5 Dekabr 2025

Cümə, 11:28

QƏLƏBƏLƏRİNİ DAVAM ETDİRƏN ÇEMPİON

Özbəkistan şahmatının əfsanəsi Rüstəm Qasımcanov Bakıda keçirilən “Çempionların savaşı”, yeni nəsil qrossmeysterlər və dünya şahmat arenasının gələcəyi haqqında

Müəllif:

01.05.2025

Şahmatda mötəbər yarışların qalibləri heç vaxt sabiq çempion adlandırılmır. Çünki zəka oyununda dünya çempionları digər idman növlərində olduğu qədər çox deyil. Digər tərəfdən şahmat üzrə dünya çempionu olan idmançı artıq özünü sübut etmiş sayılır. Belə çempionlardan biri Rüstəm Qasımcanovdur.

Özbəkistan şahmatının əfsanəsi sayılan Rüstəm Qasımcanov dünya çempionu olmaqla yanaşı, həm də bir çox tanınmış və titullu qrosmeysterlərin məşqçisi-sekundantı olub. Qasımcanov məşqçi kimi də özünü təsdiqləyən nadir çempionlardan biridir.

Aprelin sonunda Milli Xalça Muzeyində “Çempionların savaşı” adlı turnir keçirilib. “Çempionlar savaşı”nda Azərbaycan çempionu Rauf Məmmədov  FIDE dünya çempionu Rüstəm Qasımcanovla mübarizə apardı. Rapid və blits üzrə təşkil olunan turnir maraqlı anlarla yadda qaldı.

Turnir çərçivəsində “Region plus” dünya çempionu Rüstəm Qasımcanovdan müsahibə alıb.

- Sizi növbəti dəfə Bakıda görmək çox xoşdur. “Çempionların savaşı” adlı turnirlə bağlı fikirləriniz necədir?

- İlk növbədə, belə maraqlı yarışda iştirakıma görə Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. Bakıya gəlmək hər zaman xoş təəssüratlar yaradır. Çünki ölkəniz daim yüksək təşkilatçılıqla fərqlənir. Turnirə gəldikdə Rauf Məmmədovu çoxdan tanıyıram. İstedadlı şahmatçıdır, uzun illər milli komandada çıxış edir. Ümumiyyətlə, Azərbaycan şahmat məktəbi daim istedadlı ulduzlarla tanınıb.

- Azərbaycan şahmatçılarından daha çox kimə qarşı oynamısınız?

- Komandalar arasında yarışda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarova qarşı oyunlarım olub. Eləcə də vaxtsız bizi tərk edən Vüqar Həşimovun adını çəkməliyəm. Bu adlar dünya şahmatında tanınan və sevilən qrosmeysterlərdir. Təsadüfi deyil ki, Azərbaycan millisi bu şahmatçılarla Avropa çempionatının qalibi olub.

- Hazırda Azərbaycan şahmatında nəsil dəyişmə başlayıb. Sizcə biz yeni ulduzları izləmək üçün çox gözləməliyik?

- Rəcəbov, Məmmədyarov, Həşimov, Məmmədov kimi şahmatçılar hər il meydana çıxa bilməz. Bir neçə il səbir etmək və inanmaq lazımdır. Gənclərə dəstək olmalısınız. Onlar, eyni zamanda ustadlarla oynamalıdırlar, ünsiyyət qurmalıdırlar. Yalnız bu halda yeni adlar olacaq. Şahmatçının özündən çox asılı olan məqamlar var. Qrosmeyster gərək zirvəyə yüksələnə qədər günün yarısını şahmata həsr etsin. Başa düşürəm ki, bu, çox çətindir. Amma inkişaf edən dünyada yaxşı şahmatçı olmaq istəyirsənsə, əksər əyləncələrə və şəxsi həyata bir müddət az vaxt ayırmalı olursan.

- Özbəkistan şahmatında yeni adlar diqqəti cəlb edir. Bildiyimiz qədər siz həm də Nodirbek Abdusattarovla işləyirsiniz?

- Bu barədə danışmaq istəməzdim. Amma Abdusattarova bəzən kömək edirəm, karyerasını yaxından izləyirəm. Özbəkistan şahmat millisi Ümumdünya Şahmat Olimpiadasının qalibi olmaqla özünü sübut etdi. Bu gün əldə olunan nəticələr şahmat həvəskarlarını sevindirir. Lakin dayanmaq olmaz, işləmək lazımdır.

- 2026-cı ildə Ümumdünya Şahmat Olimpiadası Özbəkistanda təşkil olunacaq. Mötəbər yarışın təşkilatçılığında iştirak edirsiniz?

- Özbəkistanda yarışla bağlı işlər davam edir. Təşkilati işlərdə olmasam belə olimpiadanın ən yüksək səviyyədə baş tutması üçün lazım olan müvafiq hazırlığın getdiyini bilirəm. Olimpiada şahmata olan marağı artıracaq. Fikrimcə, 2026-cı ildən sonra daha böyük sayda uşaqlar şahmatla məşğul olacaq.

- Sizcə, yeni nəslin şahmatda uğur qazanması üçün hansı şərtlər vacibdir?

- Şahmat artıq dünyada çox sevilir və oynanılır. Əvvəllər bəzi ölkələrdə şahmat o qədər geniş yayılmırdı. Müasir dövrümüzdə şahmat çox populyarlıq qazanıb. Ona görə rəqabət artıb. Diqqət edin qrosmeysterlər çoxalıb, artıq daha gənc yaşda titul qazanmaq mümkündür. Yeniyetmələrə şahmatla peşəkar məşğul olmazdan öncə dərindən düşünməyi məsləhət görərdim. Çünki rəqabət artdığından uğur qazanmaq çətinləşib.

- Şahmatda Maqnus Karlsen fenomeni var. Siz onun fenomen olması ilə razısınız?

- Maqnus Karlsenin uğurları ilə razılaşmamaq olmur. Qazandığı yüksək nəticələrlə razılaşmağa məcbur edir. Şahmat dəyişir, artıq hazırlıq prosesi və düşüncə tərzi də fərqlidir. Maqnusun uğurları şahmatın yeni dövrə başlamasına kömək olub.

- Azərbaycanı hansı təəssüratlarla tərk edirsiniz?

- Azərbaycan və Özbəkistan mədəniyyətlərində oxşar cəhətlər az deyil. Doğma şəhərdə olduğumu hiss etdim. Eyni zamanda növbəti dəfə Bakıda şahmatın sevildiyini gördük. Azərbaycanlılar şahmat oynamağı xoşlayır və bu adəti gələcək nəsilə ötürürlər. Sizə və ölkənizə uğurlar arzu edirəm.



MƏSLƏHƏT GÖR:

118