5 Aprel 2025

Şənbə, 18:37

POEZİYANIN İNCƏ FİZİKASI HAQQINDA

Lalə HƏSƏNOVA: “...şeirdəki söz insanı təkcə mənəvi cəhətdən təmizləmir, həm də bir çox çətinlikləri aşmağa kömək edir”

Müəllif:

01.03.2025

Qədim yunan dilindən tərcümədə “poeziya” sözü “yaradıcılıq, yaratma” deməkdir. İnsanlar qədim zamanlardan bəri usanmadan şeir yazmaqla məşğul olur, bununla da dünyaya və özlərinə olan münasibətlərini ifadə edirlər. Bu mənada Homeri və Sofoklu xatırlamaq lazımdır. Dünya mədəniyyəti tarixinə unikal istedadlı şair kimi daxil olan Sapfonu da unutmaq olmaz. Söhbət bizim eranın II əsrindən gedir! XIX əsrin əvvəllərində alman filosofu Kant əsərlərinin birində iddia edirdi ki, “bütün incəsənət növləri arasında birinci yeri poeziya tutur”.

Bu gün, yəni XXI əsrdə poeziya ədəbi incəsənət növü kimi hakim mövqeyini qoruyub saxlayır, həm kişiləri, həm də qadınları vibrasiya yaradıcılığı prosesinə cəlb edir: yaş, dil və dini mənsubiyyətindən asılı olmayaraq. Amma insanın şeir yazma prosesinə cəlb olunması necə baş verir? İnsanda hiss və emosiyalarını qafiyəli poetik misralara tökmək üçün kəskin, qarşısıalınmaz istək nə vaxt və necə yaranır? Bu mövzu barədə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Moskvadakı M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında poeziya gecəsi keçirilən gənc azərbaycanlı şair Lalə HƏSƏNOVA ilə söhbətləşdik.

- İlk şeirinizi neçə yaşında yazmısınız?

- 16 yaşında...

- Səbəb nə idi? Qarşılıqsız sevgi?

- Xeyr. Rəfiqələrimin xəyanəti. Bu kəskin mənəvi ağrını yalnız sözə etibar edə bilərdim ki, o da əzabın poetik obrazını alaraq özü-özlüyündə misralara çevrildi. Bu, mənim tərəfimdən düşünülmüş bir hərəkət deyildi. Yox. Bu, məni poetik yaradıcılığa gətirən ruhun üzvi ehtiyacı idi. Bu arada, nəslimizdə şeir yazan heç kim olmayıb. Mən birinciyəm.

- Bəlkə də nəslinizin tarixində yeni mərhələ bundan başlayacaq?

- Hər şey ola bilər...

- Yaradıcılığı sizi heyran edən sevimli şairləriniz varmı?

- Bəli. Sergey Yesenin və Ömər Xəyyam. Birincidə məni poetik misranın zərif yüngüllüyü, ikincidə isə fəlsəfə məna heyran edir.

- Bəs qadın şairlərin poeziyası?

- Xurşidbanu Natəvan, Məhsəti Gəncəvinin yaradıcılığı.

- Bəs müasirlərdən?

- Şairimiz Sahib Məmmədov.

- Onun şeirləri sizi nə ilə cəlb edir?

- Onlar sadəcə cəlb etmir. Onlar qəlbə toxunur. Təkcə poetik misranın zərifliyi ilə deyil, həm də hisslərin, fikirlərin, yaşantıların dərinliyi ilə. Onun şeirlərini oxuyan zaman elə bilirəm ki, şairin yazdığı hər söz həm də mənim sözümdür!

- Bu gün, heyrətamiz texnologiyalar dövründə poeziya həmyaşıdlarınız arasında nə dərəcədə populyardır?

- Çox populyardır! Hesab edirəm ki, ruhu olan, insan həyatının bütün təzahürlərini - sevinci, kədəri, məyusluğu, məhəbbəti, nifrəti və s. hiss etmək qabiliyyəti olan insanlar üçün poeziya həmişə mənəvi və ruhani özünü ifadənin ən vacib vasitələrindən biri kimi lazım olacaq.

- Başqa sözlə?..

- Başqa sözlə, poeziya təkcə insanın cəmiyyət və canlı təbiətlə deyil, həm də özü ilə qarşılıqlı əlaqə üsuludur. Mənə elə gəlir ki, şeirdəki söz insanı təkcə mənəvi cəhətdən təmizləmir, həm də bir çox çətinlikləri aşmağa və yaşamağa kömək edir.

- Bu qənaət nəyə əsaslanır?

- Gənc şairlərlə ünsiyyətin praktik təcrübəsinə. Onların yazdığı şeirlərdə müasir cəmiyyətin həyatı ilə bağlı çox depressiv məqamlar var. Bu narahatlıq doğuran məqamları ifadə etmək imkanı təkcə ağır fikirlər və narahatlıqlardan xilas etmir, həm də təkrarlanan mənfi emosiyalardan qurtulmağa kömək edir.

- Necə?

- Şeirlər təkcə müəyyən məna daşıyan sözlər deyil. Şeirlər həm də emosiyaların ifadəsidir. Həm müsbət, həm də mənfi.

- Demək, şəxsən sizin üçün poeziya...

- ...həyatımızı və özümüzü təşkil edən hər şeydir. Ən azı ruhu olan və başqalarına qarşı həssas, həmdərd olan, mərhəmət göstərən və s. bacarığı olan insanlar. Əlavə etmək istərdim ki, poeziya təkcə yaradıcı özünü inkişaf üçün güclü stimul deyil, həm də kifayət qədər aqressiv dünyada özünü qoruma və mənəvi sağ qalma üsuludur.

- Bəs şeirləriniz necə yaranır? Onlar yuxuda poetik obrazlar şəklində gəlir? Yoxsa şüurunuza hansısa sözlərlə gəlir?

- Sxematik olaraq bunu təxminən belə bir ardıcıllıqla düzmək olar: emosiya - hiss - söz. Amma bu da hələ hamısı deyil. Bunun arxasında ürəyin, ağlın və ruhun işi dayanır. Ona görə də şeir yazmaq - daimi təhsil və özünütəkmilləşdirmə prosesidir. Buraya yaşamaq sənəti də daxildir: burada və indi. Mən də öyrənirəm.

- Yeri gəlmişkən! Siz təhsilcə filoloqsunuz?

- Xeyr. Mən fizikəm...

- Necə yəni?

- Bax belə! 2019-cu ildə Bakı Dövlət Universitetinin “fizika müəllimi” ixtisası üzrə bakalavr pilləsini, 2022-ci ildə isə fizikanın tədrisi metodikası və metodologiyası fakültəsinin magistraturasını fərqlənmə diplomu ilə metodist ixtisası üzrə bitirmişəm.

- Maraqlıdır! Bəs şairə Lalə Həsənovanın həyatında başqa qeyri-adi faktlar varmı?

- Nəyi nəzərdə tutduğunuzu bilmirəm, amma sizin üçün maraqlıdırsa, deyə bilərəm ki, fortepiano sinfi üzrə 11 illik musiqi təhsilim var, Əfrasiyab Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbini bitirmişəm, 2023-cü ildən isə Yazıçılar Birliyinin üzvüyəm.

- Heyrətamizdir! Bütun bunlara 28 yaşına qədər nail olmusunuz?! Bildiyimə görə, siz həm də “Müasir Azərbaycan şairləri” ədəbi layihəsini yaratmısınız.

- Bu, bir növ ədəbi-poetik maraqlar üzrə klubdur. Layihə 2022-ci ildə rus və Azərbaycan dillərində yazan yaradıcı insanlar üçün təmənnasız əsasda işlənib hazırlanıb və yaradılıb. Özlərini göstərmək və yaradıcılıqlarını dünya ilə bölüşmək istəyən gənc və istedadlı şairlər üçün.

- Yaxşı, hədəfə çatmaq üçün hərəkət etmək və ruhdan düşməmək lazımdır. Sənə bütün işlərində və başlanğıclarında uğurlar arzulayıram!

- Təşəkkür edirəm!



MƏSLƏHƏT GÖR:

41