SİMONOVUN “QIZIL”I
Azərbaycan gimnastı Bakıda keçirilən Dünya Kubokunun qalibi olub
Müəllif: Nadir SƏNANOĞLU
Martın 6-dan 9-dək Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku gərgin mübarizə və Azərbaycan gimnastı Nikita Simonovun qələbəsi ilə yadda qalıb. 19 ölkənin təmsil olunduğu mundialda təmsilçimizin uğurlu çıxışı halqalarla hərəkətlərə təsadüf edib.
Təsnifat mərhələsində birinci yeri tutan Avropa çempionatının gümüş mükafatçısı finalda da ən yüksək xalı toplayıb. Nikita Simonov 14,233 xalla Dünya Kubokunda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, Simonovun cari mövsümdə ikinci mükafatı olub. Bundan əvvəl o, Almaniyanın Kottbus şəhərində keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.
Digər mükafatçılara gəlincə, Jivey Menq (Çin) gümüş, Aleksandr Diab (ABŞ) isə bürünc medala sahib olublar.
Simonov: “Hər bir iş mükəmməl olmalıdır”
Halqalarla hərəkətdə qalib olan Azərbaycan gimnastı Nikita Simonov jurnalistlərə açıqlamasında yeni qaydaların tətbiqindən danışıb: “Bu il ilk yarışım Almaniyanın Kottbus şəhərində olub. Orada 2-ci yeri tutdum. Birinci də ola bilərdim, amma kiçik səhvə yol verdim. Bakıda isə səhvsiz çıxış etdim. Çox şadam. Bu, yaxşı hissdir, amma biz halqalarla çıxış edən gimnastlar mükəmməllik tərəfdarıyıq. Hər işin ideal olmasını istəyirik”.
Simonov Dünya Kubokunun növbəti mərhələsinin iki həftədən sonra Antalyada keçiriləcəyini də xatırladıb: “Orada daha da gərgin rəqabət gözlənilir. Mayın sonunda Almaniyanın Leypsiq şəhərində keçiriləcək Avropa çempionatına və oktyabrda İndoneziyada keçiriləcək dünya çempionatına qədər bəzi düzəlişlər, yeni kombinasiyalar var ki, onları sınaqdan keçirmək lazımdır. Bunlar cari ilin ən vacib yarışlarıdır”.
Qızıl medal qazanan gimnast Dünya kuboklarında qalib gəlməyin vacib olduğunu vurğulayıb: “Xatırlayırsınızsa, Paris Olimpiadasından əvvəl Yay Oyunlarına seçim, həmçinin Dünya kubokları vasitəsilə də aparılırdı. Olimpiadaya getməyə də çox yaxın idim. Elə alındı ki, məhz Bakıda uğursuz çıxış etdim. Bu da son nəticədə həlledici rol oynadı. Seçim sistemi dəyişməsə, Dünya kubokları yenidən Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün vacib olacaq. Mənim tamamlanmamış olimpiya arzum var. Çox çalışıram və həqiqətən də Oyunlara gedəcəyimə ümid edirəm. Olimpiada məni çox motivasiya edir. Hər bir idmançı, o cümlədən mənim üçün ən yüksək səviyyə Olimpiya qızılıdır. Bunun üçün də hər şeyi edirəm”.
Yeni ulduz
Ümumiyyətlə, 2025-ci il Azərbaycan gimnastı Nikita Simonov üçün uğurlu başlayıb. Ardıcıl iki Dünya Kubokunda medal qazanan gimnast artıq indidən 2028-ci ildə təşkil olunacaq olimpiadanı düşündüyünü bildirib. Paris Olimpiadasına lisenziya qazanmağa yaxın olan Simonov son anda turnirdə yol verdiyi səhvlərə görə planetin ən böyük yarışından kənarda qaldı. Bu olimpiya mövsümündə isə Simonovun lisenziya qazanmaq şansları daha yüksək qiymətləndirilir.
Bakıdakı Dünya Kuboku həm də 15 yaşlı Dəniz Əliyevanın parlaması ilə diqqəti cəlb edib. Finala vəsiqə qazanmaqla maksimum hədəfə nail olan yeniyetmə gimnast son mərhələdə 7-ci yeri tutmaqla məşqçiləri sevindirdi. Qeyd edək ki, Kottbusdakı Dünya Kubokunda olduğu kimi Bakıda da finala vəsiqə qazanan Dəniz Əliyevanın böyüklərin yarışında iştiraka hazır olduğunu göstərir.
Növbəti Dünya Kuboku martın 20-dən 23-dək Antalyada keçiriləcək. Bu yarışda Azərbaycan gimnastlarından Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva iştirak edəcəklər.
MƏSLƏHƏT GÖR:






141

