15 Mart 2025

Şənbə, 00:41

“ŞİMAL-CƏNUB”: ƏSAS AKSENT

Bakı və Moskva tranzit yükdaşımaların;n genişləndirilməsi barədə razılığa gəlib

Müəllif:

01.01.2025

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin (BND) qərb seqmentinin formalaşması icra mərhələsinə daxil olur. Rusiya və İran tərəfindən imzalanmış sənəd işçi qruplarının fəaliyyətinin başlanmasına təkan verib. Azərbaycan və Rusiyanın nəqliyyat qurumları öz növbələrində dəhlizin bir sıra hissələrində modernizasiya işləri həyata keçirirlər.

 

Finiş xəttində

On beş il davam edən danışıqlar, razılaşmalar və dövri durğunluqdan sonra “Şimal-Cənub” BND layihəsinin icrası son mərhələyə çatıb. 2023-cü il mayın 17-də Rusiya və İranın nəqliyyat qurumlarının rəhbərləri ümumi dəyəri 1,6 milyard avro qiymətləndirilən 170 kilometrlik Rəşt-Astara dəmir yolu hissəsinin birgə maliyyələşdirilməsi, layihələndirilməsi və tikintisi haqqında saziş imzalayıblar. Razılaşmaya əsasən, bu layihə üzrə İran İslam Respublikasına (İİR) dövlətlərarası kreditdə Rusiyanın payı 85% - təxminən 1,3 milyard avro təşkil edəcək. Ümumilikdə Rusiya BND infrastrukturunun modernləşdirilməsi və “dar yerlər”in genişləndirilməsi üçün təkcə İran hissəsində deyil, öz ərazisində də təxminən 1,5 milyard avro ayırmağa hazır olduğunu bildirib.

O vaxtdan bəri işçi qruplarının bir neçə görüşü keçirilib, dəmir yolu, avtomobil və dəniz kommunikasiyalarının infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsini nəzərdə tutan tədbirlər kompleksinin həyata keçirilməsi üzrə BND iştirakçıları arasında idarələrarası və hökumətlərarası razılaşdırmalar aparılıb.

Son illərin qlobal iqtisadi və geosiyasi dəyişiklikləri dəhliz iştirakçılarının maraqlarını yaxınlaşdırıb. Onun əsas benefisiarları - Moskva və Bakı 7200 kilometr uzunluğunda çoxməqsədli dəniz, dəmir yolu və avtomobil şəbəkəsini əhatə edən “Şimal-Cənub” nəqliyyat sisteminin formalaşması üzrə bütün təşəbbüsləri sürətləndirməyə hazır olduqlarını bildiriblər. Sankt-Peterburq limanından başlayan bu dəhliz Azərbaycan ərazisindən və daha sonra İranın cənub limanlarından keçməklə Hindistanın Mumbay limanına qədər birbaşa marşrutu təmin edəcək və Hind okeanı, Fars körfəzi və Cənub-Şərqi Asiya ölkələrinə çıxışı asanlaşdıracaq.

Bu məqamda qeyd edək ki, BND layihəsi məsafəni 40% azaldır və kommersiya xərclərini 30% aşağı salır. Üstəlik, bu istiqamət Süveyş kanalı marşrutu ilə müqayisədə logistikanı sadələşdirir, yüklərin təhlükəsiz daşınmasını təmin edir. Təhlükəsizlik məsələsi ötən ilin payızından müşahidə olunan Yaxın Şərq münaqişəsinin kəskinləşməsi, Qırmızı dəniz və Bab əl-Məndəb boğazında mülki gəmiçiliyin yaşadığı çətinliklər fonunda mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, “Şimal-Cənub” dəhlizinin üç marşrut variantı var. Trans-Xəzər marşrutu Xəzərdəki Rusiya və İran limanları arasında quru yük gəmiləri və bərələrlə yükdaşıma üçün nəzərdə tutulub. Digərləri isə iki quru marşrutlardır: şərq (2500 km) Mərkəzi Asiya ölkələrindən İran istiqamətində tranzitlə və qərb (1450 km) - Azərbaycan ərazisindən avtomobil və dəmir yolu daşımaları ilə.

Hazırda Qazaxıstan Rusiya və Türkmənistanla birlikdə BND-nin Şərq vektorunun inkişafı üçün vahid operator yaratmağa hazırlaşır və daşımaların həcmini indiki 10 milyon tondan 20 milyon tona qədər artırmaq üçün 50%-ə qədər tarif güzəştləri tətbiq etməyi planlaşdırır. Marşrutun potensialının daha da artırılması üçün Rusiya, Türkmənistan və İranla dəhlizin sinxron inkişafının yol xəritəsi təsdiq edilib. Bununla onun buraxılış qabilliyyətinin 1,5 dəfə, yəni sutkada 23-dən 33 qatara qədər artırılması nəzərdə tutulub. Şərq marşrutunun 2500 kilometrlik dəmir yolu xətlərinin inkişafı üçün milyardlarla dollar məbləğində sərmayə tələb olunur. Buraya, həmçinin əsasən konteyner daşımalarının təşkili planlaşdırılan Aktau və Kurık dəniz limanlarının infrastrukturuna qoyulacaq investisiyalar daxildir. Növbəti üç il ərzində Aktau limanının konteyner daşıma qabiliyyətinin 140 mindən 550 min konteynerə çatdırılması planlaşdırılır. Eyni zamamnda, bu potensialın əhəmiyyətli hissəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə Çin yüklərinin daşınması üçün rezerv edilib. Öz növbəsində Kurık limanında çoxfunksiyalı “Sarca” terminalının tikintisi ilə bağlı işlər aparılır. Şərq marşrutunun daha uzun olması və qış mövsümündə logistika çətinlikləri ilə yanaşı, nəzərə almaq lazımdır ki, yüklərin əsas hissəsi Rusiyada formalaşır və Fars körfəzi ölkələrinə daşınmaq üçün nəzərdə tutulub. Burada əks yükaşırma hələ kifayət qədər inkişaf etməyib, tam yüklənməmiş qatarların hərəkəti isə marşrutun rentabelliyinin artırılmasına yardım göstərmir.

 

Azərbaycanda hər şey plan üzrə gedir

Ekspertlərin fikrincə, Azərbaycan üzərindən qısa qərb marşrutu təkcə vaxta qənaət etməyəcək, həm də tədricən hər iki istiqamətdə yükdaşımalarının daha yüksək rentabelliyini təmin edəcək. Qabaqlayıcı tədbirlər görərək Azərbaycan 2017-ci ildən BND-nin potensialının inkişafı üçün bir sıra tədbirlər həyata keçirməyə başlayıb. “Azərbaycan Dəmir Yolları” (ADY) tərəfindən sərhəddə yerləşən Astaradan birbaşa dövlət sərhədinə qədər dəmir yolu xətti çəkilib, dəmir yolu körpüsü tikilib, yeni terminallar və sərhəd-keçid məntəqələri istifadəyə verilib. Həmçinin regionda ən böyük, illik 500 min ton taxıl ötürmə qabiliyyətinə malik olan “Astara Grain Terminal” inşa olunub. ADY səyləri ilə illik 600-900 min ton yük qəbul edə bilən universal “Astara” terminalının (İranda) tikintisi aparılıb. “Bu ilin noyabrında İranda olarkən qəbul etdiyimiz fəaliyyət planına uyğun olaraq, ADY “Astara” terminalında işləri başa çatdırır: artıq gələn il onlar tam başa çatacaq və bu istiqamətdə yükgötürmə qabiliyyətimiz ildə 4 milyon tona qədər artacaq”, - “ADY” QSC-nin sədri Rövşən Rüstəmov bildirib.

Bütün bu addımlar Azərbaycana kombinə edilmiş rejimdə yüklərin daşınmasını artırmağa imkan verib. Onların Astaraya qatarla, sonra isə ağır yük maşınları ilə İrana daşınması və analoji sxem üzrə əks istiqamətdə daşınması həyata keçirilib. Nəticədə, 2023-cü il ərzində “Şimal-Cənub” qərb marşrutu üzrə tranzit yükdaşımaları 1,7 milyon tona çatıb, 2024-cü ildə bu göstəriciyə 11 ay ərzində qabaqlayıcı şəkildə nail olunub.

Bununla yanaşı, Azərbaycanda ayrı-ayrı dəmir yolu seqmentlərinin modernləşdirilməsinə ehtiyac var. Bakı-Yalama (hazırda ildə 10 milyon ton) və Ələt-Astara (ildə 7,5 milyon ton) sahələrinin buraxılış qabiliyyətini bərabərləşdirmək lazımdır. İkinci mərhələ çərçivəsində hər iki hissəni ildə 15 milyon ton yük daşınmasına qədər sinxronlaşdırmaq lazımdır.

Növbəti addım 2024-2026-cı illər üçün Azərbaycanın tranzit potensialının artırılması üzrə Fəaliyyət Planına daxil edilmiş Ələt-Osmanlı-Astara dəmir yolunun yenidən qurulmasıdır. Bu istiqamətdə həyata keçiriləcək işlərlə nəqliyyat dəhlizinin rəqəmsallaşdırılması, qabaqcıl rabitə və siqnalizasiya sistemlərinin tətbiqi, fiber-optik xətlərin çəkilməsi və s. nəzərdə tutulur.

Son illərdə Azərbaycan öz ərazisində dəmir yolu infrastrukturunun və sərhəd keçidlərinin modernləşdirilməsini öz vəsaiti hesabına həyata keçirib. Bu işləri sürətləndirmək üçün ADY Asiya İnkişaf Bankı (ADB) ilə 131,5 milyon dollar məbləğində kredit sazişi imzalayıb. Bu vəsait Sumqayıt-Yalama sahəsində mülki tikililər və dəmir yolu keçidləri də daxil olmaqla 166 kilometrlik ikixətli magistralın reabilitasiyasının başa çatdırılmasına yönəldiləcək. Ortamüddətli planlara əsasən, Azərbaycan BND-nin öz hissəsində sadalanan infrastruktur tədbirlərini təxminən 2028-ci ilin sonuna, yəni Rəşt-Astara İran hissəsində işlərin başa çatmasına qədər tamamlamağı planlaşdırır.

 

Yeni razılaşma

BND layihəsinin qərb marşrutu üzrə həyata keçiriləcək infrastruktur təşəbbüsləri Rusiya, Azərbaycan və İran dəmir yolu idarələrinin koordinasiyalı işini tələb edir. Ötən ilin oktyabrında Baş nazirin müavini Şahin Mustafayev İranın Yol və Şəhərsalma naziri Fərzanə Sadiq ilə danışıqlar zamanı İran ərazisində BND komponentləri üzrə işlərin gedişini ətraflı müzakirə edib. “İranda artıq “Şimal-Cənub” dəhlizinin əsas elementi olacaq Rəşt-Astara xəttinin tikintisi işlərinə başlanılıb”, - F.Sadiq görüşdə bildirib. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq BND-nin dəmir yolu infrastrukturunun inkişafı üçün son dərəcə vacibdir: “Həmçinin ölkələrimiz arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlamaq lazımdır”.

Azərbaycan və Rusiyanın nəqliyyat qurumları arasında aparılan oxşar danışıqlar ötən il dekabrın 21-də “Şimal-Cənub” dəhlizi üzrə tranzit yükdaşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında hökumətlərarası sazişin imzalanması ilə nəticələnib. Sənəd Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Rusiyaya səfəri çərçivəsində imzalanıb. Rusiya hökumətinin sədr müavini Vitali Savelyev və bu ölkənin nəqliyyat naziri Roman Starovoytla danışıqlar zamanı BND layihə ilə bağlı cari məsələlər və inkişaf perspektivləri ətraflı müzakirə olunub.

Sazişin əsas məqsədi “nəqliyyat əlaqələrinin səmərəliliyinin artırılması və BND-nin qərb marşrutunun potensialının artırılması” kimi müəyyən edilib. Tərəflər, həmçinin tranzit daşımalar zamanı öz ərazilərində yüklərin sərbəst hərəkətini təmin edəcək və gömrük nəzarətini optimallaşdıracaqlar. Beynəlxalq standartlar nəzərə alınmaqla gömrük prosedurlarının idarə edilməsinin səmərəliliyinin artırılması barədə razılıq əldə edilib. Məqsəd tranzit yüklərin keçidini optimallaşdırmaq, sürətləndirmək və sadələşdirməkdir. Eyni zamanda tərəflər qarşılıqlı olaraq gömrük sənədlərini və identifikasiya vasitələrini tanıyırlar.

Bu sazişlə, həmçinin dəmir yolu infrastrukturu yenilənəndən sonra Rusiyadan Azərbaycana daşınmalı olacaq yüklərin zəmanətli illik həcmi müəyyən edilir.

Sənədin ən vacib bəndi yük daşımaları üzrə öhdəliklərin yerinə yetirilməməsi halında tərəflərə kompensasiya ödənişlərinin edilməsi hesab oluna bilər. Belə ki, əgər “Rusiya Dəmir Yolları” ASC zəmanətli yük həcmini təmin edə bilməzsə, proqnoz və real yükdaşımaları arasındakı fərq məbləğində ADY-yə kompensasiya ödənişləri həyata keçirməlidir. Oxşar öhdəlikləri ADY də öz üzərinə götürür. Qeyd etmək lazımdır ki, Azərbaycan üçün məsuliyyətdən azad edən müəyyən hallar nəzərdə tutulub. Buraya fors-major vəziyyət (təbii və ya texnogen fəlakətlər və s.), milli təhlükəsizlik məsələləri və ya Azərbaycan Respublikası qanunvericiliyinin pozulması, həmçinin üçüncü tərəfin (İranda) tranzit yükü qəbul etməkdən imtina etməsi kimi hallar daxildir.

Beləliklə, “Şimal-Cənub” BND-nin qərb seqmentinin sürətləndirilmiş istismara verilməsi ilə bağlı məsələlərin həllini nəzərdə tutan yeni saziş Azərbaycanın tranzit potensialının reallaşdırılmasında daha bir güclü amil olacaq.



MƏSLƏHƏT GÖR:

37