16 Mart 2025

Bazar, 00:11

AZƏRBAYCAN DİPLOMATİYASI

Azərbaycan Prezidenti İlham Əliyevin Dmitri Kiselyova müsahibəsinə sözardı

Müəllif:

01.01.2025

Jurnalistlərin belə bir ifadəsi var: müsahibə tanqo kimidir, onun üçün iki nəfər lazımdır. Amma jurnalistlərə müsahibə götürməyi öyrədirlərsə, sualların cavablandırılması bacarığı heç bir universitetdə tədris olunmur. Azərbaycan Prezidenti İlham Əliyevin «Rossiya Seqodnya» Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova müsahibəsi əsl klassikadır. Sərt və istehza dolu fikirlərin, proqram bəyanatlarının, iti formulların yer aldığı bu müsahibə əksər azərbaycanlı ekspertlərin yadına dövlət başçısının 44 günlük Vətən müharibəsi günlərində bynəlxalq mediaya verdiyi müsahibələri xatırladıb.

Bu, nə qərbpərəst, nə antiqərb, nə rusiyapərəst, nə antirusiya müsahibəsi idi. O, ümumiyyətlə, heç kimə qarşı deyildi. Bu, azərbaycanpərəst müsahibə idi. Azərbaycan Prezidentinin ritorikası yürütdüyü xarici siyasət kimi, tamamilə milli maraqlara əsaslanır. Ümumiyyətlə, Azərbaycan artıq çoxdan əvvəlki «kiçik dövlət» deyil və kimlərinsə alqışlarını qazanmağa can atmır.

 

Azərbaycansayağı çoxistiqamətlilik

Dövlət başçısı müsahibəsində bir çox mövzuya toxunub. İstər Fransanın hazırkı hökumətinin iflasa uğramış siyasətinə, istər Azərbaycanın Amerika trekində üzləşdiyi «çətinliklər»ə, istərsə də rus dilinin vəziyyətinə, Rusiya ilə münasibətlərə, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivinə və s.

Müsahibədə Rusiya ilə ikitərəfli münasibətlərin inkişafına geniş yer ayrılıb. İlham Əliyev bu zaman dostluqdan, əməkdaşlıqdan, birgə layihələrdən danışsa da, praktik olaraq, Bakının Rusiyanın inteqrasiya layihələri və birliklərinə münasibətinə toxunmayıb. Bu, Azərbaycanın xarici siyasətinin təməl daşıdır: dostluq, əməkdaşlıq öz yerində, amma hər hansı inteqrasiyadan, «suverenliyin kiminləsə bölüşdürülməsindən» söhbət gedə bilməz. Fərqi yoxdur, Moskva olsun, Tehran, yaxud Brüssel və ya Vaşinqton.

Eyni zamanda İlham Əliyevin Parislə Vaşinqtonun əməllərinə son dərəcə sərt qiymət verməklə yanaşı, bu zaman ölkələrdən deyil, konkret hakim komandalardan danışdığı da diqqətdən qaçmayıb. Hətta münasibətlərin sıfır səviyyəsinə düşdüyü Fransa haqda danışarkən belə, İ.Əliyev iki ölkənin şəhərləri arasında qardaşlaşma razılaşmalarının imzalandığı, münasibətlərin normal olduğu dövrləri xatırladıb. Bu, mesaj kimi qəbul edilə bilər: bugünkü problemlər Azərbaycanın seçimi deyil və Paris və Vaşinqtonda hakim komandanın dəyişməsi mövcud böhranın aşılmasına yol aça bilər.

 

«Gərginliyin aradan qaldırılması»na qayıdış

Azərbaycan Prezidenti müsahibəsində sözün əsl mənasında qlobal təşəbbüs irəli sürüb. Kiselyovun Rusiya ilə NATO arasında mümkün qarşıdurma təhlükəsi haqda sualını cavablandıran İlham Əliyev deyib: «Mən yenə də ümidvar olduğumu bildirmək istəyirəm ki, işlər NATO ilə Rusiya arasında belə açıq-aşkar qarşıdurmaya gətirib çıxarmayacaq. NATO-nun və Rusiyanın qızğın müharibəyə başlayacağı ssenarini təsəvvür etmək qlobal apokalipsisi təsəvvür etməyə bərabərdir. Aydındır ki, bu müharibədə qalib olmayacaq. Heç bir ölkə, hətta deyək ki, NATO regionundan və ya Rusiya ərazilərindən uzaqda yerləşən ölkə olsa belə, özünü təhlükəsizlikdə hiss etməyəcək. Mən düşünürəm, həm Vaşinqtonda, həm Moskvada, eləcə də digər paytaxtlarda siyasi müdriklik kifayət edəcək ki, belə qorxulu ssenari həyata keçməsin». Bunun ardınca dövlət başçısı, həqiqətən, sensasion sayılacaq bəyanat səsləndirib. «Düşünürəm ki, Azərbaycan da gərginliyin aradan qaldırılması işinə öz töhfəsini verə bilər, bir az unudulmuş sözdür, – gərginliyin azaldılması – «detente». Düşünürəm, bu sözə indi beynəlxalq leksikonda tələbat var və ümid edirəm ki, ondan istifadə olunacaq. Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur», - deyə İlham Əliyev qeyd edib. Prezident xatırladıb ki, indiyədək Azərbaycanda «Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib».

Gərginliyin aradan qaldırılması 1970-ci illərə xas anlayışdır. SSRİ bu proses çərçivəsində davamlı olaraq ABŞ-nin 3 prezidenti ilə danışıqlar aparıb – Riçard Nikonson, Cerald Ford və Cimmi Karter. Proses 1979-cu ildə SSRİ-nin Əfqanıstana qoşun yeritməsinədək davam edib. Vaşinqtonla Moskva arasında strateji dialoq da məhz onda qurulub və bu, «silahsızlaşma» ilə bağlı ilk müqavilələrin imzalanması üçün hazırlığa yol asıb. Qorbaçov ilə Reyqanın əksər Rusiya ekspertləri tərəfindən səmərəsiz kapitulyasiya kimi qiymətləndirdiyi danışıqlar bundan sonra baş verib. Həmin vaxtda SSRİ-nin «kapitulyasiya danışıqları»ndan qaçmaq üçün real imkanı var idimi? Bu, ayrı və çox geniş mövzudur. Lakin Azərbaycan Prezidentinin məhz gərginliyin aradan qaldırılması təcrübəsinə müraciəti son dərəcə nümunəvidir. Azərbaycan diplomatiyası yeni, sözün əsl mənasında qlobal səviyyəyə yüksəlir.

 

«Sonradan bizə qarşı heç bir irad tutulmasın»

Məlum səbəblərdən ekspertlər əsas diqqəti İlham Əliyevin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması perspektivləri ilə bağlı fikirlərinə çəkiblər. Bu prosesdə ikili vəziyyət yaranıb. Bir yandan sülh müqaviləsinin hazırlanması işi uğurla gedir – sənədin 17 maddəsindən 15-i razılaşdırılıb. Bundan başqa, İlham Əliyev Ermənistanın qalan iki maddə ilə də razılaşa biləcəyini düşünür. Amma digər tərəfdən Ermənistanın hərbçiləşməsi danışıqlar prosesi və ümumilikdə Cənubi Qafqaz üçün ciddi təhdid yaradır.

Ermənistanın silahlanmasının region üçün hansı təhlükələri yaratdığını Bakı dəfələrlə dilə gətirib. Prezidentin Kiselyovla söhbətində bu mövzuya bir daha qayıtması da təəccüblü deyil: «Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır. Nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik. Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir. Biz bacardığımız qədər orada baş verənləri izləyirik. Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil. Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dir».

Buraya, əlbəttə ki, asanlıqla qəbul ediləcək izah vermək mümkündür: Ermənistan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatları nəticəsində ordusunun maddi-texniki bazasınının böyük hissəsini itirib. Amma İrəvan bu əməlini guya Azərbaycanın «Sünik»i, yəni Qərbi Zəngəzuru ələ keçirmək planı ilə «əsaslandırır». Guya Ermənistan, sadəcə, bu vəziyyətə hazır olmağa çalışır. Bəziləri də hesab edir ki, Ermənistan suveren dövlət olduğundan, silah-sursat almaq hüququna malikdir.

Amma Bakının Ermənistan ərazisinin işğalı kimi bir planı heç zaman olmayıb və yoxdur. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, İrəvana sülh müqaviləsi üzrə danışıqlara başlanılması təklifini verib, burada isə əsas yerə məhz dövlətlərin ərazi bütövlüyü məsələsi qoyulub. Amma Ermənistan bu müqavilənin imzalanmasını ləngidir. Müsahibədə bu haqda danışılmasa da, məlumdur ki, Bakı Ermənistandan Qarabağ mövzusunu öz konstitusiyasından çıxarmasını tələb edib. Bu, tamamilə anlaşılan olsa da, ermənilər bu məsələdə müqavimət göstərirlər. Başqa sözlə, sülh müqaviləsilə bağlı müzakirələrdə İrəvan konstruktivlik göstərmir. Ən əsası isə bu gün Ermənistanda revanşist əhvalın hökm sürdüyünü görmək heç də çətin deyil. Azərbaycanda narahatlığın yaranması üçün elə sonuncu məqam kifayətdir. Bəli, yaxın gələcəkdə Ermənistan, çətin ki, Azərbaycan üzərində üstünlük qazansın. Onun paritetə nail olması belə, çox çətindir. İlham Əliyevin Kiselyova müsahibəsində də dediyi kimi, «Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların, təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək».

Amma bütün bunlar Ermənistanın zaman-zaman sərhəddə təxribatlara əl atmasına mane olmur. Bu gün sərhəddə vəziyyət sakit olsa da, vəziyyət hər an dəyişə bilər. Ötən ilin fevralında baş verənlər göstərib ki, orada avropalı müşahidəçilərin olması heç nəyə zəmanət vermir. Silah tədarükünün İrəvanın «başını gicəlləndirəcəyi» də istisna deyil. Azərbaycan Prezidenti erməni siyasətçiləri 44 günlük müharibəni və antiterror əməliyyatlarını unutmamağa əbəs yerə çağırmayıb. O, eyni zamanda, bir yandan Azərbaycanla Ermənistan arasında sülh tərəfdarı olduqlarını deyən, digər yandan isə İrəvanı silahlandıran Qərb öklələrini də sərt tənqid edib. Halbuki iki ölkə arasında problem məhz Ermənistanın Azərbaycana təcavüzü nəticəsində başlamışdı.

İlham Əliyev bildirib ki, «biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik. Bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın». Təcrübə göstərir ki, Azərbaycan Prezidentinin xəbərdarlıqlarınını nəzərə almaq lazımdır.


MƏSLƏHƏT GÖR:

43