
QLOBAL MƏSƏLƏ
2025-ci ildə Rusiya ilə Ukrayna arasında sülh əldə ediləcəkmi?
Müəllif: Natiq NAZİMOĞLU
2024-cü ilin sonu, 2025-ci ilin əvvəlində bir anda Rusiya-Ukrayna müharibəsinin başa çatacağına dair ehtimallar, hətta iddialar yayılıb. Yeni ildə Avropanın şərqinə sülh gələcəkmi? Yoxsa Rusiya ilə Ukrayna arasında daha böyük, Moskva ilə ABŞ-nin başçılıq etdiyi Qərb arasındakı qlobal qarşıdurma kimi yanaşılan savaş bundan sonra da davam edəcək? Hələliksə dinc sakinlər arasında hər gün qurbanlara yol açan bu müharibə bəşəriyyət üçün nüvə müharibəsi təhdidi yaratmağa da davam edir…
Zidd mövqelər
Təxminən 3 ildir davam edən müharibə təxminən milyon insanın həyatına son qoyub. Söhbət əksəriyyəti ukraynalı olmaqla dinc əhalidən, həmçinin hər iki ölkənin hərbçilərindən gedir. Hazırda Rusiya nəzarətə götürdüyü Ukrayna ərazilərində möhkəmlənməyə çalışır, eyni zamanda Donbasa nəzarətini genişləndirmək üçün əməliyyatları davam etdirir. Ukrayna isə Rusiya qoşunlarının hücumlarına müqavimət göstərməklə yanaşı, onun Kursk vilayətində ələ keçirdiyi rayonlarda mövqelərini qorumağa çalışır.
Son aylarda Qərb dövlətlərinin Ukraynaya verdikləri uzaqmənzilli silahlarla Rusiya ərazisinə zərbələrin endirilməsinə «hə» demələri nəticəsində hərbi əməliyyatların miqyası böyüyüb. Buna daha bir səbəb Moskvanın «Oreşnik» adı verdiyi orta mənzilli yeni ballistik raketlərdən istifadəyə başlamasıdır. Baş verənlər fonunda Ukrayna və onun qərbli müttəfiqləri Şimali Koreya hərbçilərinin Rusiya tərəfindən döyüşlərə cəlb olunduğunu da bildirir. Moskva ilə Kiyev arasında sülh danışıqlarının mümkün bərpası haqda fikirlər belə qarışıq, çətin dönəmdə yayılmağa başlayıb.
Bəs danışıqlara başlanılması üçün tərəflərin şərtləri nədən ibarətdir?
Rusiya Prezidenti Vladimir Putin öz şərtini hələ ötən ilin yayında açıqlayıb. Dövlət başçısı bildirib ki, bunun üçün, ilk növbədə, Ukrayna Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən qoşunlarını tam çıxarmalıdır. Yəni ukraynalılar Rusiyanın «öz tərkibinə qatdığı» əraziləri tərk etməlidir. Bundan başqa, Moskva Krım və Sevastopol da daxil olmaqla, Ukraynanın ilhaq etdiyi bütün ərazilərinin beynəlxalq səviyyədə Rusiya torpaqları kimi tanınmasını tələb edir. Putin bildirib ki, dünyanın bu torpaqları Rusiya ərazisi kimi tanıması ilə yanaşı, Ukrayna NATO-ya üzvlük planından rəsmən imtina da etməlidir.
Kiyevin mövqeyi isə tam fərqlidir. O, bu mövqeyini Rusiya ilə danışıqlardan rəsmən imtinası zamanı da ortaya qoyub. Ukrayna tərəfi bildirir ki, danışıqlar yalnız ölkənin ərazi bütövlüyünün tam təmin olunacağı halda mümkündür.
Bundan başqa, Ukrayna Prezidenti Vladimir Zelenski ötən ilin payızında danışıqların başlaması üçün «qələbə planı» adlandırılan təkliflərini də təqdim edib. Orada söhbət Qərbin Rusiya ərazisinə zərbələr endirilməsinə qoyduğu qadağanı aradan qaldırması (bu, artıq baş verib) ilə yanaşı, NATO-ya formal dəvət alması, müttəfiqlərin Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemini gücləndirməsi, Rusiyanın qarşısının alınması üçün «kompleks strateji qeyri-nüvə paketi»nin hazırlanması, həmçinin Moskvaya tətbiq olunan sanksiyaların sərtləşdirilməsi kimi tələblər var idi. Yəni Kiyevin təklifləri əslində Qərbə yönəlib və Ukraynada hesab edirlər ki, bu tələblərə əməl olunması Rusiyanı maksimalist tələblər irəli sürmədən danışıqlar masası arxasına əyləşməyə məcbur edəcək.
«Qələbə planı»na əsasən Ukrayna nəinki öz ərazilərindən, NATO-ya üzvlük niyyətindən də imtina etmir. Lakin rəsmi Kiyevin son aylardakı ritorikası göstərir ki, Ukrayna hökuməti artıq 1991-ci il sərhədlərinin hərbi yolla tam bərpasını mümkün saymır. İndi onlar NATO-ya üzvlük və Qərbin real təhlükəsizlik zəmanəti qarşılığında ərazilərin hərbi yolla qaytarılmasından formal olaraq imtinaya hazır görünürlər. Amma söhbət hüquqi imtinadan yox, yalnız formal imtinadan gedir.
Moskva ilə Kiyevin mövqelərinin müharibənin üçüncü ilində bir-birindən bu qədər fərqlənməsinə baxmayaraq, tərəflərdən heç birinin döyüş meydanında vəziyyəti köklü şəkildə öz xeyrinə dəyişə bilməməsi danışıqlara başlanılması ehtimalını artırır. Eyni zamanda indi danışıqlar üçün ciddi xarici stimul da var. Bu, ABŞ-nin yeni seçilmiş və yanvarın 20-də təşkil olunacaq inauqurasiya mərasimindən sonra vəzifəsinin icrasına başlayacaq prezidenti Donald Trampdır.
Trampın təklifi nədir?
D.Tramp hələ seçki kampaniyası zamanı Ukrayna savaşını Ağ Evə qayıtdıqdan 24 saat sonra dayandıra biləcəyini deyirdi. Bununla yanaşı, o, Co Bayden administrasiyasını Ukraynaya həddindən artıq maddi və hərbi dəstək verməkdə, həmçinin Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirməsinə «hə» deməkdə günahlandırır. Buradan belə çıxır ki, köhnə-yeni prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra Kiyevə yardımları azalda, onu Moskva ilə razılığa getməyə məcbur edə bilər.
Bununla yanaşı, Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin həllinə dair nə seçki kampaniyası dövründə, nə də prezident seçildikdən sonra konkret plan təqdim edib. Doğrudur, «Reuters» agentliyi hələ yayda bildirirdi ki, Trampın ilk prezidentliyi dövründə onun köməkçiləri olmuş Kit Kelloq ilə Fred Fleyts belə bir plan hazırlayıblar. Məlumata görə, plan tərəflərin hazırkı mövqelərində qalması ilə atəşkəsin elan olunmasını, dərhal sülh danışıqlarına başlanılmasını nəzərdə tutur. Bununla yanaşı, Ukraynaya atəşkəsə və sülh danışıqlarına razılaşacağı təqdirdə hərbi yardımların davam etdiriləcəyi vədi də verilir. Rusiyaya isə deyilir ki, Vaşinqtonun atəşkəs təklifinin rədd ediləcəyi təndirdə Kiyevə silah tədarükü artırılacaq. Yox, əgər Moskva danışıqlara razılaşacaqsa, ABŞ birincisi, Ukraynanın NATO-ya qəbulu məsələsinin müzakirəsini uzun müddətə təxirə salacaq, ikincisi, Ukraynanın işğal olunmuş əraziləri Rusiyanın faktiki nəzarətində qalacaq.
«Wall Street Journal» nəşri isə artıq Trampın prezident seçilməsindən sonra yazırdı ki, Ağ Evin yeni sahibinin ətrafı Rusiya-Ukrayna müharibəsinə son qoyulması üçün bir neçə ssenarini müzakirə edir. Amma onların hamısında Bayden administrasiyasının Kiyevə «nə qədər lazımdırsa, o qədər dəstək» prinsipindən imtina olunur. Nəşr bildirir ki, müzakirə olunan variantlarda qoşunlar atəşkəs razılaşmasının əldə olunduğu andakı mövqelərində qalmalı, Ukraynanın NATO-ya üzvlüyündən isə 20 il müddətinə imtina edilməli olduğu deyilir.
Trampın ABŞ Prezidentinin Rusiya və Ukrayna məsələləri üzrə xüsusi elçisi vəzifəsinə namizəd elan etdiyi 80 yaşlı istefada olan general Kit Kelloq («Reuters» agentliyinin bəhs etdiyi planın müəlliflərindən biri) bildirib ki, tərəflər arasında tez bir zamanda razılaşma mümkün görünməsə də, ona yeni dövlət başçısının fəaliyyətinin ilk 100 günü ərzində nail oluna bilər.
Müharibənin artıq yalnız bilavasitə münaqişə tərəflərini deyil, Ukraynanın avropalı müttəfiqlərini də yorduğu hiss olunur. Üstəlik, indi Avropa ölkələri bir yandan ABŞ-nin yeni prezidentinin onları köməksiz qoya biləcəyindən narahatdırlar, digər tərəfdən isə Kiyevə ərazi məsələsində mövqeyini yumşaltmalı olduğuna dair mesajlar göndərirlər. Belə bir şəraitdə dünya mediası 2025-ci ildə tərəflər arasında danışıqların başlaya biləcəyini proqnozlaşdırır.
Proqnozlar və xülyalar
Hələ ötən il noyabrın sonlarında Britaniyanın «The Economist» jurnalı 2025-ci ildə Kiyevə təzyiqlərin artacağını, həmçinin Qərbin bunu hərbi yardımları azaltmaqla edəcəyini proqnozlaşdırırdı. Jurnal yazırdı ki, Qərb bunu 2025-ci ildə Kiyevi danışıqlar masası arxasına əyləşdirmək üçün edəcək. Əvəzində, Ukrayna NATO-ya qəbul edilməsə də, təhlükəsizlik zəmanəti alacaq. Yazıda bildirilir ki, 2025-ci ildə Ukrayna ilə Rusiya arasında «hərbi əməliyyatlar qəflətən dayandırıla, hətta atəşkəs elan oluna, danışıqlara başlanıla, beləliklə, savaş yarımdondurulmuş münaqişəyə çevrilə bilər».
«The New York Times» qəzeti də dekabrın ortalarında Ukraynada savaşın 2025-ci ildə başa çata biləcəyinə dair proqnoz verib. Qəzet yeni ilin «danışıqlar ili» olacağını yazır. Səbəb isə eynidir: Qərbin hərbi yardımı azaltması. Məqalədə deyilir ki, ABŞ Ukraynaya əvvəlki həcmdə yardım göstərmək istəməyəcək, Avropa ölkələri isə bütün bu yükü öz üzərlərinə götürmək iqtidarında deyillər. "Ukrayna yeni ərazi reallıqları ilə barışmalı və hələ ki, NATO haqda düşünməməli olacaq», - deyə qəzet bildirir.
ABŞ-nin daha bir nüfuzlu nəşri olan «The Washington Post» dekabrın sonlarında yazırdı ki, Ukrayna Prezidenti Zelenski əvvəllər qəti əleyhinə çıxdığı danışıqlara hazır olduğunu nümayiş etdirməyə başlayıb. Qəzetin icmalçıları bunu cəbhə xəttində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinin pisləşməsi və ABŞ-nin yeni prezidenti Donald Trampın bəyanatları ilə əlaqələndirirlər.
Almaniyanın «Bild» qəzeti də Almaniya hökumətinin təhlillərinə istinadla yazır ki, 2025-ci ildə müharibənin başa çatması ehtimalı çoxdur. O, səbəb kimi, qərbin sanksiyaları qarşısında Rusiyanın iqtisadi durumunun getdikcə ağırlaşdığını da göstərir.
Nəhayət, Britaniyanın «Financial Times» nəşri tam Yeni il ərəfəsində yazırdı ki, Rusiya ilə Ukrayna arasında tezliklə sülh razılaşması əldə olunacaq. Yazıda bildirilir ki, Kiyev Moskvanın «itirilmiş torpaqlar»a faktiki nəzarəti ilə razılaşacaq, əvəzində, NATO-ya üzvlük olmasa da, təhlükəsizlik zəmanəti alacaq.
Aydındır ki, bu proqnozlar əsasən birbaşa təmaslara, həmçinin maraqlı tərəflərin son bəyanatlarına əsaslanır. Məsələn, Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 7-də Parisdə Donald Tramp və Fransa lideri Emmanuel Makronla üçtərəfli görüşündə Rusiya ilə müharibənin dayandırılması məsələsini müzakirə etdiklərini təsdiqləyib. Almaniya kansleri postuna namizəd Fridrix Merts ilə görüşdə isə Zelenski deyib: «Mən həm Prezident Makronu, həm Prezident Trampı xəbərdar etdim: görürsünüz ki, Putin müharibəni dayandırmaq istəmir. Odur ki, onu buna məcbur etmək lazımdır».
Birləşmiş Ştatların yeni seçilmiş prezidenti özü isə rusiyalı həmkarı ilə görüşə hazırlaşdığını bir neçə dəfə dilə gətirib. Tramp deyir ki, «Putin görüşmək istəyir və biz görüşün təşkili ilə məşğuluq». «Bu müharibəyə son qoymaq lazımdır», - deyə D.Tramp qeyd edib.
Bəs yaxın zamanlarda baş tuta biləcək görüşlərdən, məsələn, Tramp-Putin danışıqlarından ciddi nəticə gözləməyə dəyərmi?
Rusiyanın dövlət başçısı dekabrın 19-da keçirdiyi mətbuat konfransında ölkəsinin Kiyevlə «ilkin şərt irəli sürülmədən» danışıqlara hazır olduğunu, amma bu zaman «ortadakı reallıqlardan çıxış edilməsinin vacibliyini» bildirib. O, Rusiya qoşunlarının «bütün cəbhə boyu irəlilədiyini» xüsusi vurğulayıb. Başqa sözlə, Moskva mümkün danışıqları müharibə nəticəsində ələ keçirilmiş Ukrayna torpaqlarının Rusiya ərazisi kimi tanınması ilə əlaqələndirməyə davam edir.
Trampın komandasından Ukrayna müharibəsinə son qoyulmasına dair gələn siqnallara daha bir maraqlı münasibəti Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. O, Amerikadan gələn siqnalları «maraqsız», «formalaşmamış» və «anlaşılmaz» adlandırıb. Bu mövqeyi nəzərə alsaq düşünmək olar ki, Putinin Trampla görüşmək istəyi (əlbəttə ki, belə istək varsa) daha çox Vaşinqtonun təkliflərinin qəbulu ilə yox, Kremlin mövqeyinin Amerika tərəfinə çatdırılması istəyilə bağlıdır. Hər halda, Moskva nə Ukraynanın ərazi bütövlüyünün bərpasını, nə də Kiyevin uzaq perspektivdə belə, NATO-ya qoşulmasını qəbul edir.
Ukraynaya gəlincə, Prezident Zelenski xalqa Yeni il müraciətində «atəşkəs haqda danışıqlara açıq olduqlarını» desə də, bu şansı Amerikanın yeni prezidentinin «bölgəyə sülh gətirməyə və Putinin təcavüzünə son qoymağa» nə qədər hazır olacağına bağlayıb. Üstəlik, Zelenski «ikincisi olmadan, birincisi mümkün deyil» deyib. Zelenski bildirib ki, «ədalətli sülh «sıfırdan başlamaq»la təmin edilə bilməz, çünki hesab 0:0 deyil. Ortada Rusiyanın həyatına qəsb etdiyi minlərlə, minlərlə ukraynalı var». Məhz bundan çıxış edən Ukrayna lideri deyib ki, onun ölkəsinə «etibarlı, konkret təhlükəsizlik zəmanəti verilməlidir»: «Biz dondurulmuş münaqişə şəraitində yaşaya bilmərik».
Zelenski bu fikri 2025-ci ildə verdiyi ilk müsahibədə də təkrarlayıb: «müharibəyə son qoyulması üçün Ukraynaya sadəcə kağız üzərində deyil, real təhlükəsizlik zəmanəti lazımdır. Bu, Rusiyanın qarşısını alacaq real addım olmalıdır». Zelenski müsahibəsində bir daha Trampı yada salaraq deyib ki, o, ABŞ-nin yeni prezidentinin səlahiyyətlərinin icrasına başlamasından dərhal sonra «onunla sülhə nail olunması yollarını müzakirə etməyə hazırdır».
Ukrayna tərəfi ümumilikdə əsas diqqəti təhlükəsizlik zəmanəti məsələsinə çəkir. Prezident Ofisi rəhbərinin məsləhətçisi Mixail Podolyak hesab edir ki, bu olmadan danışıqlardan bəhs olunması «xülyadır». Ukraynanın təhlükəsizliyinə dair 1994-cü ilin Budapeşt memorandumu və 2014-2015-ci illərin Minsk razılaşmaları kimi əvvəlki sənədlər faydasız olub. Podolyak hesab edir ki, bunun səbəbi onların özündə hərbi təcavüz təhlükəsini aradan qaldırmamasıdır. Yəni «Rusiya anlamalıdır ki, təcavüzə başlayacağı təqdirdə əhəmiyyətli zərbələr alacaq». Bununla yanaşı, Kiyevdə hesab edirlər ki, müharibəyə son qoyulması üçün ABŞ-dən təhlükəsizlik zəmanətinin alınmasının alternativi yoxdur.
Sonuncu tezis təhlükəsizlik zəmanəti kimi, Ukrayna ərazisində Avropa sülhməramlılarının yerləşdirilə biləcəyinə dair fikirlərə birbaşa cavabdır. Bu ideyanı Fransa Prezidenti Emmanuel Makron irəli sürüb. O hesab edir ki, Ukrayna ərazisinə göndəriləcək Avropa kontingenti NATO-ya üzv olanadək Kiyevin təhlükəsizliyinə zəmanət verə bilər. Analoji təşəbbüs Şimali Avropa ölkələrinin (Danimarka, Finlandiya, Estoniya, İslandiya, Latviya, Litva, Niderland, İsveç, Norveç) Britaniyanın rəhbərliyi ilə formalaşdırdıqları Birləşmiş Ekspedisiya Qüvvələri ilə də bağlıdır. Amma Kiyev ölkənin təhlükəsizliyinə zəmanət məsələsində ABŞ-nin birbaşa iştirakını vacib sayır.
Rusiya isə Ukrayna ərazisində har hansı Qərb ölkəsi ordusunun yerləşdirilməsinə etiraz edir. Bu isə tərəflər arasında sülhün əldə edilməsinin nə qədər çətin olduğunu bir daha göstərir.
Görünür, Rusiya-Ukrayna nizamlanmasının perspektivləri haqda suallara cavabı ABŞ-nin yeni prezidentinin hələ fərziyyə olan bəyanatları deyil, atılacaq praktik addımlar cavab verə bilər. Hadisələrin gələcək inkişafında həlledici rolu yəqin ki, məhz Trampın davranışı oynayacaq. Bunu fərqli şəkillərdə də olsa, Rusiya ilə Ukraynada da etiraf edirlər.
MƏSLƏHƏT GÖR: