
SEVGİNİN CİNSİ OLMUR
Cins heyvan almaq niyə hər zaman ən yaxşı seçim deyil: sığınacaqlar və alternativləri
Müəllif: Sabirə ƏLƏKBƏR
Bu gün dünyada və əlbəttə ki, Azərbaycanda ev heyvanı saxlamağa çalışan insanların sayı getdikcə artır. Onlar nəinki kompanyona, hətta ailənin sevilən, qayğı ilə qidalandırılan, fotosu çəkilən tamhüquqlu üzvünə çevrilirlər. Onları «qrumer»ə aparır, hətta pal-paltar alırlar. Cins pişik və itlər xüsusilə populyardırlar: şpis, labrador, meyn-kun, qısatüklü ingilis pişiyi – onlara axtarış səhifələrində və sosial şəbəkələrdə daha çox rast gəlinir.
İnsanlar elit canlılara məmnuniyyətlə böyük, bəzən lap böyük pullar xərcləyirlər, onların şəkillərini həvəslə paylaşırlar. Bu parlaq dəb vitrinində yaşamı o qədər də parlaq olmayan, lakin heç də digərlərindən az əhəmiyyət daşımayanlar çox vaxt gözə dəymir.
Sığınacaqlarda, şəhərin küçələrində, məhəllələrində, bazarların ətrafında minlərlə sahibsiz heyvan günlərlə… ən azı bir baxış gözləyirlər. Onların hamısı küçə heyvanı deyil – vaxtilə evlərdə yaşamış, sonradan atılmış, itirilmiş, kiminsə etinasızlığı üzündən «görməməyə başladığı» canlılar da var. Cins küçüklərə ciddi pul verirlərsə, digərləri təklikdə acından ölür.
Bəs niyə insanlar daha çox cins heyvanlara üstünlük verir, evə, başının üstündə dama ehtiyacı olan canlılar haqda düşünmürlər?
Cins heyvanlar: onları niyə alırlar?
Cins it və pişiklər diqqəti xarici görünüşləri və statusları ilə cəlb edirlər. Onların əldə olunması bir çoxları üçün sadəcə, heyvana sahib olmaq istəyi yox, həm də hansısa sosial statusa yiyələnməkdir. Onlar belə canlıları almaq üçün bir neçə yüz, hətta bəzən on minlərlə dollar xərcləyirlər.
Cins heyvanlara artan tələbat alıcıların tələblərinin çoxalması ilə bağlıdır. İnsanlar bir çox hallarda konkret xarakteristika əsasında heyvan axtarırlar – xarici görünüşündən tutmuş, davranışınadək. Onlar sadəcə heyvan yox, həm də bütün standartlara cavab verən ideal kompanyon axtarırlar. Lakin bu canlılara sahib olmağın məsuliyyət tələb etdiyini heç də hamı anlamır. Heyvanlar sahibləri ilə cəmi bir il yaşamayacaq. Onlar sadəcə, interyerin bir hissəsi olmayacaq. Canlılara qayğı lazımdır.
Sığınacaqlar: canlı üçün alternativ yol
Azərbaycanda sahibsiz heyvanlarla bağlı vəziyyət təəssüf ki, gərgindir. Bu sahədə çalışan könüllülər bildirirlər ki, küçələrdə, parklarda, çimərliklərdə və digər ictimai yerlərdə hər zaman daldalanacaq axtaran saysız-hesabsız heyvana rast gəlmək mümkündür. Onlar üçün sığınacaqlar olsa da, sayları azdır. Mövcud sığınacaqlar dolu, hərtərəfli qulluq üçün resurslar isə məhduddur.
Könüllülər iddia edirlər ki, Azərbaycanda atılmış ev heyvanlarının sayı da artmaqdadır. Sığınacaqlardakı sıxlıq isə maliyyə və yer çatışmazlığı, könüllülərin azlığı ilə bağlıdır.
Bununla yanaşı, sığınacaqlarda saxlanılan hansısa canlının bir ailənin sevimli heyvanına çevrilməsi halları da var. Bu, o zaman baş verir ki, heyvan saxlamaq arzusunda olanlar sığınacaqlardan sadiq dost tapmağın mümkünlüyünü anlayırlar.
Xilas tarixçələri
«Ceyla». Anasını onun gözləri qarşısında öldürüblər. Onu götürən şəxsin artıq bir iti – «Ceki» adlı teryer – olsa da, ailə pəncəsindən yaralanmış bu canlını sahibsiz qoymaq istəməyib. Onlara küçüyü küçədə bir kişinin təpiklərindən xilas etmiş tanış zookönüllü zəng vurub. Heyvanı baytara göstəriblər, sağaldıblar və indi «Ceyla» ən xoşbəxt itlərdən biridir. Divanda yatır, istədiyi vaxt qidalanır. İndi onun ailəsi və demək, «hər şeyi» var.
«Arçi» heç kimə lazım olmayan it imiş. Beş ilini sığınacaqda keçirib. Bir pəncəsi olmayan, xüsusi gözəlliyi ilə fərqlənməyən bir it. Ona tərəf baxan belə, yox imiş. Lakin günlərin birində xanımı dünyasını dəyişmiş bir kişi peyda olur, bu heyvana baxır və bir həftə sonra «Arçi» yeni evinə köçür. Bu gün onlar hər gün dəniz sahilində gəzişirlər. Sakitcə.
«Layla». Pişiklər üçün sığınacaqda yaşayırmış. Bacısı qızına hədiyyə etmək üçün bir qadın aparıb. Sığınacağın sahibi müəyyən məişət çətinliklərinə baxmayaraq, mənzilini bu işə ayırıb. Həmin pişiklər də orada qalırmış. Bir gün sığınacaq sahibəsinin rəfiqəsi də bacısı qızı üçün pişik axtardığını deyir. İndi hər iki pişik xoşbəxt yeniyetmələrin xoşbəxt rəfiqələridir.
Zookönüllüyə beş sual
Sevdanın sahibsiz heyvanlara yardım göstərmək işində 7 illik təcrübəsi var. O, 80-dən çox artıq sahibi olan canlının kuratorudur.
- Necə oldu ki, bu işlə məşğul olmağa başladınız?
- Sadəcə, kənarda qala bilmədim. Yolda döyülmüş it gördüm. Kənarda insanlar dayanmışdılar. Heç biri ona yaxınlaşmırdı. Mən yaxınlaşdım və o andan hər şey dəyişdi.
- Bu işin əsas çətinliyi nədir?
- Acizlik. Bəzən əlin, pulun və vaxtın çatmır. Birini müalicə edirsən, daha beşini gətirirlər.
- Ümid varmı?
- Var. Vaxtilə küçə iti olmuş bir canlının yastığın üstündə yatmasına və sahibsiz qalacağından qorxmasına baxırsan. Küçə heyvanının ev heyvanına çevrildiyini görmək elə ümiddir.
- Cins heyvan almaq istəyən insanlara nə deyərdiniz?
- Sığınacaqdakı itlərin gözlərinə baxın. Onlar sizə heç nə deməsə, ürəyinizə toxunmasa, gedin cins it alın. Desə, onsuz da sığınacağı tək tərk edə bilməyəcəksiniz.
- Heyvanı evə apara bilmirsənsə, ona başqa necə kömək etmək olar?
- Bölüşmə, yemək, sığınacağa getmək, heyvanların müalicəsi üçün pul vermək – hamısı əhəmiyyətlidir. Hətta dəstək sözü. Sadəcə, xoş söz.
Azərbaycanda sahibsiz heyvanların populyasiyasına nəzarət üsulları
Azərbaycan «Ev heyvanlarının mühafizəsi haqqında» Avropa Konvensiyasına 2003-cü ildə qoşulub. Həmin Konvensiyaya əsasən heyvanların populyasiyasına nəzarət axtalama, peyvəndləmə kimi mədəni yollarla həyata keçirilməlidir. Ölkədə «tutma-axtalama-qaytarma» modelinə əsaslanan proqram reallaşdırılır. Belə ki, Bakıda axtalama kampaniyası çərçivəsində 1500 heyvan dölsüzləşdirilib. Lakin qanunvericiliyin olmasına baxmayaraq, onun tətbiqinin zəif olması heyvanlarla sərt, nəzarətsiz davranışlara son qoyulmasına imkan vermir. Sığınacaqların yaradılması təşəbbüsləri, axtalama proqramının olması çox yaxşıdır. Lakin mövcud problemlərin kompleks həlli üçün kifayət deyil.
Bir müddət əvvəl Azərbaycanda qanunvericiliyə heyvanlarla amansız davranışa görə məsuliyyəti artıran dəyişiklik edilib. Yeni qanuna əsasən, belə hallara qarşı cərimələr 1000-1500 manatadək, heyvanın öldürülməsinə görə isə 1500-2000 manatadək artırılıb. Sonuncu halda 1 ayadək həbs belə, nəzərdə tutulur. Heyvanlarla sərt davranışın təbliği, o cümlədən belə halların mediada və ya kommersiya məqsədilə yayımlanması isə 800-1000 manat məbləğində cərimələnmə ilə nəticələnə bilər.
Lakin ölkədə hələ də «Heyvanların mühafizəsi haqqında» mükəmməl qanun yoxdur. Onun mövcudluğu istər ev heyvanlarının, istərsə də sahibsiz canlıların saxlanması, qorunması, onlarla davranış məsələlərini effektiv şəkildə tənzimləyərdi. Heyvanların mühafizəsinə dair kompleks qanunun qəbulu Azərbaycanda onlara humanist münasibətin, bu işdə məsuliyyətli olmağın təminatçısına çevrilər.
Zookönüllülər və onların fikirləri
Zookönüllülər iddia edirlər ki, ölkədə sahibsiz heyvanlarla bağlı vəziyyət ciddi tədbirlərin görülməsi zərurətini yaradır. Bu işləri insanlarda məsuliyyət hissinin yaradılmasına hesablanmış kampaniyaların təşkili ilə çözmək mümkün deyil. Əksər könüllülər heyvanların axtalanmasının, onların populyasiyasına nəzarət üçün yeni proqramların hazırlanmasının vacibliyini düşünür. Azərbaycanda fəallar və zookönüllülər resurs çatışmazlığı üzündən kütləvi axtalamaların təşkilində çətinliklərlə üzləşirlər. Sahibsiz heyvanları məhv etmək əvəzinə, onların özlərinə ev tapması üçün şərait yaratmaq lazımdır.
Ölkənin tanınmış zookönüllülərindən olan Zaur deyir: «İnsanların çoxu sığınacaqların ağzınadək dolduğunu və oradakı heyvanların arasında daha əlverişli şəraitdə yaşamağa layiq xeyli canlının olduğunu anlamırlar».
Vəziyyəti necə dəyişmək olar?
Dünyada sahibsiz heyvanların sayının azaldılması ilə bağlı uğurlu təcrübələr çoxdan mövcuddur. Axtalama və populyasiya nəzarət küçələrdə onların sayının artması probleminin həllinə kömək edir. Türkiyə və Almaniya kimi ölkələr sığınacaqların «aşıb-daşması»nın qarşısının alınması və sahibsiz heyvanların azalmasına axtalama və yerində axtalama proqramlarının köməyilə nail olublar. Azərbaycanda bu addımların vacibliyini hələ yeni-yeni anlamağa başlayırlar. Buna rəğmən, artıq müsbət dəyişikliklər müşahidə olunur.
Heyvanların hüquqlarının müdafiəsi ilə məşğul olanlar könüllülərin, sahibsiz heyvanlara yiyə çıxmalı olan insanların sayının artması üçün dövlət səviyyəsində sosial proqramların icrasını vacib sayır. Eyni zamanda heyvanların mühafizəsi sahəsində qanunvericiliyə yenidən baxılmalı, sığınacaqların, heyvanların hüquqlarını müdafiə edən təşkilatların daha rahat, daha effektiv işləyə bilməsi üçün şərait yaradılmalıdır.
Sadə insanlar nə edə bilər?
Hər birimizin ata biləcəyimiz bir neçə sadə addım var. Birincisi, sığınacaq heyvanlarına üstünlük vermək lazımdır. Evinizə heyvan almaq istəyirsinizsə, sığınacaqlarda sizin diqqətinizə ehtiyac duyan çox sayda canlının yolunuzu gözlədiyini düşünün. İkincisi, heyvanların hüquqlarının müdafiəsi ilə məşğul olan yerli təşkilatlara köməyinizlə dəstək olun: qida, maliyyə və könüllü əmək.
Nəhayət, ətrafınızdakı insanlara sahibsiz heyvanların problemlərindən danışın, bununla da onların da bu cür problemlərin həllinə maraq göstərməsinə nail olun.
Sahibsiz heyvanlar problemi dünyanın hər yerində var. Cins heyvanların alınması populyarlığını qoruyub saxlasa da, bir çox insan sığınacaqdakı canlıların xilasının vacibliyini anlamağa başlayıb. Vəziyyəti dəyişmək üçün yalnız həmin heyvanlara şans vermək yox, həm də populyasiyaya nəzarətlə bağlı dövlət səviyyəsində tədbirlər görmək lazımdır. Biz diqqətimizə və qayğımıza ehtiyac duyanlara köməklik göstərməklə, bu prosesin bir hissəsinə çevrilə bilərik.
Hər bir heyvan bir həyatdır. Həyatın isə cinsi yoxdur – sevginin olmadığı kimi. Bütün sahibsiz heyvanlar daha yaxşısına layiqdir. Onlara bu şansı verin, kömək edin. Və sizə, həqiqətən, ehtiyacı olan birinin sədaqətini və minnətdarlığını qazanacaqsınız.
MƏSLƏHƏT GÖR: