2 Aprel 2025

Çərşənbə, 04:43

KVİR NİŞANI

Bu gün musiqi mükafatları sənətin qiymətləndirilməsində hansı rol oynayır və onlar ideoloji gündəliyə uyğun alətə çevriləcəkmi?

Müəllif:

15.02.2025

2025-ci ilin «Qremmi» mükafatı təqdimatı daha çox LGBTK+ üçün əhəmiyyətli tədbirə çevrilib. Orada «görkəmli» kuir artistlər və onların müttəfiqləri daha çox önə çıxıblar. Bir çox ifaçı nəinki mükafat alıb, həm də bu yeni «normallıq»la platformadan kuir görünüşü, bərabərliyi önə sürmək üçün istifadə ediblər.

 

Kuir artistlərin zəfəri

Aşkar kuir ifaçı olan Çappell Roan «İlin albomu», «İlin mahnısı» və «İlin yazısı» da daxil olmaqla, 6 kateqoriyada nominant adı qazanıb. O, «İlin artisti» nominasiyasında qalib olmaqla, müasir pop səhnəsindəki nüfuzunu da ortaya qoyub.

LGBTK+ cəmiyyətinə dəstəyi ilə tanınan Sent-Vinsent də 3 mükafat əldə edib: «All Born Screaming»ə görə «Ən yaxşı alternativ musiqi albomu», «Flea» trekinə görə «Ən yaxşı alternativ musiqi ifası» və «Broken Man»ə görə «Ən yaxşı rok musiqisi». O, çıxışında xanımı və qızına təşəkkür etməklə, ilk dəfə şəxsi həyatının detallarını ortaya qoyub.

Amerikalı müğənni və bəstəkar repçi Doeçii (Ceüla Xikmon) «Alligator Bites Never Heal» ilə «Ən yaxşı rep albomu» nominasiyasını qazanıb və tarixdə bu mükafatı əldə edən üçüncü qadın olub. O, özünü açıq şəkildə kuir ifaçı kimi təqdim edir və istər musiqilərində, istər müsahibələrində hər zaman bundan bəhs edir.

 

Müttəfiqlərin dəstəyi

Beyonssuz nə «Qremmi»? LGBTK+ cəmiyyətini dəstəklədiyi çoxdan məlum olan ifaçı bu dəfə üç mükafata sahib çıxıb. Onların arasında Beyonsun çoxdan gözlədiyi «İlin albomu» nominasiyası da var. O, bu mükafatı «Cowboy Carter» albomuna görə qazanıb. Adı birgə çəkilən repçi P.Diddy ilə yaşadığı qalmaqala baxmayaraq, Beyons musiqi sənayesində öz yerini qoruyub saxlayır. 2024-cü ildə o, 11 nominasiyada «Qremmi» mükafatı qazanmaqla, yeni rekorda imza atıb. Beləliklə, Beyons bu mükafatın tarixində ən çox nominasiya qazanmış artistə çevrilib.

P.Diddy ətrafında qalmaqal yetkinlik yaşına çatmamış şəxsin zorlanması ittihamı ilə başlayıb, nəticədə, diqqətlər həm də Beyons və onun həyat yoldaşı Jay-Z də daxil olmaqla, repçinin bütün yaxın ətrafına yönəlib. Deyilənə görə, P.Diddy tərəfindən təşkil olunmuş əxlaqsız məclisdə Beyons da iştirak edib. Amma ona qarşı birbaşa ittiham irəli sürülməyib və nəticədə, ifaçının peşəkar fəaliyyətinə hər hansı zərər dəyməyib. Qalmaqala baxmayaraq, o, karyerasını uğurla inkişaf etdirir, musiqi sahəsində nailiyyətlərinə görə yüksək qiymət alır. Bu isə bir daha göstərir ki, kuir istiqamətlə müttəfiqlik nəinki dəbdədir, həm də faydalıdır.

Kuir cəmiyyətin daha bir köhnə müttəfiqi Ledi Qaqa bu dəfə Burno Mars ilə birgə ifa etdiyi «Die With a Smile» mahnısına görə «Duet/qrup ilə ən yaxşı pop ifaçısı» nominasiyasının qalibi olub.

 

«Eurovision-2024»: kuir görünüşün zəfəri

Qeyd olunmalıdır ki, 2024-cü ildə və 2025-ci ilin əvvəlində dünyada bir neçə əhəmiyyətli musiqi tədbiri keçirilib və onların hər birində kuir-pozitivlik, inklüzivlik xüsusi vurğulanıb.

«Eurovision» özünü çoxdan «kuir dostluğu» tədbiri kimi tanıdıb. 2024-cü ildə Malmödə keçirilmiş yarış da bu mənada istisna olmayıb. Orada LGBTK+ cəmiyyətinə fəal dəstək verən artistlər iştirak edib, qalib isə İsveçrəni təmsil edən Nemo olub. Nemo bu müsabiqədə qələbə qanazan ilk qeyri-binar ifaçıdır. Onun «The Code» mahnısında gender bərabərliyinin və şəxsi azadlığın axtarışından bəhs olunur. İfaçı qazandığı qələbədən sonrakı çıxışında fərqliliyin qəbul edilməsinin vacibliyini bildirib.

Müsabiqədə başqa kuir ifaçılar da yadda qalıb. Məsələn, «Rim Tim Tagi Dim» mahnısı ilə ikinci olan Bebi Lasanya (Xorvatiya) LGBTK+ cəmiyyətinə mənsubluğunu deməsə də, onun səhnə obrazı və davranışı kuir estetikasına çox yaxın idi. Yarışa «Doomsday Blue» mahnısı ilə qatılmış Debbi İro (İrlandiya) isə aşkar kuir ifaçıdır. Bu da son deyil. Gürcüstanı təmsil edən Tea və Loda duetinin səhnə obrazında gender flüidliyinin elementləri olub. Beləliklə, «Eurovision-2024» yalnız çıxışlarla deyil, həm də ümumi atmosferi ilə yadda qşalıb. Tədbirin aparıcıları və təşkilatçıları fərqliliyin dəyərini hər imkanda dilə gətirib, tamaşaçılar arasında isə göy qurşağının rənglərində olan bayraqlar kifayət qədər çox olub.

Bu müsabiqə bir daha göstərib ki, «Eurovision» sadəcə musiqi yarışı yox, həm də kuir mədəniyyətinin və görünüşünün təbliği üçün güclü platformadır.

 

Sənayeyə təsir

Beləliklə, «Eurovision» müsabiqəsinin ardından «Qremmi-2025» musiqi sənayesində kuir artistlərin daha çox qəbul edilməyə başlandığını bir daha ortaya qoyub. İndi hesab olunur ki, bu ifaçıların qələbə qazanması yalnız onların istedadını təsdiqləmir, həm də cəmiyyətdə inklüzivliyin, bərabərliyin təbliğinə təkan verir. Müvafiq olaraq, «Qremmi-2025» yeni «normallığ»ın təbliği baxımından vacib istiqamətdir. O, sanki incəsənətin sərhəd və stereotip tanımadığını nümayiş etdirir. Belə olduğu təqdirdə sual yaranır: indi niyə ancaq qeyri-ənənəvi cinsi oriyentasiyalı şəxslərin maraqları düşünülür? Bəli, incəsənət və musiqi mükafatları hər zaman mədəni dəyişiklikləri, cəmiyyətdəki müxtəliflikləri nümayiş etdirib. Amma bu fərqlilikdə ənənəvi dəyərlərlə yaşayan insanları unutmaq olmaz axı. Axı onlar səhnədə hansısa baxışlarına görə deyil, sırf istedadlarına görə mükafatlandırılan şəxsləri görmək istəyirlər. «Qremmi» mükafatının təqdim olunması mərasiminə LGBTK+ artistlərinin artan nüfuzu kontekstində nəzər saldıqda isə ortaya bir neçə məqam çıxır.

 

İnklüzivlik mədəniyyəti ənənəvi dəyərləri silir?

Son illər «Qremmi» musiqi mükafatından ənənəvi dəyərləri getdikcə daha arxa plana atan ideologiyanın təbliği platformasına çevrilir. Son mərasim də istisna olmayıb: əsas nominasiyalar üzrə mükafatları əsasən LGBTK+ cəmiyyətini təmsil edən və ya onun ideyalarını təbliğ edən artistlər qazanıb.

 

Musiqi, yoxsa ideologiya?

Bir müddət əvvələdək əsas musiqi müsabiqələrində artistlər istedadlarına, vokal bacarıqlarına, sənayeyə təsir güclərinə görə qiymətəndirilirdilər. Bu gün isə ön plana musiqi nailiyyətlərindən çox, bu və ya digər qrupa mənsubluq, «düzgün» baxışların dəstəklənməsi çıxır. Məsələn, Çappell Roan və Sent-Vinsentin zəfərinə yalnız onların yaradıcılığının qiymətləndirilməsi kimi yox, həm də inklüzivliyə nümayişkaranə dəstək kimi baxıla bilər.

 

Ənənəvi mədəniyyətə yer yoxdur?

İldən-ilə belə təəssürat yaranır ki, ənənəvi ailə dəyərlərinin ifadə olunduğu musiqilər mövqeyini itirir. Mühafizəkar baxışlara sahib ifaçıların əksəriyyəti ya diqqətdən kənarda qalır, ya da gündəmi tərk etməmək üçün yeni trendlərə uyğunlaşmağa çalışır. Nəticədə, səhnədə gender bərabərliyi, ənənəvi kişi və qadın rolları arasında sərhədin yox edilməsi mövzularına daha çox rast gəlinir.

 

Populyar mədəniyyətin gələcəyi

Bu tendensiya qorunub saxlanarsa, bir neçə il sonra musiqi mükafatları incəsənətə obyektiv qiymət verilməsindəki rolunu tam itirəcək, əsas şərtin ideoloji gündəmə uymaq olduğu tədbirə çevriləcək. Belə bir vəziyyətdə ənənəvi dəyərlər, baxışlar tezliklə azlıqda qala, dözümsüzlük əlaməti kimi qəbul oluna bilərmi?

«Qremmi» bir vaxtlar insanları musiqinin ətrafına cəmləyən mükafat idi. Bu gün o, daha çox əsas uğur amilinin ifaçılıq bacarığı deyil, ayrı-ayrı qruplara mənsubiyyət olduğu səhnəyə çevrilir. Bu gedişlə, illər sonra incəsənətə, ailə və cəmyyətə ənənəvi baxışları olan şəxslərə yer tapılacaqmı?



MƏSLƏHƏT GÖR:

58