RƏQƏMSAL ƏLÇATANLIQ
Azərbaycan informasiya texnologiyalarının inkişafı üzrə qlobal təşəbbüslərdə rolunu artırır
Müəllif: İlahə MƏMMƏDLİ
Dünya rəqəmsal dövrə keçir və dayanıqlı telekommunikasiya infrastrukturunu qurmağı bacaran ölkələr iqtisadiyyat, idarəetmə və təhlükəsizlik kimi sahələrdə strateji üstünlük əldə edir.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) məlumatlarına görə, 2023-cü ildə internet istifadəçilərinin sayı 5,4 milyard nəfərə çatıb və bu da dünya əhalisinin 67%-ni təşkil edir. Lakin bağlantının əlçatanlığı və keyfiyyəti hələ də infrastruktur səviyyəsindən və texnologiyalara investisiyalardan asılı olaraq kəskin şəkildə fərqlənir.
Rəqəmsal infrastrukturun iqtisadi artımın təməlinə çevrildiyi şəraitdə Azərbaycanın ITU təşəbbüslərində iştirakı, data mərkəzlərinin inkişafı və genişzolaqlı internetə çıxışın genişləndirilməsi texnoloji baxımdan müstəqillik və innovativ irəliləyiş üçün təməl formalaşdırır.
Strateji prioritet
Azərbaycan telekommunikasiya şəbəkələrinin, internet əlçatanlığının və rəqəmsal dövlət xidmətlərinin inkişafı üzrə genişmiqyaslı təşəbbüsləri ardıcıl şəkildə həyata keçirir. Əsas layihələrdən biri “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq qəbul edilmiş “Onlayn Azərbaycan”dır. Bu, rəqəmsallaşmanın yeni səviyyəsinə çatmağa, internetin orta sürətini artırmağa, qabaqcıl texnologiyaları tətbiq etməyə və 5G və süni intellekt həllərinin tətbiqi üçün zəmin yaratmağa imkan verib.
Bu arada, martın 10-da Bakıda müəssisələri və ev təsərrüfatlarını yüksək sürətli, sabit internetlə təmin edən “Onlayn Azərbaycan” meqalayihəsinin yekun hesabat tədbiri keçirilib. Bu təşəbbüsün mərhələli şəkildə həyata keçirilməsi ölkənin bütün ərazisini genişzolaqlı giriş şəbəkəsi ilə tədricən əhatə etməyə imkan verib.
“Son 4 il ərzində Azərbaycanda sabit, genişzolaqlı, yüksək sürətli internetə çıxış imkanı yaradılmış təsərrüfatların sayı 13 dəfə artaraq, təxminən, 3 milyona çatıb. Nəticədə, ölkənin sabit, genişzolaqlı internetlə əhatəsi tam təmin olunub”, - Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) icraçı direktoru Şahin Babayev qeyd edib.
Onun sözlərinə görə, telekommunikasiya infrastrukturunun inkişafı ölkənin rəqəmsal strategiyasının mühüm elementi olub, təkcə yüksək bağlantı sürətlərini deyil, həm də innovativ texnologiyaların gələcək tətbiqi üçün dayanıqlı əsas təmin edib.
Görülən işlər nəticəsində Azərbaycanda internetin orta illik sürəti iki il ərzində 1,4 dəfə artıb və 2025-ci ilin yanvarında 66 Mbit/s-ni keçib. Həmçinin GPON (“Gigabit Passive Optical Network”) texnologiyası 100% tətbiq edilib, əvvəlki analoqlarla müqayisədə yüksək bağlantı sürətləri təmin edilib.
“Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Həsən Ömərov bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə də aktiv iş aparılır və magistral kabellərin çəkilişi davam edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq azad edilmiş ərazilərdə yeni texnologiyaların tətbiqi artıq həyata keçirilib. Artıq bu ərazilərdə 3500-dən yuxarı ev təsərrüfatı genişzolaqlı internetdən istifadə edir”.
Görülən tədbirlər Azərbaycanın internetin orta sürəti üzrə dünya reytinqində 30 pillə yüksəlməsinə və 154 ölkə arasında 91-ci yeri tutmasına, BMT-nin elektron hökumətin inkişaf səviyyəsi üzrə reytinqində isə 9 pillə irəliləyərək 193 dövlət arasında 74-cü yerə çıxmasına imkan verib. Azərbaycan ilk dəfə olaraq rəqəmsal idarəetmə reytinqinin ən yüksək kateqoriyasına daxil olub və 0,76 bal toplayıb. Bu isə ölkə tarixində ən yüksək göstəricidir.
Azərbaycanda 5G və süni intellektin inkişafı
Tədbirin əsas mövzularından biri ölkədə 5G şəbəkəsinin qurulması perspektivi olub. “Nokia”nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri və Avrasiya bölməsinin satış direktoru Aleksandr Şuninin sözlərinə görə, Bakıda 5G-nin pilot sınaqları artıq başa çatıb və indi şirkət tənzimləyici orqanlardan tezliklərin ayrılmasını gözləyir: “Lisenziya əlçatan olan kimi, layihənin həyata keçirilməsinə başlamağa hazır olacağıq”.
5G-nin qlobal səviyyədə yayılmasına baxmayaraq, bir çox operatorlar bu texnologiyanın monetizasiyası ilə bağlı problemlərlə üzləşirlər. “5G-yə yatırılan investisiyalar əhəmiyyətlidir, vəsaitlərin geri qaytarılması isə istənilən qədər sürətli deyil. Buna görə də bir çox operatorlar dördüncü nəsil şəbəkələrinə yatırılmış investisiyaları maksimum geri qaytarmağa çalışaraq 4G və 4G+ inkişafına diqqət yetirməyə üstünlük verirlər”, - o əlavə edib.
Müzakirənin daha bir mühüm mövzusu Azərbaycanda süni intellektli yerli məlumat mərkəzinin yaradılması olub. A.Şuninin fikrincə, internet trafikinin artması və bulud texnologiyalarının inkişafı şəbəkələrin idarə edilməsi üçün süni intellekt həllərinin tətbiqi qaçılmazdır və bu da artıq qlobal tendensiyaya çevrilib.
“TOP10 əsas dünya dilləri artıq müxtəlif sistemlərə inteqrasiya olunub. Qonşu ölkələrdə, məsələn, Qazaxıstanda, süni intellekt artıq qazax dili üçün uyğunlaşdırılır. Əminəm ki, oxşar addımlar Azərbaycanda da atılacaq”, - A.Şunin bildirib.
Bu proses yaxın bir neçə il ərzində başlamalıdır, çünki süni intellekt sürətlə inkişaf edir və belə texnologiyaları tətbiq edən ölkələr əhəmiyyətli rəqabət üstünlükləri əldə edirlər. Bu prosesdə əsas rolun rabitə operatorlarına məxsus olacağı güman edilir.
Qlobal trendləri qabaqlayaraq
Tədbir zamanı ITU-nun MDB üzrə regional direktoru Nataliya Moçu Azərbaycanda internetə çıxış səviyyəsi ilə bağlı statistikanı təqdim edib və bunun dünya ortalamasından xeyli yüksək olduğunu vurğulayıb. Belə ki, ölkədə kişilərin 92,7%-i, qadınların 85,4%-i internetə çıxışa malikdir, halbuki dünya üzrə orta göstəricilər müvafiq olaraq 70% və 65% təşkil edir. Azərbaycanda şəhər sakinlərinin 94,6%-i və kənd əhalisinin 82,1%-i internetə qoşulub və bu da qlobal orta göstəricilərdən yüksəkdir.
Onun sözlərinə görə, internet istifadəçilərinin ən aktiv hissəsi gənclərdir. Mövcud qiymətləndirmələrə görə, dünyada 15-24 yaş arasında insanların 79%-i internetdən istifadə edir. Azərbaycanda bu rəqəmlər daha yüksəkdir. İnternetdən istifadə edən gənclərin (15-24 yaş) payı 88,2%, 25-74 yaş arası əhali arasında isə 91,2% təşkil edir.
N.Moçu hesab edir ki, qlobal miqyasda internetə çıxış daha ucuz olsa da, onun qiyməti hələ də çağırış olaraq qalır. Aşağı gəlirli ölkələrdə sabit genişzolaqlı rabitənin qiyməti orta aylıq gəlirin təxminən üçdə birinə bərabərdir. “Azərbaycanda isə əksinə, daha əlverişli göstəricilər müşahidə olunur. Mobil rabitənin minimum istehlak paketinin qiyməti adambaşına düşən ümumi milli gəlirin (ÜMG) 1,14%-ni, sabit genişzolaqlı internetin qiyməti isə 1,34%-ni təşkil edir. Müqayisə üçün, BMT-nin tövsiyə etdiyi hədd ÜMG-nin 2%-dir. Biz görürük ki, Azərbaycanda bu göstəricilər xeyli aşağıdır və bu da interneti daha əlçatan edir”, - ITU-nun regional direktoru vurğulayıb.
Qlobal təşəbbüsdə iştirak
Hazırda Azərbaycan rəqəmsal dövlət xidmətlərinin inkişafına yönəlmiş “GovStack” qlobal təşəbbüsünə qoşulmaq imkanını nəzərdən keçirir. Bu baxımdan regional sənəd imzalanıb və onun yaxın vaxtlarda həyata keçirilməsi gözlənilir.
Layihə ilə bağlı müzakirələr Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi ilə aparılır. Beynəlxalq Telekommunikasiya İttifaqı əməkdaşlığa yüksək marağı qeyd edir. Agentlik ölkə boyu akselerasiya mərkəzlərini fəal şəkildə inkişaf etdirir, “Onlayn Azərbaycan” təşəbbüsü isə vətəndaşlara məsafədən təhsil almağa və işləməyə imkan verir. Bu da regionlardan əhalinin axınını azaldır.
Bundan əlavə, Azərbaycanın İnnovasiyalar Agentliyi bu yaxınlarda ITU İnnovasiyalar Alyansının üzvü olub. Bununla o, bu sahədə dünyanın 13 aparıcı mərkəzi sırasına daxil olub. Bu tərəfdaşlıq ITU-nun resurslarına, o cümlədən təlimlərə, startaplara dəstəyə və rəqəmsal sahibkarlığın inkişafı üzrə tədbirlərə çıxış əldə etməyə imkan verir.
Azərbaycanda rəqəmsal sahə üçün əlamətdar hadisə bu il noyabrın 17-28-də ilk dəfə Bakıda keçiriləcək ITU-nun Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı olacaq. Konfransda ITU-nun 194 üzv ölkəsi üçün strateji prioritetləri müəyyən edən bəyannamə qəbul ediləcək. Bu tədbirdə rəqəmsal əlaqənin əsas çağırışlarını və perspektivlərini müzakirə etmək üçün bütün ITU ekosistemi toplaşacaq. Əsas məqsəd sadəcə internetə çıxışı təmin etmək deyil, həm də rəqəmsal mühiti cəmiyyət üçün həqiqətən əhəmiyyətli və faydalı etməkdir.
Bir sözlə, görünən odur ki, Azərbaycan infrastrukturunu təkmilləşdirir və paralel olaraq qlobal rəqəmsal təşəbbüslərdə rolunu gücləndirir, ITU ilə tərəfdaşlığı inkişaf etdirir və rəqəmsal texnologiyaların əlçatanlığını və səmərəliliyini artırmağa yönəlmiş əsas beynəlxalq layihələrdə iştirak edir.
MƏSLƏHƏT GÖR:

107

