
“XƏZƏR” ADLI NARAHATLIQ ZONASI
Dünya Bankı dünyanın ən böyük gölünün ekosistemini qorumaq niyyətindədir
Müəllif: Sabirə ƏLƏKBƏR
Dünyanın ən qapalı su hövzəsi olan Xəzər dənizi təcili tədbirləri zəruri edən ciddi ekoloji çağırışlarla üz-üzədir. Məhz bu səbəbdən Dünya Bankı (DB) iyunun 25-də «Xəzər dənizinin təmizlənməsi: çirklənmənin idarə edilməsi və biomüxtəlifliyin qorunması potensialının yaradılması» layihəsinin maliyyələşdirilməsini təsdiqləmək niyyətindədir. Bu, mövcud problemlərin aktuallığını və həllinin vacibliyini bir daha ortaya qoyur. Layihə Qlobal Ekologiya Fondunun qrantı hesabına maliyyələşdiriləcək. BMT-nin Ətraf Mühit Proqramının rəhbərliyi altında həyata keçiriləcək layihə 5 il ərzində reallaşdırılacaq və bu işə 12 milyon dollar ayrılacaq («Report»).
«Planetdə daxili suların təxminən 44%-i Xəzərin payına düşür. O, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın sahillərini yuyur», - DB-nin məlumatında bildirilir. Xəzər nadir ekosistemə malikdir. Burada, təxminən, 400 endemik növə rast gəlinir, dənizin dünya okeanından ayrı olması isə burada zəngin biomüxtəlifliyin yaranmasına səbəb olub. «Lakin son onillikdə dənizdə suyun səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Proqnozlara görə iqlim dəyişiklikləri və su resurslarından təsərrüfat təyinatlı istifadə səbəbilə 2100-cü ilə bu göstərici 8-30 metr təşkil edə bilər», - deyə bankın məlumatında vurğulanır.
Layihə dünyanın ən nəhəng axarı olmayan gölünün ekosisteminin qorunmasına istiqamətlənmiş vacib təşəbbüsdür. Onun əsas istiqamətlərini təhlil edən zaman bir neçə vacib aspekti ayırmaq mümkündür.
Çirklənmənin «qaynar nöqtələr»i
Layihə Xəzərin ekologiyasına kompleks yanaşmanı nəzərdə tutur. Burada söhbət yalnız çirklənmə ilə mübarizədən yox, həm də biomüxtəlifliyin qorunmasından, təbii resursların dayanıqlı idarə olunmasından, balıqçılıq cəmiyyətlərinin inkişafından gedir.
Dəniz məkan planlaması və inteqrasiya olunmuş sahil zonası idarəçiliyinin daxil edilməsi uzunmüddətli strateji baxışı göstərir. Layihədə üç ölkə (Azərbaycan, Qazaxıstan və Türkmənistan) iştirak edir ki, bu da problemlərin transsərhəd səviyyəsində həlli baxımından vacibdir. Koordinasiya Mərkəzi və Regional Komitənin yaradılması isə birgə səylərin effektivliyini artıra bilər.
Maliyyələşmə və resursların bölünməsi məsələsinə gəlincə, 12 milyon dollarlıq qrant ilkin tədbirlər üçün yaxşı başlanğıc ola bilər. Belə ki, vəsaitin əhəmiyyətli bir hissəsi (9,8 milyon dollar) çirklənmənin idarə olunmasına, biomüxtəlifliyin qorunmasına yönəldiləcək. Bu, prioritetdir. Ümumilikdə isə maliyyələşmənin dörd əsas istiqamət üzrə həyata keçirilməsi nəzərdə tutulur: milli və regional siyasət və institusional inkişaf (1,6 milyon dollar), çirklənmənin idarə olunması (4,9 milyon), biomüxtəlifliyin idarə olunması (4,9 milyon) və layihənin idarə edilməsi (0,6 milyon).
Elmi monitorinq və təhlil çirklənmənin «qaynar nöqtələr»inin təhlilini və ekosistemin pisləşməsindən irəli gələn iqtisadi zərərin qiymətləndirilməsini nəzərdə tutur. Bu, məsələyə elmi əsaslandırılmış yanaşmanın göstəricisidir. Kadrların hazırlanması və treninqlərin keçirilməsi isə gələcəkdə effektiv idarəetmə üçün təməl yaradacaq.
Bəs dünyanın ən böyük qapalı su hövzəsinin problemlərini bir layihə ilə çözmək mümkün olacaqmı? Xəzər dənizinin əsas ekoloji problemləri hansılardır?
Vəziyyətin amilləri
Xəzərin ekoloji vəziyyətini pisləşdirən bir sıra amillər var. Birinci problem neftlə çirklənməsidir. İstər quruda, istərsə də şelfdə neft yataqlarının işlənməsi böyük həcmdə neftin dəniz suyuna qarışmasına səbəb olur. Bu, suyun üzərində neftdən ibarət pərdə yaradır ki, nəticədə suyun oksigenlə zənginləşməsi azalır, bu isə fitoplanktonların və digər dəniz orqanizmlərinin məhvinə aparıb çıxarır.
İkinci problem ağır metallarla çirklənmədir. Xəzərin suyuna istər təbii, istərsə də antropogen mənşəli ağır metallar qarışır. Bu maddələrin suyun tərkibində həddindən artıq olması orada yaşayan canlıların genetik dəyişikliklərə məruz qalması, qida zəncirində toksinlərin toplanması ilə nəticələnir. Belə ki, Xəzər dənizi şelfində intensiv neft və qaz hasilatı nəticəsində onun suyunda kadmium, qurğuşun, arsen kimi ağır metalların miqdarının artması müşahidə olunur.
Üçüncü problem çirkab suları və kanalizasiya tullantılarıdır. Dənizə çirkli maddələrin təxminən 90%-i çaylar, xüsusilə Volqa vasitəsilə gəlir. Sənaye və məişət sularının tərkibində zəhərli maddələr olur və bu, dənizin bioloji resurslarına mənfi təsir göstərir. Oraya Kür və Ural vasitəsilə də xeyli çirkli maddə axır.
Dördüncü problem təbii və antropogen amillərlə əlaqəli yaranan yad canlılardır. Dənizdə daraqlılar növünə aid yeni canlıların peyda olması ekosistemdə balansı pozur, yerli balıq növləri üçün qida bazasını azaldır, nəticədə onların azalmasına yol açır.
Beşinci problem brakonyerlik və balıqların kütləvi tutulmasıdır. Xüsusilə nərəkimilərə aid balıqların qeyri-qanuni tutulması onların populyasiyasının kəskin azalması ilə nəticələndiyindən, regionun biomüxtəlifliyini təhlükə qarşısında qoyub.
Suyun səviyyəsindəki dəyişikliklər
Hazırda xüsusi narahatlıq yaradan daha bir amil Xəzərin dayazlaşması, onun suyunun çəkilməsidir. Bəzi alimlər hesab edirlər ki, Xəzər dənizinin səviyyəsi xüsusi, təkrarlanan dövrə bağlıdır. Xəzərdə suyun səviyyəsinin ölçülməsi tarixi təxminən 200 ildir. Bu dövrdə mütəxəssislər belə qənaətə gəliblər ki, burada suyun səviyyəsinin dəyişməsi təbii dövrün bir hissəsidir və bu, dənizin quruması təhlükəsini yaratmır. Lakin son onillikdə dənizdə suyun səviyyəsi davamlı olaraq azalır. Planetdə baş verən iqlim dəyişiklikləri tam öyrənilmədiyindən, bunun konkret səbəbi bilinmir. Ötən 10 ildə Xəzərdə suyun səviyyəsi 114 sm azalıb. Yalnız son 5 ildə isə azalma 69 sm təşkil edir. Hazırda bunun əsas səbəbi kimi, qlobal istiləşmə göstərilir. Havanın hərarətinin yüksəlməsi buxarlanmanı artırır, yağıntıların rejiminə təsir göstərir, bu isə dənizə şirin su axınının azalmasına səbəb olur. Amma bu işdə insan amili də öz işini görür. Xəzərə axan çayların, xüsusilə Volqa çayı üzərində bəndlərin, su elektrik stansiyalarının tikintisi dənizə axını azaldır.
Alimlər həyəcan təbili çalırlar: XXI əsrin sonlarına Xəzər dənizində suyun səviyyəsi 8-14 metr azala bilər. Bu, sahil zonalarının dayazlaşmasına səbəb olacaq, regionun ekosisteminə və iqtisadiyyatına mənfi təsir göstərəcək.
Nerpalar ölür
Xəzər nerpası («Pusa caspica») bu dənizdə yaşayan yeganə məməlidir. Son onillikdə onlar ciddi təhlükə ilə qarşı-qarşıya qalıblar. Bu canlıların populyasiyası əhəmiyyətli dərəcədə azalıb. XX əsrin əvvəllərində Xəzərdə nerpaların sayı təxminən 1 milyona çatırdısa, 2019-cu ilə bu rəqəm 43-66 min arasında idi. Onlar kütləvi şəkildə qırılır. 2022-ci ilin dekabrında Dağıstan sahillərində 1700-dən artıq nerpa cəsədi tapılmışdı. Mütəxəssislərin qiymətləndirməsinə görə, heyvanlar cəsədlərin aşkarlanmasından təxminən 2 həftə əvvəl ölüblərmiş. Lakin bu kütləvi tələfatın səbəbi hələ də dəqiq bəlli deyil. 2024-cü il oktyabrın 24-dən isə sahildə ölmüş suitilər aşkarlanmağa başlayıb. Noyabrın 14-nə onların sayı 1034-ə çatıb. Cəsədlərin bəzilərinin üzərində mexaniki zədələr aşkarlanıb. Ölmüş dişi suitilərin təxminən 60%-nin boğaz olduğu da müəyyənləşdirilib.
Nadir canlılardan olan Xəzər nerpalarının qırılmasının səbəbləri araşdırılır. Hələlik alimlər bildirirlər ki, bu canlılar üçün əsas təhlükə suyun çirklənməsi (toksik maddələrlə dolu olan sənaye və kənd təsərrüfatı axıntıları), brakonyerlik (yağ və dəri əldə edilməsi məqsədilə nerpaların qeyri-qanuni ovu onların populyasiyasını azaldır), iqlim dəyişikliyi (havanın istiləşməsi Xəzərin buz örtüyünə öz təsirini göstərir və bu, nerpaların törəyib artmasını çətinləşdirir) və balıq ovudur (nerpalar tez-tez tam təsadüf nəticəsində balıq ovu üçün qurulmuş torlara düşür).
Bu canlıların qorunması üçün planlar hazırlansa da, onlar lazımi səviyyədə reallaşdırılmır. Ekoloqlar qeyri-qanuni ova nəzarətin gücləndirilməsini, canlıların populyasiya səviyyəsinin monitorinq edilməsini, onların qorunması üçün beynəlxalq əməkdaşlığın genişləndirilməsini vacib sayırlar. Xəzər nerpalarının qorunması onların yaşadıqları mühitin mühafizəsi və bilavasitə onların özləri üçün təhlükələrin qarşısının alınması kimi kompleks yanaşmanı tələb edir.
Nərə balıqları daha yaxşı qorunur
Xəzər dənizində nərə balıqlarının populyasiyası da azalma təhlükəsi ilə qarşı-qarşıyadır. Bu canlılar da nerpalarla eyni təhlükə ilə üzləşiblər: sənaye çirkləndirilməsi – Kür və Araz çaylarına çirkli sənaye və məişət tullantılarının axıdılması suyun keyfiyyətini aşağı salır, bu isə dənizdə yaşayan nərəkimilərin həyatına təhlükə yaradır. Burada daha bir ciddi problem isə qeyri-qanuni ovdur. Bu balıqların kommersiya məqsədilə ovlanması qadağan edilsə də, belə halların qarşısını tam almaq mümkün olmur. Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi məsələsinə gəlincə, bu nərəkimilərin kürüləmə yerlərinə və miqrasiya yollarına öz təsirini göstərir və nəticədə bu növün artımına əngəl yaranır. Azərbaycan hökuməti nərə balıqlarının populyasiyasının bərpası, onların qorunması üçün bir sıra addımlar atır. Bu məqsədlə Azərbaycanda onların ovlanması qadağan edilib. Balıqların təbii populyasiyasının artması üçün isə onların süni göllərdə bəslənərək suya buraxılması layihələri icra olunur. Belə ki, 2021-ci ildə Kür çayına 550 mindən artıq, 2023-cü ilin iyununda daha 600 min nərə balığı balası, 10 min isə körpə kələmo balağı buraxılıb.
Nərəkimilərin populyasiyasının bərpası, onların yoxa çıxmasının qarşısının alınması üçün Xəzər dənizi sahillərində 165989 hektarlıq xüsusi mühafizə olunan ərazi yaradılıb. Buraya Abşeron, Samur-Yalama, Şirvan milli parkları və Qızılağac qoruğu da aiddir.
Sevindirici haldır ki, Azərbaycan da daxil olmaqla, Xəzəryanı ölkələr nərəkimilərin kommersiya məqsədilə ovuna qoyulmuş qadağanı 2025-ci ildə də uzadıblar. Bu dövrdə onların ixracı ilə bağlı kvota olmayacaq.
Risklər və məhdudiyyət
Bütün bunlar bu gün nadirliyi ilə fərqlənən Xəzər dənizinin üzləşdiyi ekoloji problemlərin yalnız kiçik bir hissəsidir. Əslində, problemlərin siyahısı həddindən artıq böyükdür. Bir şey aydındır ki, Azərbaycanın 955 kilometrlik sahilini yuyan Xəzər xilas edilməlidir. Dənizin ekoloji problemlərinin artması ilə əlaqədar olaraq, ilk növbədə neft hasilatına nəzarətin gücləndirilməsi vacibdir: neft hasilatı və daşınması işinə müasir, ekoloji standartlara tam cavab verən texnologiyalar tətbiq olunmalıdır. Çirkli maddələrin dənizə axmasının qarşısının alınması üçün yeni, müasir təmizləyici qurğuların inşası da tələb olunur. Brakonyerliklə mübarizəyə gəlincə, bioresursların qorunması tədbirlərinin gücləndirilməsi, qanunsuz ova görə cəzaların sərtləşdirilməsi zəruridir. Bütün bunlar üçün isə şübhəsiz ki, monitorinqlər, araşdırmalar aparılmalı, müvafiq strategiya hazırlanmalıdır.
Bəs DB-nin layihəsi bütün bu məsələləri həll edə biləcəkmi? Layihənin effektivliyini hansı amillər azalda bilər? Birincisi, orada Xəzəryanı ölkələrin iştirakının məhdudluğu. Layihə Xəzərin ekologiyasında vacib rol oynayan Rusiya və İranı əhatə etmir. Onların bu proseslərdə iştirak etməməsi əlbəttə ki, görülən tədbirlərin effektivliyini azaldır.
İkincisi, maliyyə çatışmazlığı. 12 milyon dollar Xəzər dənizinin qlobal ekoloji problemlərini həll edəcək məbləğ deyil. Başqa sözlə, əlavə investisiyalar olmadan dənizin çirklənməsilə bağlı proqramların reallaşdırılması lazımi effekti verməyə bilər. Üçüncüsü, hazırda diqqət konkret tədbirlərə deyil, monitorinqə yönəlib. Layihə çirklənmə və biomüxtəlifliklə bağlı təhlillərin aparılmasını nəzərdə tutsa da, orada suyun təmizlənməsi ilə, qeyri-qanuni ovçuluqla mübarizəyə dair real tədbirlər haqda az danışılır. Məsələn, layihədə təmizləyici qurğuların inşasından, suya neft axıdılmasının qarşısının alınması tədbirlərindən bəhs olunmur. Doğrudur, onun reallaşdırılması zamanı ortaya çıxan reallıqlar fonunda bu işlər görülə də bilər. Amma hər bir halda, layihə bunu nəzərdə tutmur.
Şübhəsiz ki, DB-nin layihəsi Xəzər dənizinin qorunması istiqamətində vacib addımdır. Amma indiki mərhələdə o, bilavasitə ekoloji tədbirlərin görülməsinə deyil, monitorinqə, koordinasiya və planlaşdırmaya yönəlib. Real dəyişikliklərə nail olunması üçün isə əlavə vəsaitə, prosesdə bütün sahilyanı ölkələrin iştirakına, çirklənmə ilə konkret mübarizə tədbirlərinə, balıqçılığın tənzimlənməsinə, ekosistemin bərpasına ehtiyac var. Bu nadir su hövzəsi və onun «sakin»ləri üçün dayanıqlı gələcəyə yalnız Xəzəryanı ölkələrin birgə səyləri və beynəlxalq ictimaiyyətin dəstəyi ilə nail oluna bilər.
MƏSLƏHƏT GÖR: