15 Mart 2025

Şənbə, 00:26

ƏBƏDİYYƏT – BU, YALNIZ BAŞLANĞICDIR

Fərhad XUDİYEV: “Yaşadıqca yaradacaq, dirijorluq edəcək və mənə görə, dünyanı daha yaxşı edən şeyləri paylaşacağam”

Müəllif:

01.01.2025

Fərhad XUDİYEV Azərbaycan əsilli ABŞ-dən olan dirijor və bəstəkardır. O, Aşqabadda azərbaycanlı ailəsində doğulub. Burada onunla yanaşı daha iki istedadlı musiqiçi tərbiyə alıb. 15 yaşında Fərhad qardaşları - Emil və Eldar ilə birlikdə təhsil üçün ABŞ-yə köçməyə hazırlaşarkən gözlənilməz bir tələblə qarşılaşdı. Belə ki, ABŞ-nin Aşqabaddakı konsulu viza üçün müraciət edən gənc musiqiçilərin istedadını yoxlamaq qərarına gəldi. Yeniyetmələr konsulluğa alətləri ilə gəlib improvizə edilmiş konsert təşkil etdilər. Onların ifası oradakıları valeh etdi və vizaları təsdiqləndi. Bu parlaq epizod böyük bir yolun başlanğıcı oldu. Müxbirimiz maestro ilə video əlaqə vasitəsilə söhbətləşib.

 - Fərhad bəy, uşaqlıq dövrünüzdən başlamaq istərdim. Siz necə uşaq idiniz?

- Hər zaman balansı qoruyan uşaq olmuşam. Müəllimlər və dostlarla asanlıqla dil tapa bilirdim. Valideynlərim mənə müəllimlərimə hörmət etməyi və minnətdar olmağı öyrədirdilər. Onlar tez-tez deyirdilər: “Əgər problemin varsa, səbəbi özündə axtarmağa başla”. Bu sözlər məndə özünütənqidi və cavabları daxilimdə tapmaq qabiliyyətini inkişaf etdirməyə kömək edib. Amma uşaqlıq illəri təkcə təhsillə məhdudlaşmırdı. İki il boksla məşğul oldum, skripka ifa etdim. İdmanla incəsənət arasında, necə deyərlər, tarazlıqda idim. Bu təcrübə mənə harmoniyada olmağa imkan verdi. Bu, mənə çox kömək edən vacib həyat təcrübəsidir.

- Bəs hazırkı dövrdə övladlarınıza hansı dəyərləri aşılayırsınız?

- Mənim üçün uşaqlarda özünütənqid və özünəinam arasında vəhdəti öyrətmək vacibdir. Səhvlər etmək normal haldır. Əsas odur ki, onlar bunlardan dərs çıxarsınlar və irəli getsinlər. Uşaqlara öz nümunəmdə həyatın çətin anlarına təbəssümlə yanaşmağın mümkün olduğunu göstərməyə çalışıram. Bu, xoşbəxtliyin açarıdır.

- Siz inanılmaz dərəcədə zəngin yaradıcı ritmə maliksiniz. Sizi “tutmaq” mümkün deyil...

- Həqiqətən də, mənim kifayət qədər sıx qrafikim var, amma mən bundan ilham alıram. Məsələn, dekabrın 9-da Malerin Birinci Simfoniyasını – ciddi səy tələb edən böyük əsəri idarə etdim. Bundan dərhal sonra Vankuver Simfonik Orkestri ilə konsert üçün Vankuverə uçdum. Qardaşım Eldar Xudiyevin klarnet və orkestr üçün “Sirk” adlı əsərinin ifası xüsusi an oldu. Onu əfsanəvi amerikalı klassik klarnetçi və bədii rəhbər David Şifrin ifa etdi ki, onun ustalığı bu əsərə unikal çalar qatır.

- Sizinlə müsahibəmiz bir neçə dəfə təxirə salınıb, çünki siz daha bir vacib konsertə hazırlaşırdınız. Bu konsert necə keçib və hansı təəssüratlar yaradıb?

- Bu konsert mənim karyeramda mühüm mərhələ olub. O, Oreqon Yucinində (ABŞ) regionun ən yaxşı kollektivlərindən biri olan “Eugene Symphony” orkestri ilə keçirilib. Mənim üçün bu sadəcə çıxış deyil, dünyanın hər yerindən təxminən 180 dirijorun iştirak etdiyi musiqi direktoru vəzifəsi üçün müsabiqənin final mərhələsi idi.

Konsert özü Şimali Amerika yerli xalqlarının mədəniyyətindən ilhamlanan 2400 yerlik unikal bir zalda keçib ki, bu da hadisəyə xüsusi ab-hava qatıb. Konsert proqramı tale mövzusuna həsr olunmuşdu. Biz Cüzeppe Verdinin “Taleyin gücü” uvertürasını, Bethovenin İkinci fortepiano konsertini və Çaykovskinin Dördüncü simfoniyasını ifa etdik. Bu əsərlər tamaşaçılarda əks-səda doğuran vahid fəlsəfi hekayədə birləşdi. Bunu uzun müddət səngimək bilməyən coşqun alqışlardan hiss etməmək mümkün deyildi. 

Fərhad Xudiyev üçün zaman sadəcə dəqiqələrin ardıcıllığı deyil, emosiya və mənaları birləşdirən təməldir. 2008-ci ildə atasının vəfatı onu dəyişdi. Həyatın irəliləyişinin qavranılması daha dərin və mənalı oldu. Xudiyev bu yeni baxışı dirijorluğa köçürdü, səhnədəki hər dəqiqəni musiqi və tamaşaçılarla şüurlu qarşılıqlı əlaqəyə çevirdi. Onun üçün hər əsər dinləyicini emosiyalar, xatirələr və fəlsəfə vasitəsilə aparan bir xəritədir. 

- Konsertlər üçün repertuar yaratmağa necə yanaşırsınız?

- Bu, dərin və düşüncəli bir prosesdir. Mənim üçün musiqinin hər hansı hekayədən bəhs etməsi vacibdir. Hər bir işin öz enerjisi var və dirijorun vəzifəsi onları dinləyicini ovsunlayacaq vahid bir ipə düzməkdir. Məsələn, konsertlərin birində Qara Qarayevin “Yeddi gözəl”ini, Donald Qrantın “Baron Simitris Mambo”sunu və Stravinskinin “Alovquşu”nu birləşdirdim. Bu əsərlər arasındakı kontrast dinləyicilərə müxtəlif mədəniyyətlər və dövrlər arasındakı əlaqəni hiss etməyə imkan verdi.

- Proqramları tərtib etməyə yanaşmanız təkcə yaradıcı deyil, həm də dərin fəlsəfi mənaya malikdir. Bunun arxasında, aydındır ki, sizin musiqi, ədəbiyyat və bəstəkarların həyat tarixçəsinə şəxsi münasibətiniz dayanır.

- Məsələn, Qara Qarayev inanılmaz səmimi və saf bəstəkardır. Onun musiqisi sanki həqiqətlə nəfəs alır, bunu mən xüsusilə onun əsərlərinə dirijorluq edərkən hiss etdim. Mən Aşqabadda doğulmuşam və müəllimlərimdən biri Qara Qarayevin tələbəsi olmuş böyük türkmən bəstəkar Rəcəb Allayarov idi. O, Qarayev haqqında təkcə həyatda deyil, yaradıcılıqda da dürüstlük və səmimiyyəti əsas prinsip hesab edən insan kimi danışırdı. Bu sözlər qəlbimə dərindən həkk olundu.

Maraqlıdır ki, Qara Qarayev özü Stravinskiyə heyran idi. 1961-ci ildə hətta Los-Ancelesdə onunla görüşmüşdü və bu görüş onun həyatında ən əhəmiyyətli görüşlərdən biri olmuşdu. Əsərlər və onların yaradıcıları arasındakı bu qarşılıqlı əlaqələr proqrama dərinlik qatır və onu dinləyicilər üçün əsl səyahətə çevirir. 

Almaniyada nüfuzlu Georq Şolti adına müsabiqənin qalibi və ABŞ-də Artur Nikiş adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin qızıl medalçısı və “Bethoven-250” xüsusi mükafatı sahibi olan Fərhad Xudiyev təkcə virtuoz dirijor deyil, həm də mədəniyyət səfiridir. Onun “Dünyada sülh”ə həsr olunmuş “Əbədiyyətin səsləri” adlı orijinal əsəri muğam oxuma, ənənəvi rəqs və kamança, nağara kimi milli alətlərin qərb simfoniyası ilə necə üzvi şəkildə birləşə biləcəyinə nümunədir. Bu əsər onun musiqinin dünyanı birləşdirə bilməsi haqqında ismarışına çevrilib. 

- “Əbədiyyətin səsləri”. Oxucularımıza bu əsər haqqında məlumat verərdiniz...

- “Əbədiyyətin səsləri” sadəcə musiqi deyil, şəxsi dəyərlər və təcrübələrlə dolu həyat hekayəmdir. Onu ilk dəfə ifa edəndən sonra hiss etdim ki, həmişə demək istədiyimi dünyaya çatdırmışam. Həyatım Türkmənistanda, beynəlmiləlçiliyi və mədəniyyətə sevgini qiymətləndirən azərbaycanlı ailəsində başlayıb. Valideynlərimiz bizə müxtəlif ənənələrə hörmət etməyi öyrədib, lakin biz etnik köklərimizə bağlılığımızı dərindən qiymətləndirdik və dərk etdik. 15 yaşımda ABŞ-yə köçəndə beynəlxalq mühit Azərbaycan mədəniyyətinə olan sevgimi daha da gücləndirdi. “Əbədiyyətin səsləri” mənim üçün əziz olan iki dünyanı - 20 ildən çoxdur yaşadığım Qərb dünyası və özünəməxsus dərinliyi və gözəlliyi olan Azərbaycan mədəniyyətini birləşdirmək cəhdidir. İlham mənbəyi atamın bir vaxtlar ifa etdiyi musiqinin sözləri olub: “Xoşbəxtliyi necə tapmaq olar? Sevmək lazımdır - bütün sirr budur”. Bu sözlər kompozisiyanın qəlbi, onun fəlsəfəsi olub. Bu əsər mənim üçün dünyaya həqiqi xoşbəxtliyin sevgi və harmoniyada, bir-birimizi qəbul etməkdə olduğunu xatırlatmaq üsuludur.

- Səhnədə Ostin Texas Universitetinin simfonik orkestri və Alim Qasımov, Natiq Şirinov, İmamyar Həsənov və ABŞ-də yaşayan azərbaycanlı rəqqasə Ləman Hendriks kimi yaradıcı şəxsiyyətlərin çıxışı ilə heyrətamiz kontrast yaratdınız. Müxtəlif ölkələrdə olarkən konsertə necə hazırlaşdınız?

- Bu insanlar mənim üçün Azərbaycan mədəniyyətinin ən saf təzahürünün rəmzidir. Onların iştirakı mənim ideyamın həyata keçirilməsində mühüm addım idi. Konsertə hazırlıq çətin idi, çünki müxtəlif ölkələrdə idik. Çıxışdan bir neçə həftə əvvəl Alim Qasımovla ilk dəfə danışdım və bu görüş bizi dərhal eyni dalğaya köklədi. Alim Qasımov ideyanı böyük həvəslə qəbul etdi və əsərə inandı. Onun dəstəyi inanılmaz dərəcədə vacib idi. Musiqiçilər gələndən sonra hamımız bir evdə yerləşdik. Bu, heyrətamiz yaradıcı ab-hava idi: səhər Alimin oxuması ilə başlayırdı, musiqi hər yerdə səslənirdi və hər birimiz bu böyük ideyanın bir hissəsi idik.

Səhnədə əlaqəmiz aydın oldu. Alim Qasımov sevgi və xoşbəxtlik haqqında misraları ifa edəndə zal sanki donub qaldı. Bu, sadəcə ifa deyil, auditoriyanı birləşdirən əsl sehr idi. Qərb auditoriyası muğamın simfonik əsərə necə üzvi şəkildə toxunduğuna heyrətlənmişdi. Mənim üçün bu, musiqinin universal dil kimi mütləq qələbəsinə dair an idi.

- Qeyd etdiniz ki, “Əbədiyyətin səsləri” əsəri sizin həyat missiyanıza çevrilib. İndi yaradıcılığınızı nə yönləndirir?

- “Əbədiyyətin səsləri”ni tamamlayanda mənə elə gəlirdi ki, qəlbimdə yığılan hər şeyi artıq demişəm... Bu, tamamlanma hissi idi, amma zamanla başa düşdüm ki, bu, hələ başlanğıcdır. İndi dirijorluğa diqqət yetirirəm, çünki bu sənət özlüyündə yaradıcılıq üçün inanılmaz imkanlar yaradır. Lakin bir çox həmkarlarım əmindirlər ki, mən bəstəkarlıq işinə qayıdacağam. Bu, bəlkə də baş verəcək. Amma hələ ki, mənim üçün “Əbədiyyətin səsləri”nin səslənməyə davam etməsi vacibdir. Bu əsər mənim dünyaya ismarışıma çevrilib və mənim iştirakım olmasa belə, öz həyatını yaşayacağını bilməkdən məmnunam.

Həyat davam edir və hər gün yeni mənalar gətirir. Yaşadıqca yaradacaq, dirijorluq edəcək və mənə görə, dünyanı daha yaxşı edən şeyləri paylaşacağam. Və bəlkə bir gün musiqi vasitəsilə danışmaq istəyəcəyim başqa bir hekayə də olacaq.



MƏSLƏHƏT GÖR:

45