məşhurdur. Hər il burada çoxsaylı karnavallar, musiqi festivalları və dini bayramlar keçirilir. Xüsusilə fevralda keçirilən Malta karnavalı parlaq paradlar, ənənəvi geyimlər və küçə tamaşaları ilə məşhurdur. Bu, yerli sakinlərin ənənələrinə və mədəniyyətinə necə hörmət etdiklərini görmək üçün əla fürsətdir.

Ada həmişə gözəl mənzərələri və tarixi yerləri sayəsində bir çox kinorejissorları cəlb edib. Məsələn, 2003-cü ildə burada “Troya” epik dramı çəkilib və Malta qədim yunan mənzərələrinin yaradılması üçün istifadə olunub. “Harri Potter və Feniks Ordeni” (2007) filminin bəzi səhnələri də burada çəkilib. Buraya xüsusilə, sehrbazlıq məktəbi və filmə lazımi atmosfer qatan bir neçə başqa məkan daxildir.

Adada Rassel Krounun iştirakı ilə məşhur “Qladiator” filminin çəkilişləri də aparılıb. Qədim paytaxt Mdinada və dövrü əks etdirmək üçün digər gözəl yerlərdə çəkilmiş kadrlar var. Malta bu epik filmin əsas məkanlarından birinə çevrilib. Adada agent 007-nin “Kazino Royal” macəralarının, daha dəqiq desək, Venesiya səhnələri ilə bağlı fraqmentlərin çəkilişləri də aparılıb. Bundan başqa, burada Britaniya elmi-fantastik “Doktor Kim” və digər məşhur seriallar çəkilib. Son 10 ildə Maltaya marağın kəskin artmasına səbəb olan ən məşhur serial isə ABŞ-nin “Taxt-tac oyunları” (2011-2019) serialı olub. Burada Valettadakı qala və Böyük Magistrin Sarayı (Daxili Saray) göstərilib. Qədim Mdina şəhəri isə Kral Limanı və Dorn kimi yerlərin dekorasiyalarının yaradılması üçün istifadə olunub. Mdinanın dar küçələri və tarixi memarlığı orta əsr ab-havasının yaradılması üçün mükəmməl şəkildə uyğun gəlib.

Bu yerlər bu gün təkcə kinorejissorları deyil, həm də sevimli kino kadrlarını real həyatda görmək istəyən turistləri cəlb edir.

 

Qədim paytaxt - Mdinada

“Sakit paytaxt” kimi tanınan Mdina eramızdan əvvəl 700-cü ildə finikiyalıların əsasını qoyduğu qədim şəhərdir. O, mühüm inzibati və mədəni mərkəzə çevrilib və orta əsrlərdə Maltanın paytaxtı olub. Şəhər qala divarları ilə əhatə olunub və bura orta əsr memarlığının gözəl nümunəsidir. XIII əsrdə Mdina Müqəddəs İoann Cəngavərlərinin iqamətgahı olub və o vaxtdan bəri onun görünüşü çox da dəyişməyib. Buna görə də o, açıq səma altında əsl muzeyə çevrilib.

Qəribə səslənsə də, Mdinaya əsas giriş qapıları qonaqları İşgəncə Muzeyi (“Dungeons museum”) ilə qarşılayır. Bu müəssisə birbaşa qala qapılarının altında - vaxtilə həqiqətən də əsl həbsxananın fəaliyyət göstərdiyi yeraltı məkanda yerləşir. Bir zamanlar buradakı kameralarda məhbuslar işgəncə edilib və edam olunublar. Ziyarətçilər 5 avroya təkcə orta əsrlərin müxtəlif dövrlərinin işgəncə alətlərini görməyəcək, həm də realistik mum fiqurlar sayəsində baş vermiş dəhşətli səhnələri seyr etmək imkanı əldə edirlər.

Mdinadakı yerli zadəganların bəzi sarayları hazırda muzey kimi fəaliyyət göstərir. Belə ki, Vilena sarayında Təbiət Tarixi Muzeyi (National Museum of Natural History, 5 avro) yerləşir. Malta qubernatorlarının tarixi iqamətgahında Hospitalyerlər Ordeninin tarixinə həsr olunmuş Cəngavərlər Muzeyi (The Knights Of Malta, 6,50 avro) yerləşir. Digər saraylarda sərgilər və nümayişlər təşkil olunur. Falson sarayı (10 avro) da muzey kimi fəaliyyət göstərir. Konstanso sarayının yaxınlığında “Orta əsr dövrləri” (Medieval Times, 5 avro) panoptikonuna daxil ola biləcəyiniz kafe var. Burada orta əsrlərdəki Maltadakı həyatı göstərən film və mum fiqurlarının kiçik sərgisinə baxa bilərsiniz. Mdinada hətta unikal, qədim oyuncaq və oyun kolleksiyası olan Oyuncaq Muzeyi var.

Bununla belə, şəhərin ən əhəmiyyətli görməli yerlərindən biri Müqəddəs Pavel Kafedral Kilsəsi və onun nəzdindəki muzeydir (5 avro). Barokko üslubunda inşa edilmiş bu möhtəşəm kilsənin tarixi XVII əsrə uzanır. Onun interyeri qızılla zəngindir və tavanı isə gözəl freskalarla bəzədilib.

Mdinanın memarlıq üslubu müxtəlifdir. Burada ərəb, norman və Aralıq dənizi təsirlərinin qarışığı ilə barokko elementləri qabarıq şəkildə ifadə olunub. Dar küçələr, açıq rəngli daşdan tikilmiş qədim binalar və gözəl meydanlar təkrarolunmaz atmosfer yaradır. Mdinaya səfər keçmişə səyahətdir, burada hər künc tarixlə nəfəs alır. Mərkəzi hissədəki görməli yerləri faytonda gəzə bilərsiniz. Qala divarları boyunca gəzinti isə ətraf ərazilərə və sahilə möhtəşəm mənzərələr bəxş edəcək. Şəhər xüsusilə axşam vaxtı, yəni küçələr fənərlərin işığı ilə işıqlandırılanda gözəldir. Hətta bəzən sizə elə gələcək ki, İçərişəhərdə - Bakı küçələrində gəzirsiniz.

Mdinada çoxlu rahat kafe və restoranlar var. Eyni zamanda, qiymətlər kifayət qədər münasibdir.

Paytaxt Valetta və Slimadan Mdinaya 51, 52, 53 və 56 nömrəli avtobuslarla (2,5 avro) getmək olar. Onlar arasındakı interval 10-15 dəqiqədir və səfərin müddəti təxminən 50 dəqiqədir. Daha sürətli variant 20-25 dəqiqəyə sizi yerə çatdıracaq taksidir (15-25 avro).

Mdina elə bir yerdir ki, burada zamanın dayandığı və şəhərin hər küncünün öz hekayəsini danışdığı hiss olunur. Bu, Maltaya səyahət edən hər kəs üçün mütləq dayanacaqdır!

 

Kulinariya təamları

Malta mətbəxi Aralıq dənizi və Şimali Afrika təsirlərinin heyrətamiz vəhdətidir. Mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən Malta Aralıq dənizi, ərəb və italyan ənənələrini özündə cəmləşdirən unikal mətbəx təklif edir. Malta qastronomiyası turistləri yeməklərin müxtəlifliyi, təzə inqrediyentləri və zəngin dadları ilə cəlb edir.

Bütün turistlərə təklif olunan ən məşhur yeməklərdən biri fenkatadır (Fenkata). Bu, adətən kartof və tərəvəzlə verilən dovşan raqusudur. Ət, kartof və tərəvəz ilə Azərbaycan sousunu xatırladan yeməkdir.

Maltanın kulinariya vizit kartı isə pastizzi (Pastizzi) hesab olunur. Bu, rikotta pendiri və ya noxudla hazırlanan xırtıldayan və təzə qatlı xəmirdən hazırlanan piroqlardır. Halbuki indi hər yerdə digər əlavələrlə - pendir, kartof, ətlə pastizzi satılır. Onlar (ədədi 0,5 avrodan) pastizzeriyalarda - hər şəhərcik və ya kənddə təzə çörək-bulka məmulatları olan kiçik mağazalarda satılır və təkcə turistləri deyil, öz sakinlərini də ətri ilə cəlb edir. Slima şəhərindəki hotelimizə turistlərə hətta ən yaxşı pastizzinin qiymətləri və satış yerləri göstərilən broşürlər verilirdi. Yerli sakinlər sərin günlərdə pastizzini isti şirin süd çayı ilə, isti yay günlərində isə acı portağaldan hazırlanan və yalnız Maltada satılan ənənəvi Malta limonadı “Kinny” ilə içirlər.

Ada dəniz məhsullarının müxtəlifliyi ilə məşhurdur. Balıq, istridyə, kalmar və krevetlər əsas yeməklər hesab olunur. Məşhur yeməklərdən biri italyan frittatasıdır: tərəvəz, balıq və dəniz məhsulları ilə omlet, üstünə bol-bol rəndələnmiş pendir səpilir və sobada bişirilir. İtalyan təsiri isə makaron və rizottodan istifadədə özünü göstərir. Tortilloni (makaron) və ya pakkeri (pasta) tez-tez dəniz məhsulları sousları və ya tərəvəzlərlə verilir. Restoranlarda tez-tez menyuya bracioli - ət ruletləri də daxil edilir: içi doldurulmuş ət, düyü və ədviyyatlar pomidor sousunda bişirilir.

Burada lampuki pay (Lampuki Pie) balıq piroqu, bir az qoyun və ya keçi pendiri olan cbejnа (Gbejnа) əlavə edilmiş “dul qadın şorbası”, həmçinin bigilla (Bigilla) - sarımsaqlı yem paxlası paşteti dadmaq məsləhət görülür. Nahar üçün ənənəvi qəlyanaltı yerli “hobz biz-zejt” çörəyidir. Bu, zeytun yağına batırılmış, yetişmiş pomidorla sürtülmüş və üstündə ton balığı, soğan, sarımsaq, pomidor və kaperslərlə olan çörəkdir.

Qonşu İtaliyadan fərqli olaraq Maltada çoxlu türk restoranları var. Lakin qiymətlər Avropadakı digər türk restoranlarındakı kimi münasib deyil. Məsələn, mərcimək şorbası 7,50 avro, boşqabda dönər-kəbab - 11, düyü ilə toyuq - 10, çayla sütlaç - 6, şiş-kəbab isə 13-14 avrodur.

Burada desertlər də diqqətəlayiqdir. Ən məşhurlardan biri olan kannoli italyan (daha dəqiq desək, Siciliya) desertidir: şirin rikotta ilə doldurulmuş və tez-tez qoz-fındıq və ya şokoladla bəzədilmiş xəmir “truboçkalar”ı.

 

İsti mövsümün “isti qiymətlər”i

Hər il Maltaya 2-3 milyon turist səfər edir və bu, belə kompakt ada-ölkə üçün heç də kiçik rəqəm deyil. Müvafiq olaraq qonaqlar üçün burada yaşayış yeri seçimi müxtəlifdir: lüks hotellərdən tutmuş rahat apartamentlər və hostellərə qədər.

Reklam bukletlərində adətən yazılır ki, Maltada müxtəlif ehtiyacları və büdcələri təmin edən geniş hotel spektri təqdim olunur. Bununla belə, qiymətləri Aralıq dənizi regionunun qonşu ölkələri ilə müqayisə edərkən hotellərin bronlaşdırılması zamanı bahalılıqla qarşılaşacaqsınız. Bu, xüsusilə may ayından sentyabr-oktyabr aylarına qədər davam edən yay mövsümündə nəzərə çarpır. Bu dövrdə hava kifayət qədər isti olur ki, bu da kurort və çimərlik istirahəti həvəskarlarını cəlb edir.

Bir çox lüks hotellər Sliema və Valletta kimi böyük kurort zonalarında cəmləşib. Burada yüksək səviyyəli xidmət, SPA, restoranlar və hovuzları olan beşulduzlu hotellər var. Qiymətlər adətən mövsüm və xidmət səviyyəsindən asılı olaraq, bir gecə üçün 250-500 avro arasında dəyişir, lakin daha yüksək də ola bilər.

Orta sinif üçün nəzərdə tutulmuş dördulduzlu hotellər və butiklər daha əlverişli variantlar təklif edir: bir gecə üçün 140-350 avro. Burada yaxşı şəraiti olan və çox vaxt səhər yeməyinin daxil olduğu rahat otaqlar tapa bilərsiniz.

Büdcəli hotellər və apartamentlər (səhər yeməyi daxil deyil) yay aylarında tez-tez 90-150 avro, hostellər isə 40-80 avro arasında variantlar təklif edir. Bu, gənclər və tək səyahət edənlər üçün əla seçimdir.

Maltada mənzil kirayəsi turistlər arasında çox populyardır. Bu, adanın ab-havasını hiss etməyə və daha çox azadlıqdan həzz almağa imkan verir. Paytaxt Valettada mənzil kirayəsi bir gecə üçün 100-200 avro arasında ola bilər. Məkandan və şəraitdən asılı olaraq, qiymət dəyişə bilər. Çoxsaylı apartamentlər dənizə gözəl mənzərə və tarixi yerlərə rahat giriş təklif edir. Sliema və Senqleada mənzillər təxminən bir gecə üçün 150 avroya başa gələcək. Sliema xüsusilə mağazaları və restoranları, həmçinin paytaxta və hava limanına yaxınlığı ilə turistlər arasında məşhurdur.

Mdina və Rabatda mənzillər daha ucuzdur. Belə ki, bu tarixi şəhərlərdə qiymətlər bir gecə üçün 60-120 avro arasındadır. Burada qədim küçələrin atmosferindən və daha az turistik mühitdən həzz almaq olar. Melliha və ya Qolden-Bey kimi kurortlarda isə mənzil kirayəsi 70-200 avro arasında dəyişir. Burada qiymətlər çimərliyə yaxınlıqdan və rahatlıq səviyyəsindən asılıdır.

Turistin yadda saxlamalı olduğu əsas məqam isə budur: Maltada yaşayış qiymətləri mövsümdən asılıdır. “Pik” mövsümündə yüksək qiymətlərdən və yer çatışmazlığından qaçmaq üçün yaşayış yerini əvvəlcədən rezerv etmək daha yaxşıdır. Əgər səyahət büdcəsinin böyük hissəsini hotellərə xərcləmək istəmirsinizsə, turu payız-qış, yaz mövsümlərinə planlaşdırın.

Bir sözlə, Malta səyahət üçün unikal istiqamətdir, burada hər kəs özü üçün nəsə tapacaq. İstər zəngin tarixi irs, möhtəşəm təbiət mənzərələri, istərsə də kulinariya təamları və ya aktiv macəralar olsun. Bu ada unudulmaz istirahət üçün çoxlu imkanlar təklif edə bilər. Malta səyahəti sizə uzun illər qəlbinizi isidəcək parlaq təəssüratlar və xatirələr bəxş edəcək. Aralıq dənizinin bu heyrətamiz guşəsini kəşf etmək şansını qaçırmayın!



MƏSLƏHƏT GÖR:

41