26 Fevral 2025

Çərşənbə, 04:12

İLK YEKUNLAR

Azərbaycanın 2024-cü il üzrə əsas makroiqtisadi göstəriciləri ilkin proqnozlardan daha yaxşı olub

Müəllif:

15.01.2025

Azərbaycan iqtisadiyyatı 2024-cü ildə xarici geosiyasi proseslərin bütün çətinliklərinə tab gətirərək ÜDM-in 4% artımına nail olub. Qeyri-neft sektorunun daha yüksək inkişaf tempi, iqtisadiyyata investisiyaların nominal artımı, düzgün monetar siyasət inflyasiyanı hədəf proqnozu çərçivəsində saxlamağa və demək olar ki, bütün digər makroiqtisadi gözləntiləri yaxşılaşdırmağa imkan verib. ÜDM artım tempinin bir qədər yavaşlayacağı (artım 3,5% səviyyəsində gözlənilir) proqnozlaşdırılsa da, görünən odur ki, bu il də əlverişli, sabit və dayanıqlı olacaq.

 

ÜDM və inflyasiya

Ötən il əvvəlcə ÜDM-in cəmi 2,7% səviyyəsində olacağı gözlənilirdi, lakin yanvar-may aylarında iqtisadi artım tempi sabit şəkildə təxminən 5% səviyyəsində qalırdı. Nəticədə, proqnoz iki dəfə artırılıb və 2023-cü ilin göstəricilərini 1,1% üstələyib.

Son illərdə Azərbaycan makroiqtisadiyyatının əsas nailiyyəti neft hasilatının azalması fonunda neft-qaz sektorunun təkbaşına hökmranlığının aradan qaldırılmasıdır. Buna görə də keçən il qeyri-neft sektorunun 6%-dən çox artması xüsusilə diqqətəlayiqdir.

2025-ci ilə gəlincə, hökumətin səsləndirdiyi perspektivlər beynəlxalq təşkilatların fikirlərinə də yaxındır. Belə ki, BMT-nin dərc olunmuş “2025-ci il üçün Dünya İqtisadi Vəziyyəti və Perspektivləri” (“World Economic Situation and Prospects 2025”) hesabatında Azərbaycanda iqtisadi artımın 3% səviyyəsində olacağı proqnozlaşdırılır. Hesabata görə, ölkə iqtisadiyyatı müsbət dinamika nümayiş etdirir. “Azərbaycanda iqtisadi artım 2024-cü ildə daxili tələbatın güclənməsi və qeyri-neft sektorunun inkişafı sayəsində sürətlənib. Gözlənilir ki, Azərbaycan təbii qazına artan qlobal tələbat 2025-ci ildə ÜDM artımını dəstəkləməyə davam edəcək”, - sənəddə vurğulanıb. Qeyd edək ki, ilkin məlumatlara görə, 2024-cü ildə qeyri-neft-qaz sektorunun ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,3% artaraq 3,4 milyard dollar təşkil edib.

Yeri gəlmişkən, BMT-nin adıçəkilən hesabatında Azərbaycanda orta illik inflyasiyanın 2025-ci ildə təxminən 3,6% olacağı proqnozlaşdırılır. Təşkilat 2026-cı ildə ölkədə inflyasiyanın 3,1%-ə qədər azalacağını gözləyir. Azərbaycan İqtisadiyyat Nazirliyinin 2025-ci il üçün analoji göstərici üzrə proqnozu 4,6%, 2026-cı il üçün isə 4%-dir.

Azərbaycan Mərkəzi Bankının 2025-ci il üçün pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında qeyd olunduğu kimi, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq pul siyasıtinin hədəfi illik inflyasiyanı 4±2% dəhlizində saxlamaqdır. “AMB-nin son proqnozlarına görə (2024, oktyabr), 2025-ci ildə illik inflyasiya 5,8% səviyyəsində olacaq və bu da müəyyən edilmiş dəhliz çərçivələrinə uyğundur. AMB inflyasiya amillərinin hərtərəfli təhlili əsasında öz inflyasiya proqnozlarını mütəmadi olaraq yeniləməyə davam edəcək. Eyni zamanda, inflyasiya gözləntilərinin qiymətləndirilməsi aparılacaq”, - sənəddə deyilir.

AMB xatırladıb ki, inflyasiyanın sabitliyi məsələsi bir sıra xarici və daxili risklərlə bağlıdır. 2025-ci ildə əsas xarici amillər dünya bazarlarında əmtəə qiymətlərinin dəyişmə dinamikası, tərəfdaş ölkələrdə inflyasiya prosesləri və iqtisadi fəallıq olacaq. Daxili risklər isə məcmu tələbin izafi genişlənməsi ehtimalı, qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmət tariflərinin dəyişməsi, həmçinin inflyasiya gözləntilərinin artması ilə bağlıdır. Bu fonda növbəti ildə də pul siyasətinin ötürücülüyündə məzənnə kanalının başlıca rol oynayacağı gözlənilir. “Beynəlxalq analitik mərkəzlərin ikitərəfli məzənnələr üçün proqnozları əsasında aparılan son hesablamalara görə, 2025-ci ildə də manatın nominal effektiv məzənnəsi möhkəmlənmə istiqamətində dəyişəcək”, - AMB-nin bəyanatında qeyd olunub.

Beynəlxalq ekspertlərin fikrincə, ortamüddətli perspektivdə tədiyə balansının cari balansı bir qədər azalsa da, profisitdə qalacaq. Mərkəzi Bank 2024-2025-ci illərin yekunlarına görə profisiti ildə 5,3-5,5 milyard dollar həcmində qiymətləndirir və bununla da, valyuta bazarının sabitliyi təmin ediləcək.

 

Xarici borc

İqtisadiyyatın dayanıqlılığının daha bir əsas göstəricisi ölkənin valyuta ehtiyatlarının artmasıdır. Belə ki, ötən il ərzində Azərbaycanın valyuta ehtiyatı 5 milyard dollardan çox artaraq hazırda 72 milyard dollar təşkil edir. “Bu, əhalisi 10 milyon olan ölkə üçün çox böyük göstəricidir. Çünki hər şey müqayisədə ölçülür. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, əlbəttə ki, adambaşına düşən ehtiyatlara söykənməlidir və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələrin sırasındadır”, - Prezident İlham Əliyev yerli televiziya kanallarına son müsahibəsində vurğulayıb.

Dövlət başçısının qeyd etdiyi kimi, ikinci mühüm göstərici isə xarici borcun ÜDM-ə nisbəti ilə bağlıdır: “Hesab edirəm ki, biz burada da dünyada liderlər sırasındayıq. Çünki bizim xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,2 faizini təşkil edir. Müqayisə üçün deyə bilərəm ki, əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur və 7,2 faiz səviyyə, doğrudan da, çox böyük nəticədir”.

Əhəmiyyətli amillərdən biri valyuta ehtiyatlarının ölkənin xarici borcu ilə müqayisəsidir və bu da “+” işarəsi altındadır. “Bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. Yəni əgər kimsə mənə ikinci belə ölkə, - söhbət inkişaf etmiş ölkələrdən gedir, - göstərsə, əgər kimsə bu rəqəmlər toplusunu təqdim edə bilsə, mən, əlbəttə ki, minnətdar ola bilərəm. Amma inkişaf etmiş ölkələr sırasında belə analoqlar yoxdur. Yəni bütün bunlar deməyə əsas verir ki, iqtisadiyyat dayanıqlıdır, öz resurslarına söykənir, heç bir xarici maliyyələşməyə ehtiyac yoxdur”, - Prezident İlham Əliyev vurğulayıb.

Bununla yanaşı, son illərdə, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan genişmiqyaslı işlər fonunda xarici borclanmanın həcminin artırılması məsələsi bir qədər aktuallaşıb. “Mən hələ beş il bundan əvvəl, bizim xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizini, ona yaxın faizi təşkil edəndə qarşıya hədəf qoymuşdum ki, biz bunu 10 faizə endirməliyik. İndi 7,2 faizdir, yəni xarici maliyyələşmə bizə nə verəcək? Nəzərə alsaq ki, ölkə qarşısında duran bir çox ciddi investisiya tələb edən məsələ var, bu, büdcə yükünü bir qədər azaldacaq. Ona görə, nəzərə alsaq ki, bizim xarici borcumuzun ödəmə qrafiki də təsbit edilib və bu gün 5,2 milyard dollara bərabər olan xarici borcumuz illər keçdikcə daha da azalacaq. Ona görə əlavə maliyyə resurslarının cəlb edilməsi məqsədəuyğun sayıla bilər və artıq hökumət bu istiqamətdə fəaliyyətə başlayıb”, - Azərbaycan dövlət başçısı qeyd edib.

Əlavə edək ki, yaxın və orta perspektivdə ABŞ dollarının alıcılıq qabiliyyətinin azalması fonunda xarici borcun həcminin artması məntiqlidir. Bununla yanaşı, qlobal borcun dünya ÜDM-in 93%-ni təşkil etdiyini unutmaq olmaz. Buna görə də Azərbaycanın bu istiqamətdə göstəricisinə bir neçə faiz əlavə etməsi ona heç bir zərər vura bilməz.


MƏSLƏHƏT GÖR:

41