26 Fevral 2025

Çərşənbə, 04:37

REKORD SABİTLİK

Azərbaycanın 2025-ci il dövlət büdcəsi ölkənin iqtisadi gücünün daha da artırılmasını təmin etməyə yönəlib

Müəllif:

15.01.2025

Dövlət büdcəsinin formalaşmasında yeni rekordlar qoymaq və onlara nail olmaq artıq hökumətin ənənəsinə çevrilib və 2025-ci il də istisna olmayıb. “Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb”, - Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. O əlavə edib ki, bütün bunlar yalnız daxili resurslar hesabına, şəffaflıq, idarəetmə və düzgün iqtisadi siyasət sayəsində əldə edilib.

 

Əsas xərclər

Milli Məclisdə əsas iqtisadi sənədə baxılarkən qeyd edilib ki, o, neft-qaz sektorundan gəlirlərin azalması fonunda və qeyri-neft-qaz sektorunun davamlı artımının təmin edilməsi nəzərə alınmaqla hazırlanıb. “Büdcə sosial ehtiyacların ödənilməsinə və iqtisadi dayanıqlılığın dəstəklənməsinə yönəlib. Qeyri-neft-qaz gəlirlərinin artımı müsbət dinamika nümayiş etdirir və proqnozlara görə, 2025-ci ildə bu gəlirlər büdcə daxilolmalarının yarısından çoxunu təmin edəcək”, - Hesablama Palatasının sədri Vüqar Gülməmmədov vurğulayıb.

Qeyd etmək lazımdır ki, ilkin variantda 2025-ci il dövlət büdcəsi son nəticədə qəbul ediləndən 40 milyon manat az idi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanovun sözlərinə görə, bu əlavə maliyyə vəsaitinin səbəbləri dövlət və icmal büdcələrindən maliyyə yardımı alan subyektlərin fəaliyyətində struktur dəyişiklikləri ilə bağlı olub.

Beləliklə, növbəti il üçün dövlət büdcəsinin gəlirləri 38,356 milyard manat (2024-cü il üçün təsdiqlənmiş proqnozla müqayisədə 5,4% çox), xərcləri isə 41 milyard 407,6 milyon manat (4,2% çox) gözlənilir. Büdcə kəsiri 3 milyard 51,6 milyon manat təşkil edəcək. Bu isə keçən il ilə müqayisədə 9% azdır. İcmal büdcənin gəlirləri 43 milyard 950,5 milyon manat, xərcləri isə 47 milyard 629,4 milyon manat təşkil edəcək.

A.Əmiraslanov bildirib ki, əgər dövlət büdcəsində müdafiə xərcləri artırılırsa, xarici borclanma konservativdirsə və strateji layihələrin maliyyələşdirilməsi daxili resurslar hesabına həyata keçirilirsə, bu büdcənin arxasında milli maraqlara əsaslanan dövlət siyasəti dayanır. Bu, həmçinin ölkənin milli təhlükəsizliyinə, iqtisadi inkişafına, sosial təminatına, Qarabağın və Şərqi Zəngəzurun bərpasına və digər dövlət maraqlarına xidmət edir.

Hökumət hələ dövlət büdcəsinin parlamentdə müzakirəsi mərhələsində bir sıra publik hüquqi şəxslərə öz xərclərini dövlət xəzinəsi hesabına deyil, əlavə daxilolmalar potensialının səfərbər edilməsi yolu ilə daha çox öz gəlirləri hesabına təmin etməyi tövsiyə edib. Bunun nəticəsində təxminən 159 milyon manat sərbəstləşib və bu da Azərbaycanın müdafiəsi və milli təhlükəsizliyinin möhkəmləndirilməsi tədbirlərinin əlavə maliyyə təminatına yönəldiləcək. “Beləliklə, 2025-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün nəzərdə tutulan ümumi məbləğ 8 milyard 555 milyon manata çatacaq”, - Samir Şərifov maliyyə naziri vəzifəsində olarkən bildirmişdi.

Azərbaycanın Baş naziri Əli Əsadov isə qeyd edib ki, 2020-ci ildən 2025-ci il də daxil olmaqla yenidənqurma və tikinti işlərinə dövlət büdcəsindən 22 milyard manat ayrılıb və bunun 4 milyardı gələn il üçün nəzərdə tutulub. Azər Əmiraslanov vurğulayıb ki, azad edilmiş ərazilərin bərpası və yenidən qurulması postmünaqişə dövründə əsas prioritetlərdən biridir. “Ayrılmış vəsait ortamüddətli perspektivdə iqtisadi artıma, qeyri-neft iqtisadiyyatının inkişafına və məşğulluğa töhfə verəcək”, - o əlavə edib.

 

Sosial aspekt

Təbii ki, Azərbaycan dövlət büdcəsinin əsas atributu onun sosialyönümlü olmasıdır: məlum olduğu kimi, sənəddə minimum əməkhaqqının və minimum pensiyaların artırılması nəzərdə tutulub. Beləliklə, əmək pensiyalarının orta məbləği 535 manata, yaşa görə isə 571 manata çatacaq. Bununla yanaşı, Azərbaycan hökumətinin bu il həyata keçirməyi planlaşdırdığı sosial paket təxminən 3 milyon nəfəri əhatə edəcək.

“Əhalinin rifahı sahəsində dövlət siyasəti təkcə sosial deyil, büdcə xərclərinin digər istiqamətlərində də özünü göstərir”, - A.Əmiraslanov deyib. Belə ki, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə və sosial təminat xərclərinə dövlət büdcəsindən 4,812 milyard manat ayrılacaq və bu da 2024-cü illə müqayisədə 420 milyon manat və ya 9,6% çoxdur.

Millət vəkili, iqtisadçı Vüqar Bayramovun fikrincə, 2025-ci il dövlət büdcəsinin sosial xərcləri təxminən 10 milyard dollar təşkil edəcək ki, bu da Gürcüstan və Ermənistanın birgə sosial xərclərindən 2,5 dəfə çoxdur. Onun sözlərinə görə, bu il sosial xərclər Ermənistanın ümumi büdcə xərclərindən 67% çox olacaq. 2021-ci illə müqayisədə sosial xərclər təxminən 5 milyard manat artırılıb: “Əgər Vətən müharibəsindən sonra 2021-ci ildə sosial xərclər 12,2 milyard manat, 2022-ci ildə 13,7 milyard, 2024-cü ildə 15,5 milyard idisə, 2025-ci ildə bu göstəricinin 16,9 milyard manat olması planlaşdırılır. Beləliklə, 2021-ci illə müqayisədə sosial xərclərin 4,7 milyard manat artması gözlənilir”.

 

Neft qiyməti

Büdcə gəlirlərinə gəlincə, neft-qaz sektorundan daxilolmaların 2024-cü illə müqayisədə təxminən 750 milyon manat az olacağı gözlənilir. Bunun səbəblərindən biri dövlət büdcəsində Azərbaycan neftinin qiymətinin 75 dollardan 70 dollara düşməsi, digər səbəb isə neft yataqlarımızın tükənməsidir.

Bu baxımdan, xarici konyunkturun əlverişsiz olması və geosiyasi dəyişikliklər halında mənfi proqnozlar nəzərə alınmaqla, dövlət büdcəsində neftin qiymətinin 70 dollar səviyyəsində müəyyən edilməsi bir qədər mübahisəli məsələ idi.

Millət vəkili, iqtisadçı Tahir Mirkişili bu rəqəmin real və beynəlxalq təşkilatların proqnozlarına çox yaxın olduğunu hesab edir. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar da 2025-ci ildə neft qiymətləri üzrə proqnozu 70-80 ABŞ dolları arasında verib: “Maliyyə Nazirliyinin təqdimatına görə, qiymət 60 ABŞ dollarına düşdüyü halda büdcənin neft-qaz gəlirləri 340 milyon manat azalacaq. Hesab edirəm ki, bu halda belə hökumətin riski idarə etmək imkanı olacaq. Qaz qiymətlərinə gəlincə, hesab edirəm ki, baza ssenaridə göstərilən 242 ABŞ dollarından çox olacaq. Bu fərq həm də neft qiymətlərinin volatilliyini kompensasiya edə biləcək. Avropa İttifaqı və Çin iqtisadiyyatında baş verən hadisələr qaza olan tələbatın artacağını deməyə imkan verir”.

Bununla belə, S.Şərifov da dünya bazarlarında neft qiymətlərinin aşağı düşməsi halında ehtiyat tədbirlərinin nəzərdə tutulduğunu bildirmişdi.

Eyni zamanda iqtisadiyyat naziri Mikayıl Cabbarovun sözlərinə görə, son illərdə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Neft hasilatının pik həddi 2010-cu ildə qeydə alınıb (50,8 milyon ton). “2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2021-ci ildə 31,6 milyon ton təşkil edib. Bu il isə neft hasilatının proqnozlaşdırılan həcmi 29,2 milyon tondur. Cari ildə “Brent” markalı neftin orta qiymətinin 80 ABŞ dolları ətrafında olacağı gözlənilir. Müqayisə etsək, 2014-cü ildə neftin orta qiyməti 99 ABŞ dolları olub”, - M.Cabbarov bildirib.

Nazir əlavə edib ki, 2014-cü ildə dövlət büdcəsində neft-qaz sektorunun payı 15,5 milyard ABŞ dolları və ya büdcə gəlirlərinin 66%-ni təşkil edirdisə, 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft-qaz gəlirləri 10,5 milyard ABŞ dolları olmaqla büdcə gəlirlərində payı 49%-ə enib. 2025-ci ildə isə dövlət büdcəsinin qeyri-neft-qaz sektorundan gəlirləri 2024-cü illə müqayisədə təxminən 924 milyon manat artacaq və nəticədə, büdcə daxilolmalarının yarısından çoxunu təşkil edəcək.

Görünən odur ki, həm hökumət, həm də deputatlar bu il dövlət büdcəsinin icrasında problem olmayacağına əmindirlər.

Dövlət büdcəsi sadəcə iqtisadi göstəricilərdən və rəqəmlərdən ibarət illik maliyyə planı deyil. Bu, təkcə milli iqtisadiyyatın deyil, həm də dövlət siyasətinin aynasıdır. Büdcə göstəriciləri dövlətin strateji məqsəd və təşəbbüslərini, eləcə də siyasi qərarlarını əks etdirir. Müvafiq olaraq, bu il də onlar ölkənin iqtisadi gücünün möhkəmləndirilməsinə və sabit artımının təmin edilməsinə yönələcək.


MƏSLƏHƏT GÖR:

41