12 May 2025

Bazar ertəsi, 05:42

QLOBAL BUMERANQ

Vaşinqtonun Çin və Aİ ilə münaqişəsindən kim udacaq, kim uduzacaq?

Müəllif:

15.04.2025

ABŞ Prezidenti Donald Trampın praktik olaraq, bütün dünyaya qarşı başlatdığı tarif savaşı fond bazarlarında çalxalanmalara səbəb olub, ekspertlər və siyasətçilər arasında şok, heyrət yaradıb.

 

Çeviklik tələb olunduqda

İlk baxışdan hər şey çox sadədir. Amerika Prezidenti Birləşmiş Ştatlarla digər ölkələr arasındakı ticarət defisitinə son qoymaq üçün rüsum tətbiqinə, yəni idxaldan vergi tutulmasına qərar verib. O, bu yanaşmanı ən yaxın geosiyasi tərəfdaşlarına belə, tətbiq edir. Tramp dəfələrlə bildirib ki, Vaşinqton bütün ölkələrlə ticarətdən zərər görür, trilyonlarla dollar itirir və bu, ədalətsizlikdir.

Lakin qeyd olunan rüsumların tətbiqi ilə elə bir proses başlaya bilər ki, bu, hər kəs, ilk növbədə isə elə amerikalıların özləri üçün ciddi fəsadlara yol açar. Hər halda, hazırda hər tərəflərdən xəbərdarlıqlar yağır: qlobal ticarət müharibəsi ABŞ iqtisadiyyatında zəifləməyə, hətta resessiyaya aparıb çıxara bilər. Hesablamalara görə yeni tariflərin tətbiqi hər bir Amerika ailəsinə 3,8 min dollara başa gələcək. «Goldman Sachs» bankın ekspertləri isə Birləşmiş Ştatlarda gələn il üçün resessiya ehtimalını 10 p.p. – 45%-dək artırıblar. «JPMorgan»da ABŞ və dünya üçün resessiya ehtimalının 60% olduğu qənaətindədirlər.

Tramp bildirib ki, rüsum tətbiqi «dadı acı olsa da, vacib dərmandır». «İstəmirsən, qorxursan, amma lazımdır», - deyə Ağ Ev sahibi qeyd edib. Lakin bir anda investorların narahatlığı o səviyyəyə çatıb ki, onlar ən etibarlı qiymətli kağız sayılan Amerikanın dövlət istiqrazlarını satmağa başlayıblar. Bu zaman Tramp geri çəkilib, hətta çeviklik göstərməyin vacibliyini bildirib. Bəyan olunub ki, təxminən 60 ölkə üçün rüsum tətbiqi 90 gün müddətinə təxirə salınır. Eyni zamanda Donald Tramp arzu edən hər kəsi danışıqlara çağırıb və 75-dən artıq ölkə bu təklifi dərhal qəbul edib.

Xüsusilə Asiya-Sakit okean regionunun fond bazarları baş verənlərdən əvvəlcə kəskin geriləmə göstərsələr də, sonradan bərpa olunmağa başlayıblar. Asiyanın Trampın tarif savaşını çox həssas qarşıladığı üzə çıxıb. Bu, xüsusilə Birləşmiş Ştatlara milyardlarla dollarlıq paltar ixrac edən Vyetnam və Banqladeşə aiddir.

 

ABŞ-nin Avropa şansı

Avropa İttifaqından idxal olunan məhsullara rüsum tətbiqinə gəlincə, Tramp onları 20% səviyyəsində müəyyənləşdirib. Bu, avropalıları amerikalılara onların məhsullarına görə milyardlarla dollar öədəməyə məcbur edəcək.

«Biz onlardan avtomobillər, milyonlarla maşın alırıq. Onlar isə bizdən bir dənə də maşın almırlar. Kənd təsərrüfatı məhsullarımıza da maraq göstərmirlər. Onlar bizdən heç nə almırlar. Avropa bizə qarşı pis, çox pis davranır», - deyə Tramp bildirib. O, Aİ-nin Amerikadan daha çox enerji daşıyıcısı almalı olduğunu da əlavə edib.

Avropa Komissiyası ehtiyatlı davranaraq, dərhal cavab tədbirləri görməyib. Əvəzində, avropalı liderlər danışıqlara kimi göndərmək haqda düşünməyə başlayıblar. Sonda Aİ-də ABŞ Prezidentinin az qala əsas tərəfdarı sayılan İtaliyanın baş naziri Corca Meloninin üzərində dayanılıb. «Biz danışıqlara şans vermək istəyirik», - deyə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen «X» sosial şəbəkəsində yazıb.

 

Çin istiqamətində «hərəkət»

Bununla yanaşı, görünür Aİ paralel olaraq, Çin istiqamətində də fəal hərəkətə başlayıb. «South China Morning Post» nəşri məlumatlı mənbələrə istinadən xəbər verir ki, Aİ rəhbərliyi iyulun sonunda Çinə səfər etməyi, ÇXR lideri Si Cinpin ilə danışıqlar aparmağı planlaşdırır. «Reuters» isə öz növbəsində, Brüssellə Pekinin Avropa İttifaqının Çin istehsalı olan elektromobillərə tarif tətbiqini ləğv etməsinə dair müzakirələr başladıqlarını bildirir.

ABŞ-nin ticarət savaşında əsas hədəfi Amerikanın əsas mal tədarükçüsü olan Çindir. Ümumi ixracının 14%-ni Birləşmiş Ştatlara edən Çin üçün yeni tətbiq olunan tarifin səviyyəsi 125%-ə qaldırılıb. Bununla yanaşı, internet mağazalar üçün nəzərdə tutulmuş güzəşt də ləğv edilib. Həmin güzəştə əsasən internet mağazalar Amerikaya 800 dollardan ucuz malı vergi, gömrük yoxlanışı olmadan göndərə bilirdi, bu isə kifayət qədər ciddi məbləğ deməkdir.

Çinlə ABŞ arasındakı ticarətdə, həqiqətən, nəhəng defisit yaranıb. Ötən il onlar arasında ticarət dövriyyəsinin həcmi təxminən 585 milyard dollar olub. Lakin ABŞ Çindən 440 milyard dollarlıq mal idxal edibsə, onun ixracı cəmi 145 milyard dollar təşkil edib. Məhz bu səbəbdən Tramp Çin ilə «beynəlxalq fabrik»lə savaş aparırmış kimi mübarizəyə girişmək, bununla da iş yerlərini amerikalılara qaytarmaq qərarına gəlib. Sosial şəbəkələrdə dərhal çoxsaylı «mem»lər peyda olub: məmnun amerikalılar sexlərdə smartfon hazırlayırlar.

Çinlə ABŞ arasında tammiqyaslı ticarət müharibəsi getdikcə reallığa daha çox bənzəyir. Pekin amerikalıların «şantajı» qarşısında kapitulyasiya etməyərək, «sonadək mübarizə aparacağını» bildirərək, ABŞ-dən idxala rüsumları 84%-dək artırıb.

 

Qlobal inkişafda ləngimə

Məlum olduğu kimi, çinlilərin sənayedə, üstəlik, yüksək texnologiyalar sahəsində dünya lideri olmaqla bağlı öz planları var. Pekin digər ölkələri də beynəlxalq ticarətin azadlığını qorumağa, ÜTT-yə şikayət etməyə çağırıb. Nəzərə alsaq ki, dünya iqtisadiyyatının əhəmiyyətli hissəsi – təxminən 43%-i ABŞ ilə Çinin payına düşür, total ticarət müharibəsinin yan təsirlərini hər kəsin hiss edəcəyini, bunun qlobal inkişafı ləngidəcəyini düşünmək olar.

Çin dünyada ABŞ-nin xəzinədarlıq istiqrazlarının ən nəhəng sahiblərindən biridir. Ümumiyyətlə, dünya ticarətində hər şey o qədər qarışıq, bir-birinə bağlıdır ki, sadəcə rüsum tətbiqi ilə hər şeyi öz xeyrinə həll etmək mümkün deyil. Əvəzində, artıq qeyd edildiyi kimi, yeni əlaqələr qurmaq, logistika zəncirləri yaratmaq mümkündür. Bəzi müşahidəçilər hesab edirlər ki, Çin sonda bu tarif savaşından qalib çıxan tərəf ola bilər. Çünki Avropa ölkələri də, Asiya dövlətləri də onunla daha sıx əlaqə yaratmağa çalışacaq. Ümumilikdə dünyada Amerikaya qarşı əhval güclənə, ona olan inam azala bilər ki, bu da Pekinin maraqlarına cavab verir.

İndi Çin ABŞ-nin nəzarətində olmayacaq yeni ticarət yolları axtarmağa başlayacaq, özünə sərf edən nəqliyyat axınları, tədarük zəncirləri formalaşdırmağa çalışacaq. Digər yandan Amerikaya göndərilməyən Çin məhsulları Avropaya axmağa başlayacaqsa, Avropa və digər bazarlar dempinqdən qorunmaq zərurəti ilə də üz-üzə qala bilərlər. Bütün bunlar isə ticarət müharibəsində daha bir qol yaradacaq. Əlbəttə ki, bunun da bütünlükdə dünyaya təsiri qaçılmazdır.

Aprelin 6-da Vaşinqtonda, Nyu-Yorkda, Los-Ancelesdə və ABŞ-nin digər şəhərlərində eyni vaxtda minlərlə mitinq keçirilib. Səthi hesablamalara görə, bütün bu aksiyalarda ümumilikdə 400 min insan iştirak edib. Səbəb Trampın siyasətindən, o cümlədən sosial proqramları ixtisar etməsindən, miqrasiya nəzarətini gücləndirməsindən və əlbəttə ki, tarif savaşından narazılıqdır. Media nümayişlərin demokratlar tərəfindən təşkil olunduğunu yazır. Məhz onların ətraflarına müxtəlif ictimai təşkilatları, həmkarlar ittifaqı təşkilatlarını, tələbələri, azlıqları və s. yığaraq, Ağ Ev administrasiyasının siyasətinə etiraz dalğası yaratmağa çalışdıqları deyilir. Bütün nümayişlər «Hands off!» («Əllərini çək!») şüarı ilə keçirilib. Nümayişçilər həmçinin hökumətin Effektivlik Departamentinə rəhbərlik edən, son dəyişikliklərin əsas təşəbbüskarı sayılan İlon Maskın istefasını da istəyirlər. Maraqlıdır ki, etirazları ABŞ-də «rəngli inqilab testi» də adlandırırlar.

Qeyd olunmalıdır ki, respublikaçılar arasında da Trampın siyasətindən narazı olanlar var. Onların bir hissəsi Kanadaya münasibətdə rüsum tətbiqinin səs qoyulması hamını demokratların tərəfinə keçiblər. Trampın ən sadiq tərəfdarlarından sayılan senator Ted Kruz belə, deyib ki, tariflərin tətbiqi ABŞ iqtisadiyyatında resessiyaya səbəb olarsa, respublikaçıları Konqresə keçiriləcək aralıq seçkisində «qanlı döyüş» gözləyir.

Kanada, Meksika və Avropa ölkələrində ABŞ-də keçirilən nümayişlərə «həmrəylik aksiyaları» təşkil edilib. «Bloomberg» yazır ki, bu, ABŞ-nin beynəlxalq nüfuzuna xələl gətirir.

Baş verənlər fonunda ekspertlər yeni «Böyük depressiya», neftin ucuzlaşması, qloballaşmanın başa çatması, dolların iflası, ABŞ-nin tezliklə qlobal liderliyi itirməsi, regional fövqəldövlətə çevrilməsi və s. kimi perspektivlərdən danışmağa başlayıblar. Hələlik Trampın əməllərinin qloballaşma və dollar üçün risk olduğu, yoxsa əksinə, onların zəifləməsinin ABŞ Prezidentini belə sərt tədbirlərə vadar etdiyi aydın deyil. Aydın olan odur ki, Donald Trampın prezidentliyi dönəmində Vaşinqton beynəlxalq qaydalar sistemini (söhbət yalnız maliyyə sahəsindən getmir) dəyişməyə bu və ya digər formada cəhdlər edir. Halbuki həmin sistemdən ən çox fayda görən elə Birləşmiş Ştatların özü idi. Görünür, buna Çinin güclənməsi, yığılıb qalmış iqtisadi problemlər, mənfi ticarət balansı (o cümlədən ən yaxın tərəfdaşlarla) səbəb olub.

Bəs Trampın və komandasının elan olunmuş «müharibə»ni davam etdirməyə gücü yetəcəkmi? Yəqin ki, hələ bizim bilmədiyimiz çox nüanslar var.



MƏSLƏHƏT GÖR:

32