5 Dekabr 2025

Cümə, 10:03

AKADEMİYA YARADILACAQMI?

Joan Laportanın Bakıya səfəri məşhur “La Masia”nın filialının yaradılması üçün perspektivlər açır

Müəllif:

15.03.2025

Azərbaycan futbolunda sevindirici məqamlar az da olsa, yeniliklər hər zaman ümid yaradıb. Ötən beş ayda İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laportanın iki dəfə Azərbaycana səfəri diqqətdən kənarda qala bilməz. Kataloniyalıların rəhbəri, adətən, səfər etdiyi ölkələrdə ya sponsor axtarışında olur, ya da yeni əməkdaşlıq barədə müzakirələr aparır.

Joan Laportanın Bakıya gələrək Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşməsi məsələnin ciddiliyindən xəbər verir. Barselona Akademiyasının filialının Azərbaycanda fəaliyyət göstərməsi, həqiqətən, mümkündürmü?

Onun fəaliyyətə başlaması təkcə ölkədə deyil, regionda futbola baxışı dəyişəcək. “La Masia akademiyasının filialının (Barselonanın gənclər akademiyasını adlandırmaq üçün istifadə edilən termin) ölkəmizdə fəaliyyətə başlaması futbolun inkişafına yeni nəfəs verəcək. Nəticədə, bu, həm beynəlxalq əlaqələri gücləndirəcək, həm də yerli istedadların üzə çıxmasına imkan yaradacaq.

 

“Tiki-taka” taktikası ilə

İlk növbədə “Barselona” Futbol Akademiyasının fəaliyyəti və əhatəsi barədə qısa məlumat verək. Tarixi 1979-cu ildən başlayan “Barsa” Akademiyası dünyada peşəkar futbolçu hazırlamaq baxımından ən uğurlu layihələrdən biri hesab edilir. Dünya futboluna Lionel Messi, Xavi, Andres İnyesta, Jerard Pike kimi ulduzları bəxş edən akademiyanın iş prinsipi unikallığı ilə seçilir.

“La Masia”da uşaqlar kiçik yaşlarından intizama, meydanda topsuz hərəkətə və “tiki-taka” oyun üslubuna öyrədilir. “Barselona” futbolçularına xas “tiki-taka” üslubu qısa ötürmələrlə topa uzun müddət nəzarət etməyi tövsiyə edir. Akademiyada futbolu öyrənən uşaqlar mütəmadi olaraq müvafiq yaş qruplarında çıxış edən “Barselona”nın yeniyetmə komandaları ilə görüşür, birgə təlim-məşq toplanışında təcrübə toplayır. Akademiyanın özəlliyi hər uşağa xüsusi yanaşma, həm bədən quruluşu ilə yanaşı psixoloji və mental inkişafın təmin olunmasındadır. Barselona şəhərində yerləşən əsas akademiyada yeniyetmələr yüksək səviyyədə tibbi ləvazimatlarla təmin olunur və mütəmadi yoxlanışdan keçirlər. Burada uşağa təkcə peşəkar futbolçu deyil, həm də layiqli vətəndaş və qayğıkeş insan olmaq öyrədilir.

Dünyada məşhur olan “Barselona” Futbol Akademiyasının beş qitədə 30 filialı, 180 hazırlıq düşərgəsi fəaliyyət göstərir. Bütün filial və düşərgələr əsas akademiyanın proqramına əsasən çalışır. Bunlar arasında ABŞ, Səudiyyə Ərəbistanı, Tailand, Qazaxıstan və digər ölkələr var. Adətən, belə akademiyanın fəaliyyəti təkcə ölkə üçün deyil, bütün qonşu dövlətlərdə də futbolun inkişafına təkan olur.

 

Çoxsaylı üstünlüklər

Hazırda akademiyanın Azərbaycanda açılması müzakirə səviyyəsindədir. Çünki “Barsa” rəhbərliyinin şərtlərinə uyğun olan akademiyanın fəaliyyəti üçün peşəkar heyət, infrastruktur və şərait tələb olunur. Yalnız bundan sonra kataloniyalılar müqavilə imzalamağa razılaşırlar. Maraqlıdır ki, bu dəfə akademiyanın onsuz yüklənən Bakıda deyil, regionda fəaliyyəti təklif olunub. Bu fakt regionda yeni iş yerlərinin açılmasına da töhfə verə bilər.

Sirr deyil ki, Azərbaycanın futbol bazarı hazırda Avropa üçün o qədər maraqlı deyil. Səbəb futbolun təhsilində və məşqçilərin yetişdirilməsində müasir metodlardan istifadə edilməməsi, futbolçuların beynəlxalq standartlara uyğun olmamasıdır. Əslində, ölkədə gənclərin futbola yetərincə marağı var. Sadəcə dünya standartlarına cavab verən məşq məkanı və ya akademiyası yoxdur. Ona görə əksəriyyətin üz tutduğu kiçik yarımhəvəskar məşq məkanları peşəkar futbolçu yetişdirə bilmir.

Burada başqa bir vacib məqam var. “Barselona” akademiyasının Azərbaycanda fəaliyyəti qonşu ölkələrin gənclərinin diqqətini ölkəmizə yönəldəcək. Bu akademiya vasitəsilə, təkcə yerli futbolçuların inkişafını deyil, həm də regionda futbol bazarının balansını dəyişdirə bilərik. Akademiyanın üstün cəhətlərindən biri idarəçiliyin kataloniyalılar tərəfində olmasıdır. Yəni “Barsa” əvvəldən axıradək akademiyaya nəzarət edir və məşq prosesində işləyəcək mütəxəssisləri yalnız özü dəvət edir. Bizim futbolçularımız artıq yerli akademiyalarda dünyanın ən yaxşı məşqçiləri və təlim metodlarından faydalana biləcəklər, bu da onlara Avropa klublarının diqqətini cəlb etməkdə kömək edəcək. Beləliklə, bu akademiyanın açılması, yalnız Azərbaycanda deyil, ümumilikdə Cənubi Qafqazda futbol bazarını dəyişdirmək, yeni tendensiyalar yaratmaq şansı yaradır.

Qeyd etməliyik ki, “Barselona” bir-biri ilə yaxın ölkələrdə eyni layihəni reallaşdırmır. Yəni Azərbaycanda akademiyanın açılması təsdiqlənəcəyi halda bu məkan həm də qonşu ölkələrin eyni arzusunu puç edəcək. Digər vacib məqam “Barsa”nın daim akademiyanın fəaliyyətini təhlil etməsidir. Akademiya standartlara cavab verməyəcəyi halda onun işinə xitam verilməsi də mümkündür. Kataloniyalılar 2014-cü ildə Hindistanın 5 şəhərində təsis etdikləri futbol akademiyalarını ötən il bağlamaqla orada perspektiv görmədiklərini bildirdilər. Yəni “Barsa” üçün peşəkar iş maliyyə komponentindən daha vacibdir.



MƏSLƏHƏT GÖR:

140