
FƏRİD QAYIBOV: “ETİRAF ETMƏLİYİK Kİ...”
Azərbaycanın gənclər və idman naziri 2024-cü ili qiymətləndirir
Müəllif: Sənan NADİROĞLU
2024-cü il Azərbaycan idmanı üçün həm nəticələr, həm də yeniliklər baxımından uğurlu olub. Azərbaycan komandası ilin əsas yarışında - Paris 2024 Yay Olimpiya Oyunlarında 7 medal qazanmaqla ilk dəfə ən yaxşı 30 ölkə sırasında yer aldı.
“Region plus” jurnalı ötən ilin nəticələrini təhlil etmək üçün gənclər və idman naziri Fərid Qayıbovla söhbətləşməyə və ötən ilin yekunlarını təhlil etməyə nail olub.
Olimpiya uğurları
“İdmançılarımıza ən yüksək qiyməti cənab İlham Əliyev verdi. Prezidentin də qeyd etdiyi kimi, ilin ən vacib yarışı Yay Olimpiya Oyunları idi. Bunu Tokio olimpiadası ilə müqayisə etsək, həmin vaxt qızıl medalsız qaldığımızı deyə bilərik. Paris Olimpiadası idmanımız üçün uğurlu oldu. İki qızıl mükafat əldə etməyimiz və ilk dəfə medal sıralamasında 30-cu olmağımız çox yaxşı nəticədir. Biz həm də ilk dəfə olimpiadada 15 idman növündə təmsil olunurduq.
2024-cü ildə cüdoçumuz Hidayət Heydərovun (73 kq) nəticəsini xüsusi vurğulamaq istəyirəm. O, təqvim ilində Avropa, dünya və olimpiya çempionluğunu qazandı. Azərbaycanda bunu bacaran digər idmançı tanımıram. İnanıram ki, növbəti illərdə belə idmançılarımızın sayı çox olacaq”, - nazir qeyd edib.
Futbolla bağlı problemlər
Nazir ötən il Azərbaycanda futbol üzrə bir neçə beynəlxalq yarış keçirdiklərini söyləyib: “Azərbaycanda uşaqlar üçün 3-4 beynəlxalq turnir keçirdik. Sonuncu yarış Qubada baş tutdu. Komandalarımız beynəlxalq yarışlara daha çox getməlidirlər. Təəssüflər olsun ki, Özbəkistanın 15 yaşlı futbolçulardan ibarət kollektivi gəlib bütün komandalarımızı məğlub etdi. Yəni öyrəndik ki, futbolda Özbəkistanın 15 yaşlı uşaqları bizimkilərdən üstündür. Həmçinin digər turnirdə Belarusun U-15 komandası qalib gəldi. Yarışdan-yarışa komandalarımızda artım hiss olunur. Görünür ki, təcrübə lazımdır. Ona görə də həmin yaş qrupu üzrə komandalar daim yarışlara getməlidirlər. Bundan sonra Azərbaycanda yetişmiş futbolçular görə bilərik. Son illərdə “Qarabağ”ın yerli futbolçuları - Bəhlul Mustafazadə, Tural Bayramov, Nəriman Axundzadə, Elvin Cəfərquliyev yaxşı səviyyədədir. Məsələn, Elvin Avropanın güclü çempionatlarında oynayacaq səviyyədə futbolçudur. Futbolçular təcrübə qazandıqca inkişaf edirlər”.
Eyni zamanda Fərid Qayıbov futbolda görüləsi işlərin çətin olduğunu gizlətməyib: “Bu gün futbol üzrə Azərbaycan çempionatında 10 komanda çıxış edir. Çox istəyərdim ki, klubların sayı artsın. “Qarabağ” son illərin daimi çempionudur. Bu komandaya rəqib olmalıdır ki, inkişaf etsin. Çempionatda rəqabət yüksəlməyincə, irəli getmək mümkün olmayacaq. Futbolda “Qarabağ” gücündə təmsilçilərimizin sayı çoxalmalıdır. Futbolumuz yaxşı günlər yaşamır, bunu etiraf etmək lazımdır. Burada birgə iş olmalıdır. Nazirlik kimi nə etdiyimizi vurğulamaq istəyərdim. Ötən ilin əvvəllərində “Ulduz” akademiyasını yaratdıq. Bölgələrdən perspektivli uşaqları akademiyaya cəlb edirik. Bakı kəndlərinin birində qalırlar, eyni məktəbə gedirlər və məşq edirlər. Aşağı yaş qruplarından ibarət çempionatlara baxsanız, görərsiniz ki, birinci və ikinci yerlərdə məhz bu akademiyanın komandaları qərarlaşıb. Amma o komandaları beynəlxalq yarışlara yollayanda, məsələn, Rusiyadan olan həmkarları ilə oynayanda böyük fərqlə uduzurlar”.
Uşaq futboluna sərmayə qoyulmasının vacibliyi haqqında
Fərid Qayıbov idman infrastrukturunun vacibliyinə də toxunub və stadionların vəziyyətinə daimi nəzarətin vacibliyini vurğulayıb: “Uşaq futboluna investisiya qoymalıyıq. Biz artıq bunu etməyə başlamışıq. Təbii ki, idman infrastrukturundan danışmalıyıq. Stadionlar təmir olunmalıdır. Bir çox rayonlarda stadionlar var. Amma bu işləri tək edə bilmirik, özəl şirkətlər də dəstək göstərməlidir. Deyək ki, hansısa stadionu təmir etdik. Axı orada komanda da oynamalıdır. Həmçinin sonrakı işlər var. Komandaya baxmaq lazımdır. Artıq II Liqa da var. Nəticə istəyirik. Qonşumuz Gürcüstanın uğurlarını görürük və istərdik ki, bizim komanda da belə nəticələr əldə etsin. Daha çox uşaq futboluna sərmayə yatırmalıyıq ki, milli üçün yüksək səviyyəli futbolçular yetişsin”.
Nazir dəstəyin müsbət rol oynaya biləcəyi özəl şirkətlərin idmana cəlb edilməsinin məqsədəuyğun olduğunu qeyd edib: “Məncə, böyük, özəl şirkətlərin idmana yatırım etməsi üçün onlara hansısa güzəşt olmalıdır. Hazırda var, sadəcə bunun bir az dəyişməsini istərdik. Etiraf etməliyik ki, bizdə idman marketinqi yaxşı işləmir. Tədbirlər keçirəndə tamaşaçıların sayı az olur. Təəssüflər olsun ki, onlar stadionlara gəlmirlər. Dünya və Avropa çempionatı keçirilir, dünya ulduzları gəlir, amma biz fanatları görmürük. Bəzi ölkələrdə belə turnirlərə ailə üzvləri ilə birlikdə gəlirlər. Bu ənənənin ölkəmizdə də olmasını istəyirik. Ən yaxşı misal futboldur. “Qarabağ”ın avrokubok matçlarında stadion dolu olur. Amma çempionat matçlarına insanlar gəlmirlər. Deməli, onları düzgün dəvət etmirik. Bizdə də günah var. İnsanları dəvət etməyi bacarmalıyıq. Düşünürəm ki, idman marketinqini gücləndirməliyik. Mütəxəssis yoxdursa, xaricdən dəvət etməliyik”.
III MDB Oyunlarına hazırlıq haqqında
2025-ci ildə Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək. Fərid Qayıbov yarışın bir neçə şəhərdə keçiriləcəyini deyib: “III MDB Oyunları ölkəmizdə təşkil olunacaq. Təkcə MDB deyil, dəvət olunmuş başqa ölkələr də yarışa qatılacaq. 7000-ə yaxın iştirakçının gəlişi gözlənilir. Düşünürəm ki, bu oyunlar regionda idmanın inkişafı üçün təkan olacaq”.
MƏSLƏHƏT GÖR: