
İNKİŞAF EDƏN BLOK
Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin iqtisadi əməkdaşlığı təkcə regiona deyil, qlobal proseslərə də təsir göstərir
Müəllif: Nurlanə BÖYÜKAĞAQIZI
Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında təşkilata sədrlik Türkiyədən Azərbaycana keçib. Birlik 2019-cu ilin mayında Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin müvafiq işəgötürənlər təşkilatlarının, o cümlədən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis edilib. Onun məqsədi üzv ölkələr arasında mal və xidmət mübadiləsinə mane olan amilləri aradan qaldırmaqla regionda ticarət əməliyyatlarını asanlaşdırmaq üçün türk biznes icmasının səylərini birləşdirməkdir. Baş Assambleya çərçivəsində investisiya mühitinin inkişafına dəstək imkanları, həmçinin türk dövlətlərinin şirkətləri arasında yarana biləcək kommersiya mübahisələrinin həlli üçün qarşılıqlı əməkdaşlığın təmin edilməsi müzakirə edilib.
Birgə layihələr
Türk dünyası ölkələrinin son illərdəki iqtisadi inteqrasiyası artıq hər bir ölkənin və bütövlükdə regionun inkişafına müsbət təsir göstərib. Baş Assambleyadakı statistik məlumatlara görə, TDT ölkələrinin 2024-cü ilin birinci yarısında istehsal etdiyi ÜDM həcmi 900,4 milyard dollar və ya dünya ÜDM-in 1,7%-ni təşkil edib. ASK prezidenti Məmməd Musayevin sözlərinə görə, bu dövrdə TDT ölkələrinin iqtisadi artımı təsirli olub və təxminən 6% təşkil edib: “Bu da qlobal göstəricidən (3,1%) iki dəfə çoxdur. Türk dövlətlərində iqtisadi artım qlobal templəri demək olar ki, iki dəfə üstələyib ki, bu da regionun dinamik inkişafını və iqtisadi təsirinin güclənməsini vurğulayır və türk dövlətlərinin inkişaf edən iqtisadi blok kimi davamlı möhkəmləndiyini sübut edir”.
Qarşılıqlı investisiya qoyuluşlarının həcminin də təsirli olduğunu söyləyə bilərik: belə ki, 1995-2024-cü illərdə TDT üzv ölkələrindən Azərbaycan iqtisadiyyatına təxminən 17 milyard dollar dəyərində investisiya qoyulub. Ölkəmiz də təşkilata üzv dövlətlərə böyük həcmdə investisiyalar yönəldib, hesabat dövründə bu göstərici 20 milyard dolları ötüb. Azərbaycan bütün türk dövlətləri ilə investisiyaların təşviqi və qorunması haqqında sazişlər imzalayıb. Bu isə müqavilə-hüquq bazasının daha da möhkəmləndirilməsi və genişləndirilməsi üçün əsas yaradır.
Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin sözlərinə görə, TDT ölkələri ticari-iqtisadi əlaqələrin artırılması potensialına malikdir və bu istiqamətdə işləri gücləndirmək lazımdır: “Qeyd etmək vacibdir ki, bu il İstanbulda Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan tərəfindən yaradılan Türk İnvestisiya Fondunun təsis yığıncağı keçirilib. Bu fondun yaradılması ölkələrimiz arasında daha geniş iqtisadi əməkdaşlıq və inteqrasiya yolunda tarixi addımdır”. O, Orta Dəhlizin əhəmiyyətini qeyd edərək, ümumilikdə TDT ölkələrinin enerji və nəqliyyat əməkdaşlığının təkcə regiona deyil, qlobal proseslərə də təsir göstərdiyini vurğulayıb: “Birgə enerji layihələri regional enerji xəritəsini dəyişib”.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev isə bildirib ki, hazırda Orta Dəhliz üzrə yükdaşımalarını asanlaşdıracaq rəqəmsal layihələr üzərində işlər aparılır. Onun sözlərinə görə, Orta Dəhliz üzrə yükdaşımalarının həcmi getdikcə artır: “Bu kontekstdə mən regional inteqrasiyanın əsası olacaq bu dəhlizin cənub hissəsini - Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsini xüsusilə vurğulamaq istəyirəm. Ümumiyyətlə, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq TDT ölkələrinin iqtisadiyyatlarına töhfə verir”.
Türk İnvestisiya Fondunun (TIF) prezidenti Bağdat Amreyev isə qeyd edib ki, rəhbərlik etdiyi Fond regional ticarətin və investisiyaların artırılmasına, nəqliyyat, enerji və rəqəmsal əlaqələrin genişləndirilməsinə kömək edən milli, birgə və regional layihələrə maliyyə dəstəyi, həmçinin KOB və startaplara texniki dəstək təklif edəcək. O hesab edir ki, TDT sabahın sənayesinə investisiya qoymalı və bunun üçün lazımi bacarıqlar formalaşdırmalıdır. “COP29-da vurğuladığımız kimi, “yaşıl keçid”i sürətləndirməliyik və bunu indi etməliyik. Başqa alternativ yoxdur”, - o qeyd edib.
Məqsəd ticarət dövriyyəsini artırmaqdır
Türkiyənin Ticarət və Sənaye Palatasının sədri Rifat Hisarcıklıoğlu dünyada genişlənən ticarət müharibələri qarşısında TDT üzv ölkələrinin birgə fəaliyyətinin vacibliyini vurğulayıb. O hesab edir ki, türk ölkələri arasında ticarət dövriyyəsini artırmaq və mövcud maneələri aradan qaldırmaq lazımdır: “Bu baxımdan gömrükdən rahat keçid çox mühümdür. Bu gün gündəmdə olan məsələlərdən biri də palatamızda bütün nəqliyyat modellərini əks etdirən bir alt komitənin yaradılmasıdır”.
Bu məqamda əlavə edək ki, TDT ölkələrinin ötən ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi 508,8 milyard dollar təşkil edib ki, bu da dünya ticarət dövriyyəsinin 3,2%-nə bərabərdir. Azərbaycanın TDT ölkələri ilə 2024-cü ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsi 6,3 milyard dollar təşkil edib və bunun da 3,7 milyard dolları Azərbaycan məhsullarının ixracı olub. Lakin E.Əliyevin fikrincə, mövcud potensial daha yüksəkdir və onun reallaşdırılması üçün bu istiqamətdə həyata keçirilən təşəbbüslərin səmərəliliyini artırmaq lazımdır.
Bağdat Amreyev TDT ölkələrinin qarşılıqlı ixracının ümumi ixrac həcmində payının 6,8%-ə qədər artdığına diqqət çəkib: “Bu ümidverici göstəricidir. Lakin bu, arzuolunan səviyyədən aşağıdır. Beynəlxalq maliyyə institutlarının rəhbərləri ilə görüşlərimizdə bizdən həmişə soruşurlar ki, türk dövlətləri arasında ticarət dövriyyəsi niyə aşağı səviyyədədir. Biz izah etməyə çalışırıq ki, Sovet İttifaqı dövründə iqtisadi model yüksək səviyyədə mərkəzləşdirilmiş idi. Respublikalar əsasən konkret sənaye və ya kənd təsərrüfatı məhsulları üzrə ixtisaslaşırdılar. Bu, birtərəfli iqtisadi sistemə gətirib çıxardı. Bəzi respublikalar ağır sənayeyə, digərləri kənd təsərrüfatına və xammal hasilatına yönəlib. Bu ixtisaslaşma şaxələndirilmiş ticarətə həvəsi azaldıb”.
Bundan başqa, TIF prezidenti bildirib ki, TDT ölkələri arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olmasının əsas səbəblərindən biri nəqliyyat, logistika, gömrük və bu kimi amillərlə bağlı yüksək xərclərdir.
“Coğrafi yaxınlığa görə Orta Asiya ölkələri təbii olaraq Çin və Rusiya ilə daha çox ticarət əməliyyatları aparırlar. Bununla belə, ticarət və investisiyalar əlaqələrimizin əsasını təşkil edəcək. Daha yaxşı inteqrasiya olunmuş nəqliyyat, enerji şəbəkələri, eləcə də təkmilləşdirilmiş mobillik, logistika və müştəri xidmətlərindən daha çox faydalanmalıyıq. Bu səbəbdən problemləri daha da azaltmaq üçün səy göstərilir. İqtisadiyyatlarımız və cəmiyyətlərimiz dərin texnoloji-rəqəmsal transformasiyadan keçir və bu sahədə fəaliyyətimizi mərkəzləşdirməliyik”, - B.Amreyev vurğulayıb.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov öz növbəsində innovativ sahibkarlığın inkişafı, elmi tədqiqatların aparılması, texnoloji innovasiyalar üzrə layihələrin agentlik tərəfindən dəstəklənməsini təklif edib: “Biz startapların və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini dəstəkləyə bilərik. İnnovativ sahibkarlığın inkişafı, elmi tədqiqatların təşviqi sahəsində uğurla tətbiq olunan stimullaşdırıcı mexanizmlər və təcrübə mübadiləsini faydalı hesab edirik. Biz üzv ölkələrin sənaye parkları və texnoparkları arasında sıx əməkdaşlığın qurulmasını təklif edirik”.
Baş Assambleyada mühüm məqamlardan biri Şimali Kiprin Türk Ticarət və Sənaye Palataları Birliyinə tam üzvlük barədə müraciəti olub. Hazırda buraya Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir, Macarıstan və Şimali Kipr isə müşahidəçi statusuna malikdir.
Blok iştirakçılarının fikrincə, türk dövlətləri istehsal, kənd təsərrüfatı, turizm, texnoloji innovasiyalar kimi bütün sahələrdə bir-biri ilə əməkdaşlıq edərək daha geniş ticarət dövriyyəsi yaratmalıdırlar. Bunun üçün qarşılıqlı investisiya imkanlarını artırmaq, birgə layihələr həyata keçirmək, logistika və nəqliyyat sahəsində əməkdaşlığı gücləndirmək lazımdır.
Ticarət tərəfdaşlarının şaxələndirilməsinin və artan regiondaxili ticarətin növbəti illərdə blokun qlobal ticarət şəbəkələrində mövqeyini gücləndirəcəyi gözlənilir.
MƏSLƏHƏT GÖR: