5 Dekabr 2025

Cümə, 10:03

MİNİFUTBOLUN EPİSENTRİNDƏ

Bakı dünya miqyaslı idman festivalının arenasına çevrilməyə hazırlaşır

Müəllif:

01.04.2025

Azərbaycan paytaxtı Bakı növbəti mötəbər yarışa ev sahibliyi etməyə hazırlaşır. Söhbət minifutbol üzrə dünya çempionatının final mərhələsindən gedir. Mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparacaq.

 

A qrupunda

Bakıda dünya çempionatının püşkatma mərasimi keçirilib. Mərasimdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda, gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın prezidenti Rövşən Nəcəf  çıxış edərək Azərbaycanda böyük futbolla bərabər minifutbola marağın getdikcə artdığını xüsusi olaraq vurğulayıblar. Natiqlər qeyd ediblər ki, dünya çempionatının Bakıda keçirilməsi bu idman növünə marağı daha da artıracaq.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov isə dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını söyləyib. Orxan Məmmədov Prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqlayıb.

Mayda Bakıda təşkil olunacaq mundialın 32 iştirakçısı 8 qrupda yer alıb. Ev sahibi Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub.

 

Hazırlıq üçün bir il

Ümumiyyətlə, etiraf edək ki, bu tipli nüfuzlu yarışlar üçün azı 2-3 il zaman verilsə də, Azərbaycanın dünya çempionatına hazırlıq üçün cəmi bir il vaxtı olub. Mundialın keçirilməsində böyük təcrübə mövcuddur və demək olar ki, Dünya Minifutbol Federasiyasının (WMF) hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var.

Bu müddət ərzində Bakıda qarşılaşmaların keçirilməsi üçün infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, Azərbaycan Minifutbol Federasiyası hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaq üzrədir. Təkcə onu demək kifayət edər ki, Azərbaycan Minibutbol Federasiyasının qısa zaman kəsiyində əldə etdiyi uğur, bəlkə də bu sahədə ənənəsi olan böyük dövlətlərin onilliklər ərzində qazandıqları nailiyyətlərdən, uğurlardan böyükdür. 

Orxan Məmmədov jurnalistlərə açıqlamasında milli komandanın uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Azərbaycan Minifutbol Federasiyasının prezidenti və turnirin ev sahibi kimi hər kəsə uğurlar arzulayıram. Azərbaycan belə bir mötəbər tədbirə ev sahibliyi etməkdən qürur duyur. Biz daha əvvəl Avropa çempionatının qalibi olmuşduq. Həmin vaxt Azərbaycan Prezidenti cənab İlham Əliyev şəxsən Avropa çempionları ilə görüşmüşdü. Bu məqam ölkəmizdə minifutbolun inkişafına göstərilən qayğının nümunəsidir. Dünya çempionatında zəif rəqib olmur. Ona görə bütün oyunlara ciddi hazırlaşmaq vacibdir. Azərbaycan komandasının uğurlu çıxış etməsi üçün lazımi şərait yaradılıb”.

 

Futbol bayramını gözləyərkən

Filip Yuda Bakıda keçirilən dünya çempionatının püşkatma mərasimində Azərbaycanda bu idman növsünün inkişaf etdiyini və ölkəmizin dünya çempionatını yüksək səviyyədə təşkil edəcəyindən əmin olduğunu vurğulayıb: “Dünya Minifutbol Federasiyası adından Orxan Məmmədovu təbrik edirəm. Onun səyləri dünya çempionatını Bakıya gətirdi. Dünən ölkə çempionatının finalını izlədim. Həqiqətən də, möhtəşəm idi. Bakıdakı dünya çempionatının əla təşkil ediləcəyinə inanıram. Fikrimcə, azarkeşlər əsl futbol bayramının iştirakçısı olacaq”.

Püşkatma mərasimində iştirak üçün Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani Bakıda qonaq olub. Məşhur futbolçu Azərbaycan haqqında xoş sözlər deyib: “Azərbaycanı çox bəyəndim. Bakıda çox gəzmək imkanım olmadı. İlk dəfə buraya “Sportinq”in (Portuqaliya klubu) heyətində “Qarabağ”la oyun üçün gəlmişdim. Növbəti dəfə bu təcrübəni yaşadığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanı bir qədər də kəşf etmək imkanım oldu. Fikirlərim çox yaxşıdır”.

Minfutbol üzrə dünya çempionatında iştirak üçün Bakıya 1000-ə yaxın futbolçu, məşqçi və inzibati heyət gələcək. 10 gün ərzində baş tutacaq oyunlardan sonra dünya çempionatının yeni qalibi məlum olacaq.

Sonda xatırladaq ki, minifutbol həm dünyada, həm də ölkəmizdə yeni idman növüdür. Azərbaycan Minifutbol Federasiyası 2017-ci ildə yaradılıb. Ölkəmizdə bu idman növünü inkişaf və təbliğ etmək məqsədilə yaradılan federasiya 2018-ci ildə Avropa və Dünya Minifutbol Federasiyalarına üzv olub. Bundan sonra Azərbaycanın milli komandası və klubları beynəlxalq minifutbol turnirlərində iştirak etmək imkanı qazanıblar.

 

Mundialın bütün iştirakçıları:

A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn

B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan,

C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə

D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan

E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika

F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa,

G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina.

H qrupu: Serbiya, Qana, İspaniya, İsrail



MƏSLƏHƏT GÖR:

104