İLK DƏFƏ BAKIDA
Azərbaycan paytaxtında dünyaca məşhur “UFC Fight Night” turniri keçiriləcək
Müəllif: Sənan ŞƏFİZADƏ
Azərbaycan ilk dəfə dünyaca məşhur UFC (Ultimate Fighting Championship) turnirinə ev sahibliyi edəcək. Bakı Kristal Zalında təşkil olunacaq yarış iyunun 21-də baş tutacaq.
Döyüş gecəsi UFC, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin əməkdaşlığı ilə həyata keçiriləcək. Tədbirin əsas döyüşündə keçmiş UFC yarım ağır çəki çempionu, hazırda 4-cü yerdəki namizəd Camal Hill, 7-ci yerdəki Xəlil Rauntri ilə qarşılaşacaq.
Mötəbər yarışın Bakıda keçirilməsi ilə bağlı Mayamidə UFC prezidenti və baş icraçı direktoru Dana Vayt ilə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Gözlənilən iştirakçı cütlükləri:
Əsas döyüşlər
Yarımağır çəki
Camaal Hill (ABŞ) - Xəlil Rauntri (ABŞ)
Ağır çəki
Rizvan Kuniev (Rusiya) - Körtis Bleydes (ABŞ)
Ən yüngül çəki
Kyoci Horiquçi (Yaponiya) - Tagir Ulanbekov (Rusiya)
Yüngül çəki
Rafael Fiziyev (Azərbaycan) - İqnasio Bahamondes (Çili)
Nazim Sadıxov (Azərbaycan) - Nikolas Motta (Braziliya)
Ağır çəki
Mohammed Usman (Nigeriya) - Hamdi Abdelvahab (Misir)
Qadınlar
Yüngül çəki
İrina Alekseyeva (Rusiya) - Klaudiya Siqula (Polşa)
Yüngül çəki
Melissa Mallins (İngiltərə) – Darya Jeleznyakova (Rusiya)
Orta çəki
Park Çunq-Yonq (Cənubi Koreya) - İsmail Naurdiyev (Mərakeş)
Bakıdakı yarış Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayevin UFC-də debüti ilə yadda qalacaq. Musayev ilk döyüşünü iyunun 21-də Bakıda keçiriləcək turnirdə keçirəcək. 35 yaşlı idmançının UFC-dəki ilk rəqibi hələ dəqiqləşməyib. Xatırladaq ki, Musayev son döyüşünü 2023-cü ilin noyabrında keçirib. O, həmin vaxt “Rizin” çərçivəsində yaponiyalı Kodji Takedaya 3-cü raundda nokautla qalib gəlib. Tofiq Musayev MMA-da keçirdiyi 27 görüşdə 22 qələbə qazanıb və 5 dəfə uduzub.
Biletlərin qiymətləri artıq açıqlanıb. 100 manatdan başlayan biletlərin qiyməti sektora uyğun olaraq 1700 manata qədər yüksəlir. Təşkilatçılar tərəfindən təqdim olunan oturacaq planına əsasən, zal müxtəlif sektorlara bölünüb və hər sektor üçün fərqli qiymət kateqoriyaları təyin edilib.
UFC yarışına qiymətlərin yüksək olmasına baxmayaraq, anşlaq olacağı gözlənilir. Səbəb isə yarışa xarici ölkələrdən yüksək marağın olmasıdır. Artıq indidən nisbətən aşağı qiymətə olan biletlərin böyük hissəsi satılıb. Növbəti ayda isə biletlərin tamamən tükənəcəyi proqnozlaşdırılır.
Tarixi
UFC qarışıq döyüş növlərinin ilk beynəlxalq çempionat kimi 12 noyabr 1993-cü ildə yaradılıb. 32 il əvvəl ABŞ-də Artu Deyvi adlı iş adamı və döyüş növləri həvəskarı televiziyada idman və şounun sintezi olacağı layihə hazırlamaq qərarına gəlib. Artu Deyvi müxtəlif döyüş növlərinin idmançılarını yarışdırmaqla hansı idmanın daha güclü olduğunu müəyyənləşdirməyə çalışıb. 1993-cü ildə Denverdə reallaşan ilk UFC turniri gözləniləndən daha çox populyarlıq qazanıb. Televiziya yayımı rekord nəticələr verdiyinə görə təşkilatçılar yarışı ənənəvi etmək qərarına gəlib. İlk yarışda iştirak edən Braziliya ciu-citsusunun mahir ustası Roys Qreysi ümumilikdə üçqat UFC çempionatı adını qazanıb. Sonralar UFC-nin müəllif hüquqları başqa şirkətə satılmaqla layihəyə ikinci həyat verilib.
Hazırda UFC çempionatının təşkilatçısı Dana Uaytdır. Əksər yarışlar ABŞ-nin Las-Veqas şəhərində keçirilir. Bu çempionatda da başqa idman yarışlarında olduğu kimi idmançılar öz çəkilərindəki idmançılarla döyüşürlər (120 kq, 93 kq, 84 kq, 77 kq, 70 kq, 66 kq, 61kq). Döyüşlər səkkizbucaqlı qəfəsdə keçirilir.
Nüfuzlu yarışlar cərgəsində
Bir çox insan UFC yarışının qaydasız döyüşlə eyni olduğunu düşünür. Amma reallıqda UFC yarışlarında idmançılara sərt qaydalar barədə məlumat verilib. Döyüş başlamazdan əvvəl hakim idmançılara qadağan olunan zərbələri və bədəndə qadağan olunan yerlərə zərbə vurulmasını xatırladır. Bu yarışlarda qadağan olunmuş yerlərə zərbə vurmaq və xəsarət yetirmək olmaz, məsələn: gözə barmaq batırmaq, başın ənsə hissəsinə zərbə endirmək, onurğa sütununa zərbə endirmək və s.
Yarışda qəfəsdə olan hakimdən başqa 3 hakim kənardan oyunun gedişinə diqqət edir. Yarış 3 hissədən hər hissə isə 5 dəqiqədən ibarət olmaqla keçirilir, sonda əgər idmançıların heç biri nakaut və ya naqdaun vəziyyətinə düşməyibsə, bu idmançıların hansının qalib olmasına yan hakimlər qərar verir. UFC çempionatında qalib elan olunmuş döyüşçüyə yarışın fəxri qızıl kəməri və pul mükafatı verilir.
UFC yarışının Azərbaycanda keçirilən ən mötəbər idman tədbirlərindən biri kimi dəyərləndirmək olar. Bu yarışları TV ekrandan və internet vasitəsilə ümumilikdə 165 ölkədən milyonlarla insan izləyir. İnternet yayım bəzi hallarda ödəniş olsa belə dünyanın hər yerindən UFC yarışla maraqla baxılır.
Bakıdakı yarışdan əvvəl idmançıların çəki mərasimi təşkil olunacaq. Yarışın Bakıda 40-dan çox kamera vasitəsilə göstəriləcəyi deyilir. Yayımın UFC standartlarına cavab verən səviyyədə göstərilməsi üçün texniki heyətin xarici ölkələrdən Bakıya səfəri planlaşdırılır.
MƏSLƏHƏT GÖR:


119

