
SONUNCU ENİŞ
Qroznıda zədələnən Azərbaycan təyyarəsi Aktauda qəzaya uğrayıb
Müəllif: R+
Dekabrın 25-də «Azərbaycan Hava Yolları»na (AZAL) məxsus, Bakı-Qroznı reysi ilə uçan «Embraer 190» təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə çırpılıb. Təyyarənin göyərtəsində 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü Qırğızıstan vətəndaşı və 5 heyət üzvü olmaqla, 67 nəfər olub. Qəza nəticəsində 38 sərnişin dünyasını dəyişib, 3-ü uşaq olmaqla, 29 nəfər sağ qalıb.
Dekabrın 25-i səhər MDB üzvü olan dövlət başçılarının qeyri-formal sammitinə qatılmaq üçün Sankt-Peterburqa yollanmış Azərbaycan Prezidenti İlham Əliyevə bu haqda onu aparan təyyarə Rusiyanın hava məkanında olarkən məruzə edilib və dövlət başçısı dərhal geri qayıtmaq qərarına gəlib. Prezident təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna endikdən dərhal sonra hadisə ilə bağlı müşavirə keçirib. Toplantıda çıxış edən dövlət başçsı deyib: «Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilib. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun. Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişib və Aktau hava limanına tərəf uçmağa başlayıb, eniş zamanı qəza baş verib. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılıb və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq».
Daha sonra «Caliber.az» portalının hökumətdəki mötəbər mənbəyə istinadən yaydığı xəbərdə deyilir ki, istintaqın ilkin nəticələri qəzaya uğramış sərnişin təyyarəsinin Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemi tərəfindən vurulduğunu göstərir. İlkin araşdırmalar göstərib ki, Bakı-Qroznı marşrutu üzrə uçan AZAL-a məxsus təyyarə Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın «Pantsir-S» HHM sisteminin hücumuna məruz qalıb. Bundan başqa, Rusiya tərəfi radioelektron mübarizə vasitələrindən istifadə etməklə, Azərbaycan təyyarəsinin rabitə sistemini tam iflic vəziyyətinə salıb. Məhz bu səbəbdən təyyarə Rusiyanın hava məkanında radardan itib və radarlarda yalnız Xəzər dənizi üzərində peyda olub.
Qeyd edək ki, Rusiya mənbələrinin məlumatında bildirilir ki, bu reysin havada olduğu vaxtda ölkənin HHM sistemi Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurmağa çalışırmış. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Hamzat Kadırov dekabrın 25-i səhər Qroznının dron hücumuna məruz qaldığını etiraf edib və hücum nəticəsində zərərçəkənlərin və dağıntıların olmadığını bildirib. Qəribədir ki, bu halda Rusiya tərəfi hava məkanını mülki təyyarələrə qapatmalı olsa da, bunu etməyib. «Çeçenistan hava məkanının nədən uçuşsuz zona elan edilməməsi ciddi sual doğurur», - deyə məlumatda bildirilir.
Məlum olub ki, Qroznı şəhər aeroportu Azərbaycan təyyarəsinin enişinə icazə verməyib. Bu azmış kimi, onun Mahaçqala və Mineralnıye Vodı hava limanlarına enmək istəyinə də rədd cavabı verilib. Təyyarənin HHM sisteminin hücumundan və radioelektron mübarizə vasitələrinin təsirindən çaşbaş qalmış heyəti Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Güman etmək olar ki, təyyarənin heyət üzvünə bu tövsiyə bir məqsədlə verilib: bort Xəzər dənizinə düşsün, bütün şahidlər həlak olsun, təyyarə isə batsın. Qeyd edək ki, bu, hələlik sadəcə ehtimaldır.
Rusiya mediasında dərc olunan alternativ versiyalar ictimai rəyi çaşdırmaq üçün ortaya məqsədli şəkildə atıla bilər. Təyyarənin göyərtəsində çəkilmiş videogörüntülərdən görünür ki, sərnişinlər arasında qəlpə yarası alanlar olub. Bütün şahid ifadələri, o cümlədən onların partlayış səsi eşitdiklərinə dair dedikləri söhbətin, həqiqətən də, HHM sistemin hücumundan getdiyini göstərir.
Portalda yer almış məlumatda deyilir ki, istintaqda iştirak edən Azərbaycan tərəfi üçün hər şey aydındır. Bu hücumun məqsədli olduğunu heç kim iddia etmir. Lakin ortaya çıxmış faktlar fonunda Bakı Rusiya tərəfinin Azərbaycan təyyarəsini vurduğunu etiraf etməsini, Azərbaycan xalqından rəsmən üzr istəməsini, hərtərəfli istintaqın aparılması və bütün günahkarların məsuliyyətə cəlb edilməsini gözləyir.
Bu arada, Çeçenistan hökuməti «Ramzan Kadırovun göstərişi ilə qəzada həlak olmuş və yaralanmış şəxslərin ailələrinə maliyyə və digər yardımlar göstərməyə hazır olduğunu» bəyan edib. Azərbaycan Prezidenti Administrasiyasından isə «day.az»a bildiriblər ki, ölkənin heç kimin köməyinə ehtiyacı yoxdur və Bakı hər hansı yardımı qəbul etmək niyyətində deyil. «Azərbaycanın hər hansı yardıma ehtiyacı yoxdur. Bu yardımı nə dövlət, nə də vətəndaşlar qəbul edəcək. Biz öz vətəndaşlarımıza lazımi yardımı göstəririk və göstərəcəyik” Azərbaycan faktın etiraf olunmasını, üzr istənilməsini və müvafiq kompensasiyanın ödənilməsini tələb edir», - deyə Administrasiyadan bildiriblər.
Deputat, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rasim Musabəyov da «Turan» agentliyinə müsahibəsində bildirib ki, Rusiya tərəfi AZAL-a məxsus mülki təyyarənin HHM sistemi raketi ilə vurulmasına görə üzr istəməlidir. «Təyyarə Rusiya ərazisində, Qroznı üzərində vurulub. Bunu inkar etmək mümkün deyil», - deyə millət vəkili qeyd edib: «Rusiyada bəziləri vəziyyətə adekvat davranmaqdan, üzr istəməkdənsə, iz itirmək üçün mediada fərqli fikirlər yayırlar. Bu əməli törədənlər cinayət məsuliyyətinə cəlb edilməli, insanların ölümünə, yaralanmasına görə kompensasiya ödənilməlidir. Bu olmazsa, münasibətlər, əlbəttə ki, başqa müstəviyə keçəcək».
Deputatlarla yanaşı, Azərbaycanın bir çox sosial şəbəkə istifadəçisi də Rusiyadan baş verənlərə görə məsuliyyəti üzərinə götürməsini, təyyarənin vurulmasına, çoxsaylı insan tələfatına görə üzr istəməsini tələb edib.
Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dekabrın 27-də bildirib ki, vurulmuş təyyarənin qalıqları və şahidlərin ifadələri Aktau yaxınlığında qəzaya uğramış hava gəmisinin işinə kənar müdaxilənin olduğunu düşünmək üçün əsas verir. Onun sözlərinə görə, «Embraer 190» təyyarəsinin qəzaya uğramasından dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə xüsusi komissiya yaradılıb, komissiya üzvləri qəzanın detallarını, yaralıların vəziyyətini öyrənmək üçün Aktauya yola düşüb. Onlar hadisə yerinə baxış keçirib, yaralanmış Azərbaycan vətəndaşları və digər sərnişinlərlə görüşüblər. Nazir bildirib ki, yaralı sərnişinlər və sağ qalmış bort bələdçiləri Qroznı üzərində olarkən partlayış səsi eşitdiklərini etiraf edirlər: «Bələdçilərdən biri əlindən yaralanıb. Sosial şəbəkələrdə və mediada yayılmış kadrlarda isə daha bir qadının əlindən və ayağından yaralandığı görünür. Bundan başqa, təyyarənin qanadında dəlik əmələ gəlib, göyərtəsində isə qəlpə izləri, füzelyajın zədələndiyi görünür. Yaralanmış Rusiya vətəndaşları da Qroznı üzərində olarkən üç partlayış səsi eşitdiklərini bildirirlər. Onların sözlərinə görə, partlayış səsləri bayırda eşidilib və bundan sonra təyyarəyə nə isə çırpılıb».
R.Nəbiyev qəzadan sonra təyyarənin quş sürüsü ilə toqquşması versiyasının yayıldığını da xatırladıb. «Lakin ekspertlərin ilkin qənaəti kənar müdaxilənin olduğunu göstərir. Bunu təyyarənin qalıqlarının vəziyyəti və şahidlərin ifadələri də təsdiqləyir. Müdaxilə zamanı istifadə olunmuş silahın növünü istintaq müəyyənləşdirəcək», - deyə nazir qeyd edib. Nəbiyev onu da bildirib ki, təyyarənin uçuş trayektoriyasının təhlili zamanı onun Aktauya Mahaçqala üzərindən istiqamət aldığını görmək mümkündür: «Bundan başqa, istintaq pilotun qəza enişi etmək qərarına hansı səbəbdən gəldiyini də müəyyənləşdirəcək. Təyyarənin göyərtəsindəki GPS sisteminin sönməsinə də aydınlıq gətirilməlidir».
Rəşad Nəbiyevin sözlərinə görə, istər yerli, istərsə də beynəlxalq ekspertlər Azərbaycan təyyarəsinin qəhrəmanlıq göstərərək optimal eniş etmiş, bununla da göyərtədəki sərnişinlərin bir çoxunun sağ qalmasına nail olmuş heyət üzvlərinin işini yüksək qiymətləndirirlər. «Azərba ycan öz hüququndan yararlanaraq, istintaqa beynəlxalq konsultantlar cəlb edib və artıq onlarla əlaqədədir», - deyə nazir bildirib. Bundan başqa, «Embraer» şirkətinin iki mütəxəssisi də hadisə yerinə yollanıb və istintaq qrupunun işində iştirak edir. İstintaqa Braziliyadan mütəxəssislər də qoşulub.
Nəbiyev bildirib ki, Qazaxıstan rəsmiləri Rostovdakı dispetçerin oksigen balonunun partlaması versiyasına istinad edirlər: «Biz bu məlumatın mötəbərliyinin yoxlanılmasını vacib sayırıq. Çünki onu ortaya maraqlı tərəf atıb. Bununla yanaşı, təyyarədə olanların bayırdan eşitdikləri partlayış səsləri kimi faktlar bu versiyanı inkar edir».
«Azərbaycan Hava Yolları» QSC-nin prezidenti Samir Rzayev isə dekabrın 25-də Aktau yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğramasının istər Azərbaycan xalqı, istərsə də AZAL üçün böyük faciə olduğunu bildirib. «Heyət üzvlərinin qəhrəmanlığı sayəsində 20-dən artıq sərnişin qəzadan sağ çıxıb. Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bort bələdçimiz də həlak olub. Onların qəhrəmanlığı heç zaman unudulmayacaq», - deyə S.Rzayev qeyd edib. O, qəzanın səbəblərilə bağlı araşdırmaların davam etdiyini bildirib. «Qara qutu» artıq tapılıb və beynəlxalq aviasiya konvensiyalarına uyğun olaraq, onun oxunması prosesi gedir. «Təyyarə oktyabrda əsaslı təmirdən, texniki baxışdan keçib və onu 15 min saatdan artıq uçuş təcrübəsi olan təcrübəli pilotlar idarə edirdi. Buna baxmayaraq, qəzanın səbəbləri araşdırılır», - deyə Rzayev qeyd edib.
AZAL Müşahidə Şurasının qərarı ilə qəzaya uğramış təyyarənin yaralanmış sərnişinlərinin hər birinə 20, həlak olmuş hər sərnişinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək. Bundan başqa, bütün sərnişinlərə Azərbaycan Respublikasının qanunvericiliyinə və öncül beynəlxalq təcrübəyə uyğun olaraq, sığorta ödənişi ediləcək.
Məsələyə Azərbaycanın səhiyyə naziri Teymur Musayev də münasibət bildirib. O, jurnalistlərə dekabrın 27-də verdiyi açıqlamada deyib ki, dekabrın 25-də Bakı-Qroznı reysi üzrə uçan zaman qəzaya uğramış təyyarədə yaralanmış həmvətənlərimizin durumu sabitdir. Nazirin sözlərinə görə, Prezident İlham Əliyevin göstərişi və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə qəza nəticəsində xəsarət alanlara yardım göstərilməsi üçün dərhal hadisə yerinə geniş tibbi personal göndərilib. «Personal artıq Bakıya qayıdıb. 14 yaralı Azərbaycan vətəndaşı artıq Qazaxıstandan vətənə gətirilib və Bakıdakı «Yeni klinika»ya yerləşdirilib. İlkin müayinələr onların durumunun sabit və qənaətbəxş olduğunu göstərib. Xəsarət alanların əksəriyyəti yaxın günlərdə evə buraxılacaq», - deyə səhiyyə naziri bildirib.
O, qəza nəticəsində dünyasını dəyişmiş insanların cəsədlərinin Azərbaycana gətirilərək dəfn olunması üçün bütün zəruri tədbirlərin görüldüyünü də söyləyib. Qazaxıstanda aparılan müvafiq hüquqi və kriminalistik araşdırmalardan sonra onlar vətənə gətirilərək, müvafiq qaydada dəfn ediləcəklər.
Baş verənlər fonunda AZAL dekabrın 27-də Bakıda Rusiyanın bir sıra şəhərlərinə reyslərin dayandırıldığını bəyan edib. Azərbaycanın Mülki Aviasiya üzrə Dövlət Agentliyi bu qərarı Bakı-Qroznı reysi ilə uçan «Embraer 190» təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaqın ilkin nəticələrinə əsasən, eyni zamanda uçuşların təhlükəsizliyinə yarana biləcək riskləri nəzərə alaraq qəbul edib.
Beləliklə, AZAL 2024-cü il dekabrın 24-dən Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Saratov, Nijnıy Novoqorod, Vladiqafqaz şəhərlərinə uçuşları dayandırıb. Bu, «Embraer 190» təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan istintaqın nəticələri məlum olanadək davam edəcək. Bu qərardan bir gün əvvəl isə AZAL Bakı, Qroznı və Mahaçqala şəhərlərinə uçuşları dayandırmışdı. Təhlükəsizlik baxımından qeyd edilən istiqamətlər, o cümlədən Qroznı və Mahaçqala istiqamətində digər aviaşirkətlərin uçuşları da dayandırılıb.
Dekabrın 27-nə olan məlumata görə, Rusiya tərəfi Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğramasına görə məsuliyyəti üzərinə götürməmişdi…
MƏSLƏHƏT GÖR: