
SOCAR TURKİYE: REKORDLAR VƏ AMBİSİYALAR
Cari layihələrin uğurla həyata keçirilməsi şirkətin Türkiyədəki yeni təşəbbüslərə dəstəyini təmin edir
Müəllif: Nigar ABBASOVA
2008-ci ildən Türkiyənin enerji bazarında öz mövqeyini möhkəmləndirən “SOCAR Turkiye Enerji Anonim Şirketi” (STEAS) - Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə bölməsi 2024-cü ilin yekunlarını açıqlayıb. İstanbulda Azərbaycan jurnalistləri üçün keçirilən mətbuat konfransında şirkət nailiyyətləri, strateji uğurları və gələcək üçün iddialı planları ilə bölüşüb. STEAS rəhbərlərinin dediklərindən belə bir nəticə çıxarmaq olar: dünyadakı mürəkkəb geosiyasi vəziyyətə və qlobal iqtisadi qeyri-sabitliyə baxmayaraq, ötən il şirkət yüksək istehsal və maliyyə göstəricilərinə nail olub. O, əldə edilənlərlə kifayətlənməyərək, ona bu qədər uğur gətirən Türkiyənin neft-kimya sektorunun inkişafına milyardlarla investisiya yatırmaq imkanlarını araşdırır.
Yaxın perspektivdəki planlara neft-kimya sənayesində istehsal güclərinin artırılması, yeni ekoloji dayanıqlı layihələrin həyata keçirilməsi və Türkiyənin Avropa ilə Asiya arasında enerji mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsi daxildir.
Neft-kimyaya milyardlar
Neft-kimya sənayesi, energetika və infrastruktura böyük məbləğdə investisiyalar sayəsində SOCAR təkcə Türkiyə iqtisadiyyatının strateji əhəmiyyətli sahələrinin inkişafına töhfə vermir, həm də bu ölkənin real iqtisadi sektorunun əsas oyunçularından birinə çevrilib.
Şirkət STAR Neft Emalı Zavodunu (NEZ) istismara verib və onu “Petkim” ilə inteqrasiya edib. Bundan başqa, Azərbaycan şirkəti “Petlim Limancılık” konteyner terminalını, külək elektrik stansiyasını, neft və neft məhsullarının saxlanması üçün “SOCAR Depolama” müəssisəsini tikib. Şirkət, həmçinin “SOCAR Petrol Ticaret” şirkəti vasitəsilə neft məhsullarının ticarəti və “SOCAR Turkey Dogalgaz Yatirim AŞ” vasitəsilə Türkiyənin daxili bazarına qaz təchizatı ilə məşğul olur.
“SOCAR Turkiye Enerji”nin nümayəndələri qeyd ediblər ki, əldə edilən uğurlar onların uzunmüddətli strategiyasının yalnız bir hissəsidir. Şirkətin məlumatına görə, Türkiyədə 17 illik fəaliyyəti dövründə həyata keçirilən layihələrə yatırılan investisiyaların ümumi həcmi 18,5 milyard dollar təşkil edib. STEAS-ın strukturuna 32 şirkət daxildir, ümumi işçi sayı təxminən 5600 nəfərdir, podratçı təşkilatların işçiləri ilə birlikdə bu say 10 mini keçir.
“SOCAR Turkiye Enerji”nin baş icraçı direktoru Elçin İbadov bildirib ki, şirkət 2030-cu ilə qədər qaz və enerjinin fasiləsiz və səmərəli təchizatçısına çevrilmək və davamlı inkişafı davam etdirmək məqsədi qoyub. Bu məqsədə çatmaq üçün şirkət, ilk növbədə, Türkiyənin neft-kimya sektorunda iştirakını genişləndirməklə nail olmağı planlaşdırır. “Növbəti beş ildə biz neft emalı və neft-kimya sənayesinin yüksək səviyyədə inteqrasiyasına malik şirkətə çevrilməyi qarşıya məqsəd qoymuşuq”, - E.İbadov bildirib.
Şirkət Aliağa yarımadasında (İzmir) yerləşən “Petkim” neft-kimya kompleksinin fəaliyyətinə xüsusi diqqət yetirir. SOCAR hər il Türkiyənin yeganə inteqrasiya olunmuş neft-kimya holdinqinə daxil olan müəssisələrin inkişafına təxminən 113 milyon dollar sərmayə qoyur. 2008-2024-cü illər ərzində bu investisiyaların ümumi həcmi 2 milyard dollar təşkil edib.
“Petkim” maksimum istehsal gücü 3,6 milyon ton olan 15 əsas istehsal müəssisəsini özündə birləşdirir. Bu müəssisələr 48 ölkəyə ixrac olunan təxminən 60 müxtəlif növ məhsul istehsal edirlər. 2024-cü ildə Petkim zavodları 2 milyon ton məhsul istehsal edib. Ümumilikdə holdinq müəssisələri Türkiyənin neft-kimya məhsullarına olan daxili tələbatının təxminən 10,8%-ni təmin edir.
“SOCAR Turkiye”nin neft emalı və neft-kimya üzrə biznes bölməsinin rəhbəri Kənan Mirzəyev holdinqin gələcək inkişaf planları ilə bağlı fikirlərini bölüşərkən bildirib ki, perspektivdə polimerlərə tələbatın artması gözlənilir və buna görə də şirkət məhz bu məhsulların (polietilen, polipropilen) istehsalını genişləndirməyi planlaşdırır. “Türkiyənin poliolefinlərə olan tələbatı hər il 2,5-3% artır. Hazırda Türkiyə poliolefinlərin 90%-ə qədərini idxal edir və “Petkim” ölkədə bu məhsulun yeganə istehsalçısıdır”, - K.Mirzəyev qeyd edib.
Məlum olduğu kimi, STEAS-da son üç il ərzində (2022-2024) sektorun ən böyük şirkətləri - STORK, “Wood Mackenzie” və KBR-in cəlb edilməsi ilə master-plan üzərində aktiv iş aparılıb. Bu plan “Petkim” kompleksinin köhnəlmiş zavodlarının yenilənməsi üzrə “yol xəritəsi”nin əsasını təşkil edəcək.
STORK ilə əməkdaşlığın nəticələrinə görə, 3-7 il ərzində “Petkim”in mövcud zavodlarının təmirinə əhəmiyyətli vəsait qoyuluşu tələb olunacağı müəyyən edilib. “Wood Mackenzie” ilə birgə işin nəticələrinə görə, etilen istehsalı və onun polimerləşməsi daxili bazarda ən böyük artım potensialına malik məhsullardır.
KBR ilə master-planın texniki-iqtisadi əsaslandırılması hazırlanıb və bu çərçivədə Petkim neft-kimya müəssisələrinin fəaliyyətinin davam etdirilməsi üçün müxtəlif investisiya ssenarilər işlənib. Bu birgə işin nəticəsində Türkiyədə etilen (ildə 1,2 milyon ton), polipropilen (ildə 550 min ton) və yüksək və aşağı sıxlıqlı polietilen (HDPE/LDPE, ildə 827 min ton) istehsalı üçün yeni güclərin yaradılması niyyəti formalaşıb. Hazırda “Petkim”in polipropilen və polietilen daxil olmaqla poliolefinlərin istehsalı gücü ildə 588 min tondur.
“Biz bazar araşdırmaları apardıq və Türkiyədə polimer istehsalı sektorunda artım gözləyirik. İnvestisiya qərarı qəbul edilərsə, etilen zavodumuzun gücünün ikiqat artırılması Türkiyə etilen bazarında üçqat artıma nail olmağa imkan verəcək. Detallı layihələndirmənin nəticələrinə əsasən dəqiq investisiya həcmi və layihənin texniki şərtləri müəyyən ediləcək. İlkin qiymətləndirməyə görə, bu işlərin dəyəri təxminən 7 milyard dollar təşkil edir”, - deyə K.Mirzəyev bildirib.
Hazırda “Petkim”də polimer istehsalının genişləndirilməsi üzrə ilkin layihələndirmə (“PreFEED”) işləri aparılır. Söhbət həm mövcud müəssisələrin güclərinin artırılmasından, həm də yeni zavodların tikilməsindən gedir. “2025-ci ilin may-iyun aylarında detallı layihələndirmə (FEED), lisenziyaçıların seçilməsi və digər texniki məsələlər üzrə işlər başlayacaq. FEED prosesi bahalıdır. Bunun üçün 50 milyon dollar tələb edilir və bu proses 18-24 ay çəkəcək. 2026-cı ilin dekabrında detallı mühəndislik başa çatdıqdan sonra layihə üzrə yekun investisiya qərarı qəbul ediləcək ki, bu da tikinti mərhələsinə keçməyə imkan verəcək. Bu layihənin reallaşdırılması ölkənin idxaldan asılılığını azaldacaq və “SOCAR Turkiye”nin gəlirlərini artıracaq”, - K.Mirzəyev vurğulayıb.
Yeri gəlmişkən, şirkət hələ yeni investisiyalar üçün maliyyələşdirmə metodları və ya səhmdar kapitalının bölüşdürülməsi barədə qərar qəbul etməyib. Böyük ehtimalla bu məsələyə növbəti mərhələlərdə baxılacaq.
Neft emalında əsas addımlar
Ötən il “SOCAR Turkiye Enerji”yə məxsus STAR NEZ üçün də uğurlu olub. Əsas nailiyyət müəssisənin həm neft emalı, həm də neft məhsulları istehsalı üzrə güclərinin əhəmiyyətli dərəcədə artımı ilə bağlıdır.
Xatırladaq ki, bu zavod 2018-ci il oktyabrın 19-da istismara verilib və “Petkim” neft-kimya kompleksinin fəaliyyətində əsas rol oynayaraq onu xammal (nafta) ilə təmin edib. Bu, həmçinin SOCAR-a dizel yanacağı, aviakerosin və kimya sənayesi üçün xammal daxil olmaqla məhsullarla Aralıq dənizi bazarına çıxış imkanları açıb. Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyə NEZ-in tikintisi və inkişafına ümumi investisiya məbləği 6,7 milyard dollar təşkil edib.
Zavod 2024-cü il sentyabrın 5-dən tarixində ilk dəfə olaraq planlı təmir-profilaktika işləri və avadanlığın texniki xidməti üçün dayandırılıb. Bu tədbirlər müsbət nəticələr verib. E.İbadovun qeyd etdiyi kimi, təmir və modernizasiya nəticəsində STAR indi istehsal həcminə görə Türkiyənin ən böyük neft emalı müəssisəsidir. 2025-ci ildə zavodun tam güc ilə işləyəcəyi və 13 milyon tondan çox neft emal edəcəyi planlaşdırılır.
“STAR NEZ Türkiyənin ən böyük neft emalı müəssisəsidir və ölkənin neft məhsullarına olan tələbatının 18%-ni təmin edir. STAR NEZ-də iki ay davam edən təmir və modernləşdirmə işləri çərçivəsində bir qurğu dəyişdirilib və bu əməliyyat 56 milyon ABŞ dollarına başa gəlib. Nəticədə, biz həm neft emalı, həm də neft məhsulları istehsalı üzrə güclərdə artıma nail olduq. Belə ki, zavodun istehsal güclərindən istifadə göstəricisi 118,5%-dən 121%-ə yüksəlib. 2025-ci il ərzində bu göstəricini 123%-ə qədər artırmağı planlaşdırırıq və hazırda müvafiq test işləri aparırıq. Bu əməliyyatların uğurlu olacağına ümid edirik”, - E.İbadov qeyd edib.
O, həmçinin qeyd edib ki, Petkim və STAR NEZ-nin inkişafında karbonun tutulması və utilizasiyası üzrə yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. “Bu nailiyyətlər NEZ-ə təkcə emissiyaları azaltmağa deyil, həm də CO₂-ni sintetik yanacaq və kimyəvi maddələr kimi dəyərli məhsullara çevirməyə imkan verir. Neft emalı sahəsini dəyişən bu innovasiya gəlirliliyi ətraf mühitə qayğı ilə birləşdirərək sənaye üçün əsl uduşlu vəziyyətdir”, - E.İbadov vurğulayıb.
Onun sözlərinə görə, aşağı karbonlu emal potensialı və artırılmış istehsal səmərəliliyi STEAS-ın daha ekoloji və “ağıllı enerji” gələcəyinə sadiqliyini gücləndirir.
Yeri gəlmişkən, 2030-cu ilə qədər inkişaf strategiyasına əsasən, STEAS bitki yağlarının tullantılarından ekoloji təmiz aviasiya yanacağının (Sustainable Aviation Fuel, SAF) istehsalını həyata keçirməyi planlaşdırır. Bu, şirkətin davamlı inkişaf prinsiplərinə sadiqliyini vurğulayan və innovativ həllərə can atmasını nümayiş etdirən mühüm addımdır. Doğrudur, SAF yanacağı aviasiya uçuşları zamanı karbon izini azalda bilsə də, o, bahalıdır və istehsalı mürəkkəbdir.
Mümkün satış
Türkiyə bölməsinin fəaliyyətinin digər aspektləri ilə bağlı yaxın gələcəkdə yeni mühüm hadisələr baş verə bilər. Bu halda söhbət STEAS-ın qaz paylama biznesindən, daha dəqiq desək, onun satışından gedir.
“SOCAR Turkiye Enerji” bu sektora 2019-cu ildə Almaniyanın EWE AG şirkətinin Türkiyə törəməsi olan “EWE Turkey Holding”i əldə etməklə daxil olub. Sövdələşmə, həmçinin “EWE Turkey Holding”ə daxil olan beş şirkətin – “Bursagaz”, “Kayserigaz”, “Enervis”, “EWE Enerji” və “Millenicom”un alınmasını əhatə edirdi. Şirkətlərin SOCAR-ın mülkiyyətinə verilməsi 2019-cu il iyunun 17-də başa çatıb.
“SOCAR Turkiye Enerji” bu ölkədə qaz paylama biznesinə ümumi investisiya həcmi 2024-cü ilin sonuna 209 milyon dollar təşkil edib. E.İbadov bu barədə məlumat verərkən vurğulayıb ki, “Bursagaz” və “Kayserigaz” şirkətləri vasitəsilə Kayseri və Bursa şəhərlərinin uğurlu qazlaşdırılması davam edir. “Bursagazın qaz paylama şəbəkəsinin uzunluğu 7703 kmilometr, “Kayserigaz”ın isə 7118 kilometr təşkil edir. “Bursagaz”ın abunəçilərinin sayı 1,2 milyon, “Kayserigaz”ın 700 min nəfərdir.
STEAS-ın qaz paylama sahəsindəki aktivlərinin mümkün satışı barədə xəbər ilk dəfə ötən ilin noyabrın sonunda açıqlanıb və ictimaiyyət üçün tam gözlənilməz olub. Bildirilirdi ki, tərkibinə “Kayserigaz” və “Bursagaz”ın daxil olduğu “SOCAR Turkey Dogalgaz Yatirim AŞ” şirkətinin satışı ilə bağlı danışıqlar aparılır.
“SOCAR Turkiye Enerji”nin rəhbəri belə sövdələşmənin ehtimalı ilə bağlı vəziyyəti aydınlaşdıraraq bildirib ki, bu biznesin satışı ilə bağlı tapşırıq yoxdur, şirkət sadəcə bu məsələ ilə bağlı aldığı bir neçə təklifi araşdırır.
“Bizim “Bursagaz” və “Kayserigaz” qazpaylayıcı şirkətlərimiz çox uğurla fəaliyyət göstərir və biz onları satışa çıxarmamışıq. Sadəcə aldığımız bir neçə maraqlı təklifi qiymətləndiririk. Ümid edirəm ki, tezliklə bu məsələ ilə bağlı qərar qəbul ediləcək. Biz bu təklifləri strateji maraqlarımıza, gələcək planlarımıza və maliyyə aspektlərimizə uyğunluq nöqteyi-nəzərindən qiymətləndiririk”, - E.İbadov bildirib.
O əlavə edib ki, şirkətin növbəti beş il üçün strategiyasında qaz distribusiyası sahəsində genişlənmə nəzərdə tutulmayıb: “Ona görə də əgər belə bir satış baş tutarsa, bu, şirkətin strateji planlarına zidd olmayacaq”.
Liman infrastrukturunun genişləndirilməsi
“SOCAR Turkiye Enerji”, həmçinin İzmirdəki terminalının əhəmiyyətli dərəcədə genişləndirilməsi planlarını açıqlayıb. Söhbət “SOCAR Terminal”dan (Petlim) gedir. E.İbadov bildirib ki, şirkət terminalın buraxılış qabiliyyətini ildə 1,5 milyon TEU-ya çatdırmaq niyyətindədir.
2016-cı ildən fəaliyyət göstərən və “Petkim” holdinqi və STAR NEZ-in bilavasitə yaxınlığında yerləşən “SOCAR Terminal”ının tikintisi üçün 420 milyon dollar investisiya qoyulub. O, regionda ən yüksək məhsuldarlığa malikdir və həm iri (165 min dedveyt ton), həm də son nəsil 18 min TEU tutumlu konteyner gəmilərini qəbul edə bilir.
“Bu, Egey hövzəsində ən böyük konteyner terminalıdır. Bizim məqsədimiz onun gücünü ildə 1,5 milyon TEU-ya çatdırmaqdır. Yəni hazırkı göstəricidən təxminən üç dəfə çox. Üstəlik, bu terminalın tikintisi məhz ildə 1,5 milyon TEU gücü nəzərə alınaraq aparılıb, hazırda bu göstərici ildə 500-550 min TEU təşkil edir. Biz onun gücünün mərhələli şəkildə artırılmasını planlaşdırırıq. Yeri gəlmişkən, 2024-cü ildə SOCAR terminalında konteyner aşırılması üzrə rekord vurulub”, - E.İbadov söyləyib.
Onun sözlərinə görə, şirkət liman xidmətləri sahəsində fəaliyyətini davam etdirməyi planlaşdırır: “Bizə bu sektordakı fəaliyyətimizlə bağlı bəzi təkliflər daxil olur. Bütün bu təkliflər SOCAR şirkətinin bu sahədən çıxmasını deyil, fəaliyyətinin davam etdirilməsini nəzərdə tutur”.
Bu terminal “SOCAR Turkiye Enerji”nin obyektlərinə yüklərin çatdırılmasını və şirkətin məhsullarının ixracını təmin edir. Onun genişləndirilməsi bu proseslərin səmərəliliyini əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək.
Beləliklə, 2024-cü ilin yekunları təsdiq etdi ki, “SOCAR Turkiye Enerji” haqlı olaraq Türkiyənin enerji sektorunda lider mövqe tutur və biznesin, texnologiyaların və dayanıqlı inkişaf prinsiplərinin uğurlu inteqrasiyasına nümunədir. Türkiyə iqtisadiyyatına uzunmüddətli investisiyalar, müasir infrastrukturun yaradılması və innovasiyaların tətbiqi sayəsində şirkət təkcə mövqelərini möhkəmləndirmir, həm də qardaş ölkənin yanacaq-enerji kompleksinin inkişafına əhəmiyyətli töhfə verir.
Əminliklə söyləmək olar ki, layihələrin uğurla həyata keçirilməsi və onların Türkiyə iqtisadiyyatına təsiri SOCAR-ın Türkiyədəki yeni təşəbbüslərinin dəstəklənməsini təmin edir. Bu da şirkət qarşısında gələcək artım və yeni iddialı hədəflərin həyata keçirilməsi üçün geniş perspektivlər açır. İndi şirkət yeni layihələri müəyyənləşdirməlidir və onun inkişafını izləmək maraqlı olacaq.
MƏSLƏHƏT GÖR: