
FİSKAL İL
Vergi Məcəlləsinə növbəti dəyişikliklər qüvvəyə minib: yeni güzəştlər və qaydalar
Müəllif: İlahə MƏMMƏDLİ
Vergi sisteminin dayanıqlılığı dövlətin sabit iqtisadi artımının və uzunmüddətli inkişafının təmin edilməsində əsas rol oynayır, gəlirlərin ədalətli yenidən bölüşdürülməsi üçün şərait yaradır, sahibkarlıq fəaliyyətini və investisiyaları stimullaşdırır, iqtisadiyyatın xarici şoklara qarşı həssaslığını azaldır. Balanslaşdırılmış vergi siyasətinin Azərbaycan üçün əhəmiyyəti də danılmazdır. Xüsusilə qlobal çağırışlar şəraitində. Söhbət xammal bazarlarının volatilliyi, geosiyasi amillər və iqlim dəyişikliklərindən gedir.
Bu gün Azərbaycanın fiskal sistemi rəqəmsallaşma, şəffaflığın artırılması və kölgə iqtisadiyyatı ilə mübarizəyə yönəlmiş islahatlar sayəsində kifayət qədər dayanıqlıdır. Lakin uzunmüddətli tendensiyalar, yəni aşağı karbonlu iqtisadiyyata qlobal keçid və rəqəmsal sektorun inkişafı əlavə adaptasiya tədbirləri tələb edir. 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə yeni düzəlişlər qüvvəyə minib. Bununla çatışmazlıqlar aradan qaldırılmalı, fiskal sahədə islahatlar dərinləşdirilməli və onların real sektora təsiri gücləndirilməlidir.
Yeni güzəştlər
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin dərinləşdirilməsi üzrə ciddi tədbirlərdən biri vergi güzəştlərinin aktiv tətbiqi olub. Bu güzəştlər bərpa olunan enerji, İT, kənd təsərrüfatı və turizm sahəsində fəaliyyət göstərən müəssisələrə təqdim edilir. Xüsusi diqqət texnoparklara və sənaye zonalarına yetirilir. Belə ki, onların rezidentləri müəyyən müddətə qədər mənfəət, torpaq və əmlak vergilərindən azad edilirlər.
Bu tədbirlər artıq nəticə verir, qeyri-neft sektoruna xarici investisiyaların cəlbini və innovativ sahələrin inkişafını stimullaşdırır. Eyni zamanda vergi güzəştlərinin səmərəliliyi üçün mütəmadi təhlil tələb olunur: təkcə biznes üçün əlverişli şərait yaratmaq deyil, həm də verilmiş güzəştlərin real faydasını izləmək, onların məşğulluğun artımına, ixrac potensialına və vergi bazasına təsirini qiymətləndirmək vacibdir.
Məlum olduğu kimi, Azərbaycanın fiskal qanunvericiliyinə hər il əhəmiyyətli dəyişikliklər edilir. Vergi Məcəlləsinə 2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş son düzəlişlər biznes mühitinin yaxşılaşdırılmasına, vergi güzəştlərinin genişləndirilməsi vasitəsilə sahibkarlıq və investisiya fəaliyyətinin stimullaşdırılmasına, həmçinin vergi inzibatçılığının təkmilləşdirilməsinə yönəlib. Bu yeniliklərlə müasir iqtisadi reallıqlar nəzərə alınır və ölkənin strateji prioritetlərinə uyğun dayanıqlı və inklüziv iqtisadi artım üçün əsas yaradır. Qeyd etmək lazımdır ki, bu zaman vergi dərəcələri dəyişməz qalıb.
“Nəqliyyat” güzəştləri
Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklərdən biri də qeyri-rezidentlərin müraciəti əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, su nəqliyyatı vasitələrinin və hidrotexniki qurğuların təmiri üzrə xidmətlərə görə ƏDV-nin sıfır dərəcəsinin tətbiqi olub. Gəmiqayırma sənayesi Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və qəbul edilmiş tədbir idxaldan asılılığı azaltmağa, milli donanmanı modernləşdirməyə, ixrac potensialını gücləndirməyə yönəlib. Güzəşt gəmi təmiri üzrə rəqabətqabiliyyətli qiymətlər təyin etməyə, yeni iş yerləri yaratmağa və xarici sifarişçilərlə sıx əməkdaşlıq qurmağa imkan verəcək. Bu da perspektivdə Azərbaycanı rəqabətqabiliyyətli regional gəmi təmiri mərkəzinə çevirəcək.
Daha bir “nəqliyyat” güzəşti - ölkənin avtobus parkının modernləşdirilməsi çərçivəsində ötən il “BakuBus” MMC üçün elektrik avtobuslarının alınmasına dövlət büdcəsindən 90 milyon manat ayrılıb. Bu avtobusların Azərbaycanda istehsalını qurmağa hazır olan tədarükçülərdən alışlar həyata keçirilir. Yerli istehsalın stimullaşdırılması üçün 2025-ci ildən 8 il müddətinə Azərbaycanda istehsal olunan avtobusların satışı və onlar üçün ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilir. Məlum olduğu kimi, 2023-cü il mayın 1-dən Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışına və onların ehtiyat hissələrinin idxalına 10 il müddətinə analoji güzəşt tətbiq edilib. Ümumilikdə bu fiskal güzəştlər avtomobil nəqliyyat vasitələrinin istehsalı sektoruna investisiyaların cəlb edilməsini və bu sahədə yeni müəssisələrin yaradılmasını stimullaşdırmağa yönəlib.
Bu baxımdan qeyd etmək lazımdır ki, bu ildən yanacağa yol vergisinin hesablanmasının yeni qaydaları və yük nəqliyyatının vergiyə cəlb edilməsində dəyişikliklər də tətbiq edilib. Belə ki, Azərbaycanda istehsal olunan və daxili istehlak üçün nəzərdə tutulan (topdansatış) benzin, dizel yanacağı və mayeləşdirilmiş qaza yol vergisi 0,02 manat/litr dərəcəsi ilə hesablanır və topdan satış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) daxil edilir. İdxal olunan yanacaq üçün vergi də 0,02 manat/litr təşkil edir və gömrük dəyərinə (idxal rüsumu, aksiz və ƏDV daxil olmaqla) əlavə olunur, lakin topdansatış bazar qiymətindən aşağı ola bilməz.
Bununla yanaşı, xarici dövlətlərin yük avtomobilləri, qoşquları və yarımqoşquları üçün bir sıra hallarda yol vergisindən azadolmalar da tətbiq edilib. Bu da logistika proseslərini sadələşdirməli və Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətini dəstəkləməlidir.
Və daha çox
Ümumilikdə güzəştlər ölkə iqtisadiyyatının kifayət qədər geniş spektrini əhatə edir. Yeni güzəştlərin tətbiqi ilə yanaşı, artıq mövcud olanların müddətinin uzadılması barədə qərar qəbul edilib. Təbii ki, Azərbaycanın qlobal iqlim gündəliyinin aktual problemlərinin həllində fəal iştirakı Vergi Məcəlləsinə yeni düzəlişlərdə öz əksini tapmalı idi. “Yaşıl enerji” strategiyası çərçivəsində bərpa olunan enerji mənbələrindən enerji istehsalı ilə məşğul olan şirkətlərə vergi güzəştləri təqdim edilib. Bu, həmçinin investorları ekoloji təmiz enerjinin inkişafına sərmayə qoymağa həvəsləndirməlidir.
Eyni zamanda iri neft emalı zavodlarının modernləşdirilməsi və rəqabətqabiliyyətli neft məhsullarının istehsalı üçün avadanlıq və materialların idxalının ƏDV-dən azad edilməsi daha bir il uzadılıb.
Kənd təsərrüfatı məhsullarının satışı zamanı həm daxili, həm də idxal istehsalı üçün ƏDV-nin yalnız ticarət əlavəsi əsasında hesablanması müddəti daha iki il qüvvədə qalacaq.
Digər dəyişikliklər arasında sənaye zonalarının idarəedici şirkətlərinin əmlak vergisindən azad edilməsini, həmçinin torpaq icarəsindən gəlirlərin ƏDV tutulan xidmətlər siyahısından çıxarılmasını qeyd etmək olar.
2025-ci ildən tətbiq edilən yeni vergi güzəştləri, həmçinin mədəniyyət sahəsinin inkişafına və əhalinin həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Xüsusilə teatrların, muzeylərin, simfonik orkestrlərin fəaliyyəti, həmçinin filmlərin istehsalı, yayımı və dublyajı ilə bağlı qeyri-maddi aktivlərin istifadəsi və ya istifadə hüququnun verilməsi üçün müəllif hüquqlarından royalti gəlirləri beş il müddətinə 14% dərəcə ilə ödəmə mənbəyində vergidən azad edilir.
Film istehsalı və dublyaj fəaliyyətini həyata keçirən fiziki şəxslərin, həmçinin prodüserlərin gəlirlərinin 90%-i fiziki şəxslərin gəlir vergisindən azad edilir. Müqayisə üçün, 2024-cü ildə belə güzəştlər onların gəlirlərinin yalnız 75%-nə üç il müddətinə şamil edilirdi. 2025-ci ildən təkcə güzəştlərin məbləği və müddəti artırılmayıb, həm də onları alanların dairəsi genişləndirilib. İndi onlar təkcə kinoçuları deyil, həm də teatr fəaliyyətində, muzeylərdə, simfonik orkestrdə və film prodüserliyində çalışanları əhatə edir.
Bu fəaliyyət növlərində istifadə olunan obyektlərin yerləşdiyi torpaq sahələri də beş il müddətinə torpaq vergisindən azad edilib. Ən sərfəli məsələ odur ki, teatrlara, muzeylərə, simfonik orkestrlərin konsertlərinə və kinonümayişlərinə getmək üçün nağdsız qaydada ödənilən ƏDV-nin 50%-nin fiziki şəxslərə qaytarılması təklif olunur.
İnvestisiyaların artımı üçün
Bu ildən Azərbaycanda investisiya mühitinin stimullaşdırılması və xarici kapitalın cəlb edilməsi üçün mühüm dəyişikliklər həyata keçirilir.
Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitlərinin investisiyasından əldə olunan gəlirlər mənfəət vergisindən azad edilib. Bu qərarın məqsədi maliyyə axınlarının aktivləşdirilməsi və dövlət fondlarının vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasıdır.
Bu mənada daha bir ciddi yenilik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə ƏDV-nin “tax-free” rejimində qaytarılması olub. Dünya təcrübəsində tibbi turizmin stimullaşdırılması üçün müxtəlif yanaşmalar istifadə olunur: ƏDV-dən azad olma, sıfır və ya diferensial dərəcə, həmçinin verginin keşbek formasında qaytarılması. Xarici və yerli təcrübəyə əsaslanaraq, Azərbaycan nağdsız ödənişlərlə məhdudlaşan “tax-free” mexanizmini seçib. Yanvarın 1-dən qüvvəyə minən qanunla tibbi xidmətlərə görə nağdsız hesablaşmalarda ödənilmiş ƏDV-nin tam qaytarılmasını nəzərdə tutulur. ƏDV-nin qaytarılması həm tibb müəssisələrinin xidmətlərinə, həm də özəl həkimlərə şamil edilir. Bu tədbirlərin tətbiqi ölkənin tibbi turizm mərkəzlərindən biri kimi mövqeyinin möhkəmlənməsinə, investisiya axınının stimullaşdırılmasına və ümumi biznes mühitinin yaxşılaşdırılmasına kömək edəcək.
Vergi Məcəlləsində əsas dəyişikliklərdən biri müəyyən sahibkarlıq fəaliyyəti növləri ilə məşğul olan fiziki şəxslər üçün 75%-lik vergi güzəştinin tətbiqi ilə bağlıdır. Bu güzəşt illik 45 min manatadək (xərclər nəzərə alınmadan) gəlirlərə şamil edilir. Bu, real fəaliyyətlə məşğul olan mikrosahibkarların dəstəklənməsinə və aşağı gəlirli biznesə vergi yükünün azaldılmasına xidmət edir.
Sahibkar bir neçə fəaliyyət növü ilə məşğul olduqda, göstərilən sahələrdən gəlirlər ümumi illik gəlirin azı 50%-ni təşkil etdiyi halda güzəşt əlçatan olacaq.
Vergi yoxlamaları
Sahibkarlığın fiskal orqanlarla qarşılıqlı münasibətlərində mühüm məqamlardan biri vergi yoxlamalarıdır. 2025-ci ildən vergi yoxlamalarının aparılması qaydaları, xüsusilə xaricdəki gəlirlərlə bağlı hallarda dəqiqləşdirilib və operativ vergi nəzarətinin həcmi genişləndirilib.
Bu zaman operativ vergi nəzarətinin vəzifəsinə yeni istiqamətlər daxil edilib: bazarlarda icarəyə götürülən obyektlərə nəzarət; təsərrüfat subyektinin qeydiyyatı haqqında məlumatların yoxlanılması; vergi orqanlarında subyektin (obyektin) qeydiyyatı haqqında şəhadətnamənin mövcudluğu və düzgün yerləşdirilməsinin yoxlanılması. Daha konkret desək, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan obyektin girişində vergi ödəyicisinin adı və fərdi identifikasiya nömrəsi göstərilməklə məlumat yerləşdirilməlidir. Bu tələb kənd təsərrüfatı məhsulları bazarlarına və kənd təsərrüfatı kooperativ bazarlarına şamil edilmir. Yenilənmiş qaydalar biznesin şəffaf aparılmasını artırmalı, vergi qanunvericiliyinə riayət olunmasına nəzarəti və vergilərdən yayınma ilə mübarizəni, xüsusilə icarə və təsərrüfat obyektlərinin qeydiyyatı sahəsində gücləndirməlidir.
Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması və vergi inzibatçılığının şəffaflığının artırılması çərçivəsində transfert qiymətqoymasına və transmilli şirkətlərin fəaliyyətinə nəzarətin sərtləşdirilməsi üzrə tədbirlər nəzərdə tutulub. Bu dəyişikliklər investorların etimadının möhkəmləndirilməsi və biznes mühitinin təkmilləşdirilməsi ilə bağlıdır.
Beləliklə, Vergi Məcəlləsindəki dəyişikliklər təkcə biznesin dəstəklənməsinə deyil, həm də sosial təşəbbüslərin reallaşdırılmasına yönəlmiş mütərəqqi vergi inzibatçılığının yaradılmasına strateji yanaşmanı əks etdirir. Bu tədbirlər Azərbaycanın beynəlxalq standartlara uyğunlaşmaq və qlobal iqtisadiyyatda öz mövqeyini möhkəmləndirmək istəyini vurğulayır.
Bütün bunlarla yanaşı, ən əsası islahatların praktiki reallaşdırılmasıdır: təşəbbüslərin uğurluluğu iqtisadi prosesin bütün iştirakçılarının - dövlətin, sahibkarların və vergi ödəyicilərinin konstruktiv əməkdaşlığa hazır olmasından asılı olacaq.
MƏSLƏHƏT GÖR: