4 Mart 2025

Çərşənbə axşamı, 17:31

İLK FİNİŞ

Şahdağ kurortunda dağ-xizək idmanı üzrə dünya çempionatı keçirilib

Müəllif:

01.02.2025

Şahdağ kurortunda xizək alpinizmi üzrə dünya kuboku keçirilib. 26 ölkənin təmsil olunduğu yarışda Azərbaycan idmançıları da mübarizə aparıb. Dünya kubokunda Azərbaycanı Nəzrin Qəribova və Seyid Sədrəddinov təmsil edib. 3 gün ərzində idmançılar sprint, şaquli getmə və fərdi yarışda birincilik uğrunda yarışıblar.

Gənclər və İdman Nazirliyi, Beynəlxalq Xizək Alpinizmi Federasiyası, Azərbaycan Qış İdman Növləri Federasiyası və Şahdağ Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən dünya kuboku 2026-cı il Qış Olimpiya Oyunlarına seçmə xarakter daşıyır. Məhz buna görə qitənin aparıcı idmançıları Qusarda qar üzərinə çıxdılar.

 

Çempionatın nəticələrinə görə

Gələn il xizək alpinizmi ilk dəfə Qış Oyunlarının proqramına daxil ediləcək. Məhz buna görə Beynəlxalq Xizək Alpinizm Federasiyası bir sıra ölkələrdə seçmə yarışlar təşkil edir.

Qadın xizəkçilərdə fransalı Axel Qaç Mollar, kişilərdə isveçrəli Remi Bonnet qalib adını qazanıb. Üç günlük yarışın yekununda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının baş katibi Cordi Kanals Dünya Kubokunun təşkili üçün Azərbaycanın həyata keçirdiyi hazırlıq işlərini və bu idman növünün inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirib.

Azərbaycan Qış İdman Növləri Federasiyasının vitse-prezidenti Florian Zenqstşmid 2022-ci ilin oktyabr ayından etibarən Azərbaycan Qış İdman Növləri Federasiyasının Beynəlxalq Xizək Alpinizmi Federasiyasına üzv seçildiyini və ötən ildən başlayaraq beynəlxalq yarışlara uğurla ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yaradılan dağ xizəyi üzrə Məşqçilik fakültəsinin bu idman növünün inkişafına gələcəkdə mühüm töhfə verəcəyini deyib.

Dünya kubokunun Azərbaycanda keçirilməsinin ölkəmizin idman tarixi üçün mühüm hadisə olduğunu qeyd edən Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov bu yarışın idmançıların bacarıq və əzmini nümayiş etdirməklə yanaşı, onları bir araya gətirərək dostluq və həmrəylik dəyərlərinin təbliğinə xidmət etdiyini bildirib.

 

Hər kəs üçün snoubord

Dünya Kubokunun ardınca Qusar daha bir turnirə ev sahibliyi edib. “Şahdağ” Turizm Mərkəzinin və Azərbaycan Qış İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə müxtəlif yaş kateqoriyalarında olan uşaqlar və böyüklər arasında snoubord idman növü üzrə Heydər Əliyev kuboku təşkil olunub. Turnirdə 40-a yaxın snoubordçu mübarizə aparıb.

Uşaqlar arasında təşkil edilən yarışın nəticələrinə əsasən, 9-12 yaşlı oğlanlar arasında Kamal Bəşirli 1-ci, Daniel Belousov 2-ci, Mətin Mehdi isə 3-cü yeri tutub. 13-17 yaşlı qızlar arasında Alisa Qarifova, oğlanlar arasında isə Daniel Omelyanyuk qalib olublar. Veteran snoubordçular arasında Azad Kəlbiyev birincilik qazanıb. Qaliblərə Şahdağ turizm mərkəzinin medal və diplomları, eləcə də müxtəlif həvəsləndirici hədiyyələr təqdim olunub.

 

Amirsoy türkdilli idmançıları birləşdirəcək

Maraqlıdır ki, Qusardakı yarış zamanı Türkdilli Dövlətlərin Xizək yarışının keçirilməsi barədə qərar qəbul edilib. Fevralın 17-20-də Türk Dövlətləri Təşkilatının dəstəyi və Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının təşkilatçılığı ilə Özbəkistanın Amirsoy Dağ Kurortunda Türkdilli Dövlətlərin Xizək kuboku keçiriləcək.

Yarışın əsas məqsədi Türkdilli dövlətlər arasında idman əlaqələrinin inkişafını təşviq etmək, birgə əməkdaşlığı və dostluq əlaqələrini genişləndirmək, həmçinin qış idman növlərinə olan marağı artırmaqdır.

 

Yeni müsabiqələr üçün şans

Şahdağda Dünya Kubokunun yüksək səviyyədə təşkili Azərbaycanda gələcəkdə bu idman növü üzrə daha böyük yarışların keçirilməsinə dəstək olacaq. İlk turnirdən razı qalan Beynəlxalq Xizək Alpinizmi Federasiyasının baş katibi Jordi Kanals da bu fikirdədir: “Bizim xizək alpinistləri icması Şahdağı kəşf etməkdən çox məmnundurlar. Yarış məkanı gözəl yerdədir və şəraiti də gözəldir. Hər şey ən yüksək səviyyədə təşkil olunub. Yarışların əla səviyyədə keçirilməsi üçün bütün imkanlar var və əminəm ki, Şahdağda daha böyük turnirlər təşkil ediləcək. Xizək alpinizmində artıq müəyyən edilmiş tanınmış yerlər var. Onlardan biri Fransa Alplarında Kurşeveldir. Lakin Şahdağ da bu siyahıda öz layiqli yerini tuta bilər. Burada dünya və Avropa çempionatlarının keçirilməsi mümkündür”.

Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova da hazırda beynəlxalq yarışların təşkili ilə bağlı danışıqların aparıldığını bildirib: “Beynəlxalq mövsümü Şahdağda açdıq. Xizək alpinizmi üzrə Dünya kubokunun təşkili böyük əhəmiyyət daşıyır. Xarici idmançılar Şahdağda olan şəraiti izlədi və şəraitdən razı qaldı. Xizək alpinizmi artıq olimpiya idman növləri sırasına daxil edilib. Ona görə bu yarışın ənənəvi olmaq şansı da var. “Şahdağ”ın beynəlxalq təqvimin bir hissəsinə çevrilməsi bizim üçün çox xoşdur. Yaxın illərdə Avropa çempionatının Şahdağda keçirilməsi üçün ərizənin verilməsi imkanları nəzərdən keçirilir”.

Qış idman növləri ölkəmizdə çox sevilsə də, bu növ üzrə beynəlxalq yarışlar ilk dəfə təşkil olunub. Hazırda yeni formalaşan federasiya qış idman növlərində yerli idmançılardan ibarət bazanı yaratmağa səy göstərir.



MƏSLƏHƏT GÖR:

33