
BİTMƏYƏN FAŞİZM
Ermənistan nasist ideologiyasına görə dünya birliyi qarşısında cavab verməlidir
Müəllif: Namiq ƏLİYEV
Bu yaxınlarda «YouTube» platformasında «Ermənistanın birinci prezidenti Ter-Petrosyan və erməni milli hərəkatının əsl hədəfləri» başlıqlı videosüjet yayımlanıb və o, dərhal ekspertlərin diqqət mərkəzinə düşüb. Videobloger Albert İsakovun yayımladığı videonun orijinallığı heç bir şübhə doğurmur. O, Üçüncü Respublikanın nasist mahiyyətini açıq şəkildə ortaya qoyur. Bu, Üçüncü reyxin nasistlərinin ötən əsrin 30-cu illərində və İkinci Dünya müharibəsi zamanı yürütdükləri siyasətə çox bənzəyir.
Ermənistanın üç prezidenti və nasizm ideologiyası
Videosüjetdə Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il avqustun 23-də «Yerkrapa» (ermənilərin fəaliyyətini bu günədək davam etdirən qeyri-qanuni silahlı birləşməsi) yaraqlıları qarşısındakı çıxışı əks olunub. Çıxışda o, «Erməni Ümummilli Hərəkatı» (EÜH) və ümumilikdə Ermənistanın real hədəflərini açıqlayır. Üstəlik, bunu o qədər birmənalı ifadə edir ki, deyilənləri fərqli istiqamətlərdə yozmaq, sadəcə, mümkün deyil. Söhbət Ermənistan, Qarabağ və Azərbaycanın həmin dövrdə Ermənistanın işğalı altında olan digər ərazilərindən buraların köklü xalqı olan azərbaycanlılara qarşı etnik təmizləmənin aparılmasından (1987-1990) gedir. Levon Ter-Petrosyanın çıxışı faktiki olaraq, «miatsum» proqramının ifadəsidir.
Ermənistanın üçüncü prezidenti Serj Sarqsyanın şəxsən özünün rəhbərliyi ilə törədilmiş Xocalı soyqırımı haqda dediklərini də bu qəbildən saymaq olar. Sarqsyan həmin açıqlamasını «Exo Moskvı» radiosuna müsahibəsi zamanı britaniyalı jurnalist Tomas de Vaala vermişdi (24.01.2011). Xocalıda törədilmiş vəhşilikdən danışan Sarqsyan demişdi: «Xocalıyadək azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi qıra bildik». Tomas de Vaal bütün bunları özünün «Qara bağ» kitabında açıq şəkildə yazıb.
Azərbaycanın işğalçının yalnız hərbi obyektlərinə zərbələr endirdiyi 44 günlük müharibə vaxtı isə Ermənistan ərazisindən Azərbaycanın cəbhə xəttindən, hərbi əməliyyatların aparıldığı zonadan uzaqda yerləşən dinc şəhərləri də atəşə tutulurdu.
Bu da son deyil. Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasındakı çıxışı zamanı «ermənilərlə azərbaycanlıların genetik fərqi» haqda danışdıqları necə? O, eyni fikirləri Avropa Şurası Parlament Assambleyasında da təkrarlamışdı. İkinci prezidentin xanımı Bella Koçaryan isə Ermənistanda Qanköçürmə Mərkəzinin açılışında deyib: «Ermənilərə yalnız erməni qanı vurulmalıdır. Erməni qanının xüsusi genetik quruluşu var». Mərkəzin rəhbəri isə bunu «dəyərli fikir» kimi qiymətləndirmiş, erməni qanının təmiz olduğunu demiş, bunu ermənilərin əsasən əcnəbilərlə ailə qurmaması ilə «əsaslandırmışdı».
Nasist Almaniyasında «Qan və torpaq» («Blut und Boden») şüarı var idi. Burada qan dedikdə, «təmiz ari irqi» nəzərdə tutulurdu. «Nürnberq qanunları» adı altında qəbul olunan qanunvericilik aktları isə almanların qeyri-arilərlə nikaha girməsini qadağan edirdi. Məqsəd «təmiz»liyin qorunub saxlanması idi.
Beləliklə, Ermənistanın hər üç prezidenti də nasist ideologiyasının daşıyıcılarıdır.
Amma belə düşünənlər yalnız ölkəyə rəhbərlik etmək üçün seçilənlər deyil. Ermənistanda bu ideologiya ictimaiyyətə də hopub, cəmiyyətin hər təbəqəsində kök salıb. Hər halda, Ermənistanda alman faşizminin əlaltısı olmuş Qaregin Njdeyə əbəs yerə abidə ucaldılmayıb. «Müasir Ermənistan dövləti faşist dövlətidir» deyən Azərbaycan Prezidenti İlham Əliyev heç də yanılmayıb.
Tarixçi Eldar Ginesli Ermənistanda kifayət qədər tanınmış şəxs olan Rafael Kazaryanın (Ermənistan Milli Elmlər Akademiyasının akademiki) EÜH liderlərinin üsulları və hədəflərini ortaya qoyan fikirlərinə istinad edir. «Bilirsiniz, biz müdafiəyə hazırlaşmalıyıq. Bunu vaxtilə Ermənistandan emiqrasiyanın mütəşəkkil surətdə immiqrasiyaya keçməsi üçün yaratmanızı istədiyimiz dəstələr vasitəsilə etməliyik. Mən Aşotun o fikrilə razıyam ki, burada özümüzü barbarlarla bir tutmamalıyıq. Biz emiqrasiyanı təşkil etmək üçün əlimizdən gələni etməliyik. Onilliklər ərzində ilk dəfədir ki, Ermənistanı təmizləmək üçün nadir imkan qazanmışıq. Bunu 10 ayın ən böyük nailiyyəti sayıram», - deyə o, «Qarabağ» komitəsinin toplantılarından birində bildirmişdi.
Azərbaycanlıların bir çoxundan Ter-Petrosyanın «ziyalı görünüşü» sağlam düşüncəli siyasətçi təsiri yaradır, sanki onun Azərbaycanla razılaşmağa, işğal edilmiş ərazilərin bir hissəsini geri qaytarmağa hazır olduğu qənaəti formalaşdırırdı. Amma bu, Ermənistanın sonrakı prezidentləri ilə müqaiysədə daha təcrübəli siyasətçinin məntiqi idi – o, perspektivi daha real qiymətləndirməyi bacarırdı. Yəni Ter-Petrosyanın bu mövqeyi heç də onun vicdanından xəbər vermirdi. Sadəcə, nisbətən praqmatik siyasətçi olan sabiq prezident anlayırdı ki, hadisələrin inkişafı Ermənistana yaxşı heç nə vəd etmir – Azərbaycan öz ərazilərini gec ya texz işğaldan azad ecəcək.
Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın idarəçiliyinə gəlincə, Prezident İlham Əliyev onu Azərbaycan telekanallarına yanvarın 7-də verdiyi müsahibədə kifayət qədər dəqiq xarakterizə edib: «Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən sülh göyərçini düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır».
Etnik təmizləmələr və beynəlxalq hüquq
Bu gün beynəlxalq hüquq sənədlərində «etnik təmizləmə» anlayışına ayrılıqda, konkret tərif verilmir. Lakin BMT Konvensiyasının «soyqırımı»ndan bəhs edən ikinci maddəsində soyqırımı haqda xəbərdarlıq və ona görə nəzərdə tutulan cəzalardan danışılarkən oraya «milli, etnik, irqi və ya dini qrupun tam və ya qismən məhvi məqsədilə həyata keçirilən istənilən əməl» aid edilir. Demək, burada söhbət qeyd olunan qruplara aid insanların qətlindən də gedir, onlara ciddi fiziki və ya psixoloji zərərin verilməsindən də, belə insanların tam və ya qismən fiziki məhvindən də və s. Məşhur beynəlxalq hüquq mütəxəssisi Levan Aleksizde yazır: «Etnik təmizləmə yalnız beynəlxalq tribunalların yurisdiksiyasına düşən insanlığa qarşı cinayətlərdən biri deyil, həm də soyqırımı formalarından biridir. Soyqırımı cinayətinə görə xəbərdarlıq və onun cəzalandırılması Konvensiyası onu da əhatə edir».
Belə bir vəziyyətdə ötən əsrin 80-ci illərinin sonlarında azərbaycanlıların Ermənistandan necə qovulduqlarını yada salmaq kifayətdir: qış vaxtı yığışmağa imkan vermədən, ayaqyalın vəziyyətdə dağ yolları ilə. Bu zaman yolda yüzlərlə azərbaycanlının donaraq öldüyü də məlumdur.
BMT Baş Assambleyası keçmiş Yuqoslaviya ərazisində faciəvi hadisələrin artmasını qiymətləndirərkən hələ 1992-ci il dekabrın 18-də qəbul etdiyi 47/121 saylı qətnamədə etiraf edirdi ki, «etnik təmizləmə soyqırımının formalarından biridir». Həmin sənəddə BMT üzvləri israrla «Bosniya və Herseqovinada, həmçinin keçmiş Yuqoslaviyanın digər hissələrində və ümumiyyətlə, dünyanın istənilən yerində belə cinayətlərdə birbaşa və dolayısı ilə iştirak etmiş şəxslərin məsuliyyətə cəlb olunması üçün əllərindən gələni etməyə» çağırılırdı.
Məsuliyyət
Ortada Ermənistanın üç prezidentinin etirafları var. Onlarda ikisi törədilmiş cinayətləri, üçüncüsü isə nasist ideologiyasına sadiqliyini etiraf edir. Azərbaycan üçüncü prezidentin bu cinayətlərdə iştirakını təsdiqləyən çoxsaylı faktlara da malikdir. Bu şəxslərin hər üçü nasist ideologiyasının daşıyıcısıdır və onlar gec ya tez məsuliyyətə cəlb olunacaqlar. Ya Azərbaycanda, ya da beynəlxalq məhkəmədə – bunu zaman göstərəcək.
Eyni zamanda bir sual da var. Ortada bu boyda faktların, etirafların olmasına baxmayaraq, məşhur qeyri-hökumət təşkilatlarının, Haaqa Beynəlxalq Məhkəməsi prokurorlarının və s. səsi niyə çıxmır? Azərbaycan əraziləri düz 30 il işğal altında qalıb. Bu boyda zaman kəsiyində onların gözləri niyə yumulub?
Ermənistan mediasının məlumatına görə, Nikol Paşinyan ölkə parlamentinin 2024-cü il dekabrın 25-də keçirilmiş iclasında bildirib ki, eks-prezident Levon Ter-Petrosyan ona Qarabağı Azərbaycana qaytarmasını hələ 2018-ci ilin iyulunda təklif edibmiş: «Birinci prezidentin 2018-ci ilin iyulunda keçirdiyimiz görüş zamanı mənə söylədiklərilə bağlı sirr açım. Sitat: «Torpaqlar artıq geri qaytarılmalıdır». Nəyin qarşılığında? Niyə? Necə? Birinci prezidentin ən azı həmin dövr üçün təsəvvürü bu çərçivədən kənara çıxmırdı». Bunu da eşidən olmayıb?
Amma Qərbdə praktik olaraq heç kim Ermənistanın və onun müvafiq rəhbərlərinin məsuliyyətə cəlb olunmalı olduğunu demir. Nasist ideologiyasının daşıyıcısı olan işğalçılara sanksiya tətbiq edilməsinə çağırış edən də yoxdur. Heç kim Azərbaycanın səsini eşitmək istəməyib. Niyə?
Bəs onlar Azərbaycanın dünya birliyindən ortadakı sübutlara münasibət tələb etdiyi indiki vaxtda necə davranacaqlar?
Dünya birliyi gözündəki pərdəni atmalı, Ermənistanı qurban kimi təqdim etməkdən əl çəkməlidir. Bu günün Ermənistanı ideologiyası və qanunvericiliyi nasist ideyaları ilə formalaşmış nasist ölkəsidir. Bunu gizlətmək mümkün deyil.
Hər şeyə görə cavab verilməlidir!
MƏSLƏHƏT GÖR: