
SƏHV ÜSTÜNƏ SƏHV
Ermənistan konkret fəaliyyət əvəzinə boşboğazlığı davam edir
Müəllif: Namiq Q.ƏLİYEV
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, «1994-cü ildən, yəni atəşkəs razılaşmasından sonra danışıqlar prosesi Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması mövzusunda aparılıb… Bu kontekstdə mən böyük səhvə yol vermişəm».
Bunadək isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanla Ankaranın sərhədlərin dəmir yolu əlaqəsi üçün açılmasına dair razılığa gəldiklərini söyləmişdi. Paşinyan bu məsələyə də münasibət bildirərək deyib ki, dəmir yolu əlaqəsinin həm Ermənistan, həm də Azərbaycan üçün məqbul sayılacaq şəkildə bərpasına qərar verilib.
İrəvan Azərbaycanın sülh müqaviləsinin imzalanmasına aparıb çıxaracaq məntiqli və əsaslı tələblərini yerinə yetirməkdənsə, sadəcə boşboğazlıq edir və dünya birliyini çaşdıran bəyanatlar səsləndirməklə məşğuldur. Halbuki problemli məsələlər həllini taparsa, dayanıqlı, uzunmüddətli və effektiv sülh razılaşmasının əldə edilməsi mümkündür. Hər halda, Azərbaycan tarixinin bütün faciəvi səhifələrinə baxmayaraq, sülh gündəliyinə sadiqdir. Doğrudur, bu, xüsusilə törətdiyi cinayətlərlə yüklənmiş ermənilər üçün asan yol deyil. Amma bu yol gedilməlidir.
Sülh müqaviləsinin razılaşdırılmamış maddələri və silahlanma
Ermənistan tərəfinin danışıqlar prosesinin pozulmasına davamlı cəhdləri onların sülhə çalışmadığını, hələ də revanşist əhvalda olduqlarını göstərir. Bunu İrəvanın durmadan hücum silahları alması da təsdiqləyir.
Danışıqlar prosesinin uzanması, üstəlik, Ermənistanın sahiblərinin verdikləri stimulla silahlanması Azərbaycan Prezidenti İlham Əliyevin «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə toxunduğu mövzuları izah edir.
Prezident birmənalı olaraq bildirib ki, «sülh sazişi və Ermənistanın eyni vaxtda bizə qarşı silahlandırılması iki fərqli kursdur». Ermənistanın danışıqlar prosesinin başqa yolla uzatmağa, pozmağa nail olmayan havadarları onu sürətlə silahlandırmağa başlayıblar.
Sülh sazişinə gəlincə, onun hələ də razılaşdırılmamış maddələri ictimaiyyətə açıqlanıb. Sülh razılaşmasının imzalanması üçün Ermənistanla 17 maddədən cəmi 2-si üzrə razılığa gəlinməsi qalır. Bu, qarşılıqlı məhkəmə iddialarından imtina və Ermənistan-Azərbaycan sərhədinə xarici qüvvələrin yerləşdirilməsindən imtina öhdəliyinin götürülməsidir.
«İddialar savaşı» dövlətlərdən əlavə maliyyə vəsaiti tələb edir. Halbuki həmin vəsaiti iqtisadiyyatın inkişafına yönəltmək olar ki, bu da hər iki tərəfin marağına uyğundur.
Sərhədə xarici qüvvələrin yerləşdirilməməsi məsələsi isə Ermənistana aiddir. Hazırda iki ölkə sərhədində avropalı müşahidəçilər adı altında faktiki olaraq, NATO infrastrukturu qurulub. Ermənistanla Avropa İttifaqı arasında əldə olunmuş razılaşma əsasında orada dislokasiya olunmuş Aİ missiyasının işi «planlı patrul xidmətinin aparılması, vəziyyətə dair hesabatın hazırlanması, həmsərhəd rayonlarda sabitliyə töhfə verilməsi»dir. Ermənistan ərazisində bir-birinə qarşı olan dövlətlərin güc strukturlarının yer alması bütünlükdə Cənubi Qafqaza təhdid sayılacaq təhlükəli vəziyyət yaradır.
Sülh müqaviləsinin imzalanması üçün daha iki tələb var: Ermənistan Konstitusiyasında dəyişikliklərə gedilməsi və ATƏT-in Minsk qrupunun ləğvi. İlk tələb Ermənistanın əsas qanununda bu ölkənin 1990-cı il 23 tarixli Müstəqillik Bəyannaməsinə istinadla bağlıdır. Orada «Dağlıq Qarabağ»ın Ermənistana birləşdirilməsindən bəhs olunur. Bakı bu maddəni öz ərazisinə iddia kimi qiymətləndirir. Bundan başqa, Ermənistanın Konstitusiyası və Müstəqillik Bəyannaməsi, həmçinin onlara əsaslanan digər qanunverici aktlar və beynəlxalq müqavilələrdə qonşu ölkələrin ərazilərinə iddialar var ki, bu da Paşinyanla sülh prosesi çərçivəsində imzalanacaq istənilən sənədin Ermənistanın daxili qanunvericiliyi ilə ziddiyyət təşkil edəcəyi anlamına gəlir.
Minsk qrupunun canlanlırılması cəhdlərinə gəlincə, bu, məlum dövlətlərin Cənubi Qafqazda mövcud olmaq marağından, region ölkələrinin daxili işlərinə qarışmaq istəyindən irəli gəlir. Subyekt olmayan, Azərbaycana ərazi iddialarını davam etdirən Ermənistan isə buna əlverişli şərait yaradır. İrəvanda düşünürlər ki, Minsk qrupunun mövcudluğu Qarabağ probleminin davam etdiyi anlamına gəlir. Halbuki bu qurum çoxdan «ölüb», sadəcə ona «ölüm şəhadətnaməsi» verilməyib. Onu diriltmək cəhdləri əbəsdir. Azərbaycanın razılığı olmadan sülh prosesində istənilən vasitəçi kimi, Minsk qrupunun da iştirakı qeyri-legitimdir.
«Binokl diplomatiyası» və delimitasiya
Paşinyanın Ermənistanın avropalı müşahidəçilərdən imtinası üçün irəli sürdüyü şərt maraqlıdır. Baş nazir bildirib ki, erməni tərəfi Azərbaycanla sülh müqaviləsinin «dövlət sərhədində xarici qüvvələrin yerləşdirilməməsi» ilə bağlı maddəsinin sərhədlərin delimitasiya olunmuş hissəsinə aid olunmasını istəyib. Paşinyan bildirib ki, delimitasiyadan sonra sərhəddə üçüncü dövlətlərin müşahidəçilərinə ehtiyac qalmayacaq.
Amma sərhəddə Qərb qüvvələrinin mövcudluğunun delimitasiya prosesi ilə əlaqələndirilməsi əsassızdır. Delimitasiya uzun prosesdir və illərlə davam edə bilər. Belə bir vəziyyətdə Azərbaycanla həmsərhəd olan Ermənistan ərazisində qarşı-qarşıya olan ölkələrin güc strukturları arasında potensial münaqişə təhlükəsi qalmaqdadır.
Ermənilərin bəyanatı və Qərbi Zəngəzurdan keçən yol
Ararat Mirzoyanın Ermənistanla Türkiyənin Gümrü-Qars dəmir yolunun açılması üçün tələblərin qiymətləndirilməsinə dair razılığa gəldiklərini açıqlaması rezonansa səbəb olub. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 49-cu iclasında Mirzoyan bildirib ki, Ermənistan dəmir yolu infrastrukturunun işə salınması, sərhəd nəzarəti və gömrük prosedurlarının sadələşdirilməsi, əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə əlaqədar, Türkiyə ilə yanaşı, Azərbaycana da müvafiq təklif irəli sürülüb. Mirzoyan daha əvvəl bildirmişdi ki, Qars-Gümrü dəmir yolu, həmçinin Azərbaycanla Ermənistan arasında dəmir yolu əlaqəsinin yaradılması Fars körfəzi və Qara dənizlə Xəzər və Aralıq dənizləri arasında effektiv əlaqəni təmin edəcək.
Qeyd olunanlara istinad etsək, Ermənistanın sülhsevərliyi ilə bağlı ideal mənzərə yaranır. Sanki o, gecə-gündüz Azərbaycanla dostluğa əsaslanan iqtisadi əlaqələr qurmaq, Qafqazda sülh yaratmaq haqda düşünür. Amma əslində hər şey tam əksinədir. Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün qurulması üçün əlindən gələni edən məhz Azərbaycandır. Bəli, bu gün Qafqazda sülhün təmin edilməsinin həlledici elementi Ermənistan-Azərbaycan münasibətləridir. Təəssüf ki, hələlik erməni tərəfinin addımları onun sülh gündəliyi haqda dediklərinə inanmağa imkan vermir.
Söhbət hansı addımlardan gedir? Birincisi, İrəvan durmadan hücum silahları alır. Belə bir vəziyyətdə o sülh qurur, yoxsa Azərbaycanla savaşa hazırlaşır? Ermənistan sahiblərinin təlimatları ilə hərəkət edəcəksə, sülh prosesinin irəli aparılması haqda danışaraq dünya birliyini çaşdırmağa ehtiyac yoxdur. Ermənistana silahlar, ilk növbədə isə hücum silahları sülh prosesinin pozulması, onun idarə edilməsi, Cənubi Qafqazın işlərinə müdaxilə olunması üçün satılır, verilir və tədarük edilir.
İkincisi, İrəvan Azərbaycana ərazi iddialarının yer aldığı konstitusiyasını və digər hüquqi sənədlərini dəyişməkdən boyun qaçırır.
Üçüncüsü, o, Azərbaycanın Şərqi Zəngəzur bölgəsi ilə Naxçıvan arasında quru yolunun açılması öhdəliyini yerinə yetirmir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqənin bərpası və onun təhlükəsizliyinin təmini olmadan, dəmir yolu əlaqəsinin qurulmasından danışmaq yersizdir. Ermənilik uzun illərdir ki, Azərbaycan xalqını Naxçıvanla nəqliyyat əlaqəsi hüququndan məhrum edib. Bəli, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında maneəsiz və təhlükəsiz əlaqə təmin olunmalıdır. Bu, İrəvanın 2020-ci il 9/10 tarixli Üçtərəfli Bəyannamə ilə üzərinə götürdüyü öhdəliklərdən biridir. Demək, Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında dəmir yolu əlaqəsi də sərhəd nəzarəti və hər hansı gömrük proseduru olmadan həyata keçirilməlidir. Söhbət Azərbaycanın iki hissəsi arasında insanların, nəqliyyat vasitələri və yüklərin Ermənistan ərazisində dayanmadan birbaşa hərəkət etməsindən gedir. Odur ki, daşınacaq yüklərin, yol gedəcək insanların Ermənistana heç bir aidiyyəti olmamalıdır. Nəqliyyat vasitələri Ermənistanla sərhədi yoxlamasız keçməli, Ermənistan ərazisində dayanmamalıdır. Məntiqi olaraq, gömrük və sərhəd prosedurlarından Ermənistana gedən və orada dayanacaq olanlar keçməlidirlər.
Üçtərəfli Bəyannamənin 9-cu maddəsindən belə çıxır ki, bütün bu prosesləri təmin edəcək xüsusi rejimli ərazi yaradılacaq. Bu ərazi, şübhəsiz ki, dəqiq və konkret olmalıdır. Müxtəlif əlaqə vasitələri məhz oradan başlamalıdır: dəmir yolu, avtomobil və lazım gələrsə boru xətləri.
Bundan başqa, bəyanatın son abzasında deyilir: «Tərəflərin razılığına əsasən Naxçıvan Muxtar Respublikasını Azərbaycanın Qərb rayonları ilə birləşdirəcək yeni nəqliyyat kommunikasiyaları qurulacaq». Hüquq dilində bu, o deməkdir ki, Bəyannamənin imzalanmasından sonra sənədin 9-cu maddəsinin reallaşdırılması erməni tərəfinin iradəsindən asılı ola bilməz. Onun rəyi yalnız yeni nəqliyyat kommunikasiyalarının qurulması zamanı əhəmiyyət qazanacaq.
MƏSLƏHƏT GÖR: