24 Yanvar 2025

Cümə, 20:20

«TOP DOQQUZLUQ»DA

Azərbaycan inkişaf etməkdə olan əsas müsəlman dövlətlərinin sırasına daxil oldu

Müəllif:

01.01.2025

Dekabrın 19-da Misirdə İqtisadi Əməkdaşlıq Təşkilatının XI sammiti keçirilib. Əvvəllər onu üzvlərinin sayına uyğun olaraq, «İslam səkkizliyi» və ya D-8 də adlandırırdılar. Son sammitin maraqlı hadisəsi Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsidir. Bununla da «İslam səkkizliyi» «İslam doqquzluğu»na (D-9) çevrilib.

 

«İslam səkkizliyi» dövrün çağırışlarına cavab kimi

Azərbaycanın birliyə qoşulmasınadək İqtisadi Əməkdaşlıq Təşkilatında Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya, Pakistan və Türkiyə yer alırdı. Onun yaradıldığı rəsmən 1997-ci il iyunun 15-də İstanbulda bu formatda dövlət və hökumət başçılarının birinci sammitinin bəyannaməsinin qəbulu ilə elan edilib.

«İslam səkkizliyi»nin təşəbbüskarı Türkiyə, daha dəqiqi, bu ölkənin ozamankı baş naziri Nəcməddin Ərbakan olub. Xatırladaq ki, Ərbakan tarixə Türkiyənin ilk islampərəst baş naziri kimi düşüb. Onu ölkədə siyasi islamın banisi də adlandırırlar. Ərbakan islam həmrəyliyinin qatı tərəfdarı kimi hesab edirdi ki, islam dünyası ölkələri beynəlxalq arenada eyni mövqedən çıxış etməlidirlər. Bundan başqa, o, düşünürdü ki, bu ölkələr öz sosial-iqtisadi problemlərinin həllində də səyləri fəal şəkildə birləşdirməlidirlər.

D-8 ilk gündən qarşısına dünya iqtisadiyyatında, qarşılıqlı ticarətin şaxələndirilməsi və yeni imkanların yaradılmasında daha ciddi rol oynamaq hədəfi qoyub ki, bu da təsadüf deyil. Birliyin təşəbbüskarları hesab edib ki, islam ölkələri beynəlxalq səviyyədə qərarların qəbulunda, həyat səviyyəsinin yüksəldilməsində daha ciddi yer almalıdırlar.

Sonrakı illərdə format kifayət qədər inkişaf etməsə də, üzv dövlətlərin liderlərinin görüşləri kifayət qədər mütəmadi xarakter daşıyıb. Bundan başqa, üzvlərə nəzər salsaq görərik ki, onlar praktik olaraq, öz regionlarının liderləridir və regional fövqəldövlətlər adlandırıla bilərlər.

Bu gün birliyə üzv ölkələrin əhalisinin ümumi sayı 1,2 milyard nəfərdir. Onların ümumilikdə ərazisi 7,5 milyon kvadrat kilometrdən artıq, birgə ÜDM-i isə 4 trilyon dollar təşkil edir.

Bununla yanaşı, İqtisadi Əməkdaşlıq Təşkilatı – artıq D-9 – regional birlikdən çox, qlobal təşkilatdır. Bunu onun tərkibi də təsdiqləyir. D-9 ikitərəfli və çoxtərəfli öhdəliklərə qarşı çıxmayan, üzvlərin digər regional və ya beynəlxalq qurumlarda yer almasına etiraz etməyən formatdır.

Təşkilatın katibliyi İstanbulda yerləşir, onun baş katibi isə Nigeriya təmsilçisi İsiaka Abdulkərim İmamdır.

 

Qahirə Bəyannaməsi - D-9 tarixinin yeni səhifəsi

Yeni şəriatdə bir çox qlobal əməkdaşlıq formatları öz effektivliyini itirib, yeniləri isə hələ lazımi sınaqlardan keçməyib. Belə bir vəziyyətdə D-9 kimi müəyyən iş təcrübəsi olan birliklər gələcək üçün böyük imkanlar verir. Üstəlik, Türkiyə tərəfi əvvəllər D-8-in «İslam iyirmiliyi»nə çevrilməsi planını da dilə gətirib.

Azərbaycan Ermənistanla uzun illər davam etmiş münaqişəyə son qoyduqdan, özünü hərtərəfli regional fövqəldövlət kimi təsdiqlədikdən sonra uzunmüddətli maraqlarını reallaşdırdığını nəzərə alaraq, 2023-cü ilin aprelində D-8 üzvlüyünə ərizə verib. Qeyd edək ki, bu birliyin iki üzvü Azərbaycanla qonşudur – Türkiyə və İran. Daha bir üzv dövlət – Pakistanın Bakı ilə müxtəlif sahələrdə çox sıx əlaqələrə malik olduğu da hər kəsə bəllidir. Bütün bunlar Bakını qeyd olunan formatın üzvlərilə daha da yaxınlaşdırır.

Azərbaycan «İslam doqquzluğu»nun digər üzvlərilə də xüsusilə son illər intensiv dialoq qurur. Götürək elə ev sahibi Misiri. Tərəflər artıq ali səviyyədə qarşılıqlı səfərlər edib, yaxın illər üçün əməkdaşlıq strategiyasını müəyyənləşdiriblər. Təşkilatın hazırkı gündəliyinə gəlincə, qeyd olunmalıdır ki, hazırda ən vacib məsələlərdən biri dayanıqlı inkişafın təmini, qlobal böhranların nəticələri ilə mübarizə, üzv dövlətlərin öz xalqları üçün daha ədalətli, çiçəklənən gələcək qurmasıdır. Bütün bunlar son sammitin yekununda qəbul olunmuş Qahirə Bəyannaməsində də əksini tapıb.

Sənəddə xüsusi vurğulanır ki, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, enerji, elm və texnologiya, sənaye kimi vacib sektorlarda tərəfdaş münasibətlərinin dərinləşdirilməsi mütləqdir. Bildirilir ki, kiçik və orta müəssisələrin inkişafı zəruridir. Üzv ölkələrdə iqtisadi inkişafın stimullaşdırılması, dayanıqlığın möhkəmləndirilməsi üçün məhz bu sektorlara xüsusi diqqət ayrılır.

Qahirə Bəyannaməsinin əsas elementi 2020-2030-cu illər üçün on illik «yol xəritəsi»nin reallaşdırılması səylərinin təsdiqlənməsidir. Bu strateji plan üzvlər arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə yönəlib.

Bəyannamədə təbii fəlakətlərin idarə olunması sahəsində əməkdaşlığın vacibliyi də vurğulanır. Liderlər təbii fəlakətlərə daha yaxşı hazırlaşmaq və onlara daha yaxşı reaksiya vermək üçün ilkin məlumatlandırma sisteminin təkmilləşdirilməsinə, məlumat mübadiləsinə diqqətin artırılmasını vacib sayıblar. Bu, qlobal çağırışlara qarşı kollektiv fəaliyyətə tələbatın artdığını təsdiqləyir.

Bəyannamənin daha bir prioritet maddəsi səhiyyə sahəsində əməkdaşlıqdır. Misirin səhiyyə nazirləri və texniki orqanlar arasında mütəmadi görüşlərin keçirilməsi təklifi bütün iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib. Bu təşəbbüslər səhiyyə sahəsində böhranlara qarşı dayanıqlığın gücləndirilməsinə, həmçinin birgə təhsilə, təcrübə mübadiləsinə yönəlib.

Qadınların iqtisadi hüquq və imkanlarının genişləndirilməsi də iqtisadi artımın, dayanıqlı inkişafın vacib amili kimi qeyd edilib. Bəyannamədə qadınların iqtisadi fəaliyyətlə məşğul olmalarına tam imkanın yaradılmasının vacibliyi də vurğulanır.

 

Azərbaycan və digərləri: Suriyanın bərpası

Sammitdə əsas müzakirə edilən siyasi mövzulardan biri Suriyanın müharibədən sonrakı bərpası olub. İştirakçıların hər biri bu prosesdə yer almağa hazır olduğunu bildirib. Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən baş naziri Əli Əsədov bildirib ki, Bakı Suriyada hər şeyin xalqın iradəsi ilə, daxili siyasi dialoq yolu ilə həll olunacağına ümid edir. «Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemin aşılmasında səylərini əsirgəməyəcək. Biz bu istiqamətdə praktik addımların atılması üçün qardaş Türkiyə ilə sıx əlaqələri davam etdiririk», - deyə Əsədov bildirib.

Müşahidəçilər bir məqama xüsusi diqqət çəkiblər: Son 11 ildə Qahirəyə səfər etmiş ilk İran Prezidenti olan Məsud Pezeşkian həmkarlarından daha qayğılı təsir bağışlayıb. Hər halda, Suriyada Bəşər Əsəd rejiminin dəyişməsindən sonra İran regiondakı əsas proksi qüvvəsi olan «Hizbullah» ilə əlaqələri itirib və demək, onun Şərqi Aralıq Dənizi regionuna təsir imkanları xeyli azalıb. Bəli, İsraillə savaşda əməlli-başlı əldən düşmüş «Hizbullah» artıq regiondakı siyasi proseslərə təsir göstərə biləcək güc təsiri bağışlamır. Əvəzində, Türkiyə istər Suriya, istərsə də bütünlükdə regionda mövqelərini gücləndirərək, vəziyyətə nəzarət edən ölkəyə çevrilib.

Sammitdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Suriyada Əsəd rejiminin devrilməsi «yeni ümidlər pəncərəsi açıb». Misir lideri Əs-Sisi isə Suriyada tam olaraq siyasi proseslərin bərpasına çağırış edib, milli barışıq üçün bunun vacib olduğunu deyib. Suriyada illərlə davam etmiş vətəndaş müharibəsindən sonra Türkiyə qalib çıxıbsa, Misir əksinə, Suriya ordusunun darmadağın olmasından, İsrailin Holan yüksəkliklərini ələ keçirməsindən narahatdır. Misir, Türkiyə və İran liderlərinin sammit çərçivəsində keçirdikləri görüş məhz bu üzdən onların son hadisələrlə bağlı razılığa gələ biləcəklərinə imkan pəncərəsi kimi qiymətləndirilib. Qahirə bu prosesin iştirakçılarının inandığı tərəfdir və demək, qarşıdakı dövrdə o, Suriyada müxtəlif razılaşmaların əldə olunmasında effektiv rol oynaya bilər.

 

Ədalətli dünya xəyalı

Tərəflər Livana yardım məsələsini də müzakirə ediblər. Mütəxəssislərin qiymətləndirməsinə görə, onun İsrailin iki ay davam etmiş hücumu zamanı darmadağın olmuş ərazisini tam bərpa etməsi üçün 20-30 milyard dollara ehtiyac var. Müqayisə üçün qeyd edək ki, qonşu Suriyanın bərpasına 250 milyard, Qəzza sektorunun yenidən qurulmasına isə (israillilərin oranı tam tərk etməsindən sonra) 80 milyard dollar tələb olunur. Bu müzakirələrdə, əlbəttə ki, Fələstin lideri Mahmud Abbasla Livanın baş naziri Nacib Mikati də iştirak ediblər.

D-9 ölkələri, təbii ki, bu xərclərin öhdəsindən tam gələ bilməzlər. Üstəlik, onların bəziləri illərdir siyasi böhranlar və təbiət kataklizmlərinin yaratdığı ağır sosial-iqtisadi problemlərlə əlləşir. Amma üzv dövlətlər bu işlərin görülməsi üçün ixtisaslaşmış təşkilatlar və ya fondların yaradılması təşəbbüsü ilə çıxış edə bilərlər.

«İslam doqquzluğu»nun növbəti sammitinin İndoneziyada keçirilməsi qərara alınıb. Bu ölkənin prezidenti Prabovo Subianto bildirib ki, D-9 üzvləri Qlobal Cənubun bərabərliyinə can atır. O, birliyi yalnız iqtisadiyyatda deyil, digər inkişaf sahələrində də səyləri birləşdirməyə çağırıb. «Biz beynəlxalq hüquqa, inklüzivliyə, ədalətə və ümumi çiçəklənməyə əsaslanan daha ədalətli dünya düzəni uğrunda çalışmalarımızı davam etdirməliyik», - deyə Subianto qeyd edib.

Onun müraciət etdiyi auditoriyanın bu mövqeyi bölüşdüyünə şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

27