FUTBOLDA KEÇƏN HƏYAT
Yubilyar İqor Ponomaryov milli komanda, “Sabah” və dəyişikliklə bağlı ümid barədə
Müəllif: Sənan NADİROĞLU
Fevralın 24-də Azərbaycan futbolu tarixində yeganə Olimpiya çempionu olan İqor Ponomaryovun 65 yaşı tamam olub. Veteran futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin Əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah” klubunun Müşahidə Şurasının üzvüdür.
Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klubları ilə yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər-Lənkəran” kimi komandalarda çalışıb. İqor Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.
Son illər əsas diqqətini “Sabah” klubuna yönəldən İqor Ponomaryovla geniş müsahibə etmək qərarına gəldik. Söhbətə isə onun 65 yaşının tamam olması ilə başladıq.
- İqor Anatoliyeviç sabiq futbolçu olaraq hazırda özünüzü necə hiss edirsiniz?
- Çox xoşbəxt hiss edirəm. Azərbaycanda xidmətləri olan insanlar unudulmur. Futbolçu kimi qazandığım uğurları ad günüm ərəfəsində yenidən xatırladıq. Çoxlu sayda təbriklər aldım. Dünyanın müxtəlif ölkələrindən dostlar zəng vuraraq təbrik etdilər. Sizin vasitənizlə hamıya təşəkkür edirəm. 65 yaşımı dostlarla qeyd etdim. Düşünürəm ki, biz hələ cavanıq və futbolumuza xidmət etməyi davam etdirməliyik.
- Bəzən deyirlər ikinci cavanlıq yaşamaq mümkündür. Hazırda özünüzü neçə yaşda hiss edirsiniz?
- Özümü gümrah və cavan hiss edirəm. Düzdür 90 dəqiqə oynamaq gücüm yoxdur. Amma 80 dəqiqə meydanda mübarizə aparmaq olar (gülür).
- Müşahidə Şurasının üzvü kimi “Sabah” klubunun nəticələrini necə qiymətləndirirsiniz?
- “Sabah” klubunda futbolçu və məşqçi heyətinə ən yaxşı şərait yaradılıb. Ona görə ən yüksək nəticə uğrunda mübarizə aparmaq lazımdır. Cari mövsüm əsas ümid Azərbaycan Kubokuna yönəlib. İlk oyunda “Neftçi”yə qalib gələrək final şanslarımızı artırdıq. Fikrimcə, mövsümü uğurlu nəticə ilə başa vurmaq üçün imkanımız var. Ümumiyyətlə isə “Sabah”da həm də aşağı yaş qrupları üzrə komandalara böyük diqqət var. Balacaların məşqi üçün akademiya fəaliyyət göstərir. Yaxın gələcəkdə Azərbaycanın müxtəlif yığma komandalarında “Sabah”ın yetirmələrini görməyi arzulayırıq.
- Azərbaycan millisinin sabiq baş məşqçisi kimi yığmanın uğursuz çıxışının səbəbini necə izah edərsiniz?
- Bu barədə günlərlə danışmaq olar. Hazırda yığmanın daxilində baş verənləri bilmirəm. Gərək komandanın içində olmaqla futbolçuların vəziyyətini görəsən. Millinin nəticələrinə görə çox pis oluram. Təkcə mən deyil, bütün veteran futbolçular hər oyundan sonra təəssüflənir. Milli ölkə futbolunun əsas simasıdır. Klublar avrokuboklarda daha yaxşı çıxış etsələr də, yığmadakı vəziyyət uzun illərdi həll olmur. Ona görə də problemin daha dərin olduğunu düşünürəm. Uşaq futbolu, regionlarda seleksiya işləri və digər layihələr icra olunmalıdır. Qənaətbəxş olmayan nəticələrə baxmayaraq, milliyə dəstəyi davam etdirmək lazımdır. Ən pisi odur ki, yığmanın ev oyunlarında stadionda azarkeşlərin sayı çox olmur. Əlbəttə ki, buna görə məsuliyyəti milli daşıyır. İnsanlar ardıcıl məğlubiyyətlərdən sonra stadiona gəlmək istəmirlər.
- Bəziləri söyləyirlər ki, millinin zəif nəticələrində klubların da rolu var. Siz bu fikirlə razısınızmı?
- Klub futbolçuları öz sıralarına 22 yaş və daha yuxarı olanda qəbul edir. Bundan sonra onları nə dərəcədə inkişaf etdirə bilərlər? Amma onlar artıq, demək olar ki, hazır, formalaşmış oyunçular kimi gəlirlər. Bu futbolçular indi bizim əsas liqada oynayırlar və uduzurlar. Gəlin, o zaman onların gəldiyi uşaq və gənclər futboluna nəzər salaq. Bu zaman sual yaranır ki, uşaq və gənclərin çempionatlarında bütün oyunlarda qələbə qazanırdılarmı? O zaman onlar hansı keyfiyyətdə idilər? Millidəki problem kompleks şəkildə təhlil olunmalıdır.
- Futbolçusu olduğunuz “Neftçi” son illər yaxşı günlərini yaşamır. Cari mövsüm hətta avrokubokdan kənarda qalmaq təhlükəsi var...
- Hazırda “Sabah” klubunda işlədiyim üçün fikirlərim düzgün qəbul olunmayacaq. Ölkə futbolunun ən qocaman komandası olaraq “Neftçi” hər zaman yüksək pillələr uğrunda meydana çıxmalıdır.
- Sizin dönəminizdə xarüqələr yaradan İskəndər Cavadov, Maşallah Əhmədov və İqor Ponomaryov hazırda meydanda olsaydı milliyə kömək edə bilərdi?
- Adını çəkdiyiniz futbolçuların hər birinin ürəyi yığma ilə döyünür. Onlar futbolu dəlicəsinə sevirlər. Öz dövrünün ən yaxşıları olaraq həmin dönəmdə azarkeşləri qələbələrlə sevindiriblər. İndiki vəziyyət fərqlidir. Ona görə müqayisə etmək asan deyil. Zaman dəyişib, futbol çox inkişaf edib. Məşq prosesi köklü surətdə yenilənib. İstənilən halda həmin futbolçular indi meydanda olsaydılar, yenə də yaxşı mənada fərqlənəcəklərini düşünürəm.
- Hazırda millidə portuqaliyalı mütəxəssis Fernandu Santuş baş məşqçi işləyir. Sizin fikrinizcə, yığmada yerli məşqçi işləməlidir, yoxsa əcnəbi?
- Hansı daha çox fayda verirsə, o işləməlidir. Yerli əcnəbi söhbəti hər bir komandanın özünəməxsus cəhətinə aid olunur. Dünyada əcnəbi məşqçilərlə uğur qazanan çoxlu sayda komanda var. Lakin həmin komandaların kifayət qədər dünya səviyyəli futbolçuları meydanda olur. Bizim milli komanda da isə rəqabət yoxdur. Seçmə mərhələdə mütəmadi olaraq eyni adlar dəvət olunur. Əsas problem məşqçidə deyil, ona görə məşqçi dəyişməklə problemlər yoxa çıxmır.
MƏSLƏHƏT GÖR:

119

