5 Dekabr 2025

Cümə, 10:05

AVROPADA LİDER

Azərbaycan güləşçiləri Bratislavada keçirilən çempionatda yüksək səviyyə göstəriblər

Müəllif:

15.04.2025

Aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtında güləş üzrə Avropa çempionatı keçirilib. Mötəbər yarışa tam heyətlə hazırlaşan Azərbaycan komandası qitənin ən güclülərindən biri olduğunu bir daha sübuta yetirib.

 

Birinci – “sərbəstlər”

Qitə çempionatında ilk olaraq sərbəst güləşçilər mübarizəyə qoşulub. Gərgin mübarizədən sonra yığma Avropa çempionatını 6 medalla başa vurub. Güləşçilərimiz 1 qızıl, 1 gümüş və 4 bürünc medalla məşqçi heyətinin ümidlərini doğruldub. Millinin heyətində Giorgi Meşvildişvili (125 kq) qızıl, Osman Nurmaqomedov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (75 kq) isə bürüncə medala sahib çıxıb. Nəticədə, sərbəst güləş üzrə Azərbaycan yığması Avropa çempionatının qalibi olub. Milli 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub. Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Bununla sərbəst güləş yığması tarixdə 5-ci dəfə Avropa çempionu titulunu rəsmiləşdirib. Bundan əvvəl milli 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olduğunu sübut edib.

 

“Bomba klassik”lər

Sərbəst güləş üzrə millinin Avropa çempionluğundan bir neçə gün sonra yunan-Roma güləşi üzrə Azərbaycan komandası Avropa çempionluğunun sevincini yaşayıb. Slovakiyada keçirilən qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yunan-Roma güləşi üzrə milli 151 xalla komanda hesabında Avropanın ən güclüsü adını qazanıb. Müxtəlif çəkilərdə Nihat Məmmədli ardıcıl ikinci, Həsrət Cəfərov üçüncü, Qurban Qurbanov ilk dəfə qitə çempionu olub. 55 kq-da yarışan dördqat dünya, ikiqat Avropa çempionu Eldəniz Əzizli finalda məğlub olmaqla ikinci yerlə kifayətlənməli olub. Ülvü Qənizadə və İslam Abbasov Avropa çempionatında bürünc medalla yadda qalıb. Bununla da yunan-Roma güləşi üzrə milli komanda tarixində  ikinci dəfə Avropa çempionu oldu.

Bratislavada qadın güləşçilərimiz zəif çıxış ediblər. Səfərə dörd güləşçi ilə yollanan komanda Vətənə bir bürünc medalla qayıdıb. Komandada yeganə mükafatı 57 kq-da çıxış edən Jalə Əliyeva qazanıb. Onun bürünc medalı sayəsində Azərbaycan komandası ən yaxşı 10 komanda sırasında yer alıb.

 

Məqsəd – dünya çempionatının qızılıdır

Üçüncü dəfə Avropa çempionu olan Həsrət Cəfərov ona dəstək olan məşqçi heyətinə və güləş həvəskarlarına təşəkkür edib. Qitə çempionu 2025-ci ildə dünya çempionu titulunu qazanmağı əsas hədəf hesab etdiyini deyib: “Avropa çempionatı günlərində bizə dəstək olan hər kəsə təşəkkür edirəm. 2025-ci ilin karyeramda xüsusi il olması üçün əlimdən gələni edəcəyəm. Cari il Zaqrebdə dünya çempionatı təşkil olunacaq. Əsas hədəfim dünya çempionatında qızıl medal qazanmaqdır. İnanıram ki, ili dünya çempionu kimi başa vuracağam”.

Yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) Avropa çempionatında qazandığı bürünc medalı hərbçilərimizə həsr edib: “Medal uğrunda görüş ağır keçdi. Əvvəlki ağır görüşlərdən sonra bədənim tam bərpa olmamışdı. Çempionluğu qazanmasam da, üçüncü yeri tutdum. Uzun fasilədən sonra nəticə vermək arzusunda idim. Üçüncü yeri tutsam da, bu uğurumu Azərbaycan hərbçilərinə həsr edirəm”.

Dördqat dünya, ikiqat Avropa çempionu Eldəniz Əzizli (55 kq) Avropa çempionatının finalında məğlubiyyəti taktiki səhv etməsi ilə izah edib: “Çempion olacağımı düşünürdüm. Amma bəzən düşündüklərin olmur. Finalda taktiki səhv ucbatından uduzdum. Güləşdir, hər an hər şey mümkündür. Ruhdan düşmürəm, qarşıda dünya çempionatı var. Çalışacağam buraxdığım səhvi təkrarlamayım”.

 

Təsadüfi nəticə deyil

Bratislavada keçirilən Avropa çempionatının qalibi olan Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Xetaq Qazyumov yekun nəticədən razı qaldığını bildirib: “Yarışa ciddi hazırlaşmışdıq. Güləşçilərimiz təlim-məşq toplanışlarında özlərini yaxşı tərəfdən göstərdilər. Çempion olacağımızı gözləyirdik, qazanılan nəticə təsadüfi deyil. Düzdür, qızıl medalların sayının çox olacağına ümid edirdik. Osman Nurməhəmmədovdan çempionluq gözləyirdim. Təəssüf ki, alınmadı. Səhvlərimizin üzərində işləyəcəyik və onları aradan qaldırıb, qarşıdakı yarışlarda qızıl medalların sayını artırmaq istəyirik”.

Avropa çempionatında güləşçilərin nəticəsini müsbət qiymətləndirmək olar. Həm sərbəst, həm yunan-Roma güləşçiləri Azərbaycanın idman şərəfini layiqincə qorudular. Xüsusilə “klassiklər”in nəticəsini qeyd etmək lazımdır. Slovakiyada qızıl medal qazanan Qurban Qurbanov, Həsrət Cəfərov və Nihat Məmmədli 2002-ci il təvəllüdlüdürlər. 23 yaşlı güləşçilərin çempionluğu yığmanın gələcəyinə inamla baxmağa kömək edir. Zədə problemi olmasa və məşq sistemini düzgün yerinə yetirsələr, onların azı iki olimpiadada iştirak etmək imkanı var. Avropa çempionlarının Bratislavada göstərdikləri mübarizə onların gələcəkdə dünya güləşinin güclüləri sırasında yerlərini qoruyacağını sübut edir.

Avropa çempionatında qadın güləşinin zəif nəticəsi gözlənilən olub. Mariya Stadnikin idmanla vidalaşmasından sonra qadın güləş komandasında yaranan problemləri tezliklə həll etmək mümkün deyil. Təəssüflə qeyd etmək lazımdır ki, qadın güləşinin yaxın gələcəkdə ciddi uğur qazanacağı real görünmür.

Avropa çempionatının Yay Olimpiya Oyunlarından sonra keçirilən ilk qitə yarışı olduğunu xatırlamalıyıq. Adətən, olimpiadadan sonra əksər ölkələr lider idmançıları dünya və Avropa çempionatına göndərmir. Ona görə güləşçilərin arxayınlaşmaması çox önəmlidir.



MƏSLƏHƏT GÖR:

108