26 Fevral 2025

Çərşənbə, 04:15

YENİ MÖVSÜM

2025-ci ildə Azərbaycanda hansı mühüm tədbirlər keçiriləcək?

Müəllif:

15.01.2025

Yeni 2025-ci il Azərbaycan idmanı üzrə kütləvi yarışlar və mötəbər turnirlərlə zəngin olacaq. Sevindirici haldır ki, bu dəfə böyük idman yarışları təkcə paytaxt Bakıda deyil, ölkənin müxtəlif yerlərində də təşkil olunacaq.

 

Gimnastika

2025-ci ildə Azərbaycan bir sıra beynəlxalq gimnastika yarışlarına ev sahibliyi edəcək. Ümumilikdə ölkədə 7 böyük gimnastika yarışı keçiriləcək. Onların arasında Dünya kubokunun dörd mərhələsi də var. Mövsümü fevralın 22-23-də Milli Gimnastika Arenasında çıxış edəcək batut və tamblinq ustaları açacaqlar. Martın 6-9-da paytaxtda idman gimnastikası üzrə Dünya kuboku, aprelin 18-20-də isə bədii gimnastika üzrə Dünya kuboku yarışı təşkil ediləcək. İyunun 13-15-də keçiriləcək Dünya kuboku mərhələsində iştirak üçün akrobatlar da Bakıya gələcəklər.

Eyni zamanda ilin ikinci yarısında ölkədə gimnastika üzrə Avropa təqviminə daxil olan turnirlər təşkil ediləcək. Gəncədə aerobika üzrə Avropa çempionatı, eləcə də bu növdə yaş qrupları üzrə Avropa yarışları keçiriləcək. Onların tarixləri artıq məlumdur. Noyabrın 9-11-də yaş qrupları üzrə yarışlar, 14-16-da isə qitə çempionatı olacaq. Digər mühüm hadisə ötən il Bakının da ev sahibliyi etdiyi bədii gimnastika üzrə II Avropa kubokudur. Yarış bu dəfə mayın 1-4-də keçiriləcək.

 

Payız mövsümünün “Formula”sı

Azərbaycanın paytaxtı növbəti dəfə “Formula-1”i gözləyir. Yeni mövsüm 24 raunddan ibarət olacaq. Martın 14-16-sı aralığında Avstraliya Qran-prisi ilə start götürəcək mövsüm, 5-7 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə yekunlaşacaq. Yeni mövsümün yarışları 5 qitədə baş tutacaq. 2025-ci ildə altı sprint keçiriləcək. Mövsümöncəsi sınaqlar isə fevralın 26-28-də yenidən Bəhreyndə olacaq. Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında reallaşacaq.

 

III MDB Oyunlarında

2025-ci ildə Azərbaycan daha bir böyük idman yarışına - III MDB Oyunlarına ev sahibliyi edəcək. Üçüncü MDB Oyunları Azərbaycanda keçiriləcək. Bunun üçün 14 şəhər seçilib. Əsas oyunlar Gəncə şəhərində keçiriləcək. Təxminən 7000-dən çox idmançının mübarizə aparacağı 3-cü MDB Oyunları açıq xarakter daşıyacaq. Təşkilat Komitəsi  tərəfindən iştirak üçün MDB-nin üzvü olmayan dost ölkələrə də dəvət göndərilib. Yarışda 32 idman növü üzrə qaliblər müəyyənləşəcək.

 

Ənənəvi şahmat və cüdo

Azərbaycanda iki beynəlxalq şahmat yarışının keçirilməsi nəzərdə tutulur. Ənənəvi “Baku Open 2025” bu dəfə apreldə təşkil olunacaq. Sayca 11-ci dəfə reallaşacaq Vüqar Həşimov Memorialının 2025-ci ildə Qarabağda baş tutacağı planlaşdırılır.

Cüdoda yeni beynəlxalq mövsüm fevralda başlayacaq. Qışın son ayında üç “Böyük Dəbilqə” turniri keçiriləcək. İlk yarış fevralın 1-2-də Parisdə (Fransa) olacaq. Fevralın 14-16-da isə Bakı dünya cüdo ulduzlarını qəbul edəcək. Paytaxtımızdakı yarış Milli Gimnastika Arenasında təşkil olunacaq. Qeyd edək ki, yeni ildə üçüncü “Böyük Dəbilqə” turniri fevralın 28-dən martın 2-dək Daşkənddə (Özbəkistan) keçiriləcək.

 

Azərbaycanda ilk dəfə

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək. Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən Xizək Alpinizmi üzrə Dünya Kubokunun ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanladığı müraciət müsbət qarşılanıb. Əldə olunan razılığa əsasən, ISMF tərəfindən Dünya Kubokunun “Şahdağ”da keçirilməsi ilə bağlı qərar qəbul edilib və yarış beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Azərbaycanda 2025-ci ildə yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Qran-pri turniri keçiriləcək. Yarışa 20-dən artıq ölkənin 150-ə yaxın idmançısının qatılacağı gözlənilir. Qeyd edək ki, sentyabrın 24-dən 27-nə qədər baş tutacaq yarış Azərbaycanın fiqurlu konkisürmə tarixində ilk olacaq. Qran-prinin təşkilindən sonra Azərbaycan Qış İdman Növləri Federasiyası tərəfindən ölkəmizdə dünya çempionatının keçirilməsi üçün müraciət edilməsi də nəzərdə tutulur.

3x3 basketbol üzrə Dünya Kubokunun seçmə mərhələ oyunları ilk dəfə Azərbaycanda keçiriləcək. Bu, ABF ilə Beynəlxalq Basketbol Federasiyası arasında imzalanmış müqaviləyə əsasən mümkün olacaq. 2025-ci il mayın 24-25-də Bakıda keçiriləcək matçlarda 6 kişi və 6 qadın komandası əsas mərhələyə vəsiqə uğrunda mübarizə aparacaq. İştirakçılar arasında Azərbaycanın həm kişilərdən, həm də qadınlardan ibarət yığmaları da yer alacaqlar. Qeyd edək ki, kişi və qadın kateqoriyalarında seçmə mərhələ oyunlarının ən yaxşı 3 millisi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Minifutbol üzrə dünya çempionatı 2025-ci ildə Bakıda keçiriləcək. Azərbaycan Minifutbol Federasiyasının təşkil edəcəyi mötəbər yarışda 50-dən çox ölkənin iştirakı gözlənilir.

Bu yarışlarla yanaşı, ölkədə müxtəlif beynəlxalq turnirlər və Qran-Pri yarışlarının təşkili planlaşdırılır.



MƏSLƏHƏT GÖR:

43