4 Mart 2025

Çərşənbə axşamı, 02:41

ƏBƏDİ BAHAR ADASINDA

Madeyra: Atlantikanın cənnət guşəsinin bələdçisi

Müəllif:

15.01.2025

Madeyra sadəcə, ada deyil. O, Yerdə cənnətin güşəsidir. Burada təbiət müxtəlifliyi ilə seçilir, Avropa ənənələri ilə ekzotik çalarların qarışığından əmələ gələn mədəniyyət isə səyahətçilər üçün nadir atmosfer yaradır. Madeyra Portuqaliyanın bir hissəsidir. Söhbət Avropa sahillərindən təxminən 1000, Afrika sahillərindən isə 700 kilometr aralıda, Atlantik okeanında yerləşən arxipelaqdan gedir. Onun ən yaxın qonşuları Kanar adaları arxipelağının ən böyük adası olan ispan Tenerifesi, həmçinin Mərakeşdir. Ada dağ mənzərələri, al-əlvan bitki örtüyü, ənənəvi terrasları və əlbəttə ki, nadir şərabı ilə məşhurdur.

 

Unudulmaz pike

Madeyraya Portuqaliyanın materik hissəsindən asanlıqla uçmaq mümkündür. Arxipelağın paytaxtı Funşala Avropanın Lissabon, Roma, Paris və s. iri şəhərlərindən birbaşa reyslər var. Təyyarə bu yolu təxminən 3-4 saata, Lissabondan isə 2,5 saata uçur.

Madeyra aeroportu kiçik olsa da, son dərəcə müasirdir. Oraya eniş zamanı insanın qarşısında okean suları ilə əhatələnmiş adanın və əlbəttə ki, üfüqdəki dağların inanılmaz mənzərəsi açılır. Portuqaliyanın Atlantik okeanındakı muxtar regionu olan bu adanın aeroportu dünyanın ən qeyri-adi və maraqlı hava limanlarındandır. Bura özünün çətin hava şəraiti, eniş və uçuş üçün məhdud ərazisi ilə tanınır ki, bu da pilotlar üçün əsl sınaqdır. Ətrafdakı dağlar və eniş zolağının qısa olması pilotları tez-tez müxtəlif manevrlər etmək məcburiyyətində qoyur. Amma bütün bu çətinliklərə baxmayaraq, Madeyra aeroportu həm də öz təhlükəsizliyi ilə məşhurdur. Burada pilotlara şəraitə uyğun eniş etmələri üçün xüsusi hazırlıq keçilir. Onlar riskləri minimuma endirmək üçün ən müasir naviqasiya sistemləri və üsullarından istifadə edirlər.

Yeri gəlmişkən, Madeyranın rəsmi olaraq Funşal aeroportu adlanan əsas hava limanının ikinci adı «Cristiano Ronaldo International Airport»dur. Bəli, söhbət Funşalda doğulmuş və 12 yaşınadək valideynləri ilə birlikdə burada yaşamış məşhur futbolçu Kriştianu Ronaldudan gedir. Aeroportun beynəlxalq terminalından çıxan kimi, futbolçunun 2017-ci ildə ucaldılmış birinci (bu, onun şəhərdəki yeganə abidəsi deyil) heykəli ilə qarşılaşırsınız. Hava limanına onun adının verildiyi il ucaldılmış abidə futbolçunun ailəsinin xoşuna gəlmədiyindən, bir il sonra yenisi ilə əvəzlənib. Ailə üzvləri bildirirdilər ki, birinci heykəldə Ronaldunun təbəssümü əyri imiş, gözlərinin ölçüsü isə bir-birindən fərqlənirmiş.

 

Ronaldu adına Madeyra

Ronaldunun Madeyrada doğulması bütünlükdə arxipelağın əsl mədəni və idman rəmzinə çevrilib. Adalılar həmyerliləri ilə qürur duyur. Burada o, sadəcə futbol ikonası deyil, həm də beynəlxalq uğur və mətanət rəmzinə çevrilib. Madeyrada Ronaldunun xatırlanmadığı bir nöqtə belə, yoxdur. Adanın praktik olaraq, bütün sakinləri – kiçikdən böyüyə – Kriştianunu milli qəhrəman sayır və insanlar ona sevgini ən müxtəlif vasitələrlə göstərirlər.

Məsələn, ada Ronalduya həsr olunmuş abidələr və küçələrlə doludur. Bərbərxanaların əksəriyyətinin vitrinində futbolçunun məşhur saç düzümü forması yer alır və bu saç düzümü adada çox məşhurdur.

Funşal sahilində, liman yaxınlığında futbolçunun real ölçüsündə hazırlanmış ən məşhur heykəlini görə bilərsiniz. Onun məşhur qol sevincini yaşadığı anın heykəli 2014-cü ildə ucaldılıb və bura dərhal insanların ən çox baş çəkdikləri yerə çevrilib.

Daha bir analoji heykəl «CR7» adlı Kriştianu Ronaldu Muzeyinin qarşısında yer alır. Bu muzey 2013-cü ildə açılıb və turistlər arasında adanın ən populyar məkanlarından biridir (giriş 5 avrodur). Funşalın mərkəzində yerləşən muzeyə turistlər asanlıqla gedib çıxa bilir. O, sadəcə ekspozisiya deyil, Ronaldu fenomeninə həsr olunmuş maraqlı məkandır. Burada yalnız futbolçunun karyerası boyu qazandığı kuboklar, medal və mükafatlar yox, həm də onun şəxsi əşyaları, fotoları, hətta uşaqlıqdan dünya səviyyəli ulduza çevrilənədək keçdiyi yolun videogörüntüləri nümayiş olunur. Vitrinlərdə futbolçunun şəxsi butsıları, futbol geyimləri, o cümlədən Portuqaliya millisinin heyətində ilk matçında geyindiyi forma, indiyədək çıxış etdiyi «Sportinq», «Mançester Yunayted», «Real Madrid», «Yuventus» kimi klublara aid şərflər, emblemlər və s. var. Bütün bunlar dahi futbolçunun həyatına müxtəlif tərəflərdən nəzər salmaq imkanı yaradır – istər idmançı kimi əldə etdiyi nailiyyətlərə, istərsə də şəxsi inkişafına.

Muzeyin ən parlaq elementlərindən biri də Ronaldunun bir çox digər məşhur idmançılar kimi, xüsusi divara həkk olunmuş barmaq izləridir. Muzeyin bu hissəsi onun bu məkanla əlaqəsinin özünəməxsus ifadəsi, eyni zamanda futbolçunun Madeyra üçün əhəmiyyətinin göstəricisidir.

Muzeydə Ronalduya məxsus 200-dən artıq şəxsi əşya sərgilənir. Ona rəhbərliyi isə futbolçunun doğma qardaşı Uqu edir.

Madeyranın nüfuzlu Santu-Antoniu rayonunda Ronaldular ailəsinin böyük mülkü də var. Onun anası, qardaşı və bacıları məhz burada yaşayırlar. Muzeydə deyirlər ki, Ronaldu özü buralara nadir halda gəlir. O, daha çox Lissabonda olur. Muzeyin menecerinin sözlərinə görə, məşhur hücumçu Madeyranın və onun sakinlərinin inkişafına ciddi dəstək verir, lakin bu xeyriyyəçiliyini nümayiş etdirməməyə çalışır.

Beləliklə, Kriştianu Ronaldu Muzeyi, onun şəhərdəki heykəlləri, hətta adını daşıyan aeroport adanı bütünlükdə Portuqaliya, xüsusilə də Madeyra üçün idman qürurunun təcəssümünə çevirir.

 

Bir sakinə dörd turist

Madeyra bütün dünyadan səyahətçiləri cəlb edən populyar turizm istiqamətidir. O, insanları yumşaq iqlimi, möhtəşəm təbiət mənzərələri və nadir mədəni xüsusiyyəti ilə cəlb edir. Əlverişli iqlimi üzündən buranı «əbədi bahar adası» da adlandırırlar. Burada qış fəslində belə, okean suyunun hərarəti +16-dan aşağı düşmür. Bu isə xüsusilə Avropanın şimalından turistləri cəlb edir.

İl ərzidə adaya 1 milyondan artıq turist baş çəkir. Halbuki burada əhalinin sayı 260 mindən bir qədər artıqdır. Son illər adada infrastrukturun yaxşılaşdırılması, fəal istirahət, ekzotik məkan həvəskarları arasında təbliğatın gücləndirilməsi buraya turist axınını daha da çoxaldıb.

Portuqaliyanın özü ilə yanaşı, buraya Böyük Britaniya, Almaniya, Fransa, Niderland, Rusiya kimi ölkələrdən də turistlər üz tuturlar. Madeyrada istirahətin qiyməti isə qalacağınız evdən, mövsümdən və seçəcəyiniz xidmət növlərindən asılı olaraq dəyişir. Ucuz hotel və hostellərdə bir gecə qalmaq 50-100 avroya, orta sinif qonaq evləri və üçulduzlu hotellərdə isə 100-1500 avroya başa gəlir. Dəbdəbəli hotellərdə gecələməyin qiyməti 200 avrodan başlayır. Bununla yanaşı, bir nəfər üçün (Avropadan) həftəlik turun orta qiyməti uçuş, qalmaq və bəzi ekskursiyalar daxil, 700-1500 avro arasında dəyişə bilər. Bu, hotelin səviyyəsindən və səfərin hansı fəslə təsadüf edəcəyindən asılıdır.

Funşalda istənilən zövqə uyğun hotel var – okeana mənzərəsi olan dəbdəbəli hotellərdən tutmuş, adanın atmosferini hiss etdirəcək rahat qonaq evlərinədək. Hotellərin əksəriyyətindən Atlantik okeanına möhtəşəm mənzərə açılır. Buradakı gözəl və rahat terraslarda ləzzətli yerli şərab içərək dincəlmək insanlara, həqiqətən, zövq verir. Yox, əgər tam təkliyə, sakitliyə çəkilmək istəyirsinizsə, kəndlərdəki kiçik hotellər və villalar sizə daha uyğundur. Buradakı gül-çiçəkli bağçalar, gözəl mənzərələr sizi şəhər atmosferindən əməlli-başlı uzaqlaşdıracaq.

«Numbeo» reytinqinə görə Madeyrada yaşayış Lissabonla müqayisədə təxminən 12% ucuzdur. Demək, Lissabonda 3228 avroya yaşadığınızı bu adada 2800 avroya yaşaya bilərsiniz. Bununla yanaşı, Madeyrada orta aylıq əməkhaqqı 1375, minimum əməkhaqqı isə 723 avrodur.

Paytaxt Funşalda eksklüziv restoranlarda iki nəfər üçün şam yeməyi 100-150 avroya başa gəlir. Restoranların əksəriyyətində isə qiymətlər daha aşağıdır – bir nəfərlik nahar orta hesablda 20-40 avro.

Madeyra tək şərabları ilə deyil, həm də yeməkləri ilə məşhurdur. Misal kimi, ənənəvi «espetada» (şişdə bişirilmiş ət – 18-22 avro) və «bolo do caco»nu (sarımsaqlı yerli çörək – 2,5-3 avro) göstərmək olar. Bunları istənilən restoranda sifariş etmək mümkündür. Ada balıq supu ilə də tanınır. Əksər restoranlarda təklif olunan bu şorbanın qiyməti 4-5 avrodur.

 

Ekzotika axtarışında

Madeyra kifayət qədər əlçatandır. Halbuki o, turizm məhsulu kimi çox keyfiyyətlidir. Burada möhtəşəm təbiətlə dəbdəbəli istirahət şəraiti bir aradadır. Ada qeyri-adi flora və faunası ilə məşhurdur. Burada sərt dağlarla yaşıl dərələr təzad əmələ gətirir. Adanın hər yanında saysız-hesabsız ekzotik bitki bitir. Yumşaq iqlim sayəsində dünyanın müxtəlif yerlərindən gəlmiş turistlər burada ilboyu al-əlvan çiçəklərdən zövq ala bilir.

Madeyranın ən görməli təbii məkanlarından biri Levadadır: o, bütün adanı dolaşan nadir suvarma kanalları sistemidir. Sahələri, kənd təsərrüfatı torpaqlarını suvarmaq üçün yaradılmış bu kanalların yüzlərlə yaşı var. Levada boyunca gəzinti Madeyra təbiətinin dərinliklərinə səyahət deməkdir: meşələr, qayalıqlar və yaşıl dərələr.

Adada dağ gəzintisi və fəal istirahət həvəskarları üçün də hər bir şərait var. Burada çoxsaylı marşrutlar dağlara və okeana inanılmaz mənzərəni təmin edir. Belə marşrutların ən populyarlarından biri adanın ən uca nöqtəsi (1862 m) olan Piku-Ruyvu zirvəsinə səhayətdir. Bu zirvədən ətrafdakı dağlara və dərələrə fantastik görüntü açılır.

Levada boyu gəzinti, kanat yolu ilə səyahət, botanika bağları ilə tanışlıq, kanyonlara, şərabçılıq məkanlarına turlar hər ekskursiyaya görə təxminən 40-90 avroya başa gəlir. Ən populyar ekskursiyalar arasında kater, katamaran və yaxta ilə gəzinti (45-60 avro) də var. Bu zaman balinaları, delfinləri, müxtəlif tısbağaları seyr edə bilirsiniz. Madeyra sadəcə dağlar və meşələri ilə yox, həm də möhtəşəm sahilyanı ərazilərilə məşhurdur. Ada bu üzdən həm də ferfer, kayserfer və dayvinq həvəskarlarını cəlb edir.

Yeri gəlmişkən, həm də davamlı olaraq müxtəlif festivalların, konsert və tədbirlərin keçirildiyi məkandır. Bu mənada, fevralda təşkil olunan karnavalları və apreldə keçirilən güc festivalını xüsusi vurğulamaq lazımdır.

 

Ən maraqlısı

Madeyranın tarixi də maraqlıdır. Ada portuqaliyalılar tərəfindən 1419-cu ildə kəşf olunub və o vaxtdan dünyanın ən vacib ticarət və mədəniyyət bəndinə çevrilib. Amma portuqal köklərinə baxmayaraq, burada ərəblərdən ingilis müstəmləkəçilərinədək müxtəlif mədəniyyətlərin izlərini görmək mümkündür. Bu müxtəliflik özünü yerli mətbəxdə də göstərir, dildə də, memarlıqda da.

Madeyranın ən məşhur ənənələrindən biri, əlbəttə ki, şərabçılıqdır. Ada bununla bütün dünyada məşhurdur. Burada şərab əsasən terraslarda becərilən üzümdən çəkilir. Nadir saxlama qaydaları isə ona xüsusi dad verir. «Madeyra» şərabının dadına bütün ada boyu qarşıya çıxan çaxır zavodlarında baxmaq olar. Onu suvenir kimi alanlar da var. Ümumilikdə isə Madeyrada 40-50 avro qarşılığında müxtəlif ekskursiyalar zamanı şərabın hazırlanması mərhələləri haqda məlumat verilir, turistlər istədikləri növdə şərabı dadmaq imkanı qazanırlar.

Funşaldakı qədim şəhər isə Madeyra paytaxtının qəlbidir. Yerli sakinlər onu «Velin zonası» adlandırırlar. Burada tarix, mədəniyyət və dinamik həyatın qəribə ahəngi var. Dar küçələri, qədim binaları olan bu mənzərəli rayon Madeyranın nə qədər zəngin irsə malik olduğunu göstərir. O, tursitlərin ən sevimli məkanlarındandır.

Qədim şəhərin ən parlaq elementlərindən biri isə küçədəki art-səhnə, xüsusilə «Naxışlı qapılar» layihəsidir. 2010-cu ildə yaradılmış bu bədii layihə ensiz «Rua de Santa Maria» küçəsinin şəklini dəyişərək, onu açıq səma altında qalereyaya çevirib. Nəticədə, tarixi rayon parlaq freskalarla, orijinal işlənmiş qapılarla daha baxımlı hala gəlib.

Madeyrada, Santa-Kruş qəsəbəsi yaxınlığında, Qarajau burnunun sıldırımında İsa Peyğəmbərin heykəli ucalır. Rəvayətə görə adanı kəşf etmiş portuqaliyalı dənizçilər ilk olaraq burada iki ağacı kəsərək, ondan böyük xaç hazırlayıblarmış. Sonradan o, mərmər xaçla ilə əvəzlənib, 1927-ci ildə isə onun yerində qollarını yana açmış Xilaskarın abidəsi ucaldılıb.

Adanın rəmzlərindən biri də onun botanika bağlarıdır. Bu bağların ən məşhuru nadir tropik bağa malik Monte saray kompleksi və Ribeyra-Frio meşə-parkıdır. Hər iki məkan öz zəngin, özünəxas fauna və florası ilə tanınır. Təbiəti sevənlər buradan, həqiqətən, unudulmaz təəssüratla ayrılırlar. Adanın şimal sahilində, Santanada yerləşən, dağlarla əhatələnmiş Ribeyro-Frio dərəsi təbiət sevənlərə ideal dinclik gətirir. Oradakı geniş meşə zonasında dəfnə fəsiləsinə aid saysız-hesabsız ağac var. Bu ekosistemdə bis-bis, alacəhra və ya nadir uzunboğaz göyərçinlərə rast gəlmək mümkündür.

Monte qəsr kompleksinə kanat yolu ilə getmək mümkündür (iki istiqamətdə 18 avro). Bəli, paytaxt Funşal ilə dağ sıldırımında yerləşən bu mənzərəli rayonu kanat yolu birləşdirir. Kanatla yuxarı qalxdıqda göz önündə buxtaya, şəhərə, okeana möhtəşəm mənzərə, dağların zirvələri, ekzotik bitkilər və bağlarla zəngin yaşıl dərələr açılır.

Kanat yolunun zirvəsində yerləşən mənzərəli balaca Monte kəndi də bağları, tarixi və mədəniyyəti ilə məşhurdur. Monte qəsri (giriş 15 avrodur), adanın ən məşhur və gözəl bağlarından biri də buradadır. Ora mütləq baş çəkmək lazımdır. Qəsrin əsası XX əsrin əvvəllərində qoyulub. Bu gün o Madeyranın ən görməli yerlərindəndir. Bağ isə qədim bir evin ərazisindədir. Burada 2000-dən artıq bitki növü, o cümlədən nadir tropik və subtropik bitkilər var. Bağ bir neçə zonaya bölünüb və onların hər biri öz nadir görünüşü və atmosferi ilə seçilir. Məsələn, yapon bağında sakitlikdən zövq almaq, bambukların arası ilə gəzmək olarsa, su bitkiləri bağında ekzotik şanagüllələrə, su zanbaqlarına tamaşa etmək olar.

Flora ilə yanaşı, Monte Palas ərazisində gözəl göllər, fəvvarələr, onların içində isə rəngbərəng balıqlar, həmçinin heykəllər, incəsənət əsərləri də var ki, bütün bunlar əraziyə əlavə gözəllik, zəriflik qazandırır. Bağdakı ən maraqlı obyektlərdən biri Funşala mənzərəsi olan terrasdır. Buradan şəhərə, Atlantik okeanına və yaşıl dağlara inanılmaz görüntü açılır.

Burada rayonun zəngin tarixindən bəhs olunan Monte Muzeyi də var. O, Madeyranın mədəni və təbii irsinə, həmçinin yerli əhalinin həyatına, ənənələrinə həsr olunub. Yerli memarlığa və incəsənətə həsr olunmuş ekspozisiya xüsusi diqqət çəkir. Muzeydə ötən əsrin Madeyrasının atmosferini hiss etmək imkanı verən qədim rəsmlərə, foto və əşyalara rast gəlinir.

Əksər turistlər botanika bağını və muzeyi gəzdikdən sonra daha bir nadir macəraya baş vuraraq, Funşala ənənəvi taxta xizəklərlə enirlər. Bu hərəkət vasitəsi Madeyrada XIX əsrdə yayılıbmış. İnsanlar Monte ilə Funşal arasında məhz onlarla hərəkət edirlərmiş. Bu gün onlar həm də populyar əyləncə vasitəsinə çevrilib: xizəkləri dağdan üzüaşağı təcrübəli yerli yürüşçülər idarə edir.

Madeyra təzadlar adasıdır: burada nəhəng dağ zirvələrindən tutmuş, sakit okeana, dinamik mədəniyyətdən tutmuş, insanı sakitləşdirən təbiətədək hər şey var. Bura nadir atmosferi, son dərəcə gözəl təbiəti və isti qəbulu ilə qəlbinizə birdəfəlik həkk olunacaq. Bu ada istər tək qalmağı xoşlayanların, istərsə də fəal istirahətdə yeni üfüqlər açmaq, yeni mədəniyyətlə, qastronomiya ilə tanış olmaq istəyənlərin ürəyincə olacaq. Madeyra hər bir insanın ömründə bir dəfə də olsa, görməli olduğu məkandır.



MƏSLƏHƏT GÖR:

41